Məhkəmə qərarları › İş №2-1(103)-3148/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3148/2025

01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3148/2025 01.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “sərhədkeçməyə məhdudiyyətin götürülməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “sərhədkeçməyə məhdudiyyətin götürülməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7361/2025 saylı 22 may 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 oktyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün əsas olmadığı halda onun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair cavabdehlərin hərəkətlərinin dayandırılması və onun ölkədən çıxmasına mane olmamaq öhdəliyinin müvafiq olaraq cavabdehlərin üzərinə qoyulması və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi ziyana görə 455 manat 46 qəpik, mənəvi ziyana görə isə 1000 manat olmaqla, cəmi 1455 manat 46 qəpik məbləğində kompensasiyanın müştərək qaydada cavabdehlərdən tutularaq ona ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 06 fevral 2025-ci il tarixdə ölkədən çıxarkən sərhəd buraxılış məntəqəsinə yaxınlaşıb pasport qeydiyyatından keçən zaman sərhəd xidmətinin əməkdaşları onu sərhəddən buraxmayaraq polis orqanları tərəfindən ölkədən çıxışına məhdudiyyət qoyulduğu bildirilmişdir. Belə ki, bütün prosedurları keçməyinə baxmayaraq sonda ümumvətəndaş pasportuna Dövlət Sərhəd Xidməti tərəfindən vurulmuş xx.xx.2025-ci il tarixli çıxış ştampı ləğv edilmiş və o, Azərbaycan Respublikasının sərhəddindən kənara buraxılmamışdır. Onun ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün heç bir hüquqi əsas, o cümlədən məhkəmə qərarı yoxdur. Belə ki, onun ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı elektron hökumət informasiya resurslarında heç bir məlumat yoxdur. İnzibati orqanların əsassız hərəkəti ona narahatlıq və təşviş yaşatmışdır. Ona qarşı sərhəd xidmətini keçən digər şəxslərdən onların gözü qarşısında fərqli prosedur tətbiq edilməsi insanlarda ona qarşı neqativ fikir formalaşdırmışdır. İnsanlar onun hər hansı qanunsuz fəaliyyətlə məşğul olduğunu düşünmüş və hətta bununla bağlı ona suallar da vermişlər. Bu da ona çox pis təsir edir, psixoloji durumuna mənfi təsir göstərmiş, bu hiss nəticəsində iztirab keçirmişdir. Bundan əlavə ona maddi ziyan da dəymişdir. Belə ki, təyyarə biletini almaq üçün ödədiyi 455 manat 46 qəpik pul vəsaiti də ona geri qaytarılmamışdır. Hesab edir ki, onun Azərbaycan Respublikasının hüdudlarından kənara getmək hüququnun məhdudulaşdırılması əsassız və qanunsuzdur. Ona görə də cavabdehlərin onun ölkədən getmək hüququnu məhdudlaşdırılan hərəkətləri təcili dayandırılmalıdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7361/2025 saylı 22 may 2025-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edimişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları 01 oktyabr 2025-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Əvvəla qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırki işdə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı tələbi “ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün əsas olmadığı halda onun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair cavabdehlərin hərəkətlərinin dayandırılması və onun ölkədən çıxmasına mane olmamaq öhdəliyinin müvafiq olaraq cavabdehlərin üzərinə qoyulması və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi ziyana görə 455 manat 46 qəpik, mənəvi ziyana görə isə 1000 manat olmaqla, cəmi 1455 manat 46 qəpik məbləğində kompensasiyanın müştərək qaydada cavabdehlərdən tutularaq ona ödənilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hazıkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilinməməsinə istinad edərək iddianın qeyri-mümkün sayılması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Həmin Qanunun 2.0.3-cü maddəsinin tələbinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Yuxarıda da qeyd olunduğu kimi, adı çəkilən Qanunun 3-cü maddəsinə görə bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Bununla yanaşı, bu Qanunun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmadığı göstərilir. İş materiallarında olan birinci instansiya məhkəməsinin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2025-ci il tarixli 3-38-33/2-825/25 №-li cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi haqqında Əsasnamə”nin 12.6.1.2-ci bəndinin (şəxsin sərhədkeçməsinə icazə verilməməsi və geri qaytarılması) icrası ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada aidiyyəti dövlət orqanları tərəfindən məhdudiyyətə qoyulan şəxslərin sərhədkeçməsinə icazə verilmir. Əsasnamənin 12.6.1.2-ci bəndinin icrası Dövlət Sərhəd Xidmətinə həvalə olunduğu üçün xx.xx.1985-ci il təvəllüdlü İddiaçı xx.xx.2025-ci il tarixdə dövlət sərhədindən hərəkəti zamanı Daxili İşlər Nazirliyi tərəfindən İAMAS-ın məhdudiyyət altsistemində “Çıxışı qadağan” statuslu məhdudiyyət tətbiq edildiyindən dövlət sərhədindən buraxılmayaraq ölkə ərazisinə geri qaytarılmışdır. Apellyasiya baxışı zamanı aparılmış araşdırmalar nəticəsində müəyyən olundu ki, iddiaçının ləğv edilməsini tələb etdiyi məhdudiyyət cinayət təqibi ilə bağlı tətbiq edildiyindən həmin məhdudiyyətin götürülməsi və ya ləğv edilməsi də məhz həmin növdə olan icraat çərçivəsində həyata keçirilə bilər. Həmin məhdudiyyətin ləğv edilməsi qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatında mümkün deyildir. Bu səbəbdən iddiaçının tələbinə yuxarıda göstərilən maddi hüquq normalarının tələbləri baxımından inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin: -122.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. -122.2-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət aşağıdakılara verilir: 122.2.1. təhqiqatçının və ya müstəntiqin hərəkətindən və ya qərarından - ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora; 122.2.2. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətindən və ya qərarından - yuxarı prokurora; 122.2.3. bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından - məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə; 122.2.4. bu Məcəllədə nəzərdə tutulmuş hallarda məhkəmənin hərəkətlərindən və ya qərarlarından - yuxarı məhkəməyə. 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: 449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; 449.2.2. zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; 449.2.3. qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər. 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutma və həbsdə saxlanılması; 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.4-1. şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; 449.3.4-2. şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; 449.3.4-3. ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli Plenum Qərarında göstərilmişdir ki, “..Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququ olan şəxslərin dairəsi Cinayət-Prosessual Məcəlləsinin 449.2-ci maddəsində nəzərdə tutulmuşdur. Bu Məcəllənin 449.2.3-cü maddəsinə əsasən, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər də təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti qaydasında şikayət verə bilərlər. Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” 2015-ci il 12 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin “qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər” müddəası cinayət prosesinin iştirakçıları və tərəfləri olmayan, lakin cinayət prosesində iştirak edən və ya hər hansı bir formada cinayət prosessual hüquq və ya vəzifələri həyata keçirən şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təsbit olunmuş hüquq və azadlıqları prosessual qərar və ya hərəkətlər ilə pozulduğu təqdirdə bu qərar və ya hərəkətlərdən şikayət vermək hüququnu istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Beləliklə, cinayət prosesinin iştirakçısı olmasa da, cinayət prosesini həyata keçirən orqanın qərar və ya hərəkətləri ilə hüquq və mənafeləri pozulmuş şəxslər, o cümlədən əmlakı üzərinə həbs qoyulmuş mülkiyyətçilər, ölkədən çıxışına məhdudiyyət qoyulmuş şəxslər belə prosessual qərar və ya hərəkətlərdən məhkəmə nəzarəti qaydasında şikayət verə bilərlər. Odur ki, məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7361/2025 saylı 22 may 2025-ci il tarixli qərarı qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7361/2025 saylı 22 may 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyalə Cəmilova Hakimlər: Rəşid Səmədov Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar