Məhkəmə qərarları › İş №2-1(103)-3143/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3143/2023

23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3143/2023 23.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X2 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8007/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna və 1 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı məhkəməyə müraciət edərək, işləməyən əmək pensiyaçısı kategoriyasına keçdiyi üçün "Əmək pensiyaları haqqında" AR-sı Qanunun 37-ci maddəsinə əsasən fərdi şəxsi hesabında (2017-ci il-2022-ci il sentyabra kimi 18.789,73 AZN) toplanmış və hesablanmış pensiya kapitalının hesablanıb pensiyanın üzərinə əlavə edilməsi; məhkəmə sənədlərinin toplanması və hazırlanmasına sərf olunmuş 254 manatın (iki yüz əlli dörd) cavabdehlər tərəfindən ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə müraciət edərək, iş üzrə cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun və 1 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və 1 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Daha sonra iddiaçının ərizə ilə məhkəməyə müraciəti əsasında qərardad qəbul edilərək iddia tələbi dəqiqləşdirilmiş, tələb “2006-cı il tarixdən avqust 2013-cü il tarixədək, aprel 2017-ci il tarixdən dekabr 2022-ci il tarixədək dövrlər daxil edilməklə fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən pensiyanın yenidən hesablanması” kimi məhkəmə icraatına qəbul edilmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixində AR-sı ƏƏSM Nazirliyi tabeliyindəki 3 saylı Bakı DOST Mərkəzinə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün "Əmək pensiyaları haqqında" AR-sı Qanunun 37-ci maddəsinə əsasən fərdi şəxsi hesabında toplanmış və hesablanmış pensiya kapitalının hesablanıb əmək pensiyanın üzərinə əlavə edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixində DSMF-dən aldığı SMS-də bildirilir ki, qeyd edilmiş dövr üzrə pensiya kapitalı pensiya altsistemində əks olunmadığı üçün xahişiniz rədd edilir. O, xx.xx.2023-cü il tarixində 3 saylı DOST Mərkəzinə müraciət edərək fərdi şəxsi hesabında əks olunmayan dövrlərin araşdırılmasını, ehtiyac olarsa sığorta edənlə əlaqə saxlamasını, məsələnin həll edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli № 3-17-1/2-7-36467/2023 saylı AR-sı ƏƏSM Nazirliyinin tabeliyində DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın direktor "müavini Anar Mirzəyevin imzası ilə aldığı" hesabat xarakterli cavabda müraciətini xx.xx.2017-ci ildən xx.xx.2022- ci ilədək məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində əks olunması haqqında DSMF-nin Fərdi uçota nəzarət və sosial sığorta departamentinə sorğu göndərilmişdir. xx.xx.2023-cü il tarixində yenidən 3 saylı Bakı DOST Mərkəzinə əmək haqqlar haqqında arayışları (2017-ci il 2021 - ci il (yanvar-may) - 11714.00 AZN və 2021 - ci il (maydekabr); 2022-ci il (yanvar-sentyabr) və son haqq hesab: 7075.73 AZN: Cəmi 18789.73 AZN təqdim edərək, fərdi şəxsi hesabında MDSS haqlarının əks olunmasına köməklik göstərməsini xahiş etmişdir. xx.xx.2023-cü ildə poçt vasitəsi ilə alınan xx.xx.2023-cü il tarixindən Fərdi uçota nəzarət və sosial sığorta departamentinin müdiri Əlipaşa Mirzəyev tərəfindən imzalanmış cavab məktubunda (№ 3- 17-1/2-F-38100/2023) cənab Mirzəyev məsuliyyəti üzərindən ataraq onu AR-sı İqtisadiyyat Nazirliyinə və Mənzil Kommunal Təsərrüfatı Birliyinə yönəltmişdir. Halbuki sadaladığı məsəslələri araşdırmaq, sorğular göndərmək, fərdi uçota nəzarət etmək, sosial sığortanı təmin etmək onun vəzifə borcudur; Əgər sığortaedən sığortaolunanı əmək haqqından tutduğu məbləği tam ödəmiyibsə o təşkilatı audit etmək Sizin vəzifə borcunuzdur. Belə ki, 2022-ci il (yanvarsentyabr) əmək haqqı 2612.5 AZN olub: Hər ay 326.56 AZN, ancaq Unibankdakı maaş kartına 286 AZN oturdulurdu. Hər ay əmək haqqından tutulan 41 AZN hara gedirdi (sosial sığortaya). İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən xx.xx.2005-ci il tarixdə çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsi tətbiq edilməklə pensiya ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinə əsasən, sığortaolunarıların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən İddiaçı pensiya təyin edildiyi tarixdən sonra 6 il və daha çox işlədiyi üçün xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 2961,44 manat pensiya kapitalı nəzərə alınmaqla pensiyanın məbləği yenidən hesablanmış və xx.xx.2021-ci il tarixdən 300,91 manat müəyyən edilmişdir. Həmin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının iliik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar pensiyanın məbləği xx.xx.2022-ci il tarixdən 311,14 manata çatdırılmışdır. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 327,80 manat müəyyən edilib. Həmçinin Qanunun 29.1- ci maddəsinə uyğun olaraq İddiaçı əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 375,99 manata çatdırılmışdır. Bildiririk ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sığorta (Hesabat)” altsistemində sığortaedən Mənzil Kommunal Təsərrüfatı Birliyi (SUN: **********1) tərəfindən təqdim edilmiş 2006-2016-cı illər, 2017-2022-ci illərin l-İV rübləri üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlara və “Məcburi dövlət sosial sığortası üzrə hesabatlara əsasən məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətdə məcburi dövlət sosial sığorta haqları müəyyən edilmiş faizlə hesablanmış, lakin sığortaedən tərəfindən tam məbləğdə ödənilmədiyi üçün fərdi şəxsi hesabında az məbləğdə əks olunmuşdur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.6-cı maddəsinə əsasən sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər üçün əmək fəaliyyətli dövrlərdə sığortaolunanların xeyrinə hər ay üçün hesablanan məcburi dövlət sosial sığorta haqlarını əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə sığortaçıya ödəmək sığortaedənin vəzifəsi olduğundan sığortaedən Mənzil Kommunal Təsərrüfatı Birliyinə müraciət etməyi tövsiyə olunur. Eyni zamanda, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2.1-1-ci maddəsinə əsasən sığortaedənlər tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları sığortaolunanların hesablanmış məcburi dövlət sosial sığorta haqlarına münasibətdə proporsional qaydada bölüşdürülməlidir. Əlavə olaraq, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sosial sığorta haqqında" Qanunda dəyişikliyə əsasən 2019-cu ilin 1 yanvar tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə, həmçinin məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə olunmuşdur. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8007/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı, 2006-cı il tarixdən avqust 2013-cü il tarixədək, aprel 2017-ci il tarixdən dekabr 2022-ci il tarixədək dövrlər də daxil edilməklə fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8007/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Cavabdeh orqanın iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli imtina məktubuna bildirilmişdir: ““Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 14cü maddəsinə əsasən sizə xx.xx.2005-ci il tarixində çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2006-cı il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 8.1-ci maddəsi tətbiq edilməklə pensiyanızın ödənişi davam etdirilir. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Sizin xx.xx.2021-ci il tarixli müraciətiniz əsasında Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiya təyin edildiyi tarixdən sonra 6 il və daha çox işlədiyiniz üçün xx.xx.2007-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 2961,44 manat pensiya kapitalınız nəzərə alınmaqla pensiyanızın məbləği yenidən hesablanmış və xx.xx.2021-ci il tarixindən 300,91 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar pensiyanızın məbləği xx.xx.2022-ci il tarixindən 311,14 manata çatdırılmışdır. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4- cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanızın məbləği xx.xx.2023-cü il tarixindən 327,80 manat müəyyən edilib. Həmçinin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq pensiyanızın məbləği xx.xx.2023-cü il tarixindən 375,99 manata çatdırılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabınızın sığorta hissəsində əks olunması haqqında Dövlət Sosial Müdafiə Fondunun Fərdi uçota nəzarət və sosial sığorta departamentinə sorğu göndərilmişdir.” - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən bildirilmişdir ki, iddiaçı X4 “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən xx.xx.2005-ci il tarixində çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2006-cı il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 8.1-ci maddəsi tətbiq edilməklə pensiyanın ödənişi davam etdirilir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən İddiaçı xx.xx.2007-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində 3159,85 manat (xx.xx.2022- ci il tarixinə indeksləşdirilmiş məbləği) pensiya kapitalı qeydə alınmışdır. Həmin kapitalın xx.xx.2021-ci il tarixinə indeksləşdirilmiş məbləği 2961,44 manat təşkil edir. Vətəndaşın xx.xx.2021-ci il tarixli müraciəti əsasında Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiya təyin edildiyi tarixdən sonra 6 il və daha çox işlədiyi üçün xx.xx.2007-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 2961,44 manat pensiya kapitalı nəzərə alınmaqla pensiyanın məbləği yenidən hesablanmış və xx.xx.2021ci il tarixində 300,91 manat müəyyən edilmişdir. - Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı Şəfi qızının 2006-cı il tarixdən avqust 2013-cü il tarixədək, aprel 2017-ci il tarixdən dekabr 2022-ci il tarixədək hesablanmış, lakin ödənilməmiş məcburi dövlət sosial sığorta haqları haqqında məlumat məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; fərdi uçot - sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Sosial sığorta haqqında” Qanunun: 1.1.1. sosial sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.

2. Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar.

11. Sığortaolunanların hüquqları aşağıdakılardır: onları məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək; könüllü (əlavə) sosial sığorta üçün sığortaçını müstəqil seçmək; sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək; sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sığortaedəndən özünün sığorta stajı barədə məlumat almaq; Sığortaolunanların vəzifələri aşağıdakılardır: sosial sığorta haqqını vaxtında ödəmək; sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etmək. 4.6. Bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı “Vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən xx.xx.2005-ci il tarixdə çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsi tətbiq edilməklə pensiya ödənilir. İddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 375,99 manata çatdırılmışdır. Mənzil Kommunal Təsərrüfatı Birliyi (SUN: **********1) tərəfindən təqdim edilmiş 2006-2016-cı illər, 2017-2022-ci illərin l-İV rübləri üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlara və “Məcburi dövlət sosial sığortası üzrə hesabatlara əsasən məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətdə məcburi dövlət sosial sığorta haqları müəyyən edilmiş faizlə hesablanmış, lakin sığortaedən tərəfindən tam məbləğdə ödənilmədiyi üçün fərdi şəxsi hesabında az məbləğdə əks olunmuşdur.İş materiallarından göründüyü kimi iddiaçiya 2006-cı il tarixdən avqust 2013-cü il tarixədək, aprel 2017-ci il tarixdən dekabr 2022-ci il tarixədək məcburi dövlət sosial sığorta haqları hesablanılıb, lakin ödənilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, 1 yanvar 2019-cu il tarixədək qüvvədə olmuş "Sosial sığorta haqqında" Qanununa əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə, həmçinin məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə nəzarət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirirdi. Bu səbəbdən də iddiaçı pensiyaçı kimi, onun müraciət etməli olduğu qurum cavabdeh olduğu təqdirdə, cavabdeh qurumun ona Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanına istinad edərək imtina edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Belə ki, 1 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyi iddiaçının ödədiyi məcburi sosial sığorta haqlarını müvafiq fərdi hesabına köçürməmişdir. Bu hal işə əlavə edilmiş sənədlərlə təsdiq olunmaqla, həmçinin 1 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi tərəfindən də etiraf edilmişdir. Lakin məcburi sosial sığorta haqlarını ödənilməsinə nəzarət iddiaçının vəzifəsi deyil və buna görə də cavabdehlik daşımır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8007/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8007/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar