Məhkəmə qərarları › İş №2-1(103)-315/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-315/2025

09.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-315/2025 09.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərovdan və X3 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-413/2023 nömrəli 22 iyun 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 09 iyul 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 2415 nömrəli 30 dekabr 1999-cu il tarixli sərəncamına əsasən iddiaçıya Bakı şəhəri, Əzizbəyov rayonu, Pirallahı qəsəbəsində 57 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli imtina bildirişi ilə qeyd etmişdir ki, torpaq sahəsinin yerləşmə cizgisi Pirallahı bələdiyyəsi tərəfindən təsdiq edilmişdir, cizgidə dəqiq istinad və məsafələr qeyd olunmaması və qeyd olunan torpaq sahəsinin əksər hissəsi ümumi istifadədə olan yol və yaşıllıq ərazisidir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz sayılması və Bakı şəhəri, Əzizbəyov rayonu, Pirallahı qəsəbəsi, 57 saylı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəlyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, “Bakı şəhəri, Əzizbəyov rayonu, Pirallahı qəsəbəsi, 57 saylı bağ sahəsi Əzizbəyov RİH-in 30 dekabr 1999-cu il tarixli 2415 nömrəli sərəncamı ilə İddiaçı Elas oğlunun istifadəsinə verilmişdir. İddiaçı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, sözügedən torpaq sahəsinin onun adına ilkin hüquqi qeydiyyat alınmasını xahiş etmişdir. Lakin cavabdeh 12 avqust 2021-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. İmtina həmin torpaq sahəsinin yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmaması ilə əsaslandırılmışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası tamamilə əsassızdır və ərizə təmin edilməlidir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən də görünür ki, hazırda onun istifadəsində olan torpaq sahəsi qeyd edildiyi kimi, RİH-in müvafiq sərəncamı ilə onun istifadəsinə verilmişdir və halhazırda da həmin torpaq sahəsinə dair heç bir mübahisə olmadan oradan istifadə edir. Bu səbəbdən cavabdehin imtinası tamamilə əsassızdır. Göstərilənlərə əsaslanaraq, cavabdehin imtinasının qanunsuz sayılması və Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, 57 saylı bağ (torpaq) sahəsinin iddiaçının adına hüquqi qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş iddiaya dair yazılı etirazın məzmunu imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-413/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “...iddiaçıya müvafiq torpaq sahəsi onun təyinatı nəzərə alınmadan, fərdi yaşayış evinin tikintisi üçün ümumi istifadədə olan ərazidən ayrılması ziddiyyətli xüsusatdır. Digər tərəfdən iddiaçının müraciəti üzrə cavabdeh inzibati orqanın imtinası “cizgidə dəqiq istinad və məsafələrin qeyd olunmaması” ilə əsaslandırılmışdır. Təqdim olunmuş cizgidə bu əlamətlərin əks olunmaması da məsələnin həllinə təsirsiz deyil. Torpaq sahəsinin dəqiq istinad və məsafələri əks olunmuş cizgisi təqdim olunduğu halda, ayrılmış torpaq sahəsinin iddiaçının faktiki iddia etdiyi sahəyə deyil, tam və qismən fərqli koordinatlara uyğun başqa konfiqurasiyaya malik sahə olması ehtimal olunur. Odur ki, cavabdehin imtinasına gətirilən həmin dəlil də formal xarakterli deyil və sadalananlar iddiaçının ona RİH-in 30 dekabr 1999-cu il tarixli 2415 saylı sərəncamı ilə ayrılmış və iddia etdiyi torpaq sahəsi üzərində hüquqların qeydiyyat alınmasından imtina üçün əsasdır.” Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-413/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinlərinin dəlilləri: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi tərəfindən verilmiş apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubuna və iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə iddianın rədd edilməsinin əsası kimi, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/176c saylı ekspert rəyinə əsaslanmışdır. Rəyin nəticə hissəsində qeyd olunur: “Göstərilən faktiki 1.200 kv.m torpaq sahəsinin sərhədlərinin bir hissisi mişar daşı, digər hissəsi isə şərti olaraq sərhədlənmişdir. Torpaq sahəsinin üzərində birmərtəbəli tikililər mövcuddur. Şərti olaraq göstərilən 1.200 kv.m torpaq sahəsinin 620 kv.m hissəsi qəsəbə və məhəllədaxili yolun kənarı olmaqla ümumi istifadə üçün nəzərdə tutulan dövlət mülkiyyəti torpağıdır. Məhkəmə nəzərə almamışdır ki, ekspert rəyi iş materiallarında olan 2022-ci ilin avqust ayında verilmiş mütəxəssis rəyinə istinadən verilmişdir. Lakin, həmin mütəxəssis rəyindən sonra ikinci mütəxəssis rəyi verilmiş, rəydə aşağıdakılar müəyyən edilmişdir: “Bildiririk ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 1200.0 kv. metr təşkil edir. Torpaq sahəsinin üzərində birmərtəbəli tikili mövcuddur. İmtina məktubunda, torpaq sahəsinin əksər hissəsinin ümumi istifadədə olan yol və yaşıllıq ərazisi olduğu göstərilmişdir. Halbuki, torpaq sahəsi yolla heç bir üst-üstə düşən hissəsi olmadan dörd tərəfdən mişar daşı ilə hasarlanmışdır. Bu hal onu göstərir кi, cavabdeh iddiaçının müraciətini araşdırmadan, əsassız olaraq imtina vermişdir. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-703/2024 nömrəli 6 fevral 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 22 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətində özünün istinad etdiyi mütəxəssis rəyindən və həmçinin, işin araşdırılan hallarından müəyyən olunur ki, iddia olunan torpaq sahəsinin bir hissəsi (620 kv.m hissəsi) qəsəbə və məhəllədaxili yol, həmçinin yolkənarı yaşıllıq ərazisi olmuş, sonradan daş hasarla əsas sahəyə daxil edilmişdir. Həmçinin qeyd edilmişdir ki, məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə də gələ bilmir, ona görə ki, torpağın cizgisində dəqiq istinad və məsafələr qeyd olunmamışdır. Həmin qərardan narazı qalan iddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1726/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-703/2024 saylı 6 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi və kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Tərəflərin izahatları: İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini və apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “cavabdehin imtinasının qanunsuz sayılması və Bakı şəhəri, Əzizbəyov rayonu, Pirallahı qəsəbəsi, 57 saylı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, kassasiya instansiyası məhkəməsinin mövqeyi fərqli olmuşdur. Məhkəmə kollegiyası bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Torpaq islahatı haqqında” Qanun: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsinə əsasən 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8-ci maddəsində göstərilmişdir: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ..... Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Yuxarıda göstərilən Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İş materiallarından məyyən olunur ki, iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatın alınmasını tələb etdiyi Bakı şəhəri, Əzizbəyov rayonu, Pirallahı qəsəbəsində 57 saylı sahədə 1200 kv.m torpaq sahəsi ona Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 2415 nömrəli 30 dekabr 1999-cu il tarixli sərəncamına əsasən ayrılmışdır. Cavabdeh qurumun qeydiyyatdan əsas imtina dəlilləri “torpaq sahəsinin yerləşmə cizgisinin Pirallahı bələdiyyəsi tərəfindən təsdiq edilməsi, cizgidə dəqiq istinad və məsafələrin qeyd olunmaması və qeyd olunan torpaq sahəsinin əksər hissəsinin ümumi istifadədə olan yol və yaşıllıq ərazisi olması” əsası ilə bağlı olmuşdur. İşin birinci instansiya məhkəməsində icraatı zamanı xx.xx.2022-ci il tarixli qərardadla iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2023-cü il tarixli 10/1769 saylı ekspert rəyində qeyd edilmişdir ki, “göstərilən faktiki 1.200 kv.m torpaq sahəsinin sərhədlərinin bir hissəsi mişar daşı, digər hissəsi isə şərti olaraq sərhədlənmişdir. Torpaq sahəsinin üzərində birmərtəbəli tikililər mövcuddur. Şərti olaraq göstərilən 1.200 kv.m torpaq sahəsinin 620 kv.m hissəsi qəsəbə və məhəllədaxili yolun kənarı olmaqla ümumi istifadə üçün nəzərdə tutulan dövlət mülkiyyəti torpağıdır.” Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1726/2024 saylı xx.xx.2024cü il tarixli qərarında göstərilmişdir ki, “apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən qeyd etmişdir ki, “...iddia olunan torpaq sahəsinin bir hissəsi (620 kv.m hissəsi) qəsəbə və məhəllədaxili yol, həmçinin yolkənarı yaşıllıq ərazisi olmuş, sonradan daş hasarla əsas sahəyə daxil edilmişdir.” Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, mübahisəli torpaq sahəsinin iddiaçıya fərdi ev tikmək üçün ayrılması barədə sərəncam hüquqmüəyyənedici sənəddir. Həmin sərəncamın hər hansı qaydada mübahisələndirildiyi, ləğv edildiyi və geri çağırıldığı yaxud da etibarsız sayıldığı görünmür. Yəni sərəncam öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Apellyasiya məhkəməsi yerdə qalan 580 kv.m. torpaq sahəsinə münasibətdə iddianın qismən təmininin mümkünlüyünü araşdırarkən qeyd etmişdir ki, torpağın cizgisində dəqiq istinad və məsafələr qeyd olunmaması səbəbindən iddia qismən təmin edilə bilməz. Halbuki apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən işin araşdırılması üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmiş, bununla da hazırkı qərarın 22 (a) bəndində göstərilən prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, iş materiallarında (iş səh. 32) mübahisələndirilən torpaq sahəsini cizgisi mövcuddur. Həmin cizgi həm bələdiyyə, həm də Pirallahı Rayon İcra Hakimiyyəti Rayon təsərrüfatı şöbəsi tərəfindən təsdiq edilmiş və orada koordinatlar göstərilmişdir. Eyni zamanda adıçəkilən cizgidə qeyd edilən koordinatlarla cavabdehin təqdim etdiyi xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində göstərilən koordinatlar (i.v. 83) cüzi fərqləri nəzərə almaqla demək olar ki, eynidir. Bundan başqa, işdə olan (iş səh. 33) Xəzər RİH-nin Rayon Təsərrüfat şöbəsi və Pirallahı qəsəbə nümayəndəsi tərəfindən təsdiq edilən torpaq sahəsinin sxemi və xəritədən çıxarışın əsli mövcuddur. Belə olan halda, apelyasiya məhkəməsinin torpağın cizgisində dəqiq istinad və məsafələr qeyd olunmaması barədə dəlili əsaslı sayıla bilməz.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin təkrar apellyasiya baxışı zamanı müəyyən olundu ki, işə baxan məhkəmələr tərəfindən ümumi istifadə üçün nəzərdə tutulan dövlət mülkiyyəti torpağı istisna olmaqla, iddiaçının iddia etdiyi torpaq sahəsinin 580 kv.m. hissəsinin onun hüquqmüəyyənedici sənədlərinə və işdə olan digər sənədlərə uyğun gəlib-gəlməməsi istiqamətində araşdırma aparılmamışdır. Odur ki, məhkəmə kolllegiyası qeyd olunan halları və işə baxan kassasiya instansiya məhkəməsinin hazırki iş üzrə hüquqi mövqeyini nəzərə alaraq 2-1(103)- 3413/2024 saylı 16 oktyabr 2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikintitexniki ekspertizası təyin edərək ekspertizanın aparılmasını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisi cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: “İddiaçı Elas oğlunun faktiki göstərdiyi torpaq sahəsinin ümumi istifadə üçün nəzərdə tutulan dövlət mülkiyyətində olan hissəsi (620 kv.m.) istisna olmaqla, yerdə qalan 580 kv.m. torpaq sahəsinin iş materiallarında olan (iş səh. 32) cizgidəki koordinatları ilə cavabdeh qurumun təqdim etdiyi xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində göstərilən koordinatlar (i.v. 83) üst-üstə düşürmü?” xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 may 2025-ci il tarixli 10/8831 nömrəli ekspert rəyi məhkəməyə daxil olmuş və rəyin nəticə hissəsində qeyd olunmuşdur ki, “Naturada təqdim edilən torpaq sahəsinə baxış zamanı aparılan ölçü işləri nəticəsində əldə edilmiş döngə nöqtələrinin faktiki koordinatları ilə mülki iş materiallarında olan (səh.83) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə mütəxəssisləri tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyində qeyd olunan koordinatlar kameral şəraitdə müqayisələndirilən zaman həmin torpaq sahəsinin döngə nöqtələrinin faktiki koordinatları ilə yuxarıda qeyd olunan mütəxəssis rəyində qeyd olunan koordinatları üst-üstə düşdüyü müəyyən olunmuşdur.” Həmin rəyə əlavə olunmuş cavabdeh qurum tərəfindən tərtib olunmuş mütəxəssis rəyindən görünür ki, torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: X Y 1.443852.528 4478525.910 2.443896.335 4478537.200 3.443900.890 4478509.993 4.443862.207 4478499.572 Beləliklə, işin təkrar apellyasiya baxışı zamanı müəyyən olundu ki, iddiaçıya ayrılan torpaq sahəsinin cizgisi iş materiallarında mövcuddur. Həmin cizgi həm bələdiyyə, həm də Pirallahı Rayon İcra Hakimiyyəti Rayon təsərrüfatı şöbəsi tərəfindən təsdiq edilmiş və orada koordinatlar göstərilmişdir. Eyni zamanda adıçəkilən cizgidə qeyd edilən koordinatlarla cavabdehin təqdim etdiyi xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində göstərilən koordinatlar cüzi fərqləri nəzərə almaqla demək olar ki, eynidir. Həmşinin iş materiallarında Xəzər RİH-nin Rayon Təsərrüfat şöbəsi və Pirallahı qəsəbə nümayəndəsi tərəfindən təsdiq edilən torpaq sahəsinin sxemi və xəritədən çıxarışın əsli də mövcuddur. Bununla da, apellyasiya baxışı zamanı təqdim olunan ekspert rəyindən iddia olunan torpaq sahəsinin 620 kv.m hissəsinin koordinatlarının qəsəbə və məhəllədaxili yol, həmçinin yolkənarı yaşıllıq ərazisi ilə üst-üstə düşdüyü, iddia olunan 580 kv.m. torpaq sahəsinin isə döngə nöqtələrinin faktiki koordinatları ilə yuxarıda qeyd olunan mütəxəssis rəyində qeyd olunan koordinatlarının üst-üstə düşdüyü müəyyən olundu. Odur ki, məhkəmə kollegiyası iş üzrə kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, cavabdeh qurum iddia olunan torpaq sahəsinin 620 kv.m hissəsi qəsəbə və məhəllədaxili yol, həmçinin yolkənarı yaşıllıq ərazisi olduğundan, sonradan daş hasarla əsas sahəyə daxil edildiyi üçün həmin sahəyə müvafiq reyestrdən çıxarışın verilməsindən imtina etməkdə haqlı olsa da, torpağın 580 kv.m. hissəsinə mülkiyyət hüquqlarının qeydiyyatından imtina etməkdə haqlı sayıla bilməz. Nəzərə alınmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. İşdə iddiaçı torpaq sahəsinin 580 kv.m. hissəsinə münasibətdə onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyi üçün bu hal onun iddiasının təmin olunmasını mümkün edir. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan torpaq sahəsinin 580 kv.m. hissəsinə münasibətdə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-413/2023 nömrəli 22 iyun 2023-cü il tarixli qərarı qismən, “Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 2415 nömrəli 30 dekabr 1999-cu il tarixli sərəncamına əsasən iddiaçıya Bakı şəhəri, Əzizbəyov rayonu, Pirallahı qəsəbəsində 57 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m. torpaq sahəsinin 580 kv.m. hissəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsi” barədə iddia tələbinin təmin olunmadığı hissədə ləğv olunmalı, iddia həmin hissədə təmin olunmalı və qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-413/2023 nömrəli 22 iyun 2023-cü il tarixli qərarı qismən, “Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 2415 nömrəli 30 dekabr 1999-cu il tarixli sərəncamına əsasən iddiaçıya Bakı şəhəri, Əzizbəyov rayonu, Pirallahı qəsəbəsində 57 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m. torpaq sahəsinin 580 kv.m. hissəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsi” barədə iddia tələbinin təmin olunmadığı hissədə ləğv olunsun. İddia həmin hissədə təmin olunsun. Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 2415 nömrəli 30 dekabr 1999-cu il tarixli sərəncamına əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Pirallahı qəsəbəsində 57 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m. torpaq sahəsinin 580 kv.m. hissəsinə İddiaçı adına mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərar qalan- iddia tələbinin 620 kv.m. ilə bağlı olan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Kamran Əkbərov Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar