Məhkəmə qərarları › İş №2-1(103)-3162/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3162/2024

18.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3162/2024 18.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteran adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-567/2024 nömrəli, 02 aprel 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) 2-1(112)-567/2024 nömrəli, 02 aprel 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçı xx.xx.1983-cü il təvəllüdlü İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsini tərəflərin dinlənilmə hüququnu təmin etməklə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. İş materiallarında olan poçt xəbərnaməsindən görünür ki, qərar cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixdə poçt xəbərnaməsinə imza edilməklə rəsmi olaraq qəbul edilmişdir. Apellyasiya şikayəti isə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəmənin dəftərxanasına təqdim edilmişdir. Məhkəmənin dəftərxanasına təqdim edilmiş zərfdə isə tarix qeyd edilməmişdir. Göründüyü kimi, qanunla müəyyən edilmiş qərardan şikayət vermə müddəti (30 gün) iddiaçı tərəfindən buraxılmışdır (05 gün). Apellyasiya şikayəti məhkəməyə daxil olduqdan sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən cavabdehə məktub göndərilərək qərardan apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə və sübutların məhkəməyə təqdim edilməsi bildirilsə də, cavabdeh tərəfindən ərizə və müddətin üzrlü səbəblərdən buraxılması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür və apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Buna görə də cavabdehin qərardan verdiyi apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-567/2024 nömrəli, 02 aprel 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar