Məhkəmə qərarları › İş №2-1(103)-3162/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3162/2022

05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3162/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə Aslanova Gülnar Faiq qızının katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı reyestrdən çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7601/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR Nazirlər Sovetinin 30 dekabr 1990-cı il tarixli 600 nömrəli “Torpaq sahələrinin ayrılması haqqında” qərarı ilə, Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin təqdimatına əsasən Abşeron rayonu Novxanı üzümçülük-heyvandarlıq sovxozunun ərazisində Azərbaycan SSR Taxıl Məhsulları Nazirliyinin işçilərinə kollektiv bağçılıq və bostançılıq təşkil etmək üçün ayrılmış 7,0 ha ərazinin daxilində müəyyən edilmiş koordinatlar üzrə yerləşən, sahəsi 600 kv. metr olan, daimi istifadə üçün verilmiş 51 №-li bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7601/2022 saylı , xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı reyestrdən çıxarışın verilməsi tələbinə dair 2-1(112)-7601/2022 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərar alınmışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən prosessual hüquq normalarına əməl etmədən qərardad qəbul etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı iclasda iştirak etmir, iddiaçının nümayəndəsi Nümayəndə isə məhkəməyə teleqram ünvanlamaqla, ezamiyyətdə olacağı üçün iclasın başqa vaxta təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının və nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iddiaçının nümayəndəsi ezamiyyətdə olacağını təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 51 №-li Bağçılıq üzvülük kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 1991-ci il tarixdən bağçılıq cəmiyyətinin üzvlüyünə qəbul olunmuş İddiaçı Rza qızına Bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.1991-ci il tarixli protokoluna əsasən Novxanı ərazisində Bağçılıq cəmiyyəti bağından sahəsi 600 kv. metr olan 51 №-li bağ sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin 19 mart 2019-cu il tarixli K-16 №-li arxiv arayışında (surəti) qeyd olunmuşdur ki, “Azərbaycan SSR Nazirlər Soveti” arxiv fondunda mühafizə edilən sənədlərində Azərbaycan SSR Nazirlər Sovetinin 30 dekabr 1990-cı il tarixli 600 №-li “Torpaq sahələri ayrılması haqqında” qərarında qeyd olunur ki, Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin təqdimatına əsasən Abşeron rayonunun Novxanı üzümçülük-heyvandarlıq sovxozunun ərazisində Azərbaycan SSR Taxıl Məhsulları Nazirliyinin işçilərinə kollektiv bağçılıq və bostançılıq təşkil etmək üçün daimi istifadəyə 7,0 hektar torpaq sahəsi ayrılmışdır. Ayrılan sahənin Şimali Abşeron kurort zonasına daxil olduğunu nəzərə alaraq, ərazinin memarlıq görkəminin lazımi səviyyəsinin təmini üçün tikinti eskizi işlənilmiş və Dövlət Tikinti Komitəsi ilə müəyyən olunmuş qaydada razılaşdırılmışdır. Cavabdeh inzibati orqan da iddia tələbinə dair etirazında göstərmişdir ki, elektron kadastr baza məlumatlarına əsasən mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazi Abşeron İnzibati ərazi vahidinin sərhədləri daxilində yerləşir. Bundan əlavə iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1993/2020 №li xx.xx.2020-ci il tarixli qərarından müəyyən olunur ki: - İddiaçı (İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Azərbaycan SSR Nazirlər Sovetinin 30 dekabr 1990cı il tarixli 600 nömrəli qərarı ilə, Azərbaycan SSR X3 Komitəsinin təqdimatına əsasən, kollektiv bağçılıq və bostançılıq təşkil etmək üçün daimi istifadəyə verilən Novxanı ərazisində sahəsi 600 kvadrat metr olan 51 nömrəli bağ sahəsinin planı və ölçüsünün tərtib edilərək daşınmaz əmlakın dövlət reyestrində çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinə müraciət etmişdir. - Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(085)-1463/2019 nömrəli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. - İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təminedilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- 1(105)-197/2020 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2-1(085)-1463/2019 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qeyd olunan qərarı ilə iddiaçının kasasiya şikayəti təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyun 2020-ci il tarixli, 2-1(105)-197/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmənin qeyd olunan qərarında məhkəmə kollegiyası xüsusi olaraq qeyd etmişdir ki, həqiqətən Azərbaycan SSR Nazirlər Sovetinin 30 dekabr 1990-cı il tarixli, 600 saylı “Torpaq sahələri ayrılması haqqında” qərarının, həmçinin Abşeron rayon XDS İK-nin 26 mart 1991-ci il tarixli, 54 nömrəli qərarına əsasən Azərbaycan SSR Taxıl Məhsulları Nazirliyinin Azərbaycan Respublikası Taxıl Məhsulları kollektiv bağçılıq və bostançılıq yoldaşlıq şirkətinin Nizamnaməsinin qeydə alınması faktının, eləcə də iddiaçı da həmin bağçılıq cəmiyyətinin 51 saylı üzvlük kitabçasının mövcud olduğunu nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı müvafiq səlahiyyətli orqana (Abşeron rayon İcra Hakimiyyəti, Abşeron rayon bələdiyyəsi və ya digər) müraciət edib çatışmayan sənədləri əldə etmək hüququna malik olmaqla, həmin sənədləri də aldıqdan sonra hazırkı məsələnin həll edilməsi məqsədi ilə məhkəmədə yenidən iddia irəli sürə bilər. Göründüyü kimi hazırda iddiaçı tərəfindən mülkiyyət hüquqlarının qeydə alınması tələb olunan torpaq sahəsi Abşeron rayonunun inzibati ərazisində yerləşən daşınmaz əmlak ilə bağlıdır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Abşeron rayonu Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. İPM-nin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; Həmin Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 8.3-cü maddəsinə mübahisəyə baxılmasının birdən artıq məhkəmənin səlahiyyətinə aid olduğu hallarda, məhkəmə mübahisə ilə bağlı işi iddiaçı və ya ərizəçi tərəfindən seçilən məhkəməyə göndərir. İddiaçı və ya ərizəçi tərəfindən belə seçim edilmədiyi hallarda, məhkəmə mübahisə ilə bağlı işi aidiyyət qaydalarına uyğun olaraq müvafiq səlahiyyətli məhkəməyə göndərir. İPM-nin 8.2-ci maddəsinə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hazırkı işə Sumqayıt İnzibati Məhkəməsində baxılmasını qanunamüvafiq hesab etmişdir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7601/2022 saylı , xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar