Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3149/2025 27.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X12 Səmədovun sədrliyi və məruzəsi ilə, X11 və X1 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil3, Üçüncü şəxs “X26” şirkətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər qismində Binəqədi qəsəbə bələdiyyəsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “X26” şirkəti cəlb edilməklə) “mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-314/2025 nömrəli, 07 may 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh inzibati orqana qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 30 oktyabr 2006-cı il tarixli, 1467/1 №-li sərəncamına əsasən Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbəsi ərazisindən ayrılmış 250 kv.m torpaq sahəsinə dair plan və ölçünün tərtib olunması, torpaq sahəsinin dövlət qeydiyyatına alınmaqla adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsinin 30 oktyabr 2006-cı il tarixli, 1467/1 №-li sərəncamına əsasən Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbəsi ərazisindən 250 kv.m boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı müqaviləsi əsasında onun mülkiyyətinə verilmiş, bu barədə onunla bələdiyyə arasında torpaqların alqı-satqısına dair akt imzalanmış, qabaqcadan torpağın dəyəri olaraq 480 (dörd yüz səksən) manat vəsait AİT seriyalı 676706 №-li kassa mədaxil orderinə əsasən 2006-cı ilin iyun ayında Binəqədi qəsəbə bələdiyyəninin hesabına tərəfindən köçürülmüşdür. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsinin vermiş olduğu 02 dekabr 2021-ci il tarixli, 1651 №-li məktubu ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsinin 30 oktyabr 2006-cı il tarixli 1467/1 №-li sərəncamının bələdiyyənin arxivində saxlanması öz təsdiqini tapmışdır. Qeyd olunan torpaq sahəsi ona ayrılmış, tərəfindən ərazi məftil torla hasara alınmış, torpaq sahəsinin koordinatları vurulmuşdur. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, təqdim edilən torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Bundan başqa, İdarənin elektron kadastr məlumatlarında qeyd edilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır, dövlət mülkiyyətindədir. Həmçinin, sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Binəqədi Oyl) istifadəsinə verilmiş ərazilərdə yerləşir. Qeyd olunanlarla yanaşı, təqdim edilmiş yerləşmə cizgisində heç bir istinad və məsafələr və perimetrik ölçülər qeyd edilmədiyindən, həmçinin konfiqurasiya tamamilə fərqli olduğundan torpaq sahəsinin sənəd üzrə yerləşmə mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia edilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş əraziyə aid olmaqla, hazırda "xxxx" ƏŞ-nin istifadəsindədir. Həmçinin, sahədən 35 metrlik məsafədə ləğv edilmiş neft quyusu, torpaq sahəsinin 250.0 kv.m hissəsi isə yüksək gərginlikli elektrik xəttinin mühafizəsinə düşür. Bundan başqa, sahədən eyni istiqamətdə (yol tərəfdən) diametri 220.0 mm-lik orta təzyiqli qaz xətti keçir. Bu səbəblərdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız neft-qaz əməliyyatlarının aparılması məqsədilə istifadə oluna bilər. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Hesab edirlər ki, iş üzrə iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtinası əsaslı olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-314/2025 nömrəli, 07 may 2025-ci il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia tələbinin təmin olunmaması qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan torpaq sahəsi qanuni əsaslarla ona verilmiş, torpaq sahəsinin dəyəri tərəfindən ödənilmiş, torpaq sahəsi hazırda onun istifadə və faktiki sahibliyindədir. Adı çəkilən torpaq sahəsi üzərindəki hüquqlarının dövlət qeydiyyatına alınmasının zəruruliyini nəzərə alaraq, 2023-cü ilin aprelində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsinin 30 oktyabr 2006cı il tarixli, 1467/1 №-li Sərəncamına əsasən Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbəsi ərazisindən ona ayrılmış 250 kv.m torpaq sahəsinə dair plan və ölçünün tərtib olunması, torpaq sahəsinin dövlət qeydiyyatına alınmaqla adına çıxarışın verilməsini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsidən xahiş etmiş, lakin sonuncu xx.xx.2023-cü il tarixli məktubla ona cavab verərək, təqdim olunmuş sənədlər toplusunda olan torpaq sahəsinə dair yerləşmə cizgisinin təqdim olunmadığına, həmçinin məhkəmənin qərarında torpaqların alqı-satqısına dair aktın keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi trəfındən qeydə alımadığını və torpaqların alqı-satqısına dair aktın üç şəxs tərəfindən imzalanmamasını bildirmişdir. İşin materiallarına əlavə edilmiş “Torpaqların alqı-satqısına dair” xx.xx.2006-cı il tarixli AKT-ın üçüncü şəxs keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən imzalanmaması və ya aktın surətinin həmin təşkilatın arxivinə təhvil verilməməsində onun hər hansı bir günahı ola bilməz, buna görə məsuliyyəti o daşımır. 2023-cü il iyunun 05-də cavabdehə yenidən müraciət edərək, torpaq sahəsinə dair yerləşnə cizgisinin surətini təqdim etmiş, ikincisi, adı çəkilən aktın surətinin bələdiyyənin arxivində olması və bu barədə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinin 02 dekabr 2021-ci il tarixli, 1651 №-li arxiv arayışı da təqdim edilmiş, hərnim sənədin, yəni torpağın alqısatqısına dair aktın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim olunmasının onun vəzifəsinə aid olmamasını qeyd etmiş, üçüncüsü, həmin aktın bələdiyyənin sədri tərəfindən imzalanmaqla möhürlənməsinin və bələdiyyənin arxivində saxlanmasının onun etibarlı sənəd olmasına sübut olduğunu, qeyd olunan torpaq sahəsinin qanuni əsaslarla mülkiyyətinə verilməsini, torpaq sahəsinin dəyərinin tərəfimdən ödənilməsini, torpaq sahəsinin hazırda onun istifadə və faktiki sahibliyində olmasını və kimsə tərəfindən mübahisələndirilməməsini, ona satılmış adı çəkilən 250 kv.m torpaq sahəsinin yaşayış məntəqəsinin torpaq sahələrinə aid olması, ətraf mühit və orada yaşayanlar üçün heç bir təhlükə yaratmadığını sübut etsə də, məhkəmə bu halları nəzərə almamışdır. İşin materiallarında həmin ərazinin Dövlət Neft Şirkətinin Binəqədi Oyl-ın balansında olmasına dair də heç bir sübut yoxdur, bu yalnız cavabdehin və üçüncü şəxsin nümayəndələrinin izhatlarında öz əksini tapmışdır. Həmçinin cavabdeh öz etirazında qeyd edir ki, həmin ərazi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşür, oradan 220 mm-lik orta təzyiqli qaz xətti keçir, habelə sahədən 35 metr məsafədə ləğv edilmiş neft quyusu vardır, ona görə iddianın rədd edilməsini xahiş edir. Lakin iş üzrə keçirilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyində bunun əksinə olaraq qeyd olunur ki, ərazinin yaşayış məntəqələrinin torpaqlarına aid olduğu müəyyən olunur, ona aid torpaq sahəsinin yaxınlığından neft-qaz kəməri keçmir, eyni zamanda yaxınlıqda neft quyusunun olmadığı müəyyən olunur. Adı çəkilən torpaq sahəsi üzrərindəki hüquqlarımın dövlət qeydiyyatına alınması qanunidir, hesab edir ki, torpaq sahəsininn ayrılmasında heç bir qanun pozuntusuna yol verilməmişdir. Fərdi yaşayış evinin tikintisi üçün xx.xx.2006-cı ildə Binəqədi qəsəbə Bələdiyyəsinə ərizə ilə müraciət etmiş, müraciətinə müsbət yanaşılmış, onunla torpağın alqı-satqısına dair müqavilə bağlanmış, aralarında torpaqların alqı-satqısına dair AKT tərtib olunmuş, 480 manat vəsait Bələdiyyənin bank hesabına köçürülmüş, tərtib olunmuş akt onun və bələdiyyə sədri tərəfindən imzlanmaqla sədrin möhürü ilə təsdiqlənmiş, torpaq sahəsinin ayrılması haqqında həmin aktın imzalanmasından torpaq şöbəsinin məlumatlı olubolmamasına dair məlumatı yoxdur, bələdiyyə üzvləri ilə razılaşdırılmış, lakin qərar deyil, xx.xx.2006-cı il tarixli, 1467/1 №-li sərəncam verilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak üçüncü şəxs “X26” şirkətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin və digər üçüncü şəxsin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə iclasında iştiraklarını təmin etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin və digər üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Hazırkı işin hallarından müəyyən edilir ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin sədrinin 30 oktyabr 2006-cı il tarixli Sərəncamı ilə Binəqədi qəsəbəsi ərazisindən 250 kv.m boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı verilmişdir. İddiaçı ilə bələdiyyə arasında “Torpaqların alqı-satqısına dair” Akt bağlanmışdır. İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2023-cü il tarixli məktubda bildirmişdir ki, “... təqdim etdiyiniz torpaqların alqı-satqısına dair akt keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmamışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir”. Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi Binəqədi qəsəbə Bələdiyyəsinin Sərəncamına istinad edilir. Lakin həmin Sərəncam Binəqədi qəsəbə Bələdiyyəsinin sədri tərəfindən imzalanmışdır. Qeyd edilən Sərəncamın Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən iclas keçirilməsi və iclasda bələdiyyə üzvlərinin səs çoxluğu ilə qəbul edilməsi müəyyən edilmir. Bu barədə Binəqədi qəsəbə Bələdiyyəsinə, X8, Dövlət Arxivinə sorğular verilsə də, bələdiyyə sədrinin Sərəncamında istinad olunan tarixdə, yəni xx.xx.2006-cı il tarixdə, 19 saylı ümumi yığıncağın keçirilməsi barədə məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Bələdiyyə sədri isə təkbaşına olaraq torpaq sahəsinin ayrılması barədə sərəncam verməkdə ümumiyyətlə səlahiyyətli olmamışdır. Baxılan işdə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Binəqədi qəsəbə Bələdiyyəsi üçüncü şəxs qismində icraata cəlb edilmiş, həmçinin məhkəmə tərəfindən Bələdiyyəyə sorğular ünvanlamışdır. Lakin üçüncü şəxs məhkəməyə torpaq sahəsinin ayrılması ilə bağlı iclas keçirilməsi barədə məhkəməyə hər hansı sənəd təqdim etməmiş, qəbul edilən sərəncamın bələdiyyənin digər üzvlərinin iştirakının olması, səs çoxluğu ilə qəbul edilməsi iş materiallarından müəyyən edilmir. Məhkəmə Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılarkən bu şərtlərə əməl edilib-edilməməsinin müəyyən edilməsi, başqa sözlə Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən iddiaçıya torpaq sahəsi ayrılarkən qanunvericiliyin tələblərinə əməl edilib-edilməməsini müəyyən etmək üçün Bakı şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X8, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Dövlət Arxivinin Bakı Filialına və Binəqədi qəsəbə bələdiyyəsinə müvafiq sorğular verilmişdir. Lakin məhkəməyə təqdim edilən sənədlərdə Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması ilə bağlı iclas keçirməsi, bu barədə qərar qəbul edilməsi, torpaq sahəsinin ayrılması ilə bağlı rəyin alınması üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilməsi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə sərgilədiyi mövqeyi ilə razılaşmır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd olunan Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini, o cümlədən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin siyahısını konkret müəyyən etmişdir. Torpaq Məcəlləsinin: 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən: - 4.0-cu maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək. - 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. 6.4-cü maddəsinə əsasən elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. 7.1.1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar xüsusi mülkiyyətə verilə bilər. Həmçinin, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllələrində tikintisi mümkün olan ayrı-ayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir. 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir. 18-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002ci il tarixli 696 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin (“DTXK”) yerli qurumları həyata keçirirlər. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin sədrinin 30 oktyabr 2006-cı il tarixli Sərəncamı Bakı şəhəri, Binəqədi qəsəbəsi ərazisindən 250 kv.m boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün iddiaçının İddiaçı qanuni istifadəsində olmasını təsdiqləyən inzibati aktdır. Həmin Sərəncam ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətəuyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir. Mübahisəli torpaq sahəsinin iddiaçıya verilməsi ilə bağlı Sərəncamın qanunvericiliyin tələbinə uyğun olaraq qəbul edilməməsi, alqı-satqıya dair aktın keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmaması, torpaq sahəsinin dövlət mülkiyyəti olmaqla "xxxx" Şirkətinin istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşməsi ilə bağlı iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işin materiallarında olan sənədlərdən görünür ki, eyni ərazidə yerləşən və eyni bələdiyyə tərəfindən ayrılmış torpaq sahələri ilə bağlı vətəndaşlara mülkiyyət hüququnu təsdiq edən sənədlər verilmişdir. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində (ətrafında) yerləşən iddiaçıya ayrılmış torpaq sahəsinin qonşuluğunda və Binəqədi qəsəbə Bələdiyyəsinin qərarları əsasında ayrılmış torpaq sahələrinə (həmin torpaq sahələrinin üzərində tikilmiş fərdi yaşayış evlərinə) dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı çıxarışların və həmin çıxarışların verilməsinə əsas olan sənədlərin (o cümlədən, X4 və X7 ayrılmış torpaq sahələrinə) müvafiq qaydada təsdiq olunmuş surətlərinin təqdim edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndırilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuya cavab olaraq tqdim edilmiş 3-21-3-30/2-55663/2025 nömrəli, 21 noyabr 2025-ci il tarixli məktubda qeyd edilir ki, sorğuda qeyd olunan ərazi ARDNŞ-nın ərazisidir və torpaq sahəsinə bitişik qonşuluğunda qeydiyyatdan keçmiş əmlak aşkar edilməmişdir. Həmçinin, X3 və X5 adlarına qeydiyyatdan keçmiş torpaq sahəsi aşkar edilməmişdir. Həmçinin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçıya ayrılmış torpaq sahəsinin qonşuluğunda və Binəqədi qəsəbə Bələdiyyəsinin qərarları əsasında X9, X15, X14, X10, X13, X16, X2, X6 mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Belə olan halda, iddiaçıya münasibətdə fərqli hüquqi mövqeyin sərgilənməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbləri baxımından bərabərlik hüququnun pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Odur ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Oxşar mübahisələr üzrə kassasiya instansiyası məhkəməsinin bərabərlik və etimadın qorunması prinsipi ilə bağlı formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (2-1(102)- 1750/2023 nömrəli və 2-1(102)-560/2023 nömrəli qərarlar) iddiaçıya verilmiş torpaq sahəsinin qonşuluğunda olan torpaq sahələrinə çıxarışlar verilməklə müxtəlif şəxslərin mülkiyyət hüququ qeydiyyata alındığından və həmin torpaq sahələrinin kateqoriyası “Yaşayış məntəqələrinin torpaqları” kimi qeyd edildiyindən, iddiaçıya münasibətdə cavabdeh inzibati orqan bərabərlik hüquqlarının təməl prinsipini pozaraq fərqli mövqeyi nümayiş etdirmişdir ki, məhkəmə kollegiyasının qənaətinə görə bu hal iddiaçının mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilir. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, inzibati orqan, bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün heç bir hüquqi əsas yoxdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Bu baxımdan torpaq sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-314/2025 nömrəli, 07 may 2025-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-314/2025 nömrəli, 07 may 2025-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 30 oktyabr 2006-cı il tarixli, 1467/1 №-li sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbəsi ərazisindən ayrılmış 250 kv.m torpaq sahəsinə dair plan və ölçünün tərtib olunması, torpaq sahəsinin dövlət qeydiyyatına alınmaqla çıxarışın İddiaçı verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Pərviz Hüseynov Günel Sevdimalıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-3149/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3149/2025
27.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver