Məhkəmə qərarları › İş №2-1(103)-3156/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3156/2023

21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3156/2023 21.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi ilə (məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4611/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n et d i : Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllə, 10 saylı evin 100 və 100A saylı mənzilləri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7085/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ünvan 3, mənzil 100A nömrəli mansard tipli mənzilə dair iddiaçının sahiblik və istifadə hüququ tanınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5344/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7085/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnamasi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-7085/2022 nömrəli arayışından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 7085/2020 saylı qətnaməsi xx.xx.2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Digər mənzil - ünvan 1 ünvanında yerləşən 4 otaqlı, 84.9 kv.metr sahədən ibarət mənzil X5 ilə bağlanmış 25 fevral 2005-ci il tarixli müqavilə, "xxxx" Mənzil Tikinti Kooperativinin 04 may 2005-ci il tarixli iclas protokolu, maliyyə arayışı və Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının 007260 nömrəli, 16 iyun 2005-ci il tarixli orderinə əsasən iddiaçının sahiblik və istifadəsinə verilmişdir. Göstərilən mənzillər üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün iddiaçı tərəfindən cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə hüquq müəyyənedici sənədlər əlavə edilməklə ərizə ilə müraciət edilmişdir. Cavabdehin **********93 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. Nəzərə alınmalıdır ki, sözügedən binada yerləşən mənzillər 2002-ci ildən etibarən sakinlər tərəfindən faktiki istifadə olunur və bir çox mənzillərə sakinlərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4611/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərarını əsaslandırarkən qeyd etmişdir ki, iddia tələbində nəzərdə tutulan 100A saylı mənzilə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Həmin mənzil ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7085/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ünvan 3, 100A nömrəli mansard tipli mənzilə dair İddiaçı sahiblik və istifadə hüququ tanınmaqla həmin mənzilin dövlət reyestrində müvafiq qaydada qeydə alınması üçün zəruri olan sənədlərin (tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi və maliyyə arayışı) verilməsi vəzifəsi X2 varisi kimi X3 üzərinə qoyulsa da, işin mübahisəsiz halıdır ki, həmin qətnamə icra edilməmiş və müvafiq sənədlər İddiaçı təqdim edilməmişdir. Yenə də məhkəmə işin hallarını, təqdim edilmiş sübutları və preyudisial əhəmiyyət daşıyan, qanuni qüvvəsini almış məhkəmə aktını nəzərə almadan və istinad etdiyi məhkəmə aktının mahiyyətinə diqqət etmədən iddia tələblərinin rəddinə yönəlmiş əsassız dəlillər irəli sürmüşdür. Əvvala, məhkəmə qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 7085/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin təkcə “qət etdim” hissəsinə diqqət etsəydi görərdi ki, həmin məhkəmə yalnız mənzilin dövlət reyestrində müvafiq qaydada qeydə alınması üçün zəruri olan sənədlərin (tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi və maliyyə arayışı) verilməsi vəzifəsinin X2 varisi kimi X3 üzərinə qoyulmasını qət etməmiş, eyni zamanda həmin mənzilə dair iddiaçının sahiblik və istifadə hüquqlarını tanımışdır. Başqa sözlə məhkəmə həmin mənzilin qanunla müəyyən olunmuş qaydada alqı-satqı ilə alındığını və pulunun tam ödənilməsini, bununla da İddiaçı həmin mənzilə olan sahiblik və istifadə hüquqlarını müəyyən etmişdir. Məhkəmə nəzərə almalı idi ki, mənizlə dair tikinti təşkilatının bağladığı alqısatqı müqaviləsi və mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı qüvvədə olan mənzil qanunvericiliyinə görə mənzili əldə edənin mənzil üzərində sahiblik və istifadə hüquqlarının yaranmasına hüquqi əsas verən sənədlərdir. Bu baxımdan həmin sahiblik və istifadə hüquqları məhkəmə tərəfindən müəyyən edildiyi halda əlavə olaraq müqavilənin bağlanmasına və maliyyə arayışının verilməsinə hüquqi lüzum yoxdur. Və yaxud müqavilə və maliyyə arayışının hər hansı səbəbdən (icradan boyun qaçırma, icranın mükünsüzlüyü və s) verilməməsi məhkəmə qətnaməsi ilə müəyyən edilən sahiblik və istifadə hüquqlarının ləğv edilməsinə səbəb ola bilməz. Bundan başqa, məhkəmə öz qərarını əsaslandırmaq istəyərkən qeyd etmişdir ki, 100 saylı mənzilə dair iddiaçının təqdim etdiyi sənədlərdə uyğunsuzluq vardır. Belə ki, müqavilə iddiaçı ilə MTK arasında deyil, fiziki şəxslə (X5) bağlanmışdır. Həmin müqavilədə yaşayış binasının 9 mərtəbəli olduğu göstərilsə də, verilən mənzilin 10-cu mərtəbədə yerləşməsi göstərilmişdir. Həmçinin müqavilədə mənzilin ümumi sahəsinin 165 kv.m. olduğu göstərilsə də, maliyyə arayışında ümumi sahəsi 140.8 kv.m. qeyd edilmişdir. 100 nömrəli mənzilə dair pay barədə bağlanmış müqavilədə 25 fevral 2005-ci il tarixli müqavilənin 1.1-ci bəndində texniki yanlışlığa yol verilərək 11 mərtəbəli çoxmənzilli yaşayış binası 9 mərtəbəli qeyd edilmişdir. Bu ziddiyyətin sadəcə texniki yanlışlıq olmasını təsdiq edən hal müqavilənin məhz elə həmin bəndində pay kimi verilən 100 nömrəli mənzilin 10-cu mərtəbədə yerləşməsinin qeyd edilməsidir. Burada əsas məsələ ondan ibarətdir ki, məhkəmə göstərilən texniki yanlışlığı əsassız olaraq iddia tələblərinin rədd edilməsinin əsası kimi göstərməsidir. Bu da onu deməyə əsas verir ki, məhkəmə iddia tələblərini rədd etmək üçün irəli sürdüyü dəlillərin mötəbərliyinə özü də inanmadığı üçün məhz bu cür yersiz dəlillərə əsaslanmaq məcburiyyətində qalmışdır. O ki, qaldı müqavilənin fiziki şəxs X5 ilə bağlanmasına, hazırda isə müqavilədə göstərilən mənzilin aid olduğu yaşayış binasının "xxxx" MTK-nın balansında olmasına, nəzərə alınmalı idi ki, bu məsələ məhkəmə üçün əhəmiyyət kəsb etdiyi halda inzibati məhkəmə icraatında məhkəmənin səlahiyyətlərinə uyğun məhkəmə tərəfindən araşdırılma aparılıb məsələyə aydınlıq gətirilə bilərdi. Məhkəmə tərəfindən araşdırma aparıldığı halda məlum olardı ki, sözü gedən yaşayış binasının tikintisini X5 fərdi sahibkar (fiziki şəxs) qismində həyata keçirsə də, sonradan qanunvericiliyin tələblərinə müvafiq olaraq MTK təsis edilməklə bina həmin MTK-nın balansına verilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, hətta qanuni formada pay kimi satılmış mənzilin yerləşdiyi yaşayış binasının balans saxlayıcısının yaxud əvvəlki mülkiyytətçisinin dəyişilməsinin qanuni şəkildə mənzili əldə edən şəxsin mülkiyyət hüquqlarına xələl gətirməsi mümkün deyildir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini xahiş etmişi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. .... İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.[10] ...... V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. ... İnzibati İcraat Haqqında Qanun: Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Mülki Mücəllə: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ..... 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. İnzibati İcraat Haqqında Qanunun ; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllə, 10 saylı evin 100 və 100A saylı mənzilləri üzərində hüquqların daşınmaz əmlakı dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədi 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, “...Azərbaycan Respublikası qanunvericiliyinin mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan, həm də bundan sonrakı qanunvericiliyin müəyyən etdiyi qaydalar onu tələb edir ki, tikintisi başa çatmış yaşayış evinin istismara qəbul edilməsini təsdiq edən istismara qəbul aktı mövcud olmalıdır ki, həmin binada yerləşən mənzillərin dövlət reyestrində qeydiyyatının aparılması mümkün olsun. Lakin, iddiaçıya məxsus mənzillərin yerləşdiyi mübahisəli yaşayış binasının istismara qəbul aktı mövcud deyildir. Digər tərəfdən iddia tələbində nəzərdə tutulan 100A saylı mənzilə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Həmin mənzil ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7085/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ünvan 3, 100A nömrəli mansard tipli mənzilə dair İddiaçı sahiblik və istifadə hüququ tanınmaqla həmin mənzilin dövlət reyestrində müvafiq qaydada qeydə alınması üçün zəruri olan sənədlərin (tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi və maliyyə arayışının) verilməsi vəzifəsi X2 varisi kimi X3 üzərinə qoyulsa da, işin mübahisəsiz halıdır ki, həmin qətnamə icra edilməmiş və müvafiq sənədlər İddiaçı təqdim edilməmişdir. Bundan əlavə, 100 saylı mənzilə dair iddiaçının təqdim etdiyi sənədlərdə uyğunsuzluq vardır. Belə ki, müqavilə iddiaçı ilə MTK arasında deyil, fiziki şəxslə (X5) bağlanmışdır. Həmin müqavilədə yaşayış binasının 9 mərtəbəli olduğu götərilsə də, verilən mənzilin 10-cu məırtəbədə yerləşməsi göstərilmişdir. Həmçinin müqavilədə mənzilin ümumi sahəsinin 165 kv.m. olduğu göstərilsə də, maliyyə arayışında ümumi sahəsi 140,8 kv.m qeyd edilmişdir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Kollegiya ilk növbədə ünvan 3, 100 saylı mənzilə dair münasibətdə aşağıdakıları qeyd edir : -X5 ilə İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli, müqavilənin surətindən görünür ki, müqavilənin predmeti Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllə ünvanında yerləşən 6 bloklu, 9 mərtəbəli yaşayış evinin 5-ci blok, 10-cu mərtəbə, ümumi sahəsi 165 kv.m. olan 100 saylı mənzil pay kimi verilir. Tikinti işləri tam başa çatdıqdan sonra təhvil verilir; Maliyyə arayışının surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 5-ci giriş, 10-cu mərtəbə, ümumi sahəsi 140,8 kv.m. olan 4 otaqlı 100 saylı mənzilin dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. Onun MTK-ya borcu yoxdur; Göründüyü kimi, iddiaçı tərəfindən qeyd edilən 100 saylı mənzilə dair hüquqmüəyyən edici sənədlər təqdim edilmiş və həmin sənədlər iddiaçının həmin mənzil üzərində mülkiyyət hüquqlarının tanınması üçün əsasdır. Cavabdeh imtina əsası olaraq mənzilin yerləşdiyi binanın istismarına icazə sənədi olmadığını bildirsə də, Kollegiya hesab edir ki, həmin əsasla iddia tələbinin təmin edilməməsi “Azərbaycan Respublikası Konstitusiyası”nın 25-ci maddəsinin 1-ci, 5-ci və “İnzibati İcraat Haqqında Qanun”un 12-ci və 13-cü maddələrinin pozulmasına səbəb olar. Belə ki, iddiaçı tərəfindən iş materiallarında əlavə edilmiş çıxarışların surətindən görünür ki, iddiaçının istifadəsində olan mənzilin yerləşdiyi binadakı digər mənzillərin müxtəlif fiziki şəxslərin adına özəlləşdirilməsi cavabdeh tərəfindən təmin olunmuşdur. Məhkəmə tərəfindən MH seriyalı 0013987, 0009846, 0107300, 0042036, ******* nömrəli çıxarışların verilməsinə əsas olmuş sənədlərin surəti cavabdehdən sorğu ilə istənilmiş, məhkəmənin sorğusuna cavab olaraq həmin sənədlər təqdim edilmişdir. Həmin sənədlərə baxış keçirildikdə müəyyən olunur ki, həmin binada mənzil sahibi olan fiziki şəxslərin istifadə və sahiblik hüquqları məhkəmə qətnamələri ilə tanınmış və həmin qətnamələrdən cavabdeh şikayət verməmiş və məhkəmə qətnamələri icra edilərək vətəndaşların mülkiyyət hüquqları qeydə alınaraq müvafiq çıxarış verilmişdir. Kollegiya qeyd edir ki, iddiaçının tələbinə münasibətdə oxşar işlər üzrə inzibati orqan məhkəmə qərarlarından apelyasiya şikayəti verməmiş, məhkəmələrin gəldiyi nəticələrlə razılaşaraq, vətəndaşların mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almış, bununla da, məhkəmənin praktikasını inzibati orqanın praktikası kimi qəbul etmişdir. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, inzibati orqan mövcud inzibati praktikasına uyğun hərəkət etməyə borclu olduğundan hazırkı iş üzrə cavabdehin “binanın istismarına icazə sənədi olmaması” əsası ilə iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina etməsi cavabdehin mövcud inzibati praktikasına uyğun hərəkət etməməsi deməkdir. İnzibati orqanın inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunduğundan bu hal iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarır. Kollegiya onuda qeyd edir ki, mübahisəli binadakı özəlləşdirilən mənzillərdəki vətəndaşların hüquqmüəyyənedici sənədlərinə nəzərə yetirdikdə də müəyyən edilir ki, həmin hüquqmüəyyənedici sənədlər (müqavilə, order, maliyyə arayışı) iddiaçı tərəfindən də təqdim edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən uyğunsuzluqlara (müqavilənin MTK ilə bağlanmaması, müqavilədə mənzilin 10-cu mərtəbədə qeyd edilməsi və mənzilin ümumi sahəsinin müqavilədə fərqli, maliyyə arayışında fərqli göstərilməsi) münasibətdə Kollegiya qeyd edir ki, müqavilədə texniki yalnışlıqların olması, iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. İş materiallarında olan istər iddiaçının, istərsə də həmin binanın digər mənzillərində yaşayan və mülkiyyət hüquqları qeydə alınmış fiziki şəxslərin hüquqmüəyyənedici sənədlərə nəzər yetirdikə, binanın mərtəbələri ilə bağlı məsələnin texniki yalnışlıq olduğu müəyyən edilir. Maliyyə arayışı ilə müqavilədə olan ölçü fərqləri ilə bağlı Kollegiya qeyd edir ki, maliyyət arayışının tərtib edilməsinin əsas məqsədi şəxsin mənzilə dair borcunun olubolmamasının müəyyən edilməsidir. Maliyyə arayışında mənzilin ümumi sahəsinin müqavilədən fərqli yazılması iddiaçının mülkiyyət hüquqlarının tanınmasına maneə təşkil etmir. Müqavilənin MTK ilə deyil fiziki şəxs X5 ilə bağlanma məsələsinə gəldikdə isə, X5 "xxxx" MTK-nın sədri olmuşdur. İddiaçının təqdim etdiyi maliyyə arayışından da görünür ki, həmin arayış "xxxx" MTK-nın idarə heyətinin sədri X2 imzası ilə və MTKnın möhürü ilə təsdiqlənmişdir. Həmçinin iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, sözügedən yaşayış binasının tikintisini X5 fərdi sahibkar qismində həyata keçirsə də, sonradan MTK təsis etməklə həmin MTK-nın balansına verilmişdir. İddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi ünvan 3, 100A mənzilinə gəldikdə isə iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-7085/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı X3 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-622/2019 saylı, 24 yun 2019-cu il tarixli qətnaməsi ilkin iddiaya münasibətdə dəyişdirilmədən saxlanılmış, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-622/2019 saylı, 24 iyun 2019-cu il tarixli qətnaməsi qismən-qarşılıqlı iddia tələbi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş və qarşılıqlı iddia tələbi təmin edilmiş, ünvan 3, 100A nömrəli mansard tipli mənzilə dair İddiaçı sahiblik və istifadə hüququ tanınmaqla həmin mənzilin dövlət reyestrində müvafiq qaydada qeydə alınması üçün zəruri olan sənədlərin (tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi və maliyyə arayışının) verilməsi vəzifəsi X2 varisi kimi X3 üzərinə qoyulmuşdur. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə, iddiaçının sözügedən mənzilə dair sahiblik və istifadə hüququ tanınmışdır. Belə olan halda həmin mənzilinə dair iddiaçının mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmaması iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Əlavə olaraq Kollegiya cavabdehin “mənzillərin sənədlərdəki ölçüləri ilə faktiki ölçülərinin fərqli olması ilə bağlı dəlilinə” münasibətdə qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət X6” 23-cü maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Bu səbəbdən də Kollegiya bildirir ki, cavabdeh hüquqlarının qeydiyyatı ilə bağlı dövlət reyestrində qeydiyyat aparan zaman faktiki ölçüləri dəqiq qeyd etməlidir. Əgər qarşı tərəf bununla razılaşmaz isə bu isə digər mübahisə premeti olaraq məhkəmədə baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2016-cı il tarixli qərarında göstərtilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin apelyasiya instansiyası məhkəməsii tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassız olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmadan, əsassız və qanunsuz olaraq, iddia rədd edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilməli, iddia təmin edilməlidir. AR İPM-in 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı ləğv ediməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4611/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllə, 10 saylı evin 100 və 100A saylı mənzilləri üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar