Məhkəmə qərarları › İş №2-1(103)-3150/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3150/2023

27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3150/2023 27.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X2 ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6495/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati mübahisə üzrə işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-999/2022 saylı icra vərəqəsinin icra olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi onun paylı mülkiyyətindədir və xx.xx.2021-ci il tarixdə adına paylı mülkiyyət hüququ tanınmışdır. İstifadəsində olan hissənin ümumi sahəsi 2 otaq olmaqla 56.64 kv.m-dir və həmin hissə onun paylı mülkiyyətindədir. Mübahisəli mənzil olan ünvan 1 ünvanda yerləşən mənzilin digər paylı mülkiyyətçiləri var və qalan hissə isə cavabdeh X3 və digər cavabdehlərin mülkiyyətindədir. Digər paylı mülkiyyətçiləri və cavabdeh X5 ilə onun mənzilinin giriş-çıxış qapıları Bakı şəhərində tikilmiş digər yeni binalar kimi ayrılmışdır və hətta hər birinin ayrıca giriş qapıları vardır və həmin qapılar onların mənzillərini tam ayırmışdır. Digər paylı mülkiyyətçilər onun qonşularıdır və evin qalan hissə isə cavabdeh X3 mülkiyyətindədir, ən əsası isə onların qonşularla heç bir mübahisələri yoxdur. İddiaçı olaraq o, Bakı Şəhər Xətai Rayon Məhkəməsinə cavabdehlər olan mənzilin digər paylı mülkiyyətçiləri və cavabdeh X4 və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Ümumi paylı mülkiyyətdə olan mənzilin naturada ayrılması tələbinə dair” iddia ərizəsi ilə müraciət etmişdir. İddiası Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)- 999/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən təmin edilib və qətnamədə qeyd edilib ki, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 3 ünvanında yerləşən İddiaçı istifadəsində və mülkiyyətində olan sahəsi 56,64 kv.metr olan 2 otaqlı mənzil onun payına uyğun olaraq naturada ayrılsın. Maraqlı şəxs və cavabdehlər həmin qətnamədən apellyasiya şikayəti verməmişlər və qətnamə qanuni qüvvəsini almışdır. Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-999/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin icrası Bakı Şəhər Xətai Rayon İcra Şöbəsinə tapşırılmışdır. Bakı Şəhər Xətai Rayon İcra Şöbəsi xx.xx.2022-ci il tarixdə maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə tələbin könüllü icrası haqqında bildirişi göndərmişdir. Lakin, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2022-ci il tarixdə Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-999/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin icra edilməsindən imtina etmişdir. Mənzil sahibi kimi o, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək xahiş etmişdir ki, iddiası Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-999/2022 saylı qətnaməsi ilə təmin olunduğundan həmin qətnamənin icrası təmin edilsin. Lakin, 2- ci dəfə isə ona Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-999/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin icra edilməsindən imtina etmişdir. İmtina kağızında ona bildirilmişdir ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-999/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə onun fəaliyyət istiqamətləri ilə bağlı hər hansı öhdəlik qoyulmamışdır. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)- 999/2022 saylı qətnaməsində qeyd edilmiş iddiaçının mülkiyyətində və istifadəsində olan 56.64 kv.m olan 2 otaqlı mənzilə dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6495/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, şikayətin təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməsini, qərarın ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə qəbul edilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilərkən onunla əsaslandırılmışdır ki, “.....mübahisəli fərdi yaşayış evinin iddiaçının paylı mülkiyyətində olmasına, məhkəmə qətnaməsinə əsasən onun payı naturada ayrılmasına baxmayaraq, cavabdeh tərəfindən heç bir qanuni əsas gətirilmədən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir......” Məhkəmə kollegiyası aşağıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Kollegiya bildirir ki, Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, inzibati iddia yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə mümkün sayılır. İş materiallarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 3 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi paylı mülkiyyət hüququ üzrə İV mərtəbədən 2 otaq (ü/s56.64 kv.m) olmaqla İddiaçı adına ********** qeydiyyat nömrəsi, xx.xx.2021-ci il qeydiyyat tarixi ilə qeydiyyatdan keçmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-999/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçının digər mülkiyyətçilər olan X4 və qeyrilərinə qarşı iddia tələbi təmin olunaraq Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 3 ünvanında yerləşən İddiaçı istifadəsində və mülkiyyətində olan sahəsi 56.64 kv.m olan 2 otaqlı mənzil onun payına uyğun olaraq naturada ayrılması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra olunması barədə xx.xx.2022-ci il tarixli 2(011)-999/2022 saylı icra vərəqəsi tərtib olunaraq Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə göndərilmişdir. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-999/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixində qanuni qüvvəsini almış və xx.xx.2022-ci il tarixində icra edilməsi üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Türkay Yusiflinin xx.xx.2022-ci İl tarixli qərarı ilə icra sənədi üzrə icraata başlamaq barədə qərar qəbul edilmişdir. Hazırda icra sənədi üzrə icraata xitam verilməmişdir. Həmçinin bildirilmişdir ki, İddiaçı sonradan sözügedən qətnaməyə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmənin 8(011)-8/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 3 ünvanında yerləşən İddiaçı istifadəsində və mülkiyyətində olan sahəsi 56,64 kv.metr olan 2 otaqlı mənzilin onun payına uyğun olaraq naturada ayrılması ifadəsi İddiaçı ünvan 2 ünvanda yerləşən evin İV mərtəbəsində 56,65 kv.metr sahəsi olan 2 otaqlı mənzilə dair AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən tam pay olmaqla xüsusi mülkiyyət hüququnun qeydiyyata alınmasını əhatə etdiyinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-999/2022 saylı qətnaməsinə izah verilmişdir. Göründüyü kimi, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə İddiaçı istifadəsində və mülkiyyətində olan sahəsi 56.64 kv.m olan 2 otaqlı mənzil onun payına uyğun olaraq naturada ayrılması qət edilmiş, qərar qanuni qüvvəsini almış, daha sonra həmin məhkəmənin 8(011)-8/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı istifadəsində və mülkiyyətində olan sahəsi 56,64 kv.metr olan 2 otaqlı mənzilin onun payına uyğun olaraq naturada ayrılması ifadəsinin İddiaçı ünvan 2 ünvanda yerləşən evin İV mərtəbəsində 56,65 kv.metr sahəsi olan 2 otaqlı mənzilə dair AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən tam pay olmaqla xüsusi mülkiyyət hüququnun qeydiyyata alınmasını əhatə etdiyinə dair qətnaməyə izah verilmişdir. Qeyd edilənlərə əsasən Kollegiya bildirir ki, iddiaçının hazırkı iddia tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi ilə təmin edildiyindən, hazırkı mübahisə iddia icraatı qaydasında deyil, icra qaydasında həll olunmalıdır. İş materiallarından müəyyən edilir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-999/2022 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün icra vərəqəsi tərtib olunaraq Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə göndərilmişdir. Bu səbəbdən də həmin qətnamənin icra olunmasına nəzarət etmək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin səlahiyyətindədir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Sadalananları nəzərə alan kollegiya hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. AR İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6495/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair çıxarışın və texniki pasportun verilməsi”nə dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar