Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3151/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlundan və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Nəsib qızının katibliyi, Üçüncü şəxs X3 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6195/2024 saylı, 16 aprel 2024-cü il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Səbail Rayon Polis İdarəsi xx.xx.2023-cü il tarixli, 47/2-N-34642 nömrəli imtina məktubu ilə İddiaçı ünvan 1 ünvanına qeydiyyata alınması ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşadığı ünvana, mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi, order, kirayə və ya icarə müqaviləsi, eləcə də qanunvericilkdə nəzərdə tutulan digər sənədləri təqdim etməklə qeydiyyatın həyata keçirilməsinin mümkün olması, qeyd olunan sənədləri təqdim edə bilmədiyi halda məhkəmə orqanlarına müraciət etmək hüququ izah edilmişdir.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-4712/2014 nömrəli məktubuna əsasən, xx.xx.1976cı il təvəllüdlü İddiaçı xx.xx.2015-ci il tarixdən Tovuz rayonunun Çatax kəndindı yaşayış yeri üzrə qeydiyyatdadır. Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 2-ci dalan, ev 14A ünvanında qeydiyyatda olan şəxslər barədə məlumat aşkar edilməmişdir.
3. Tovuz rayon İcra Hakimiyyəti başçısının Çatax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 105 nömrəli, xx.xx.2024-cü il tarixli arayışına əsasən, Tovuz rayonu, Çatax kəndində qeydiyyatda olan Hüseynova X1 İcra nümayəndəliyində qeydiyyatda olmasına baxmayaraq uzun müddətdir nümayəndəlik ərazisində yaşamır.
4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Bakı şəhəri, Səbail rayonu, 2-ci dalan ünvanında yerləşən 14A saylı fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.
5. Bakı şəhiri Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 149 saylı Mənzil- Kommunal İstismar Sahəsinin 29 nömrəli, xx.xx.2024-cü il tarixli məktubuna əsasən, İddiaçı Səbail rayonu, Salyan yolu dalan 2, özü tikmə 14A ünvanında deyil, Səbail rayonu, Salyan yolu, özü tikmə 14 ünvanında hal-hazırda qeydiyyatsız yaşayır.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2355/2012 sayı, xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən, X2 İddiaçı qarşı iddia tələbi təmin olunaraq Bakı şəhəri, Səbail rayonu, (Bibi-Heybət) ünvan 11 fərdi evinin sahəsi 12,42 kv.m olan iki otağı və həmin otaqların qarşısında sahəsi 8.9 kv.m olan iki ədəd mətbəx və sahəsi 16.0 kv.m olan zal X3, sahəsi 16.0 kv.m olan üç otağı, sahəsi 9.5 kv.m olan mətbəx, sahəsi 12.0 kv.m olan dəhliz, sahəsi 2.25 kv.m olan dəhliz və sahəsi 28.71 kv.m olan açıq eyvan İddiaçı istifadəsinə verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli, 47/2-N- 34642 saylı imtinasının əsassız hesab edilərək onun Bakı şəhəri, Səbail rayonu, ünvan 7 ünvanda pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1998-ci il tarixdə X7 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, birgə nikahlarından üç övladları vardır. Həmin tarixdən yuxarıda göstərilən ünvanda yaşayır. Daimi yaşayış yeri olmuşdur. Tofiq Əliyevlə münasibəti pisləşmişdir. Artıq birlikdə yaşamaları dözülməz hala gəlib çıxmışdır. Buna görə də, X7 iddiaçıya qarşı mənzildə istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 23 noyabr 2012-ci il tarixli 2(009)-2355/2012 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş Bakı şəhəri, Səbail rayonu, (Bibi-Heybət) ünvan 11 fərdi evinin sahəsi 12,42 kv.m olan iki otağı və həmin otaqların qarşısında sahəsi 8.9 kv.m olan iki ədəd mətbəx və sahəsi 16.0 kv.m olan zal X3, sahəsi 16.0 kv.m olan üç otağı, sahəsi 9.5 kv.m olan mətbəx, sahəsi 12.0 kv.m olan dəhliz, sahəsi 2.25 kv.m olan dəhiz və sahəsi 28.71 kv.m olan açıq eyvan İddiaçı, yəni onun istifadəsinə verilmişdir. Hazırda məhkəmə qətnaməsi ilə onun istifadə hüquqları müəyyən edilmişdir. Həmin yaşayış sahəsi onun daimi yaşayış yeridir. O, hesab edir ki, daimi yaşayış yerində də qeydiyyata alınmalıdır. Ümumiyyətlə, daimi yaşaması MKİS tərəfindən verilmiş arayışla da təsdiq olunur. Cavabdehin imtinası əsassızdır. Çünki cavabdeh orqana məhkəmə qətnaməsi təqdim olunmuş və onun həmin qətnamədə daimi və daha çox yaşayış yeri olduğu ünvan təsdiq edilmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi xahiş olunur.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6195/2024 saylı, 19 mart 2024-cü il tarixli qərardadı ilə X7 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6195/2024 saylı, 16 aprel 2024-cü il tarixli qərarına əsasən iddia təmin edilməmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6195/2024 saylı, 16 aprel 2024-cü il tarixli qərarından İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6195/2024 saylı, 16 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6195/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı əsassız olduğundan həmin qərar ləğv olunmalı və iddia tələbi təmin olunmalıdır. Belə ki, o, 1998-ci il tarixdə X7 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, birgə nikahdan üç övladları vardır. Həmin tarixdən yuxarıda göstərilən ünvanda yaşayır, daimi yaşayış yeri olmuşdur. Tofiq Əliyevlə münasibəti pisləşmiş, buna görədə X7 ona qarşı mənzildə istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 23 noyabr 2012-ci il tarixli, 2(009)-2355/2012 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, (Bibi-Heybət) ünvan 11 fərdi evinin sahəsi 12.42 km olan iki otağı və həmin otaqların qarşısında sahəsi 8.9 kv.m olan iki ədəd mətbəx sahəsi 16.0 kv.m olan zal X3, sahəsi 16.0 kv.m olan üç otağı, sahəsi 9.5 kv.m olan mətbəx, sahəsi 12.0 kv.m olan dəhliz, sahəsi 2.25 kv.m olan dəhiz və sahəsi 28.71 kv.m olan açıq eyvan onun istifadəsinə verilmişdir. Hazırda məhkəmə qətnaməsi ilə istifadə hüquqları müəyyən edilmişdir. Həmin yaşayış sahəsi onun daimi yaşayış yeridir. Hesab edir ki, daimi yaşayış yerinə də qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində özü, mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşavış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları yaşayış yeri və olduqları ver üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyətli mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Rcspııhlikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Yaşayış yeri və olduğu ver üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə, şəxsin vaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə uyğun olaraq, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dayişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsaslardan biri yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd, digəri isə vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsidir. Onun yaşayış yerinin olması və həmin yaşayış sahəsinə köçürülməsi işdə olan qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsdiq olunur. Eyni zamanda həmin qətnamə ilə daimi yaşayış yeri olması da müəyyən edilir. Qeyd edilən normaya əsasən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd dedikdə, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd başa düşülür. Hesab edir ki, məhkəmə qətnaməsi məhz elə Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd kimi başa düşülməlidir və həmin qətnamə ilə onun daimi yaşayış yeri müəyyən edilmişdir ki, o da həmin vaxtdan orada daimi yaşayır. Hətta qətnamədən əvvəl də orada yaşamışdır. Çünki qanunun tələbindən də göründüyü kimi yaşayış yerinə köçmək üçün əsas olan sənədlərin siyahısı çıxarış, order, icarə və ya kirayə müqaviləsi ilə məhdudlaşmır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası vəs.) üçün zəruri şərait yaratmaqdır, lakin qeyd olunmalıdır ki, bu Qanunun göstərilən məqsədi şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmasını onların özünə başqa yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdıran əsas kimi nəzərdə tutmur. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yasaviş yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Qeyd etməyi zəruri hesab edir ki, cavabdehin imtinası əsassızdır. Çünki cavabdeh orqana məhkəmə qətnaməsi təqdim olunmuş və onun həmin qətnamədə daimi və daha çox yaşayış yeri olduğu ünvan təsdiq edilmişdir. Hazırda da həmin ünvanda yaşayır. Bu əsasla daimi yaşayış yeri üzrə qeydiyyata alınmalıdır. Çünki artıq bundan başqa yaşayış yeri yoxdur, həmin fərdi evin müəyyən otaqları onun istifadəsinə verilmişdir. Odur ki, həmin ünvana qeydiyyata alınmalıdır. Bakı İnzibati Məhkəməsi qərar qəbul edərkən Səbail Rayon Məhkəməsinin qətnaməsinə istinad etməməklə qanunun tələbini pozmuşdur. Artıq həmin qətnamə ilə şəxsin yaşayış yeri müəyyən edilmiş və orada yaşması öz tədiqini tapmışdır. Eyni zamanda qeyd edir ki, X3 iş üzrə 3-cü şəxs qismində cəlb edilməsi əsassızdır. Çünki onun həmin ünvana qeydiyyata düşməsi 3-cü şəxsin hər hansı bir marağına toxunmur və hər hansı bir hüququnu pozmur. Çünki hər ikisinin otaqları ayrıdır, giriş çıxışlar fərqlidir, 3-cü şəxsə heç bir maneəçiliyi yoxdur. Səbail Rayon Məhkəməsinin qətnaməsindən də göründüyü kimi hər ikisinin istifadəsinə başqa-başqa otaqlar verilmişdir. Məhkəmə iclasın təxirə salınması ilə bağlı müraciət etmələrinə baxmayaraq məhkəmə tərəfindən iclas təxirə salınmamış və tələsik qərar çıxarmışdır. Halbuki, məhkəmə ərizələrini nəzərə almalı idi. Apellyasiya şikayətinə etirazın dəlilləri
13. Üçüncü şəxs X7 apellyasiya şikayətinə qarşı yazılı etirazlarını onunla əsaslandırılmışdır ki, İddiaçı Mənsur qızı Bakı Apellyasiya Məhkəməsinə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6195/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Bununla əlaqədar bildirir ki, o, 1-ci Qarabağ müharibəsi veteranıdır. 1994-cü ildə Bakı şəhəri Səbail rayonu Salyan yolu özütikili ev 14 ünvanda yerləşən ərazidə öz şəxsi vəsaiti ilə ev tikdirmişdir. İddiaçı Mənsur qızı ilə 1998-ci ildə qeyri-rəsmi olaraq yaşamışlar və rəsmi nikahları olmamışdır. İddiaçı ilə ailə quran zaman qeyd olunan ünvanda yerləşən həmin ev artıq istifadəsində olmuşdur. Lakin, həmin ev faktiki olaraq ona məxsus olsa da, həmin ev dövlət orqanında qeydiyyata alınmamış və evin hazırda heç bir dövlət sənədi yoxdur və gələcəkdə evə dair müvafiq sənədlər toplandıqdan sonra dövlət orqanına təqdim olunacaq və müvafiq sənədlər tərəfindən alınacaqdır. Onun Bakı şəhəri Səbail rayonu ünvan 9 ünvanda yerləşən öz şəxsi vəsaiti ilə tikdirdiyi evə İddiaçı Mənsur qızının heç bir aidiyyatı yoxdur, evə dair bütün kommunal xərclər 149 saylı MTS-nə onun tərəfindən ödənilmişdir, İddiaçı həmin ünvana qeydiyyata düşməsinə Bakı İnzibati Məhkəməsində bununla bağlı iddiaya baxılarkən etiraz etmişdir və bu gün də qəti etiraz edir. Onu da bildirir ki, İddiaçı Mənsur qızı Bakı İnzibati Məhkəməsində qaldırdığı iddia üzrə məhkəmə prosesslərinə dəvət olunsa da qəsdən gəlməmiş və özü iştirak etməmişdir. Hesab edir ki, hazırkı apellyasiya şikayətini iddiaçı işin əsassız olaraq uzadılması məqsədi ilə vermişdir. Apellyasiya şikayətində İddiaçı Mansır qızı guya 1998-ci il tarixdən onunla rəsmi nikah qeydiyyatından keçmişdir. Lakin onun İddiaçı Mansır qızı ilə heç vaxt rəsmi nikahı olmamamış, hal-hazırdada yoxdur. İddiaçı həm Bakı İnzibati Məhkəmənin hakimini, həm də Apellyasiya Məhkəməsinin hakimini bilərəkdən aldadaraq məhkəmələrə hörmətsizlik edərək yalan məlumatlar verir. O, iş üzrə 3-cü şəxs qismində cəlb edilərkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Ona görə ki, həmin ev ona məxsusdur, o, bu evi hələ İddiaçı Mansır qızını tanımamışdan xeyli qabaq tikmiş və nikahı olmayaraq ona və uşaqlarına təkcə yaşayış hüququ (icazə) vermişdir. Özüdə uzun illər Daxili İşlər Nazirliyinin əməkdaşı olmuş və müharibə veteranıdır. Bunlara baxmayaraq o, hələ bu günə qədər heç özü həmin evə qeydiyyata düşə bilmir. İddiaçı şikayətində evin ona məxsus olması barədə yalan məlumat verir. İddiaçının onun evinə qeydiyyata düşməsi onun hüquqlarını ciddi pozur və iddiaçının ora qeydiyyata düşməsi ona məxsus olan evini zəbt edilməsinə bərabərdir. Azərbaycan Respublikası Konistitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət huququ, o cümlədən xüsusi mülkiyyət huququ qanunla qorunur. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci madddəsinə əsasən, hər bir fiziki və huquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə huququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət huququ sübvekti ona məxsus əmlaka (əşyaya) öz istəyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan huquqdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsi 29-cu maddəsində “Yaşayış sahəsi mülkiyyətçisinin hüquq və vəzifələri” barədə müddəlar təsbit olunmuşdur. Həmin Maddədə qeyd olunur ki, “29.7. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında “Əsasnamənin 2-ci bəndində qeyd olunur ki, “Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşlara və 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarına (bundan sonra - “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs”) ilk dəfə müvafiq şəxsiyyət vəsiqəsi verilərkən onlar yaşayış yeri üzrə qeydiyyata alınırlar. Bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşı vətəndaşdan və vətəndaşlığı olmayan şəxsdən “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamədə və “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında” Əsasnamənin 10-cu bəndində göstərilən sənədlərdən əlavə, yaşayış sahəsinə köçmək üçün əsas verən aşağıdakı sənədlərdən birini tələb etməlidir: a) mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış; icarəyə verənin və ya kirayəyə verənin müvafiq olaraq icarəçi və ya kirayəçi ilə bağladığı icarə və ya kirayə müqaviləsi; v) yaşayış sahəsinə köçmək üçün əsas verən order və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd; q) vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.” təqdim olunmaqla qeydiyyata alınmalıdır. ‘‘Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, göstərilən sənədlərin heç biri İddiaçı Mənsur qızında yoxdur və o, qanunsuz yolla onun faktiki mülkiyyətində olan evə qeydiyyata düşmək istəyir. İPM-nin 29-cu maddəsində “ İnzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslərin prosessual hüquqları” barədə göstərilmişdir. Həmin maddədə qeyd olunur ki, “29.7. üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. 29.2. Yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər. Ona görə də İddiaçı Mənsur qızının apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6195/2024 saylı qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş olunur. Tərəflərin izahatları
14. Məhkəmə iclasında üçüncü şəxs X7 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
15. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, İddiaçı məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmiş, cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəməyə məktub göndərərək işə nümayəndəsiinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə İddiaçı və cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
17. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
19. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
20. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
21. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunu
22. Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.
23. Maddə 5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2.) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.
24. Maddə 8. Müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə (bu Qanunun 5-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla);[23] 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu
25. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
26. Maddə 11.2. İnzibati orqanlar, yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
27. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
28. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
29. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);
30. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
31. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
32. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
33. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
34. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
36. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
37. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
38. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
39. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati Kollegiyasına (bundan sonra - Ali Məhkəməyə) şikayət verilə bilər.
40. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
41. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri
42. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
43. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya Məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası üçüncü şəxs X3 izahatını, apelyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları işə düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması tələb olunmur. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
47. Araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçı yaşadığı evə qeydiyyata alınmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş zəruri sənədləri təqdim etmədiyindən cavabdeh inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etmişdir.
48. Məhkəmə kollegiyası qeyd edir ki, özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarının tələbinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
49. İddiaçı apellyasiya şikayətində yaşadığı ünvana məhkəmə aktına əsasən istifadə hüququnun tanınmasını qeyd etsə də, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2355/2012 sayı, xx.xx.2012-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, X6 ilə İddiaçı Bakı şəhəri, Səbail rayonu, (Bibi-Heybət) ünvan 11 ünvanda inşa edilmiş özbaşına tikilidən istifadə qaydaları müəyyən edilmişdir.
50. Tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin imtinası əsaslı olduğundan, iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı apellyasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
51. Şərh olunanlara əsasən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6195/2024 saylı, 16 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.