Məhkəmə qərarları › İş №2-1(103)-3151/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3151/2022

15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3151/2022 15.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1593/2022 saylı, 28 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 24 iyun 2021-ci il tarixli **********2 nömrəli məktubunda ifadə edilmiş mövqeyinin onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddisində təsbit edilmiş "sosial təminat hüququ"nun pozulmasına səbəb olması; cavabdehin üzərinə ona təyin edilmiş əmək pensiyasının məbləğinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ-cü hissəsinə, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 20.8-ci maddəsinə uyğun olaraq, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanunun 20.8, 20.9, 20.4-cü maddələrində nəzərdə tutulmuş pul təminatlarının məbləğlərini tam nəzərə almaqla yenidən hesablanması barədə inzibati akt qəbul edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin 24 iyun 2021-ci il tarixli **********2 nömrəli məktubunda göstərilir ki, iddiaçının əmək haqqı pensiyasının yenidən hesablanması barədə xx.xx.2021-ci il tarixli müraciətinə baxılmış və rədd cavabı verilmişdir: "ərizənizdə qeyd etdiyiniz pul təminatının əmək pensiyanız hesablanarkən nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil". Bununla sosial təminat orqanı iddiaçının müraciətində tələb edilən inzibati aktın qəbul edilməsindən imtina barədə mövqeyini bildirmişdir. Cavab məktubunun təsviri hissəsində prokurorluğun təqdim etdiyi arayışa əsasən aparılmış hesablamalar əksini tapmışdır. Cavab məktubunda iddiaçının xx.xx.2021-ci il tarixli müraciətindəki tələblərin yalnız birinə cavab verilmiş, qalanlar isə diqqətdən kənarda qalmışdır. Düşünür ki, bu, Mərkəzi Filialın (eləcə də bütövlükdə onun tabe olduğu Nazirliyin) fəaliyyətinin avtomatlaşdırılmasının mənfi fəsadlarından biridir. Ona görə də, nə Mərkəzi Filiala, nə də onun rəhbərliyinə təkrar müraciət etmək niyyətindən çəkindi və dəlillərin dəyərləndirilməsinin yeganə səmərəli müstəvisi kimi məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının “2020-ci ilin avqust və noyabr aylarında ödənilmiş məzuniyyət pulu (15 843,60 manat (2844,00+12999,60 manat) nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması və yaranacaq fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi “2020-ci ilin avqust və noyabr aylarında ödənilmiş 2844,00 manat məzuniyyət pulu nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması” hissəsində mümkün sayılmamışdır. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1593/2022 saylı, 28 iyun 2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı 2020-ci ilin avqust və noyabr aylarında ödənilmiş məzuniyyət pulu (12999,60 manat) nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması və ödənilməsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim: E.Əliyev) Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddia tələbindən göründüyü kimi iddiaçı 2020-ci ilin avqust və noyabr aylarında ödənilmiş məzuniyyət pulu (15843,60 manat (2844.00+12999,60 manat) nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması və yaranacaq fərqin birdəfəlik ödənilməsini tələb edir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi “2020-ci ilin avqust və noyabr aylarında ödənilmiş 2844,00 manat məzuniyyət pulu nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması” hissəsində mümkün sayılmamışdır. Məhkəmə qərardadından da göründüyü kimi 2844,00 manat məzuniyyət pulu İddiaçı əmək pensiyasının hesablanması zamanı nəzərə alınmışdır. Lakin 12999,60 manat “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya” olduğundan əmək pensiyası hesablanması zamanı nəzərə alınmayıb. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nın sonuncu abzasına əsasən “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya” orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödəncdir. Göründüyü kimi iddiaçının ərizəsində qeyd etdiyi pul təminatının (12999,60 manat) əmək pensiyası hesablanarkən nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Həmçinin sözügedən qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 9-cu bəndində qeyd olunmuşdur ki, Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır. Bununla bağlı qeyd edək ki, əmək pensiyalarının məbləği yalnız sığorta hissəsindən ibarət olmaqla Qanunun müvafiq olaraq 10-cu (yaşa görə), 13-cü (əlilliyə görə) və 18-ci (ailə başçısını itirməyə görə) maddələrinə uyğun olaraq hesablanmaqla sığortaolunanın fərdi hesabının sığorta hissəsində toplanan, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarından formalaşan pensiya kapitalının məbləğindən asılı olaraq müəyyən edilir. Buna görə də məcburi dövlət sosial sığorta haqlarına cəlb edilən bütün növ gəlirlər, o cümlədən istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya əmək pensiyalarının hesablanmasında hər bir halda nəzərə alınır. Qanunvericiliyin bu tələbi nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən aparılan bütün növ əmək pensiyaları təyinatı zamanı tətbiq olunur. Qanunun 20-ci maddəsindən göründüyü kimi, həmin maddədə nəzərdə tutulan şəxslərə pensiyaçı kimi ödənilən aylıq vəsait iki hissədən ibarət olur: əmək pensiyası (və ya onun sığorta hissəsi) və əmək pensiyasına qulluq stajına görə əlavə. Qanunun 10.2-ci, 13.3-cü və 18.2-ci maddələrində müəyyən edilən hesablama üsullarından da göründüyü kimi bütün növ əmək pensiyalarının sığorta hissəsinin müəyyən edilməsi zamanı əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiyaya münasibətdə ödənilmiş məcburi dövlət sosial sığorta haqları hər bir pensiyaçının (o cümlədən qulluq stajına görə əlavə alan şəxslərin) əmək pensiyasının sığorta hissəsinin müəyyən edilməsi zamanı nəzərə alınır. İstifadə olunmamış məzuniyyətə görə kompensasiya orta aylıq əməkhaqqının, dövlət məvacibinin və vəzifə maaşının tərkibində nəzərə alınmır. Lakin Bakı İnzibati Məhkəməsi qeyd olunanları nəzərə almadan əsassız və qanunsuz qərar qəbul etmişdir. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı üçüncü şəxsin nümayəndəsi X2 qərarının qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığı bildirdi. İşə apelyasiya qaydasında baxılarkən İddiaçı apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və iddiaçının 17 may 2021-ci il tarixindən prokurorluq orqanlarından azad olunması ilə əlaqədar Mərkəzi Filial tərəfindən prokurorluq orqanlarının sabiq əməkdaşı kim əmək pensiyası yenidən hesablanmışdır. İddiaçı hazırkı iddia tələbi ilə cavabdeh orqana müraciət edərək, 2020-ci ilin avqust və noyabr aylarında ödənilmiş məzuniyyət pulu (15 843,60 manat (2844,00+12999,60 manat) nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması və yaranacaq fərqin birdəfəlik ödənilməsini xahiş etmiş, lakin cavabdeh inzibati orqan onun müraciətini təmin etməkdən imtina etmişdir. İmtinanın əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 126 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nın 3.1-ci abzasına əsasən “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya” orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödənc olduğu göstərilmişdir. İşdən görünür ki, iddiaçı cavabdehin 24 iyun 2021-ci il tarixli **********2 nömrəli məktubunda ifadə edilmiş mövqeyinin onun Azərbaycan Respublikası Konstitusiyasının 38ci maddisində təsbit edilmiş "sosial təminat hüququ"nun pozulmasına səbəb olması; cavabdehin üzərinə ona təyin edilmiş əmək pensiyasının məbləğinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ-cü hissəsinə, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 20.8-ci maddəsinə uyğun olaraq, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanunun 20.8, 20.9, 20.4-cü maddələrində nəzərdə tutulmuş pul təminatlarının məbləğlərini tam nəzərə almaqla yenidən hesablanması barədə inzibati akt qəbul edilməsi öhdəliyinin qoyulmasını məhkəmədən xahiş etmişdir. Həmçinin işdən görünür ki, birinci instansiya məhkəməsi qərardadla iddia tələbini “2020-ci ilin avqust və noyabr aylarında ödənilmiş 2844,00 manat məzuniyyət pulu nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması” hissəsində mümkün sayılmamış və qeyd olunan qərardaddan iddiaçı apellyasiya şikayəti verməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin 2020-ci ilin avqust və noyabr aylarında ödənilmiş məzuniyyət pulu (12999,60 manat) nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması və ödənilməsi hissəsində isə iddianı təmin etmiş və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. Məhkəmə iş üzrə müəyyən etdiyi faktiki hallara mövcud qanunvericiliyin normalarının tələbləri baxımından qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddiaçının tələb etdiyi pul təminatı (istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya) mövcud qanunvericiliyin tələblərinə əsasən orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödənc kimi nəzərdə tutulsa da, həmin ödəncdən məcburi sosial sığorta haqqı tutulması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, 2844,00 manat məzuniyyət pulu İddiaçı əmək pensiyasının hesablanması zamanı nəzərə alınıb, lakin 12999,60 manat “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya” olduğundan əmək pensiyası hesablanması zamanı nəzərə alınmayıb. İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2022-ci il tarixli məktub və ona əlavə edilmiş haqq hesab vərəqəsindən görünür ki, İddiaçı ödənilmiş 12999,6 manat məzuniyyət pulundan məcburi dövlət sosial sığorta haqqı 3,5% olaraq 454,99 manat tutulmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir: “Sorğuda qaldırılan digər məsələ qulluq stajına görə əmək pensiyasına əlavələr edilən şəxslərin müdafiəsi ilə əlaqədar qanunvericilikdəki dəyişikliklərlə bağlı onların pensiyalarının xidmət etdikləri dövrdə qanunvericilikdə nəzərdə tutulmayan və həmin şəxslərə ödənilməyən, məcburi sığorta ayırmalarına cəlb edilməmiş əlavələr də nəzərə alınmaqla yenidən hesablanması ilə bağlıdır.” Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması.” “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər; Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər (qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən, habelə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2016-cı il mayın 1-dən 5 il müddətində) əcnəbilər istisna olmaqla); seçkili ödənişli vəzifələrdə işləyənlər, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri vergi orqanlarının işçiləri; vəkillər kollegiyasının üzvləri; mediatorlar; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər-məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan aşağıdakı gəlir növləri istisna olunmaqla əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə hesablanır: iş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş (səyyar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavələr; faktiki ezamiyyə xərclərinin, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin və ya digər işgüzar xərclərin (görüşlərin keçirilməsi ilə bağlı qonaqların görüş yerinə gətirilməsi və görüş yerindən aparılması xərcləri, ictimai-iaşə obyektlərində qonaqlar üçün ziyafətlərin təşkili, habelə bu tədbirlərin keçirilməsi üçün hazır yeməklərin alınması üzrə çəkilmiş xərclər və görüşlərə cəlb edilmiş tərcüməçilərin xidmət haqları) əvəzinin ödənilməsi; müəssisənin ləğvi, işçilərin sayının azaldılması, ştatların ixtisar edilməsi və ya işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər; əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicəprofilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri və işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə verilən xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin dəyəri; istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tələbələrə, doktorantlara və magistrlərə müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğləri; təbii fəlakət və digər fövqəladə hallarla əlaqədar müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında, habelə xarici dövlətlər və digər təşkilatlar tərəfindən göstərilən birdəfəlik yardımlar; aliment ödənişləri, donorluq zamanı verilən qan və qan komponentləri üçün haqq; məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri; Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına verilən dövlət təqaüdləri və dövlət müavinətləri; sığorta hadisəsi baş verdikdə, sığortalının əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin yerini doldurmaq üçün pul və ya natura şəklində ödənilmiş vəsait-sığorta ödənişi, həmçinin sığortaedən tərəfindən ödənilən bütün növ icbari sığorta və könüllü tibbi sığorta haqları, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə sığortaedənin sığortaolunanın gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödənilən sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər; muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlər (faiz gəliri, dividend, əmlakın icarəyə verilməsindən gəlir, royalti (müəlliflik qonorarı istisna olmaqla), sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir, hədiyyə, maddi yardım (sığortaedənin öz işçisinə ödədiyi maddi yardım istisna olmaqla) və mirasların məbləği, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlar); yarışlarda və müsabiqələrdə əşya və pul şəklində alınan mükafatların dəyəri; dövlət qulluqçusuna pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar verilən birdəfəlik haqq; sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət; dövlət orqanları tərəfindən köçürmə yolu ilə başqa yerlərə işləməyə göndərilən işçilərə köçürülmə və kirayə xərclərinin əvəzi üçün ödənilən kompensasiya; rotasiya qaydasında xarici ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin və mühafizəsi zəruri hesab edilən Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçuların xarici ölkədə aldığı əmək haqqı; fəaliyyətləri müvafiq icra hakimiyyəti orqanı vasitəsilə əlaqələndirilən beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatlarının (sığortaedənlərin) donor ölkə, təşkilat, özəl şirkətlər tərəfindən maliyyələşdirilən humanitar proqramlar çərçivəsində ayrılan vəsait hesabına əcnəbilər üzrə formalaşan əmək haqqı fondu (Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli, 298 nömrəli sərəncamı ilə təsdiq olunmuş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın icrası müddətində); əmək xəsarəti və ya sağlamlığın başqa cür pozulması nəticəsində işçilərə dəymiş zərərin əvəzində verilən ödəmələr; ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri və fondları tərəfindən verilən maddi yardımlar; əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərə, kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərə ödənilən bütün növ əməkhaqqı, mükafat və digər maddi təminatlar; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ödənilən maddi yardım (dəstək); sığortaedənin işçilərin sosial xarakterli xərclərinin çəkilməsinin nəticəsi kimi əldə edilən gəlirləri, o cümlədən üçüncü tərəfə ödədiyi vəsait. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqanın istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 126 nömrəli qərarı “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq norması ilə ziddiyyət təşkil etdiyi halda, cavabdeh inzibati orqan tərəfindən məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 126 nömrəli qərarı rəhbər tutularaq iddiaçıya imtina verilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə uyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin V hissəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 2.6-cı maddəsinə əsasən Fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Beləliklə, məhkəmənin qənaətinə görə, iddiaçı prokurorluq işçisi kimi pensiyaya çıxdığından və iddiaçıya 2020-ci ilin avqust və noyabr aylarında ödənilmiş məzuniyyət pulundan məcburi dövlət sosial sığorta haqqı ödənilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmçinin “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya sosial sığorta haqqı hesablanmayan gəlir növü kimi nəzərdə tutulmadığından, hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Həmçinin, iddia tələbində pensiya fərqinin birdəfəlik ödənilməsini tələb ilə bağlı birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya pensiya təyin edilərkən qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda birdəfəlik olaraq ödəniş nəzərdə tutulmadığından, pensiya fərqinin birdəfəlik ödənilməsi hissəsində, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi qiymətləndirmə ilə razılaşır və qeyd edir ki, mahiyyət etibarı ilə iddiaçının hazırki tələbində göstərilən hüquqi marağı və həqiqi məqsədi prokurorluq orqanlarında işlədiyi müddət aldığı məzuniyyət pulu (12999,60 manat) nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanmasına nail olmaqdır. Məhkəmə araşdırması ilə iddiaçıya 2020-ci ilin avqust və noyabr aylarında ödənilmiş məzuniyyət pulundan məcburi dövlət sosial sığorta haqqı ödənilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə razılaşır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1593/2022 saylı, 28 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar