Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3145/2025 30.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “1ci qrup əlilliyin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2132/2025 nömrəli, 21 fevral 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “1ci qrup əlil, xx.xx.1999-cu il təvəllüdlü İddiaçı 2015-ci ildən 2019-cu ildək dayandırılmış 1-ci qrup əlilliyin bərpa edilməsini öhdəliyinin Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibb-Sosial Komissiyası tərəfindən verilmiş arayışdan göründüyü kimi, xx.xx.1999-cu il təvəllüdlü İddiaçı qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli kəmağıllıq-kəskin imbesillik dərəcəsində oligofreniya, kobud nitq və davranış pozuntuları ilə tez-tez qıcolma tutmaları ilə nitq artikulyasiyasının pozuntusu xəstəliyi vardır. O, birinci qrup əlildir. Buna müvafiq olaraq, 10 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Səbail rayon şöbəsi tərəfindən 030529 saylı əlillik vəsiqəsi təqdim edilmişdir. xx.xx.1999-cu il təvəllüdlü İddiaçı Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-2894/2019 saylı qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Eyni zamanda, mərhum anası X7 Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli, 40 saylı Sərəncama əsasən fəaliyyət qabiliyyətsiz xx.xx.1999-cu il təvəllüdlü İddiaçı qəyyum təyin edilmişdir. Onun vəfatından sonra 2024-cü il tarixində iddiaçının bacısı X2 Rayon İcra Hakimiyyətinin Başçısının müvafiq Sərəncamına əsasən fəaliyyət qabiliyyətsiz xx.xx.1999cu il təvəllüdlü İddiaçı qəyyum təyin edilmişdir. Həmçinin qeyd edilir ki, xx.xx.1999-cu il təvəllüdlü qardaşı İddiaçı təyin olunmuş 2019-cu ilin oktyabr ayından etibarən əlillər üçün nəzərdə tutulmuş sosial müavinəti alır. Belə ki, İddiaçı əlilliyi dayandırılmışdır. Qeyd edir ki, əlilliyin hansı səbəbdən dayandırılması barədə məlumat almaq üçün müraciət etdiyində “araşdırılma aparılması üçün dayandırılmışdır” deyə məlumat verilmişdir. Beləliklə, bir müddət gözlədikdən sonra araşdırmanın nə yerdə olduğunu nəticəsini bilmək istəsə də, məlumat verilməmiş, hələ də araşdırılma aparıldığı barədə məlumat verilmişdir. Bundan sonra dəfələrlə müvafiq inzibati orqanlara şikayətlər edilsə də, cavabsız qalmışdır. Bundan sonra mərhum anası X7 tərəfindən X15 şikayətindən sonra nəhayət 2019-cu ildə Tibbi- Sosial Komissiya onu dəvət edərək baxış keçirmiş və lazım olduğu kimi əlillik 1-ci qrup müəyyən edilərək müddətsiz hesab olunmuşdur. Ambulator çıxarışdan da görünür ki, anadangəlmə ağır dərəcəli kəmağıllıq, kəskin nəzərə çarpan inbesillik dərəcəsində kobud nitq və davranış pozuntusu ilə tez-tez qıcolma tutmaları xəstəliyi vardır və bu xəstəlik həmin ambulator çıxarışında da görünür ki, doğuş travması ilə anadangəlmədir. Buna baxmayaraq, hər dəfə müayinə keçərək müvafiq cavabdeh orqana göndərilsə də, nə imtina verilmiş, nə də müavinət təyin edilməmişdir. Daha sonra Prezident Administrasiyasına etdiyi şikayət nəticəsində 2019-cu ilin oktyabr ayında övladının əlilliyi yenidən müəyyən edilərək ona sosial müavinət təyin edilmişdir. Lakin həmin andan etibarən ona ödənilən müavinət yalnız 2019-cu ildən etibarən hesablanılır, almadığı yəni neçə illər ərzində qanunsuz dayandırılmış əlillik səbəbindən o dövlətin ona ayrılmalı olduğu müavinət və ya pensiyadan məmurların özbaşına hərəkətləri ilə məhrum olunmuşdur. Onun qardaşı həssas qrupa aid olan Azərbaycan Respublikasının vətəndaşıdır. Bunun üçün xüsusi diqqət və qayğıya ethiyacı olan şəxsdir. Tibbi-Sosial Komissiya isə bunu göz ardı edərək qanunsuz əməllərə yol vermişdir. Son üç il üçün, yəni 2016-ci ilin oktyabr ayının 10-dan 2019-cu ilin oktyabrın ayının 10-dək ödənilməli olan aylıq sosial müavinət məbləği ödənilməsi üçün mütləq şərt olaraq ilkin 2015-cı ildən 2019cu il aralığında dayandırılmış əlillik həmin dövrdə bərpa edilməlidir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, aylıq müavinətlər müraciət etmə vaxtından asılı olmayaraq (ən çoxu müraciət tarixindən əvvəlki 3 il üçün vətəndaşın hüququ yaranarsa) vətəndaşın hüququ yaranan gündən ödənilir. Yuxarıda qeyd olunanlara əsasən, pozulmuş hüququnun bərpası məqsədi ilə 2015-ci ildən 2019-cu ilin oktyabrın ayının 10-dək dayandırılmış əlilliyin bərpa edilməsi zəruridir. Dayandırılmanın bərpa edilməsi ilə bağlı dəfələrlə inzibati orqana müraciət etsə də, buna məhəl qoyulmamışdır. Göründüyü kimi cavabdehin imtinası xx.xx.1999-cu il təvəllüdlü İddiaçı hüquqlarını pozmaqdan başqa bir şey deyildir. Buna görə də cavabdehin imtinası əsassız hesab edilməlidir. Odur ki, 1-ci qrup əlil, xx.xx.1999-cu il təvəllüdlü İddiaçı, 2015-ci ildən 2019-cu ildək dayandırılmış 1-ci qrup əlilliyin bərpa edilməsi öhdəliyinin Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qanunauyğun hesab edir. Bütün yuxarıda göstərilənləri əsas götürərək, hesab edir ki, onun Konstitusiya ilə qorunan hüquqları bərpa olunmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2132/2025 nömrəli, 21 fevral 2025-ci il tarixli qərardadı ilə (hakim A.Almazova) iddia mümkün sayılmamışdır. İddiaçı iddia ərizəsinin məzmununa oxşar əsaslandırılmış apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdeh inzibati orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2132/2025 nömrəli, 21 fevral 2025-ci il tarixli qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının SETR TSE-01 063575 nömrəli xx.xx.2011-ci il tarixli arayışından görünür ki, İddiaçı 26 nömrəli TSEK-də müayinə aktına əsasən uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarının 2.1.4-cü bəndinə uyğundur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 10 saylı Səbail Tibbi-Sosial Ekspert Komissiyasının SETR TSE-01 003071 nömrəli xx.xx.2013-cü il tarixli arayışından görünür ki, İddiaçı 42 nömrəli TSEK-də müayinə aktına əsasən uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarının 2.1.4-cü bəndinə uyğundur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 030529 nömrəli vəsiqəsindən görünür ki, İddiaçı müddətsiz 1-ci qrup əlildir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixdə müayinə edilərək Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Ağır dərəcəli kəmağıllıq (kəskin imbesillik dərəcəsində oligofreniya), kobud nitq və davranış pozuntuları, tez-tez qicolma tutmaları ilə. Nitq artikulyasiyasmın spesifik pozuntusu diaqnozu qoyulmuşdur. Əlillik səbəbi: ümümi xəstəlik. Əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti: müddətsizdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının xx.xx.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli kəmağıllıq (kəskin imbesillik dərəcəsində oligofreniya), kobud nitq və davranış pozuntuları, tez-tez qicolma tutmaları ilə. Nitq artikulyasiyasının spesifik pozuntusu diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı 3-17- 4/2-23703/2024, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhər sakini İddiaçı əlillik vəziyyəti barədə xx.xx.2024-cü il tarixli, 2-1(112)-12032/2024 nömrəli sorğuya Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Bildirilir ki, İddiaçı qeyd edilən dövrü üzrə (2015-ci il) əlillik təyinatı barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində məlumat və ya göndəriş aşkarlanmadı. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2019-cu il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbilə müddətsiz birinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. İddiaçı dair "Əlillik" altsistemindən əldə edilən tibbi-sosial ekspertiza sənədlərinin surəti təqdim olunmuşdur. Bakı 33 nömrəli Şəhər Poliklinikası tərəfindən təqdim edilmiş 2767003AACK9 saylı xx.xx.2019-cu il tarixli göndərişdən (Forma 88) görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən Bakı 33 nömrəli Şəhər Poliklinikasında qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi xx.xx.1999-cu ildir (xroniki). Əsas diaqnoz: F72.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu., Ağır dərəcəli kəmağıllıq (kəskin imbesillik dərəcəsində oligofreniya), kobud nitq və davranış pozuntuları ilə, tez-tez qicolma tutmaları ilə. Kənar şəxsin yardım və nəzarətinə ehtiyacı var. 16 yaşa qədər sosial müavinət alıb, sonra müraciət etmədiyinə görə müavinəti dayandırılıb. Ağırlaşma: F72.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, Ağır dərəcəli kəmağıllıq (kəskin imbesillik dərəcəsində oligofreniya), kobud nitq və davranış pozuntuları ilə, tez-tez qicolma tutmaları ilə. Kənar şəxsin yardım və nəzarətinə ehtiyacı var. Yanaşı xəstəlik F80.0 Nitq artikulyasiyasının spesifik pozuntusu. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixdə müayinə edilərək qulluq və müalicə tələb edən ciddı davranış pozuntusu. Ağır dərəcəli kəmağıllıq (kəskin imbesıllık dərəcəsində oligofrenıya), kobud nitq və davranış pozuntuları ilə, tez tez qicolma tutmaları ilə. Nitq artıkulyasiyasının spesifik pozuntusu diaqnozu qoyulmuşdur. Meyar: 2.1 Birinci dərəcə əlillik => 2.1.13. etiologiyasından asılı olmayaraq, dərin və ağır dərəcəli kəmağıllıq, həmçinin anadangəlmə idiotiya yaxud kəskin nəzərə çarpan inbesillik. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı 3-17- 4/2-31643/2024, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhər sakini İddiaçı əlillik vəziyyəti barədə xx.xx.2023-cu il tarixli, 2-1(112)-12032/2024 nömrəli sorğuya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemindən əldə edilən məlumatlara əsasən vətəndaşın əlillik vəziyyəti 33 nömrəli Şəhər Poliklinikasının 2767003AACK9 nömrəli göndərişi əsasında xx.xx.2019-cu il tarixində ilkin qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik səbəbilə müddətsiz birinci dərəcə əlillik təyinatı aparılmışdır. İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti təqdim olunmuşdur. İşin halları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2013-cü il tarixdə 2 il müddətinə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş, bundan sonra xx.xx.2019-cu il tarixdən yenidən müayinə edildikdən sonra ona müddətsiz əlillik təyin edilmişdir. İddiaçının tələbi onun 2015-ci ildən 2019-cu ildək dayandırılmış 1-ci qrup əlilliyin bərpa edilməsi öhdəliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədədir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş arayışlardan görünür ki, onun xx.xx.2013-cü il tarixdə 2 il müddətinə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş, lakin sonuncu müayinə tarixi xx.xx.2015-ci il tarixi qeyd edilsə də, iddiaçının həmin tarixdən sonra, xx.xx.2019-cu il tarixədək cavabdeh quruma müraciəti müəyyən edilmir. İddiaçı tərəfindən həmin müddət ərzində cavabdeh qurumun hər hansı hərəkət və hərəkətsizliyi mübahisələndirilməmişdir. 2013-cü ildə təyin edilmiş əlilliyin 2015-ci ildə müddəti bitmiş, həmin vaxtdan 9 ildən artıq müddət keçdikdən sonra məhkəməyə müraciət edilmişdir. Odur ki, məhkəmə buraxılmış müddətin səbəbləri barədə əlavə məlumatın verilməsini zəruri hesab etmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, “Sosial müavinətlər” haqqında Azərbaycan Respublikası Qanunun: 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, bu Qanunun 4.0.1.1-ci maddəsində nəzərdə tutulan müavinət istisna olmaqla, bu Qanunla Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. 4.0-cu maddəsinə əsasən bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: 4.0.1.1. dövlət qulluqçularına ömürlük müavinət; 4.0.1.2. yaşa görə müavinət; 4.0.1.3. əlilliyə görə müavinət; 4.0.1.5. ailə başçısını itirməyə görə müavinət; 4.0.1.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət; 4.0.1.7. 3 yaşınadək uşağa qulluğa görə müavinət; 4.0.1.8. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət; 4.0.1.9. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət; 4.0.1.10. 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət; 4.0.1.12. vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavinət; 4.0.1.13. beşdən çox uşağı olan qadınlara müavinət; 4.0.1.14. övladlığa götürülən uşağa, o cümlədən əlilliyi olan uşağa görə müavinət; 4.0.1.15. himayədar ailəyə verilmiş uşağın, o cümlədən əlilliyi olan uşağın tərbiyə edilməsinə görə müavinət. 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.2. əlilliyə görə müavinət-əlillik müddətinə; Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı hüququnun pozulduğunu bildiyi vaxtdan uzun müddət keçməsinə baxmayaraq, yalnız 31 iyul 2024-cü il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya xx.xx.2013-cü il tarixdə təyin edilmiş 2 il müddətinə sağlamlıq imkanlarının məhdudluğu (əlillik) müddəti 2015-ci ildə bitmiş, bundan sonra xx.xx.2015-ci il tarixdə sonucu dəfə müayinə edilmişdir. İddiaçının 2015-ci il tarixdən 2019-cu ilə kimi müxtəlif qurumlara əlillik təyinatı ilə bağlı müraciəti iş materiallarında olan məktublarla təsdiq edilir. Bu müraciətlərin nəticəsidir ki, iddiaçının xx.xx.2019-cu il tarixli müayinəsindən sonra ona müddətsiz əlillik təyin edilmişdir. İşin faktiki hallarından göründüyü kimi iddiaçı xx.xx.2019-cu il tarixdən ona müddətsiz əlillik (1-ci qrup) təyin edildikdən sonra 2015-2019-cu illər üçün müavinət almaqla bağlı hüququnun pozulduğunu bilmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun: 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 73.3-ci maddəsinə əsasən inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarının araşdırılması zamanı birinci instansiya məhkəməsi tərəfindən iddiaçının hazırkı tələblə cavabdeh inzibati orqana nə vaxt müraciət etməsi, bu müraciətin cavabdeh inzibati orqan tərəfindən nə vaxt cavablandırılması və s. halların araşdırıldığı müəyyən edilmir. Belə ki, iş materiallarına nəzər yetirildikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 1 saylı DOST X1 ünvanladığı xx.xx.2022-ci il tarixli **********0 saylı məktubundan görünür ki, iddiaçının sosial müavinətin təyin olunması ilə bağlı 1 saylı Bakı DOST mərkəzinə daxil olan xx.xx.2022-ci il tarixli **********6 nömrəli müraciəti aidiyyəti üzrə baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Flialına göndərilmişdir. Bu müraciətin hər hansı formada cavablandırılması iş materialları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, sadalanan hallar araşdırılmadan iddiaçı tərəfindən müəyyən edilmiş müddətin ötürülmüş hesab edilməsi qanunvericiliyin tələbinə uyğun deyil. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçının hüquqi marağı və nail olmaq istədiyi məqsəd baxımından düzgün iddia növünün müəyyən olunmasında İPM-in 13-cü maddəsində təsbit edilmiş yardım etmək vəzifəsini yerinə yetirməli, eləcə də işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərarın qəbuluna imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Bu prosessual məhkəmə qənaəti prinsipinin tələblərindən və məhkəmə mübahisəsinin uzanmasının qarşısının alınması məqsədlərindən də irəli gəlir. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün olmayan nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2132/2025 nömrəli, 21 fevral 2025-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-3145/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3145/2025
30.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver