Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3148/2023 30.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “sertifikasiya imtahanına buraxılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1521/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “sertifikasiya imtahanına buraxılma” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1977-ci ildə Masallı rayonunda doğulmuş, 1994-1999-cu illərdə Bakı Dövlət Universtitetinin “Biologiya” fakültəsində təhsil almışdır. Axşam şöbəsində oxuduğu üçün 1994-cü ildən AMEA-nın Fiziologiya İnstitutunda “Uzunömürlülüyün fiziologiyası” laboratoriyasında laborant, 1999-cu ildən 2008-ci ilədək baş laborant vəzifəsində işləmiş, 2005-ci ildə Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstutunda 3 aylıq “Kliniki laborator diaqnostika” üzrə ixtisasdəyişmə və ya təkmilləşdirmə kursu keçmiş və həkim-laborant ixtisasına yiyələnmişdir. 2005-ci ildən "xxxx" MMC-nin nəzdində olan “Elmed” Tibb Mərkəzində həkim laborant işləmiş, 2016 və 2020-ci ildə ADHTİ-da ixtisas artırma kursu keçmişdir. 2021-ci ilin avqust ayında işlədiyi “Elmed” Tibb Mərkəzində bildirmişlər ki, ərizəçi həkim-laborant işləmək üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində Sertifikasiya İmtahanından keçməli idi. O, bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətindən xx.xx.2022-ci il tarixli MİNO № 1.3-2-2022-7927 nömrəli cavab məktubu ilə imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1521/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayətində məhkəmə tərəfindən işin hallarına düzgün qiymət verilmədiyini, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsi qərarının qanunsuz olduğunu və ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarından müəyyən edilir ki, iddiaçı M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti tərəfindən verilmiş 1999-cu il tarixli, 74 qeydiyyat nömrəli, A № 047052 nömrəli diploma əsasən Dövlət Attestasiya Komissiyasının 13 iyul 1999-cu il tarixli qərarı ilə İddiaçı biologiya ixtisası üzrə ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən iddiaçı xx.xx.2005xx.xx.2005-ci il, xx.xx.2016-xx.xx.2016-cı il və xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Kliniki laborator diaqnostika üzrə və laboratiya işi üzrə ixtisaslaşma kursu keçdiyindən ona bu barədə müvafiq şəhadətnamələr verilmişdir. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasına əsasən o, AZEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunda “Uzunömürlülüyün fiziologiyası” laboratoriyasına laborant vəzifəsinə təyin edilmiş, xx.xx.1999-cu il tarixdə böyük laborant vəzifəsinə keçirilmiş, xx.xx.2008-ci il öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmiş, xx.xx.2008- ci il tarixdə "xxxx" LTD MMC nəzdində “Elmed” Tibb Mərkəzinə həkim laborant vəzifəsinə təyin edilmiş, xx.xx.2010-cu ildə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmiş, xx.xx.2011-ci il tarixdə "xxxx" LTD MMC nəzdində “Elmed” Tibb Mərkəzinə həkim laborant vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixdə tibb fəaliyyəti üzrə sertifikasiyadan keçmədiyi üçün işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilmiş, işdən azad edilmişdir. Bundan sonra iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən müraciəti təmin olunmayaraq bildirilmişdir ki, Bakı Dövlət Universitetinin biologiya fakültəsinin məzunları yalnız qeyri-tibb ali təhsilli mütəxəssis vəzifələrində çalışa bilərlər. Həkim və orta heyəti vəzifələrində müvafiq olaraq ali və orta ixtisas tibb təhsilli mütəxəssislər fəaliyyət göstərə bilər və onlar mütəmadi olaraq ixtisasları üzrə sertifikasiyaya cəlb edilirlər. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarda qeyd edilən şəkildə həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. AR İPM-in 87.8-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin (Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyası) tələblərinə əsasən: - 1. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. - 3. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. - 4. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. - 5. Sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70- ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunun 46-cı maddəsinin (Tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ) tələblərinə əsasən: - Azərbaycan Respublikasında ali və ya orta ixtisas tibb müəssisələrində təhsil almış şəxslər, müvafiq diploma, yaxud xüsusi rütbəyə malik olan mütəxəssislər qanunvericiliklə müəyyən edilmiş qaydada tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. - Ali tibb və əczaçılıq təhsilini başa vurmamış şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada orta tibb təhsilli işçi vəzifəsində tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. - Fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. - İxtisaslarının təsdiq olunmasından sonra İxtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əcəzaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. - Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə digər qaydalar nəzərdə tutulmadıqda, xarici ölkələrdə hazırlıq keçmiş tibb və əczaçılıq işçiləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxıla bilərlər. - Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. - Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) həmin reyestrə çıxışı təmin edilir. Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 20. Həmin Qanunun 48-ci maddəsinin (Tibb mütəxəssislərinin peşə, bilik və bacarığının təkmilləşdirilməsi) tələblərinə əsasən: - Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tibb mütəxəssislərinin peşə, bilik və bacarıqlarının təkmilləşdirilməsinin təşkili üçün məsuliyyət daşıyırlar. Dövlət səhiyyə sistemi mütəxəssislərinin ixtisasartırma xərcləri dövlət büdcəsi, qeyri-dövlət səhiyyə sisteminin mütəxəssisləri üçün öz vəsaitləri hesabına ödənilir. - Tibb mütəxəssislərinin peşə, bilik və bacarıqlarının dövlət standartları, tibb və əczaçılıq ixtisaslarının nomenklaturasına uyğun fəaliyyət üçün vacib olan diaqnostika, müalicə, profilaktika və sağlamlığı möhkəmləndirmə metodlarının məcmusu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - Ali və orta ixtisas tibb təhsilinə malik tibb mütəxəssisləri dövri olaraq beş ildə ən azı bir dəfə ixtisaslarının artırılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tədrisə cəlb edilirlər. - Tibb mütəxəssislərinin ixtisaslarının dəyişdirilməsinə yalnız müvafiq təhsil müəssisəsində peşə hazırlığı keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyun 2010-cu il tarixli 108 nömrəli “Praktiki tibb və ya əzcazçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın təsdiq edilməsi haqqında” Qərarı ilə təsdiq edilmiş Praktiki tibb və ya əzcazçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydasına əsasən: - 1.1. Bu Qayda “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) (bundan sonra — tibb mütəxəssisləri) sertifikasiyası prosesini tənzimləyir. - 1.2. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. - 1.3. Hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) sertifikasiyaya cəlb edilmirlər. - 1.4. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçmirlər. Göründüyü kimi, tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna malik olan şəxslər yuxarda sadalanan qanunvericilik normalarında ətraflı qeyd edilmişdir. İddiaçı həmin şəxslərin əhatə dairəsinə düşmədiyindən cavabdehin imtinası qanuni və birinci instansiya məhkəməsinin iddia tələbini təmin etməməsi haqlı olmuşdur. İddiaçı iddia tələbinin təmin edilməsinə əsas olaraq 2005-ci ildə Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstutunda 3 aylıq “Kliniki laborator diaqnostika” üzrə ixtisasdəyişmə və ya təkmilləşdirmə kurs keçməsini və həkimlaborant ixtisasına yiyələnməsini bildirmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Bakı Dövlət Universitetinin “biologiya” fakültəsinin məzunu İddiaçı Səhiyyə Nazirliyinə laboratoriya işi ixtisası üzrə sertifikasiyadan keçmək üçün müraciət edərək 2005-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Kliniki laborator diaqnostikası” kursu keçməsi barədə sənəd təqdim etmişdir. Təkmilləşdirmə kursu əsasında ixtisasın dəyişməsi qeyri-mümkündür. Bununla bağlı bildirirlər ki, həkimlərin 2002-ci ilədək Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisaslaşma keçməsi barədə sənədə əsasən sertifikasiya cəlb olunması mümkündür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2002-ci il tarixli 88 nömrəli əmrinin 10.1-ci hissəsində həkimlərin internaturada aldığı ixtisasa uyğun olmayan ixtisaslar üzrə ixtisaslaşma kurslarına qəbul olunması dayandırılmışdır. 2006-2008-ci illərdə ali və orta tibb işçilərinin ixtisaslarının dəyişdirilməsinə istehsalat zərurəti yarandığı hallarda tibb müəssisələrinin əsaslandırılmış müraciətlərinə baxılaraq nazirlik tərəfindən ixtisasın dəyişdirilməsinə icazə verilirdir. (xx.xx.2006-cı il tarixli 22 nömrəli əmr). Yuxarıda qeyd olunanlar nəzərə alınaraq Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyasının qərarına əsasən İddiaçı 2005-ci ildə keçdiyi təkmilləşdirmə kursu əsasında laboratoriya işi ixtisası üzrə sertifikasiya oluna bilməz. Göründüyü kimi, iddiaçının keçdiyi təkmilləşmə kursu əsasında laboratoriya işi ixtisası üzrə sertifikasiyaya cəlb olunması qanunvericiliyin tələblərinə uyğun olmadığından, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində isə mübahisələndirilən məhkəmə qərarının ləğvinə əsas verəcək mötəbər dəlil qeyd olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1521/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3148/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3148/2023
30.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver