Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3161/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə Aslanova Gülnar Faiq qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Republikasının Təhsil Nazirliyinə və Bakı İslam Universitetinə qarşı “dövlət nümunəli diplomun tanınması və dəymiş mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7532/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2022-ci il tarixdə cavabdeh Azərbaycan Republikasının Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 40000 manat (qırx min manat) miqdarında ona dəymiş mənəvi zərərin əvəzinin tutulması və ya “dövlət nümunəli diplomun” tanınması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək Bakı İslam Universitetini Təhsil nazirliyi kimi cavabdeh qismində qəbul edilməsini və tələbinin “Təhsil Nazirliyi və Bakı İslam Universitetindən ona dəymiş mənəvi zərərin tutulması və dövlət nümunəli diplomun tanınması” kimi müəyyən edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, Bakı İslam Universiteti hazırkı inzibati məhkəmə icraatına cavabdeh qismində cəlb edilmiş, iddia tələbi “Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı İslam Universitetindən iddiaçıya dəymiş mənəvi zərərin tutulması və dövlət nümunəli diplomun tanınması” kimi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1-1(112)-7532/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümükün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iclasda iştirak etmirlər və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını ... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir ... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddiaçının tələbi iki hissədən ibarətdir: 1) dövlət nümunəli diplomun tanınması; 2) dəymiş mənəvi zərərin əvəzinin tutulması. İşdə olan Qafqaz Müsəlmanları İdarəsi Bakı İslam Universitetinin xx.xx.2006-cı il tarixli 1032 nömrəli diplomunun surətindən görünür ki, İddiaçı 2001-ci ildə Bakı İslam Universitetinə daxil olmuş və 2006-cı ildə axund-imam, islamşünas, tərcüməçi, şəriət müəllimi ixtisası üzrə tam kursu bitirmişdir. İddiaçı hazırda həmin diplomun tanınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"ndan görünür ki, 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. İstinad olunan normadan görünür ki, qanunverici yalnız xarici dövlətlərin ali təhsil müəssisələri tərəfindən verilmiş diplom üzrə ixtisasın tanınmasını müəyyən etmişdir. İddiaçının təhsil aldığı Bakı İslam Universiteti xarici ali təhsil müəssisəsi olmamış, xx.xx.1991-ci il tarixdə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Bakı İslam Mədrəsəsinin bazasında yaradılmış, xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qərarı ilə Universitetin nizamnaməsi qeydiyyata alınmışdır. Belə olan halda aydındır ki, həmin Universitet tərəfindən verilmiş diplomun tanınmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”na əsasən diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEA-na (məzunların sayına görə) Cavabdeh1 tərəfindən verilir. Diplom məzunlara ali təhsil müəssisəsini, AMEA-nı bitirdikdən sonra 10 gün müddətində verilir. Göründüyü kimi məzuna ali təhsil müəssisəsi tərəfindən diplom verilməsi üçün ilk öncə Təhsil Nazirliyi müvafiq diplom blankını ali təhsil müəssisəsinə göndərməlidir. Deməli, hazırkı halda iddiaçının hüquqi marağı onun adına olan diplom blankının Cavabdeh1 tərəfindən Bakı İslam Universiteti göndərilməsinə yönəlmişdir. İşdə olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-7615/2021 saylı qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə (3-cü şəxs Bakı İslam Universiteti) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddiaçının haqqında sənədini, yəni Bakı İslam Universitetinin vermiş olduğu diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Göründüyü kimi, iddiaçı artıq bir dəfə onun hüquqi marağına uyğun olaraq müvafiq tələblə məhkəməyə müraciət etmiş və həmin tələbə baxılaraq hüquqi qiymət verilmişdir. İPM-in 45.5-ci maddəsinə əsasən iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının ona Bakı İslam Universiteti tərəfindən verilmiş dövlət nümunəli diplomun tanınması barədə iddiası mümkün sayıla bilməz. İddia ərizəsindən görünür ki, iddiaçı ona verilmiş diplomun tanınmamasına görə 40000 manat məbləğində mənəvi zərər dəyməsini iddia edərək həmin məbləğin ödənilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-nin 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddənin mənasına görə, kompensasiyanın ödənilməsi tələbinə dair iddialar üzrə iddiaçının məqsədi inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Bunun üçün zərər cavabdehin qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmalıdır. Yəni iddiaçının xahiş etdiyi hərəkətin edilməsi bilavasitə inzibati orqanın fəaliyyətinə aid olmalı, müvafiq qaydada bu məsələ publik hüquqla tənzimlənməli, inzibati orqan qanunvericiliyə əsasən daşıdığı vəzifəsini pozmalı, orqanın hərəkəti (hərəkətsizliyi) qanunsuz olmalı, orqanın vəzifə pozuntusu ilə vurulmuş ziyan arasında səbəbli əlaqə olmalıdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin qanunsuz olaraq ona verilmiş diplomu tanımadığını bildirsə də, işdə olan məhkəmə qərarından görünür ki, iddiaçının bu iddiası təmin edilməmiş və həmin qərarda göstərilmişdir ki, “...Bakı İslam Universiteti tərəfindən 2014-cü ilədək məzunlara verilmiş diplomlar dövlət nümunəli sənədlər olmamışdır. Belə ki, həmin dövrədək Bakı İslam Universitetinin fəaliyyəti qanuni olmadığından Təhsil Nazirliyi tərəfindən Universitetə dövlət nümunəli diplom blankları verilməmişdir. İş materiallarından müəyyən olunur ki, yalnız, 2014-cü ildən etibarən Təhsil Nazirliyi tərəfindən Bakı İslam Universitetinə dövlət nümunəli sənədlər verilməyə başlanmışdır. Digər tərəfdən işin hallarından müəyyən olunur ki, iddiaçı 2001-ci ildə daxili müsabiqə yolu ilə Bakı İslam Universitetinə qəbul olunmuşdur. Halbuki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 21-ci maddəsinin tələblərinə müvafiq olaraq ali və orta ixtisas təhsili müəssisələrində tələbə qəbulu strateji əhəmiyyətə malik olan cox mühüm dövlət tədbiridir. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müvafiq icra hakimiyyəti (TQDK) tərəfindən müəyyən edilən qaydada (yəni test üsulu ilə) həyata keçirilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının adına Bakı İslam Universiteti tərəfindən yazılmış diplom blankı dövlət nümunəli sənəd hesab edilə bilməz. Buna səbəb iddiaçının 2001-ci ildə daxili test imtahanvermə yolu ilə Bakı İslam Universitetinə qəbul olunması və ona verilən diplom blankının Təhsil Nazirliyi tərəfindən sifariş verilməməsidir. Beləliklə, iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı sübut edilmədiyindən, iddiaçıya verilmiş diplom blankının hüquqi əsasının olmadığı məhkəmə araşdırması nəticəsində müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir.” Göründüyü kimi, məhkəmə cavabdeh Təhsil Nazirliyi tərəfindən hər hansı bir qanunvericilik normasının pozulmadığını əsas götürərək iddianı təmin etməmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə kollegiyası onu da qeyd edir ki, tərəflərin izahatından və işin hallarından məlum olur ki, iddiaçı Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-7615/2021 saylı qərarından apellyasiya şikayəti vermişdir və iş hazırda Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatındadır (iş № 2-1(103)-1823/2022). Əgər həmin iş üzrə iddiaçının şikayəti təmin olunaraq cavabdeh tərəfindən iddiaçıya münasibətdə dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməməsindən ibarət hərəkəti qanunsuz hesab edilərsə, hazırkı iddianın mümkün sayılmamasına bazmayaraq, iddiaçının cavabdehin bu hərəkətləri nəticəsində ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ saxlanılır. İddia tələbinin cavabdeh Bakı İslam Universitetinə münasibətdə mümkünlüyü “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Kollegiya qeyd edir ki, iddiaçının mənəvi zərərin ödənilməsi ilə bağlı tələb yönəltdiyi cavabdeh Bakı İslam Universiteti inzibati icraat qanunvericiliyinə əsasən inzibati orqan deyildir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda inzibati orqan və ya Qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hüquqi şəxs kimi təsnif edilməmişdir. Deməli, iddiaçı ilə Universitet arasında yaranmış münasibət inzibati münasibət kimi qiymətləndirilə və bu münasibətlər çərçivəsində yaranmış mübahisəyə inzibati mühakimə icraatı qaydasında baxıla bilməz. Həmçinin o da qeyd edilməlidir ki, yuxarıda istinad olunan normaların tələblərinə əsasən Bakı İslam Universitetinin nə diplom üzrə ixtisasın tanınması, nə də dövlət nümunəli diplom blankının verilməsi səlahiyyəti olmadığından Universitet həmin tələblərə münasibətdə ümumiyyətlə cavabdeh qismində çıxış edə bilməz. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın mümkün sayılmaması qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-753/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3161/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3161/2022
05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver