Məhkəmə qərarları › İş №2-1(103)-3149/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3149/2024

10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3149/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı “inzibati binaya qeydiyyata alınma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 may 2024cü il tarixli, 2-1(112)-4870/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 2sına pasport qeydiyyatına alınması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir Sonradan iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaqla, ünvan 2sına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-3023/2022 saylı qətnaməsi ilə iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Yeni-Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, ev 25, mənzil 14-də istifadə hüququ itirilmişdir. Həmin qətnamənin nəticə hissəsində bu qətnamənin iddiaçının qeydiyyatdan çıxarılması üçün əsas olması qeyd edilmiş və cavabdeh tərəfindən o, həmin ünvandan qeydiyyatdan çıxarılmışdır. Hazırda iddiaçının qeydiyyata düşməyə başqa yeri yoxdur. Qeydiyyatı olmadığından isə vergi orqanında qeydiyyatdan keçə, eləcə də "ASAN imza" ala bilmir. Ona görə də, xx.xx.2023-cü il tarixdə iddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə poçt vasitəsilə məktub göndərərək ünvan 2sına pasport qeydiyyatına alınmasını xahiş etmişdir. Cavabdeh həmin məktubuna bu günədək cavab verməyərək hərəkətsizlik göstərmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2-1(112)-4870/2024 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmaqla, ünvan 2sına, yəni Bakı şəhəri, Suraxanı rayonu, Balandin küçəsi 42-yə qeydiyyata alınması vəzifəsinin cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə tərəflər arasında artıq mübahisə mövcud olmadığından, iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli Elektron məhkəmə sistemindən əldə edilmiş məlumatdan müəyyən olunur ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır və buna dair 25 noyabr 2024-cü il tarixdə ASAN 4 tərəfindən iddiaçıya Azərbaycan Respublikası Şəxsiyyət Vəsiqəsi verilmişdir. Göründüyü kimi, hazırkı iddianın verilməsinin əsasını təşkil edən – iddiaçının qeydiyyata alınması təmin edildiyindən artıq tərəflər arasında mübahisə mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM»): - 39.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. - 67.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. - 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. - 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi təmin olunduğundan, bununla əlaqədar mübahisə artıq mövcud olmadığından, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3, 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı “inzibati binaya qeydiyyata alınma” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar