Məhkəmə qərarları › İş №2-1(103)-3156/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3156/2024

24.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3156/2024 24.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızından və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-2135/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə doğulmuşdur.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd olunur: Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, "Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı ıl tarıxınədək Qanunun 9- cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-cı il tarixinədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin "a" bəndinə uyğun olaraq, 20 ıl ümumi stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cu ıl tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı” üzrə müəyyən edilmiş zərərli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Araşdırma zamanı məlum olmuşdur ki: 1) İdarəyə təqdim etdiyiniz 2 oktyabr 1985- ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçanızda 21.08 1985-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində "X32 X19 Birliyi"nın İstehsalata Xidmət Mərkəzi bazasında işlədiyiniz elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri, yardımçı fəhlə, elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru və xx.xx.2003-cü il tarixindən bugünədək "Xəzər Qazma Şirkəti" İstiqlal Qurğusunda işlədiyiniz takelajçı vəzifələri Nazirlər Kabinetinin yuxarıda qeyd olunan Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahısının X-11000000 - "Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsi"ndə nəzərdə tutulmamışdır. 2) Bundan başqa, quruda fəaliyyətə aid olan 1985-2004-cü illər arasında müxtəlif dövrlərdə işlədiyiniz sahə (İstehsalata Xidmət Mərkəzi bazası) yuxarıda adıçəkilən 1 nömrəli siyahıda müəyyən olunmuş dəniz neftçiləri üçün neftin qazılması və hasilatı sahələrinə, həmçinin emal sahələrinə aid deyildir. 3) Eyni zamanda işlədiyiniz vəzifə və sahələrin qanunvericiliklə müəyyən edilmiş zərərli və ağır sahələrə aid olması təsdıqlənmş olsaydı belə, xx.xx.2001- ci ıl tarixindən işlədiyiniz müəssisənin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradıldığından həmin dövrdən əmək müqavilənizə xitam verildiyi xx.xx.2004-cü il tarixınədək məcburi dövlət sosial sığorta haqlarının ödənilibodənilməməsi faktının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaya zərurət yaranacaqdı. Hazırda Sizə müvafiq pensiya təyin olunması digər qanuni əsaslarla qeyrimümkün olduğu üçün, belə bir araşdırmaya ehtiyac yaranmamışdır. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir

3. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının 29 noyabr 1996-cı il tarixli Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisələrinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında” Əsasnamənin 7.3-cü bəndinə uygun olaraq, Azərbaycan Respublikası Prezidentinin 22 mart 2001-ci il tarixli 651 nömrəli “Yanacaq-energetika kompleksi müəssisələrinin özəlləşdirilməsi” haqqında Sərəncamını rəhbər tutaraq, SOCAR-ın 06 noyabr 2001-ci il tarixli 188 nömrəli əmrinə əsasən, SOCARın X2 Birliyinin tabeliyində olmuş Bakı şəhəri, Səbail rayonu, Şimal Körpüsü 3 ünvanında yerləşən İstehsalat Xidmətinin Mərkəzi Bazası Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 17 iyul 2001-ci il tarixli 41 nömrəli Sərəncamı ilə "xxxx" Səhmdar Cəmiyyətinə çevrilmişdir.

4. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) tərrəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Yanacaq energetika kompleksi müəssisələrinin özəlləşdirilməsi haqqında” xx.xx.2001-ci il tarixli 651 saylı Sərəncamına və ARDNŞ-nin xx.xx.2001-ci il tarixli, 188 nömrəli əmrinə əsasən Bakı şəhəri, Səbail rayonu, Şimal körpüsü 3 ünvanında yerləşən “Dənizdə NQÇ” İB-nin (keçmiş Xəzərdənizneftqazsənaye” İB) “İstehsalat Xidmətinin Mərkəzi Bazası”nın əmlakının bazasında İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 41 saylı xx.xx.2001-ci il tarixli Sərəncamı ilə "xxxx" Səhmdar Cəmiyyəti yaradılmışdır.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X20 üzrə Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, "xxxx" ASC-nin fəaliyyəti, faktiki və hüquqi ünvanı barədə məlumatın verilməsi ilə bağlı müraciətə Bakı şəhəri X20 üzrə Baş İdarəsində baxılmışdır. Bildirilmişdir ki, uçot-baza məlumatlarına əsasən "xxxx" ASC-nin qeydiyyatda olması barədə məlumat müəyyən edilməmişdir.

6. İddiaçı məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci ildə "X30 X31" X3 Xidmət Mərkəzi Bazasında elektrik avadanlıqlarının təmiri üzrə çilingər elektrik vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci ildə 1-ci dərəcəli yardımçı fəhlə vəzifəsinə keçirilmiş, xx.xx.1986-cı ildə Sovet Ordusuna hərbi xidmətə çağırılması ilə əlaqədar tutduğu vəzifədən azad olunmuş, xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək Sovet ordusu sıralarında xidmət etmiş, xx.xx.1988-ci ildə Baş Dəniz Neftin "X30 X31" X3 Xidmət Mərkəzi Bazasında Qazma boruları sexinə elektrik avadanlıqlarına xidmət üzrə 2- ci (ikinci) dərəcəli elektrik montyoru qəbul edilmiş, xx.xx.1989-cu ildə Qazma boruları sexinə elektrik avadanlıqlarına xidmət üzrə 3-cü (üçüncü) dərəcəli elektrik montyoru keçirilmiş, xx.xx.1992-ci ildə 4-cü (dördüncü) dərəcəli elektrik montyoru dərəcəsi verilmişdir, Azərbaycan Respublikasının Prezidentinin 10.01.94-cü il tarixli 50 №-li qərarına və Azərbaycan Respublikası Neft Konserninin 29.01.94-cü il tarixli 13 №-li əmrinə əsasən Mərkəzi İstehsalat Xidməti Bazası "X33 Çıxarma" X3 Xidmət Mərkəzi Bazası hesab edilmişdir, xx.xx.1996-cı ildə 5-ci (beşinci) dərəcəli elektrik montyor dərəcəsi verilmiş, xx.xx.2001-ci ildə Dövlət Əmlak Departamentinin xx.xx.2001-ci il tarix 136 saylı sərəncamına və “DNQÇ” İB-in 241 saylı xx.xx.2001-ci il tarixli əmrinə əsasən “DNQÇ” İBnin İXMB-da "xxxx"ASC yaradılmışdır, xx.xx.2004-cü ildə öz xahişi ilə işdən azad olmuşdur, xx.xx.2003-cü ildə Xəzər Qazma Şirkətində İstiqlal qurğusunda takelajçı vəzifəsinə qəbul edilmiş, xx.xx.2003-cü ildə İstiqlal qurğusunda portalda fəhlə vəzifəsinə keçirilmiş, xx.xx.2003-cü ildə İstiqlal qurğusunda takelajçı vəzifəsinə keçirilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2020-ci tarixdən 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən mənə ödənilməyən pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 52 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-2135/2021 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının işlədiyi həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 saylı siyahıya uyğundur. Qeyd olunan dövr güzəştli şərtlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Göründüyü kimi, xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 10 ildən çoxdur. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 ildən artıq ümumi əmək stajı olduğuna və onun 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli Siyahı üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 52 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.

10. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1793/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər X12 (sədrlik edən), X13, X7 ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2135/2021 saylı, xx.xx.2021-ci il tarixli qərar dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmış ki, iddiaçının "X30 X31" X5 Xidmət Mərkəzi Bazasında “elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru” kimi çalışdığı peşəni 1 nömrəli Siyahının X-11000000 - "Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsi"ndə “110000a-19838” (buruqlara xidmət üzrə elektrik montyorları) və “110000a19838” (bilavasitə buruqlara xidmət xidmət üzrə elektrik montyorları və xidməti ilə məşğul olan elektrik montyorları” kodlarına uyğun olan, güzətli pensiya hüququ verən peşə üzrə 10 ildən çox güzəştli iş stajının (16 il 2 ay 6 gün) mövcud olduğu öz təsdiqini tapır. Başqa sözlə, cavabdehin apellyasiya şikayətinin iddiaçının elektrik montyoru kimi işlədəyi peşənin 1 nömrəli Siyahıda nəzərdə tutulmadığını mübahisələndirən dəlillərinin əsassız oldubu sübuta yetirilir.

13. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22-1(103)-1793/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

c) Kassasiya instansiya məhkəməsində birinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1035/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər X14 (məruzəçi), X18 və X8) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1793/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

15. Kassasiya instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, SOCAR-ın “kompleks qazma işləri” trestinin xx.xx.2022-ci il tarixli cavabında yazılmışdır ki, “Elektrik avadanlıqlarının təmiri üzrə çilingər-elektrik” və “qazma boruları sexində elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru” peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavənin 1 nömrəli siyahısında “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı adlanan 10-cu bölməsinin 1-ci bəndində qazma “a” yarımbəndində fəhlələr “110000a-19838 buruqlara xidmət üzrə elektrik montyorları” və “1100000a-19861 bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları” kodları ilə uyğun gəlib-gəlməməsi haqqında fikir yürüdə bilmərik. Mərkəzi İstehsalat Xidməti Bazasının “Kompleks qazma işləri” trestinin strukturuna aid olmaması qeyd olunan peşələr üzrə vəzifə təlimatlarının bizdə olmaması səbəbindən onların Sizə təqdim edə bilmirik”. 42. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının “takelajçı” peşəsində işləməsi ilə bağlı apellyasiya məhkəməsi tərəfindən ümumiyyətlə araşdırma aparılmamışdır. ç) Apellyasiya instansiya məhkəməsində ikinci icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2955/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X9 ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2135/2021 saylı, xx.xx.2021-ci il tarixli qərar dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmış ki, cavabdeh inzibati orqan özü yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplamalı və nəzərə almalı, fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklər qoymamalı, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin əsas dəlili iddiaçının xx.xx.1985-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində "X32 X19 Birliyi"nin İstehsalata Xidmət Mərkəzi bazasında işlədiyi elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri, yardımçı fəhlə, elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru və xx.xx.2003-cü il tarixindən bu günədək işlədiyi takelajçı vəzifələrində işlədiyi dövrün güzəştli iş stajına aid olmamasından ibarətdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarında öz əksini tapmış göstərişlər nəzərə alınaraq müvafiq sorğulara alınan cavablara əsasən iddiaçının işlədiyi qeyd olunan vəzifələrin güzəştli pensiya hüququ verən peşələr olduğu müəyyən edilmiş və beləliklə qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçının güzəştli iş stajının olması öz təsdiqini tapmışdır.

18. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2955/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

d) Kassasiya instansiya məhkəməsində ikinci icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1031/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakimlər X15 (məruzəçi), X10 və X1 ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2955/2023 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

20. Kassasiya instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşdan təyin edilməsi üçün iş üzrə aşağıdakı halların müəyyən edilməsi zəruridir: - iddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.2004-cü il tarixədək (16 il 2 ay 6 gün) işlədiyi müəssisə (istehsalat sahəsi) 1 nömrəli siyahı üzrə (********) X. “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” fəslində nəzərdə tutulan “Qazma” sahəsinə aid olub və iddiaçı elektrik montyoru kimi məhz (dənizdə) buruqlara xidmət edib (1100000a-19838) və ya elektrik avadanlığının təmiri və xidməti ilə bilavasitə buruqlarda (dənizdə) məşğul olub (1100000a-19861); - iddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.2004-cü il tarixədək (16 il 2 ay 6 gün) işlədiyi müəssisə (istehsalat sahəsi) 1 nömrəli siyahı üzrə (********) X. “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” fəslində nəzərdə tutulan “Neft-qaz və qaz kondensatının hasilatı”na aid olub və iddiaçı elektrik montyoru kimi elektrik avadanlığının təmiri və xidməti ilə bilavasitə neft, qaz və qazkondensatı hasilatı obyektlərində (dənizdə) məşğul olub (1100000a19861); iddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.2004-cü il tarixədək (16 il 2 ay 6 gün) işlədiyi müəssisə (istehsalat sahəsi) 1 nömrəli siyahıda sadalanan istehsalatlara aid olub və iddiaçı elektrik montyoru kimi elektrik avadanlıqlarının təmirini və avadanlıqlara xidməti həmin müəssisədə icra edib (11000000—19861). İddiaçının həmin üzən qurğuda icra etdiyi “takelajçı” vəzifəsinə (peşəsinə) gəldikdə, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”sının X fəslində “fəhlələr:” nəzərdə tutulmaqla yanaşı, həmin “fəhlələr”ə məhz hansı peşə, iş və vəzifələri aid etdiyini dəqiq göstərmişdir. Həmin peşə, iş və vəzifələrdə “takelajçı” vəzifəsi nəzərdə tutulmamışdır. “Takelajçı” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda və yalnız Metal emalı bölməsinin (11) Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) nəzərdə tutulmaqla, çənlərin və gəmi bölmələrinin daxilində (qapalı şəraitdə) avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları göstərilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

e) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

f) Prosses iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın:

1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

27. xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.

Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

28. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

30. Qüvvədən düşmüş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”:

3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.

31. “İnzibati icraat haqqında” Qanunun:

15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

35. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

39. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

40. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

41. Əvvəla, kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının göstərişinə uyğun olaraq, “X16 LTD”yə sorğu ilə müraciət edilmiş və sorğuya cavab məktubunda qeyd edilmişdir ki, əmək kitabçasının qeydlərinə əsasən İddiaçı xx.xx.1988-ci il tarxindən xx.xx.2004-cü il tarixinədək “X30 X34” X6 İstehsalat Xidməti Bazasının Qazma boruları sexində Elektrik avadanlıqlarına xidmət üzrə Elektrik Montyoru peşəsində işləmişdir və bu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavənin 1 nömrəli Siyahısında “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” adlanan X bölməsinin 1-ci bəndində Qazma “a” yarımbəndində fəhlələr, “1100000a-19838 buruqlara xidmət üzrə elektrik montyorları” və “1100000a- 19861 bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısında “Neftin qazılması və hasilatı, neft, qaz, qaz kondensatı, kömür və şistin emalı adlanan 10-cu bölməsinin 10.1 bəndində Qazma “a” yarımbəndinə fəhlələr, “buruqlara xidmət üzrə elektrik montyorları” və “bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları” kodları uyğun gəlir.

42. Kollegiya qeyd edir ki, iddiaçının xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək həqiqi hərbi xidmətdə olması, xx.xx.1985-ci ildə "X30 X31" X3 Xidmət Mərkəzi Bazasında elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri vəzifəsinə qəbul edilməsi, xx.xx.1985-ci ildə 1ci dərəcəli yardımçı fəhlə vəzifəsinə keçirilməsi, xx.xx.1986-cı ildə hərbi xidmətə çağırılması ilə əlaqədar tutduğu vəzifədən azad olunması, xx.xx.1988-ci ildə Baş Dəniz Neftin "X30 X31" X3 Xidmət Mərkəzi Bazasında Qazma boruları sexinə elektrik avadanlıqlarına xidmət üzrə 2-ci (ikinci) dərəcəli elektrik montyoru qəbul edilməsi, xx.xx.1989-cu ildə Qazma boruları sexinə elektrik avadanlıqlarına xidmət üzrə 3-cü (üçüncü) dərəcəli elektrik montyoru keçirilməsi, xx.xx.1992-ci ildə 4-cü (dördüncü) dərəcəli elektrik montyoru dərəcəsi verilməsi, xx.xx.1996-cı ildə 5-ci (beşinci) dərəcəli elektrik montyor dərəcəsi verilməsi, xx.xx.2004-cü ildə öz xahişi ilə işdən azad olunması, xx.xx.2003-cü ildə Xəzər Qazma Şirkətində İstiqlal qurğusunda takelajçı vəzifəsinə qəbul edilməsi, xx.xx.2003-cü ildə İstiqlal qurğusunda portalda fəhlə vəzifəsinə keçirilməsi, xx.xx.2003-cü ildə İstiqlal qurğusunda takelajçı vəzifəsinə keçirilməsi işin mübahisəsiz halıdır.

43. İddiaçı "X30 X31" X3 Xidmət Mərkəzi Bazasında xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri, xx.xx.1988-ci ildən xx.xx.2004cü ilədək Qazma boruları sexinə elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru vəzifələrində işləmişdir. İddiaçının həmin peşələrdə iddiaçının əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı 14 il, 09 ay, 17 gün təşkil edir.

44. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, “X16 LTD”-yə ünvanlanmış sorğuya əsasən müəyyən edilmişdir ki, iddiaçının işlədiyi həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 saylı siyahıya uyğundur. Qeyd olunan dövr güzəştli şərtlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır.

45. Göründüyü kimi hazırkı mübahisəli vəziyyətdə məhkəmənin sorğusuna verilmiş cavab məktubunda göstərilən iş yerlərinin Nazirlər Kabinetinin müvafiq bəndlərinə uyğunluğunun göstərilməsi onun işlədiyi peşələrin “Qazma” sahəsinə aid olduğu və buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyoru olduğunu müəyyən etməyə əsas verir. Beləliklə də, iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının (1 nömrəli siyahı üzrə) 10 ildən çox olduğu müəyyən olunur.

46. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 ildən artıq ümumi əmək stajı olduğuna və onun 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli Siyahı üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 52 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

47. Ali Məhkəmənin oxşar işlər üzrə artıq formalaşmış mövqeyinə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1122/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının 45-ci bəndinə əsasən)

48. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 20 il ümumi və 10 il güzəştli iş stajı mövcud olduğundan cavabdeh inzibati orqanın imtina üçün gətirdiyi dəlillər əsassızdır

49. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-2135/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-2135/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar