Məhkəmə qərarları › İş №2-1(103)-316/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-316/2022

04.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-316/2022 04.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızından və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 24 saylı Vəkil Bürosu) və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı (xx.xx.1962-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MMC) “mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(112)-3425/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 08.01.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 17.03.2020-ci il tarixli və 08.04.2020-ci il tarixli “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş”də ifadə olunan imtinasının əsassız hesab edilməsi və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə və eyni ünvanda 243 kv.m zirzəmi sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh orqana həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC tərəfindən tikilmiş, Bakı şəhəri, Nəsimi rayonu H.Ələsgərov küç. 996-cı məhəllə 1 bloklu 20 mərtəbəli binanın zirzəmisində yerləşən 243,0 kv.m. sahənin ona satılmasına dair "xxxx" MMC ilə arasında 10.09.2007-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, H.Ələsgərov küç. B 9A, 996-cı məhəllə ünvanında binanın 243,0 kv.m. zirzəmi sahəsi tərəfindən dəyəri ödənilməklə satın alınmışdır. "xxxx" MMC tərəfindən tikilmiş, Bakı şəhəri, Nəsimi rayonu H.Ələsgərov küçəsi, 996-cı məhəllə 1 bloklu 20 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 243,0 kv.m. qeyri-yaşayış sahəsinin ona satılmasına dair "Ulduz-4” MMC ilə arasında 10.09.2007-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən H.Ələsgərov küç. B 9A, 996-cı məhəllə ünvanında binanın 243,0 kv.m. qeyri-yaşayış sahəsi tərəfindən dəyəri ödənilməklə satın alınmışdır. Göstərilən ünvandakı bina Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq istismara verilmişdir. Binanın yaşayış sahələrinin (mənzillərin) sahiblərinin mülkiyyət hüququnun dövlət qeydiyyatına dair müraciətləri müsbət həll olunmuş, hüquq sahibləri daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. Ona məxsus qeyri-yaşayış sahələrinin yerləşdiyi bina Azərbaycan Respublikası Prezidentinin 19.02.2019-cu il tarixli “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında Fərmanı” əsasında sadələşdirilmiş qaydada istismara verilmiş, binanın tərkib hissələrinin hüquq sahiblərinin mülkiyyət hüquqları da dövlət reyestrində qeydə alınmışdır. Tərəfindən cavabdeh inzibati orqana (18.02 2020-ci il tarixdə, ********** nömrəli və ********** nömrə ilə qeydə alınmış) müraciət olunaraq, ona məxsus qeyri-yaşayış sahələrinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir Müraciətinə əlavədə "xxxx" MMC ilə arasında bağlanmış 10.09.2007-ci il tarixli müqavilələr, MMC-dən müvafiq maliyyə arayışı, qeyri-yaşayış (zirzəmi və 1-ci mərtəbə) sahələrinin eskiz-planı təqdim olunmuşdur 18.02.2020-cu il tarixli müraciətinə uzun müddət cavab verilməmişdir. Bu ərəfədə pandemiya ilə əlaqədar tətbiq olunan karantin rejiminə görə cavabdeh orqana birbaşa müraciət etmək imkanı olmamışdı. Uzun müddət cavabdeh orqandan cavab verilmədiyinə görə 01.12.2020-ci il tarixdə etibarnamə üzrə nümayəndəsi R.Vahabov cavabdeh orqana bilavasitə getməklə müraciətinin nəticəsi ilə maraqlanmış, məlum olmuşdur ki, onun müraciətinə imtina bildirişi yazılmışdır. 17.03.2020-ci il tarixli və 08.04.2020-ci il tarixli “Bildiriş”ləri nümayəndəsi cavabdeh orqandan 01.12.2020-ci il tarixdə imza etməklə rəsmi almışdır. 17.03.2020-ci il tarixli imtina məktubunda “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə istinad edilərək göstərilmişdir ki, yaşayış binasına "xxxx" MMC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra ərizəçi tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatı aparıla bilər. Həmçinin, qeyri-yaşayış sahəsi sənədlə 243,0 kv.m göstərilib, faktiki isə 230,7 kv.m təşkil edir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. Eyni İdarədən 08.04.2020-ci il tarixli “Bildiriş”də 17.03.2020-ci il tarixli məktubda göstərilənlər sadalanmaqla "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. Yuxarıda göstərdiyi kimi "xxxx" MMC ilə arasındakı müqavilə əsasında satın aldığı qeyri-yaşayış sahəsinə və zirzəmiyə istifadə və sahiblik hüququ qazanmışdır. Çoxmənzilli bina MMC tərəfindən tikilməsinə baxmayaraq, Azərbaycan Respublikası Prezidentinin 19.02.2019-cu il tarixli Fərmanı əsasında sadələşdirilmiş qaydada istismarına icazə verilmiş, binadakı bütün yaşayış sahələrinin dövlət reyestrində qeydiyyatı təmin olunmuşdur. Binadakı mənzillər də eyni qayda ilə "xxxx" MMC ilə hüquq sahibi olan alıcı arasında bağlanmış alqı-satqı müqaviləsi və MMC-dən verilmiş maliyyə arayışı əsasında rəsmiləşdirilmişdir. Daşınmaz əmlaka mülkiyyət hüququnun rəsmiləşdirilməsini tənzimləyən qanunvericilik əmlakın yaşayış və ya qeyri-yaşayış sahəsinə aid olduğunu fərqləndirmir və belə bölgüyə görə fərqli yanaşma tələb etmir. Eyni binada yaşayış sahələrinə eyni sənədilər əsasında müvafiq çıxarışlar verilmişdirsə, heç bir qanuni əsas olmadan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatından imtina qanunsuz olmaqla onun mülkiyyət hüququnun pozulmasıdır. Məhkəmənin 24.06.2021-ci il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(112)-3425/2021 nömrəli qərarı ilə (hakim Ş.Həsənova) iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. 25.02.2022-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə əlavə təqdim edərək, Bakı İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(112)-3425/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinə uyğun izahat verərək məhkəmədən qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan - Satıcı "xxxx" MMC baş direktoru X3 ilə alıcı İddiaçı arasında bağlanmış 10.09.2007-ci il tarixli alqı-satqı müqaviləsinin "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmiş surətindən görünür ki, satıcı tərəfindən Bakı şəhəri H.Ələsgərov küçəsi, 996-cı məhəllə, 1 bloklu 20 mərtəbəli binasının zirzəmisini, ümümi sahəsi 243 kv.m olan sol tərəfində, izolə olunmuş alıcıya satmağı öz öhdəsinə götürür. Alıcı isə öz növbəsində 1m.kv-üçün qiyməti 400 olmaqla ümümi məbləğ 99600 manat ödəyir. - "xxxx" MMC tərəfindən verilmiş RV-01/150 №-li, 16.11.2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı "xxxx" MMC-nin ünvan 3 ünvanda yerləşən 20 mərtəbəli, bir girişli binada aldığı 243 kv.m zirzəmisi qeyri-yaşayış sahəsi üçün borcu yoxdur. - Satıcı "xxxx" MMC baş direktoru X3 ilə alıcı İddiaçı arasında bağlanmış 10.09.2007-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı tərəfindən Bakı şəhəri H.Ələsgərov küçəsi, 996-cı məhəllə, 1 bloklu 20 mərtəbəli binasının qeyri-yaşayış sahəsini, ümumi sahəsi 243 kv.m olan sol tərəfində, izolə olunmuş alıcıya satmağı öz öhdəsinə götürür. Alıcı isə öz növbəsində 1m.kv-üçün qiyməti 800 olmaqla ümümi məbləğ 194400 manat ödəyir. - "xxxx" MMC tərəfindən verilmiş RV-01/151 №-li, 16.11.2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı "xxxx" MMC-nin ünvan 3 ünvanda yerləşən 20 mərtəbəli, bir girişli binada aldığı 243 kv.m qeyri-yaşayış sahəsi üçün borcu yoxdur. - "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış RV-03/21 №-li, 20.04.2021-ci il tarixli məktubdan görünür ki, “Ulduz-4’’ MMC tərəfindən tikilmiş, Bakı şəhəri, Nəsimi rayonu H Ələsgərov küç. 996-cı məhəllə 1 bloklu 20 mərtəbəli binanın zirzəmisində yerləşən 243,0 kv.m sahənin və həmin binanın 1-ci mərtəbəsində (0 səviyyəsindəki) 243.0 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı satılmasına dair 10.09.2007-ci il tarixdə ayrı-ayrılıqda iki müqavilə bağlanmış və göstərilən zirzəmi və qeyri-yaşayış sahəsinin dəyəri İddiaçı tərəfindən ödənilmişdir. "xxxx" MMC tərəfindən tikilmiş, Bakı şəhəri, Nəsimi rayonu H.Ələsgərov küç. 996-cı məhəllə 1 bloklu 20 mərtəbəli bina Azərbaycan Respublikası Prezidentinin 19.02.2019-cu il tarixli “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında Fərmanının icrası qaydasında 18.06.2019-cu il tarixli, 053 №-li istismara icazə sənədi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeydə alınmışdır. İddiaçı tərəfindən qeyri-yaşayış sahəsi və zirzəmi sahəsinin dəyəri tam ödənildiyindən göstərilən əmlakların xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını məqsədəuyğun hesab edirlər. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin tərəfindən məhkəməyə ünvanlanmış 16.04.2021-ci il tarixli, **********145 nömrəli məktuba əlavə edilmiş Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 18.06.2019-cu il tarixli, 053 №-li istismara icazə sənədindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsi, məhəllə 996; 1 girişli, 20 (+ texniki) mərtəbəli, 1 səviyyə zirzəmili yaşayış binasının istismarına icazə verilmişdir. - İdarə tərəfindən iddiaçıya ünvanlanan **********73 №-li, 17.03.2020-ci il tarixli və **********76 №-li, 08.04.2020-ci il tarixli məktublardan görünür ki, sözügedən qeyri-yaşayış sahəsinin "Ulduz-4” MMC tərəfindən inşa edilmiş yaşayış binasında yerləşdiyi və qeyri-yaşayış sahəsinə dair sənədlərin "Ulduz-4” MMC tərəfindən təsdiq edildiyi məlum olmuşdur. Sözügedən yaşayış binasına "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən “Ulduz-4" MMC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrdə qeydiyyata alındıqdan sonra ərizəçi tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatı aparıla bilər. Həmçinin qeyri yaşayış sahəsi sənədlə 243.0 kv.m göstərilib, faktiki isə 230.7 kv.m təşkil edir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edərək, öz mövqeyini aşağıdakı kimi əsaslandırır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.6-ci maddəsinə görə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyatı orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109.1-ci maddəsinə əsasən kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. Həmin Məcəllənin 139-1.1.6-ci maddəsinin tələblərinə görə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur Hazırkı işin hallarından müəyyən edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsi, məhəllə 996; 1 girişli, 20 (+ texniki) mərtəbəli, 1 səviyyə zirzəmili yaşayış binası “Ulduz-4" MMC tərəfindən inşa edilmiş və həmin bina istismara qəbul edilmişdir. İddiaçı “Ulduz-4" MMC ilə aralarında bağlanmış müqavilələrə əsasən həmin binadan ümumi sahəsi 243 kv.m olan qeyri-yaşayış sahəsini və ümumi sahəsi 243 kv.m. olan zirzəmini almışdır. İddiaçı həmin daşınmaz əmlakların dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışların verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan qeyri-yaşayış sahəsinin "Ulduz-4” MMC tərəfindən inşa edilmiş yaşayış binasında yerləşdiyi və qeyri-yaşayış sahəsinə dair sənədlərin "Ulduz-4” MMC tərəfindən təsdiq edildiyini, həmin sahələr üzrə “Ulduz-4" MMC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrdə qeydiyyata alındıqdan sonra ərizəçi tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatının aparıla biləcəyini əsas gətirməklə müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili olan yaşayış sahələrinə dair ayrı-ayrı şəxslərin müraciətinin cavabdeh tərəfindən təmin edilərək, hüquqların dövlət qeydiyyatının aparılması ilə bağlı qeyd edir ki, çıxarışların qanunauyğun verilibverilməməsi və ya hər iki tərəfin qarşılıqlı razılaşma əsasında verilməsi hazırkı məhkəmə araşdırmasının predmetinə aidiyyəti olmadığından iddia tələbinin təmin edilməsinə əsas ola bilməz. Yuxarıda qeyd edilən qanunvericilik normalarını işin hallarına tətbiq edən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi daşınmaz əmlaklar mənzil-tikinti kooperativi tərəfindən deyil, "xxxx" MMC tərəfindən inşa edilmiş yaşayış binasında yerləşdiyindən, həmin əmlaklarla bağlı sənədlər mənziltikinti kooperativi tərəfindən deyil, "xxxx" MMC tərəfindən tərtib edildiyindən, iddiaçının «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinə malik olması müəyyən edilmədiyindən cavabdeh inzibati orqanın İddiaçı müraciətinin təmin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82,87,90,94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(112)-3425/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar