Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-316/2025 16.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “avtomobilə dair qeydiyyat hərəkətlərinin aparılması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), X4 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7386/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. İddiaçı mülkiyyətində olan “Toyota RAV-4” minik markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilin rəsmiləşdirilməsinə dair cavabdehə etdiyi müraciət həmin avtomobilin İsveç Krallığında oğurlandığı üçün “İNTERPOL” tərəfindən axtarışda olması əsası ilə təmin edilməmişdir.
2. “Toyota RAV-4” minik markalı, ** EV *** dövlət qeydiyyat nişanlı, 2017-ci il buraxılışlı, universal tipli, C1050506 mühərrik nömrəli, JTMREREV80D117528 ban nömrəli, qara metalik rəngli avtomobil iddiaçının mülkiyətindədir. İNTERPOLUN Baş Katibliyindən alınan məlumata görə, həmin avtomobil xx.xx.2022-ci il tarixdə İsveç Krallığında oğurlanmış və xx.xx.2022-ci il tarixdə təşkilatın “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində qeydə alınmışdır. Qeyd edilən fakt üzrə iddiaçının əməlində hər hansı bir cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan “Toyota RAV-4” minik markalı, ** EV *** dövlət qeydiyyat nişanlı, 2017-ci il buraxılışlı, universal tipli, C1050506 mühərrik nömrəli, JTMREREV80D117528 ban nömrəli, qara metalik rəngli avtomobilə dair qeydiyyat hərəkətləri aparılmaqla, həmin nəqliyyat vasitəsinin alqısatqısının (özgəninkiləşdirilməsinin) rəsmiləşdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Toyota RAV-4” minik markalı, ** EV *** dövlət qeydiyyat nişanlı, 2017-ci il buraxılışlı, universal tipli, C1050506 mühərrik nömrəli, JTMREREV80D117528 ban nömrəli, qara metalik rəngli avtomobil xx.xx.2022-ci il tarixdə gömrük dəyəri ödənilməklə gömrük ekspertizası idarəsinin inspeksiya xidməti orqanı tərəfindən texniki eyniləşdirmə şəhadətnaməsinə əsasən qeydiyyatdan keçmiş və xx.xx.2022-ci il tarixdə həmin avtomobilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən ** EV *** dövlət qeydiyyat nişanı verilməklə iddiaçının mülkiyyəti kimi qeydə alınmışdır. Bu barədə Azərbaycan Respublikası BDYPİ tərəfindən qeyd edilən avtomobilə, xx.xx.2022-ci il tarixli, “BB 288568” nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. 13 oktyabr 2022-ci il tarixdə BDYPİ-də avtomobili texniki müayinədən keçirib alqı-satqı müqaviləsi bağlamaq istəyərkən avtomobilin “İnterpol” xətti üzrə İsveç Krallığının müvafiq orqanları tərəfindən axtarışda olması bildirilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7386/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
6. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli avtomobil oğurlanmış avtomaşın kimi beynəlxalq dövlətlərarası axtarışda olan nəqliyyat vasitələrinin siyahısında qalmaqda davam edir. Əslində, bu haldan çıxış etməklə, inzibati orqan öz təşəbbüsü əsasında (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsi) inzibati icraat başlamaqla iddiaçının adına reyestrdə qeydiyyat aparılmaqla verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğvi məsələsinə baxa bilər. Lakin, hazırkı işin hallarından görünür ki, inzibati orqan hələ ki, belə bir icraat başlamamışdır. Buna baxmayaraq məhkəmə qeyd edir ki, sözügedən icraatın başlanılmaması və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin qüvvədə olması cavabdeh inzibati orqanı avtomobilə münasibətdə hazırkı məhdudiyyətləri tətbiq etməyə mane olmur. Belə məhdudiyyətin tətbiqinin əsası avtomobilin oğurluq olması faktının mövcud olmaqda davam etməsi halından irəli gəlir. Eyni zamanda, qeyd etmək lazımdır ki, həmin məhdudiyyətin götürülməsi mülki dövriyyənin vicdanlı iştirakçılarına (avtomobilin mümkün satılması halında onu əldə edəcək üçüncü şəxslərə) ziyan vurulmasına da gətirib çıxara bilər.
7. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7386/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində birinci icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-912/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7386/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmış ki, İddiaçı apelyasiya şikayətində avtomobilin mülkiyyətində olduğunu, bu səbəbdən də cavabdehin hərəkətlərinin hüquqlarını pozduğunu bildirmişdir. İddiaçının qeyd etdiklərinə münasibətdə Kollegiya bildirir ki, “İnzibati İcraat Haqqında Qanunun” 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Kollegiya qeyd edir ki, iddiaçının mülkiyyətində olan avtomobilin oğurlanmış avtomaşın kimi beynəlxalq dövlətlərarası axtarışda olan nəqliyyat vasitələrinin siyahısında olması işin mübahisəsiz halıdır. Cavabdehdə məhz bu səbəbdən avtomobilin istifadəsinə və özgələşdirilməsinə məhdudiyyət qoymaqda haqlı olmuşdur. İddiaçının apelyasiya şikayətinin digər dəlilləri formal mülahizələrdən ibarət olmaqla, mübahisələndirilən məhkəmə qərarının ləğvi üçün əsas təşkil etmədiyindən şikayət təmin olunmamalıdır. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, cavabdehin imtina səbəbləri əsaslı olduğundan, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir.
10. İddiaçı kassasiya şikayəti verərək 2-1(103)-912/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir.
c) Kassasiya instansiya məhkəməsində birinci icraat
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1807/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2024-cü il tarixli, 2-1(103)-912/2024 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
12. Kassasiya instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə qanuni və əsaslı qərar qəbul edilməsi məqsədi ilə, iddiaçı həmin avtomobili oğurluq hadisəsi xx.xx.2022-ci il tarixdə törədildiyi və “İnterpol”un “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində qeydə alındığı dövr ərzində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsinin İnspeksiya xidməti orqanından xx.xx.2022-ci il tarixində yuxarıda göstərilmiş avtonəqliyyat vasitəsinə texniki eyniləşdirmə şəhadətnaməsi almış, bunun əsasında xx.xx.2022-ci il tarixində Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən həmin avtomobilə ** EV *** dövlət qeydiyyat nişanı verilməklə, avtomobil iddiaçının xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.
13. Eyni zamanda yuxarıda artıq yazıldığı kimi, adıçəkilən nəqliyyat vasitəsi “İnterpol”un Milli Mərkəzi Bürosunda bundan sonra, yəni xx.xx.2022-ci il tarixində təşkilatın “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində qeydə alınmışdır.
14. “İddiaçı vicdanlı alıcı hesab edildiyi” cinayət işinin başlanmasının rədd olunması barədə xx.xx.2022-ci il tarixli qərarını nəzərə alaraq, “İnterpol”un Milli Mərkəzi Bürosuna sorğu göndərilməli və İsveç Krallığında oğurlanmış sözügedən avtomobillə bağlı nə kimi istintaq hərəkətlərinin edilməsi, hadisənin baş verməsindən artıq iki ildən çox vaxt keçməsini nəzərə alaraq, bu faktın nə ilə nəticələnməsi barədə müfəssəl məlumat alınmalı və ondan asılı olaraq, həmçinin işin yuxarıda göstərilmiş halları da diqqətə alınmaqla, doğru məhkəmə qərarı qəbul edilməlidir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
d) Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun “Toyota RAV-4” minik markalı, ** EV *** dövlət qeydiyyat nişanlı, 2017-ci il buraxılışlı, universal tipli, C1050506 mühərrik nömrəli, JTMREREV80D117528 ban nömrəli, qara metalik rəngli avtomobil üzərində mülkiyyət hüququnun tam formal xarakter daşıması davam etməklə, onun öz əmlakına (avtomobilə) sahib olmaq, həmin daşınar əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqları bərpa edilməmiş qalmaqdadır. İşə baxan məhkəmə, iddiaçının “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1.-ci maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun mövcudluğunu nəzərə almamışdır. İddiaçı ona mənsub əmlaka (daşınar əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququnu nəinki gerçəkləşdirə bilmir, hətta bu hüquqdan faktiki məhrum olmaqdadır.
e) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
f) Prosses iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
19.“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 27. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı İ hissə. Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlikqaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin , yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir;.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin 1.3-cü bəndinin ikinci cümləsinə əsasən nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: Maddə 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; Maddə 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); Maddə 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Maddə 32.3. İlkin inzibati aktla müqayisədə inzibati aktın ünvanlandığı şəxs üçün əlavə öhdəliklər yaratdığı və ya əlavə məhdudiyyətlər nəzərdə tutduğu hallarda da şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş qərar iddianın yeganə predmeti ola bilər. Prosessual normanın şikayətlə bağlı qərara ciddi təsir göstərəcək şəkildə pozulması da əlavə məhdudiyyət kimi qiymətləndirilməlidir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası qeyd edir ki qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilməmişdir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
26. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
27. İş materialında olan sübutlar əsasında müəyyən edilmişdir ki, Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin cinayət işi başlanmasının rədd edilməsi xx.xx.2022-ci il tarixli qərarından görünür ki, sözügedən fakt üzrə İddiaçı əməlində hər hansı bir cinayət tərkibinin əlamətləri olmadığından toplanmış materiallar üzrə cinayət işi başlanması rədd edilmişdir. Bundan əlavə 13 oktyabr 2022-ci il tarixdə BDYPİ-də avtomobili texniki müayinədən keçirib alqı-satqı müqaviləsi bağlamaq istəyərkən avtomobilin “İnterpol” xətti üzrə İsveç Krallığının müvafiq orqanları tərəfindən axtarışda olması bildirilmişdir.
28. Əvvəla qeyd edilməldir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar Üzrə Baş Gömrük İdarəsinə verilmiş sorğu əsasında gömrük rəsmiləşdirilməsinə dair sənədlər əldə edilmiş və Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosuna verilmiş sorğu əsasında isə İnterpol Stokholm tərəfindən göndərilmiş məktubda qeyd edilmişdir ki, X2 polisinin məlumatına əsasən, yuxarıda qeyd olunan nəqliyyat vasitəsi qeyri-qanuni utilizasiya ilə bağlı məsələyə daxil edilmişdir. Bu məsələnin iddiaçısı İsveçdən köçdüyü üçün məsələ bağlanıb. 29.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin 1.3-cü bəndinin ikinci cümləsinə əsasən nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir.
30. Həmin Əsasnamənin 2.8-ci bəndinə uyğun olaraq nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlara bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə müvafiq olaraq aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və ya vergilərin, yaxud haqların və yığımların ödənilməsi barədə sənəd; 5) Xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını.
31. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi (yəni cavabdehin özü) tərəfindən ** EV *** dövlət qeydiyyat nişanı verilməklə iddiaçının mülkiyyəti kimi qeydə alınmışdır, yəni həmin nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən artıq iddiaçının xüsusi mülkiyyətindədir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xüsusi mülkiyyətində olan adıçəkilən avtonəqliyyat vasitəsinin dövlət qeydiyyatı ləğv edilməmiş və qüvvədədir. Avtomobil halhazırda da iddiaçının xüsusi mülkiyyətindədir ki, şəxsin xüsusi mülkiyyətində olan əmlaka dair istənilən müdaxilə Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə ziddir.
33. Mülki Məcəllənin 182-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır.
34. Bundan əlavə, məhkəmə sorğusu əsasında avtomobilin gömrük rəsmiləşməsinə dair sənədlərdən X3 (etibarnamə əsasında etibar edilən şəxs) adına İsveç Krallığından gətirilən “Toyota RAV-4” minik markalı 2017-ci il buraxılışlı, universal tipli, C1050506 mühərrik nömrəli, JTMREREV80D117528 ban nömrəli, qara metalik rəngli nəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixdə ********** saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilməsi öz təsdiqini tapdığından, iddiaçı vicdanlı alıcı hesab edildiyindən, nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi (yəni cavabdehin özü) tərəfindən ** EV *** dövlət qeydiyyat nişanı verilməklə iddiaçının mülkiyyəti kimi qeydə alındığından və həmin qeyd hazırda qüvvədə olduğundan, yəni cavabdeh tərəfindən ləğv edilmədiyindən, həmin əmlakla bağlı sonrakı hərəkətin aparılmaması (özgəninkiləşdirilmənin rəsmiləşdirilməməsi) iddiaçının konstitusion hüquqularının pozulması kimi qiymətləndirilməlidir. Odur ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz hesab edilməli və sözügedən avtomobilə dair alqı-satqının rəsmiləşdirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslıdır və qərarın ləğvinə əsas verir, bu səbəbdən iddia təmin edilməli və İddiaçı mülkiyyətində olan “Toyota RAV-4” minik markalı, ** EV *** dövlət qeydiyyat nişanlı, 2017-ci il buraxılışlı, universal tipli, C1050506 mühərrik nömrəli, JTMREREV80D117528 ban nömrəli, qara metalik rəngli nəqliyyat vasitəsinin alqısatqısının (özgəninkiləşdirilməsinin) rəsmiləşdirilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7386/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan “Toyota RAV-4” minik markalı, ** EV *** dövlət qeydiyyat nişanlı, 2017-ci il buraxılışlı, universal tipli, C1050506 mühərrik nömrəli, JTMREREV80D117528 ban nömrəli, nəqliyyat vasitəsinin alqı-satqısının (özgəninkiləşdirilməsinin) rəsmiləşdirilməsi vəzifəsinin cavabdehə həvalə edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.