Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3154/2025 26.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “əmrin ləğv olunması, işə bərpa olunması və s.” tələbinə dair iş üzrə Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “əmrin ləğv olunması, işə bərpa olunması və s.” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9421/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən 18.11 2022-ci il tarixdən işdən kənarlaşdırılmış hesab edilməsi barədə 26 dekabr 2022-ci il tarixli K 397 saylı əmrinin ləğv edilməsini; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin rəisi vəzifəsinə (əvvəlki iş yerinə) bərpa olunması; Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 (106)-562/2024 saylı, 17 oktyabr 2024-cü il tarixli qərarı qəbul edildiyi gündən məcburi iş buraxma müddəti üçün ona 42.400 ( qırx iki min dörd yüz) manat pul manat əmək haqqı, ödənilməyən gecikdirilmiş əmək haqqının hər günü üçün 5% məbləğində də 243.600 (iki yüz qırx üç min altı yüz) manat, cəmi 286.000 (iki yüz səksən altı min) manat pul vəsaiti ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 1986-cı ildə Naxçıvan MR-nın Ordubad rayonu, Anabad kəndində doğulmuş, Azərbaycan Beynəlxalq Universitetinin və Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 2009-cu ildən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin (keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti) müxtəlif ərazi idarələrində hüquqşünas, qeydiyyat şöbəsinin rəisi, idarə rəisi vəzifələrində işləmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə 14 aprel 2020-ci il tarixli QK-39 nömrəli əmri, struktur dəyişikliyi ilə əlaqədar həmin Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin 14 fevral 2022-ci il tarixlı K-51 nömrəli əmri ilə Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin rəisi vəzifəsinə təyin olunmuş və 18 noyabr 2022-ci il tarixədək həmin vəzifədə işləmişdir. Uzun illər layiqli kadr kimi qüsursuz işləmiş, dəfələrlə mükafatlandırılmış, işğaldan azad olunmuş ərazilərdə də xidməti vəzifəsini layiqincə yerinə yetirmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin rəisi vəzifəsində işlədiyi vaxt Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən qanunsuz və əsassız olaraq 16 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 noyabr 2022-ci il tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilməklə, həmin tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş və istintaq Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilmişdir. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 20 dekabr 2022-ci il tarixli, ********* nömrəli məktubu əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin 26 dekabr 2022-ci il tarixli K 397 saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən işdən kənarlaşdırılmış hesab edilmişdir. Barəsində olan cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılarkən bir il bir ay həbsdə saxlanıldıqdan sonra 17 dekabr 2023-cü il tarixdə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. X1 Cinayətlər Məhkəməsinin 1(099)-22/2024 saylı, 19 aprel 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən həmin cinayətləri törətməkdə təqsirliliyinin sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 308.1-ci maddələri ilə bəraət verilmiş və barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-562/2024 saylı, 17 oktyabr 2024-cü il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)- 768/2025 saylı, 06 mart 2025-ci il tarixli qərarı ilə bəraət hökmü dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-22/2024 saylı, 19 aprel 2024-cü il tarixli hökmü 17 oktyabr 2024-cü il tarixdə qanuni qüvvəyə mindiyindən 31 oktyabr 2024-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevə rəsmi ərizə ilə müraciət edərək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən işdən kənarlaşdırılmış hesab edilməyi barədə 26 dekabr 2022-ci il tarixli K 397 saylı əmrin ləğv edilməsini və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin rəisi vəzifəsinə bərpa olunmağını xahiş etmişdir. Müraciətinə məhkəmənin hökmünü və apellyasiya məhkəməsinin qərarını da əlavə etmişdir. Qeyd edilən müraciətinə cavab verilmədiyindən dəfələrlə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin səlahiyyətli şəxslərinin qəbulunda olmuş. Onlar hər dəfə ona tezliklə vəzifəsinə bərpa olunacağını bildirmişlər. Lakin işə bərpa olunmadığını görüb 29 noyabr 2024-cü il tarixdə əmək mübahisəsinin məhkəmədən kənar həll olunması məqsədilə tərəfindən Bakı şəhəri 20 saylı Mediasıya təşkilatına müraciət etsə belə, işə götürən tərəf ilkin mediasiya sessiyasında iştirak etmədiyindən bu barədə Mediasiya təşkilatı tərəfindən 25 dekabr 2024-cü il tarixli MŞB/20/2024-00583 saylı arayış verilmişdir. Həmin vaxt ona bildirildi ki, rəhbərlik onun müraciətinə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının qərarından sonra cavab verəcək və iş müsbət həll ediləcəkdir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının müvafiq qərarını təqdim etsə belə, hər dəfə ona ümidverici vəd verilsə də, işə bərpa olunmadığını görüb 07 aprel 2025-ci il tarixdə yenidən ərizə ilə müraciət etmiş və bununla bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
3. İddiaçı həmçinin prosessual müddətin bərpa edilməsinə dair vəsatət vermişdir. Vəsatətdə iddia ərizəsində qeyd edilənlər təkrarlanmış əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbinə əsasən bu maddənin birinci hissəsində göstərilən hallardan başqa qalan bütün hallarda fərdi əmək müqaviləsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, iddiaçı olaraq məhkəməyə müraciət etmək üçün 1 (bir) aylıq iddia müddəti yuxarıda qeyd etdiyi üzrlü səbəblərdən ötürülmüşdür. Həmin Məcəllənin 296-cı maddəsinin 6-cı hissəsinə görə buraxılmış müddət bərpa edilə bilər.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9421/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
5. Qərardaddan narazı qalan iddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
6. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, dəfələrlə Əmlak Məsələləri Dövlət Xidmətinin müavininin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin səlahiyyətli şəxslərinin qəbulunda olmuş, hər dəfə ona tezliklə işə bərpa olunacağını bildirmişdilər. Lakin işə bərpa olunmadığını görüb 29 noyabr 2024-cü il tarixdə əmək mübahisəsinin məhkəmədən kənar həll olunması məqsədilə tərəfindən Bakı şəhəri 20 Mediasiya təşkilatına müraciət etsə də, işə götürən tərəf ilkin mediasiya sessiyasında iştirak etmədiyindən bu barədə Mediasiya təşkilatı tərəfindən 25 dekabr 2024-cü il tarixli MŞB/20/2024-00583 saylı arayış verilmişdir. Həmin vaxt ona bildirilmişdir ki, rəhbərlik onun müraciətinə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının qərarından sonra cavab verəcək və iş müsbət həll ediləcəkdir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının müvafiq qərarını təqdim etsə də, hər dəfə ona ümidverici vəd verilsə də, işə bərpa olunmadığını görüb 07 aprel 2025-ci il tarixdə yenidən ərizə ilə müraciət etmiş və bununla bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göründüyü kimi, İddiaçı işə (vəzifəsinə) bərpa olunması barədə müraciət edərkən qanunvericilikdə nəzərdə tutula müddəti ötürməmiş, məhkəmə isə bu halları nəzərə almamış və cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbərliyi tərəfindən qanunun tələblərinin pozulması hallarını obyektiv araşdırmadan əsassız qərardad qəbul etmişdir. Bundan başqa işin hallarından görünür ki, İddiaçı tərəfindən verilən iddia mübahisələndirilən iddia yox, məcburetmə haqqında iddia növü hesab edilməli idi. Düzdür iddiaçı iddia ərizəsində formal xətaya yol verərək iddia ərizəsində iddianın növünü mübahisələndirilən iddia kimi qeyd etmişdir. Tərəflərin izahatları
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərardadın əsassız olduğunu, bu səbəbdən də ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
11. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
13. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərardadının ləğvinə yönəldiyi üçün kollegiya qərardadın qanuniliyini tam yoxlayır.
14. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki, “...hazırkı iddia mübahisələndirmə haqqında iddiadır və bu növ iddialarda inzibati aktın ləğv edilməsi ilə bağlı həmin aktı qəbul etmiş inzibati orqanın özünə müraciət etmək şərti nəzərdə tutulmamışdır. İddiaçının Mediasiya Şurasına müraciət etməsi iddia müddətinin axımını dayandırmır. Çünki inzibati mübahisələrdə məcburi mediasiya prosesi nəzərdə tutulmamışdır. Qeyd edilən səbəblər üzrlü hesab edilməməklə iddiaçının qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə iddia vermək imkanının aradan qaldırmamışdır.”
15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan əsaslandırması ilə razılaşmır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarınında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin mahiyyətindən aydın olur ki, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.
19. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
20. Adıçəkilən Qərarın 6.2-ci maddəsinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
21. Göründüyü kimi inzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
22. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.
23. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır.
24. Hazırkı işin hallarından müəyyən olur ki, iddia tələbinin mahiyyətini işəgötürənin işdən kənarlaşdırma barədə əmrinin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsi təşkil edir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 20 dekabr 2022-ci il tarixli, ********* nömrəli məktubu əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin 26 dekabr 2022-ci il tarixli K 397 saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən işdən kənarlaşdırılmış hesab edilmişdir.
25. İş materiallarında olan, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ünvanlanan 3-21-3/2-14670/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubda da qeyd edilmişdir: “...“Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının Prezidentinin 4 avqust 2023-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”na uyğun olaraq Xidmətdə dövlət qulluğu vəzifələrinə Xidmətin Aparatı və strukturuna daxil olan qurumlardakı (ərazi şöbələri) vəzifələr aiddir. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarına əsasən Xidmətin tabeliyindəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin tabeliyində olan 6 saylı Beyləqan Ərazi İdarəsi Xidmətin tabeliyində olan qurumdur. Xidmətin tabeliyində olan qurumlardakı vəzifələr, o cümlədən 6 saylı Beyləqan Ərazi İdarəsinin rəisi vəzifəsi yuxarıda qeyd olunan Qanuna əsasən dövlət qulluğu vəzifəsi deyildir. Həmin vəzifəni tutan işçilərin əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə tənzimlənir.”
26. Göründüyü kimi hazırki işdə iddiaçı dövlət qulluqçusu olmadığından, yaranan mübahisə inzibati hüquqi mübahisə kimi qiymətləndirilə və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı qaydasında öz həllini tapa bilməz.
27. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.
28. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: ... 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır;
29. Qeyd olunan qanunvericilik normalarının tələblərindən də müəyyən olur ki, inzibati orqanla dövlət qulluqçusu arasında yaranan mübahisələrə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələrdə baxıla bilər.
30. Hazırki işin faktiki hallarından isə görünür ki, mövcud mübahisə əmək hüquq münasibətlərindən yaranan fərdi əmək mübahisədir, Əmlak Məsələləri Dövlət Xidməti isə fərdi əmək mübahisələrinin bir tərəfi olan işəgötürən qismində çıxış edir.
31. Azərbaycan Respublikasının Əmək Məcələsinin 4-cü maddəsinin 1-ci bəndinə əsasən, bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında “müəssisələr”), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir.
32. Həmin Məcəllənin 289-cu maddəsinə əsasən, fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir.
33. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır.
34. Beləliklə, qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, hazırki iş üzrə yaranmış mübahisə əmək mübahisəsi olub inzibati hüquq sahəsinə aid olan münasibətlərdən yaranmış mübahisə kimi qiymətləndirilmədiyindən və bu qəbildən olan işlər mülki-hüquqi xarakter daşıdığından, həmin işlərə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmalıdır.
35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
36. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
37. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
38. Yuxarıda sadalanan xüsusatlara məcmu halda qiymət verən Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.
39. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9421/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.