Məhkəmə qərarları › İş №2-1(103)-3152/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3152/2024

29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3152/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X8, X12, X10 və X11) “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7244/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “X8, X12, X10, X3 onun qanuni xüsusi mülkiyyətində olan ünvan 3 saylı yaşayış evinin 47,7 kv.m olan hissəsindən qeydiyyatdan çıxarılması vəzifəsinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, ünvan 3 saylı yaşayış evinin qanuni mülkiyyətçisidir. Bununla əlaqədar ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı. ******* nömrəli mülkiyyət hüquqlarını təsdiq edən çıxarış verilmişdir. Həmin yaşayış sahəsində ailəsi ilə birlikdə yaşayır. Hazırkı üçünçü şəxslər isə onun xüsusi mülkiyyəti olan yaşayış evində yaşamırlar. Onun evində sadəcə formal olaraq qeydiyyatda qalmışlar. Üçüncü şəxslər məhkəməyə müraciət edərək evə köçürülmə tələbini irəli sürmüşlər. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin yekun qanuni qüvvəyə minmiş 26 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə. iddia tələbləri təmin edilməyərək rədd edilmişdir. Üçüncü şəxslərin istifadə hüquqları mövcud olmadığından qeydiyyatdan çıxarılmaları ilə bağlı məhkəməyə müraciət edir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X8, X12, X10 və X11 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7244/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışlara əsasən X8, X12, X10 və X11 ünvan 1 ünvanında qeydiyyatdadırlar. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6278/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1331/2021 saylı 02 iyun 2021-cı il tarixli qətnaməsi qismən, yəni X11, X8, X10, X5 qeydiyyatda olduqları Bakı şəhəri Nəsimi rayonu Əbilov küçəsi 111 saylı, ümumi sahəsi 47.7 kv.m olan evin bir otağına köçürülmələri hissəsində ləğv edilmiş və iddia həmin hissədə də təmin edilməmişdir. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri Nəsimi rayonu M.M.Əbilov küçəsində yerləşən 111 saylı evdə 3 otaq (47,7 kv.m) İddiaçı (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2009-cu il), 1 otaq (14,0 kv.m) X2 (qeydiyyat tarixi xx.xx.2009-cu il), 1 otaq (18,2 kv.m) X6 (qeydiyyat tarixi xx.xx.2009-cu il), 1 otaq (8,7 kv.m) X4 (qeydiyyat tarixi xx.xx.2009-cu il) və 1 otaq (18,2 kv.m) X1 (qeydiyyat tarixi xx.xx.2009-cu il) mülkiyyətindədir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11829/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X9, X12, X10 və X11) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası mümkün sayılmamışdır. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-4129/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11829/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsindən: 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Hazırkı işin hallarından görünür ki, sözügedən ev ümumi paylı mülkiyyətdədədir. İddiaçı həmin mülkiyyətçilərdən biri olmaqla üçüncü şəxslərin həmin ünvanın özünə məxsus hissəsindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının evin öz mülkiyyətində olan hissəsinə dair hazırki iddianı irəli sürməyə hüquqi marağı mövcuddur. Lakin işin materialları ilə müəyyən edilir ki, üçüncü şəxslər Nəsimi rayonu, Əbilov küçəsi ev 111 ünvanında (yalnız iddiaçının mülkiyyətində olan hissədə deyil, ümumi mülkiyyətdə olan ev ünvanında) qeydiyyatdadırlar. Belə olan halda, iddia lazımi qaydada qaldırılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia evin digər mülkiyyətçiləri ilə birgə iddiaçılar qismində göstərilməklə, üçüncü şəxslərin ünvan 3 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə qaldırıla bilər. Bu barədə iddiaçıya məhkəmə tərəfindən hüquqi yardım məktubu göndərilmiş (xx.xx.2024-cü il tarixdə çatdırılmışdır), buna baxmayaraq iddiaçı tərəfindən qeyd edilən çatışmazlıq aradan qaldırılmamışdır. Nəzərə alınmalıdır ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X9, X12, X10 və X11) “ünvan 3 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11829/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-4129/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11829/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini mümkün saymamışdır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7244/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar