Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3165/2023 23.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müddətsiz əlillik kimi qiymətləndirilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3794/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə 2008-2016-cı illər üzrə bütün əlillik təyinatlarının nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik altsistemi”nə daxil edilməsi, əlilliyin müddətsiz əlillik kimi qiymətləndirilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1). İddia tələbi aşağıdakılarla əsaslandırılmışdır: «…İddiaçı ümumi xəstəliyə (Diaqnoz ÜİX, gərginlik stenokardiyası İİİ f.s. Hipertoniya xəstəliyi İİ dərəcə, tez-tez krizlərlə. İnfarktdan sonrakı kardioskleroz) görə ona 2008-ci ildən başlayaraq 2016-cı ilə qədər hər il tibbi sosial ekspert komissiyasında müayinədən keçməklə və hər dəfə bir il olmaqla cəmisi 8 il, 2016-cı ildə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamə ilə müəyyən edilmiş yeni qaydalara uyğun olaraq 5 il, ümumilikdə isə 13 il fasiləsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamənin 4.2 maddəsində göstərilir ki, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Göründüyü kimi, səlahiyyətli dövlət orqanı tərəfindən ona ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 ildən də çox təyin olunmuşdur. Ona görə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamənin 4.2 maddəsinə əsasən əlilliyi müddətsiz müəyyən edilməli və əlilliyə görə əmək pensiyası da heç bir fasiləyə yol verilmədən davamlı olaraq ödənilməli idi. Lakin, Azərbayca Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamənin 4.2-ci maddəsinin tələbi pozularaq ona 13 il fasiləsiz ikinci dərəcə əlillik təyin olunduqdan sonra da əlilliyinə qanunsuz olaraq müddət qoyulmuş və sonda isə həmin müddətin bitməsi bəhanə gətirilərək əlilliyə görə əmək pensiyasının ödənilməsi 01 aprel 2021-ci ildən qanunsuz və əsassız olaraq dayandırılmışdır Əldə etdiyi məlumata görə əlillik təyinatları, o cümlədən müddətsiz əlilliyin müəyyən edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin əlillik altsistemi tərəfindən avtomatlaşdırılmış qaydada həyata keçirilir. Ona görə də, bütün əlillik təyinatları əlillik altsisteminə daxil edilsə idi, fasiləsiz ikinci dərəcə əlillik müddəti 10 ildən də çox olduğuna görə əlillik altsistemi onun əlilliyini mütləq müddətsiz müəyyən edəcəkdi. Amma şəxsi kabinetinə daxil olaraq görür ki, ƏƏSMN-nin elektron informasiya sisteminin əlillik altsistemində onun əlillik təyinatlarının yalnız dördü vardır və bu təyinatlar üzrə ümumi əlillik müddəti 8 il edir. 2009-2013 illərdəki əlillik təyinatları isə əlillik altsistemində yoxdur və bu təyinatlar üzrə əlillik müddəti isə 5 ildir. Ona aydın olur ki, bütün bunlar düşünülmüş şəkildə qəsdən edilmişdir. Yəni əlillik altsistemi tərəfindən ona avtomatlaşdırılmış qaydada müddətsiz əlillik təyinatı aparılmasının qarşısını almaq üçün əlillik təyinatlarının bir hissəsi yuxarıda göstərdiyi qaydada ya əvvəlcədən altsistemə daxil edilməmişsə də, sonradan altsistemdən silinmişdir. Nəticədə, altsistemdə düzgün olmayaraq on ildən az fasiləsiz ikinci dərəcə əlillik müddəti qalmış və elə bu səbəbdən də, altsistem əlilliyi müddətsiz müəyyən etməmişdir. Odur ki, baş vermiş saxtakarlığın və qanunsuzluğun aradan qaldırılması, habelə pozulmuş hüququnun bərpa edilməsi üçün 05 oktyabr 2022-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edərək bütün əlillik təyinatlarımın əlillik altsisteminə daxil edilməsini və ikinci dərəcə əlilliyinin müddətsiz əlillik kimi qiymətləndirilməsini tələb etmişdir. Lakin, Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi onun bu qanuni tələbini də, təmin etməkdən imtina edərək səhiyyə müəssisəsi tərəfindən müayinə-müalicə olunacağı və göndəriş rəsmləşdiriləcəyi təqdirdə əlillik vəziyyətinin mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəyi barədə ona yanlış cavab məktubu göndərmişdir. Qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamənin 4.2 maddəsində ikinci dərəcə əlilliyin müddətsiz müəyyən edilməsi üçün tələb olunan yeganə şərt fasiləsiz ikinci dərəcə əlillik müddətinin on il olmasıdır və həmin normada 10 il fasiləsiz ikinci dərəcə əlillik təyin edildikdən sonra əlilliyin müddətsiz müəyyən edilməsi üçün yenidən müayinə-müalicə və göndərişin rəsmləşdirilməsi tələb olunmur. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyini müddətsiz əlillik kimi qiymətləndirməkdən imtina etməsi və ondan müayinə-müalicə ilə bağlı adına göndəriş rəsmləşdirilməsini tələb etməsi tamamilə qanunsuz və əsassızdır.» Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, qanunsuz və əsassız olduğunu qeyd edərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3794/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci madəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş hərtərəfli araşdırılmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Əlillik altsistemində onun əlillik təyinatına və əlillik müddətinə dair məlumatlar ona avtomatik müddətsiz əlillik təyinatının aparılmasının qarşısının alınması məqsədilə qəsdən saxtalaşdırılmış və məhz bunun nəticəsində də əlilliyinin müddətsiz əlillik kimi qiymətləndirilmişdir. Lakin məhkəmə belə ciddi və məhkəmənin yekun qərarına təsir edəcək bir faktı araşdırmamış və ona qiymət verməmişdir. Məhkəmə yalnız tərəflərin izahatlarını dinləməklə kifayətlənmiş, mübahisə ilə bağlı nə işin faktiki, nə də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi, iddia üzrə mübahisənin predmeti yeni əlillik təyinatının aparılması ilə yox bütün əlillik təyinatının «Əlillik» altsiteminə daxil edilməsi və fasiləsiz əlillik müddətinə görə əlilliyinin müddətsiz əlillik kimi qiymətləndirilməsi ilə bağlı olmuşdur. Məhkəmə mübahisəyə yeni əlillik təyinatı ilə bağlı mübahisə kimi baxmış və bununla da iddia tələbindən kənəara çıxmışdır. İş materialları üzrə tam sübuta yetirilir ki, ona 2008-2016-cı illər üzrə 13 il ikinci dərəcə əlillik təyin edilmişdir və fasiləsiz əlillik müddətinə görə onun əlilliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair» Əsasnamənin 4.2 maddəsinə əsasən müddətsiz əlillik kimi qiymətləndirilmişdir. Ona görə də iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli qərarı ləğv edilməklə yanaşı onun iddiasının təmin edilməsi, yəni, bütün əlillik təyinatlarının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Əlillik» altsisteminə daxil edilməsi və əlilliyinin müddətsiz əlillik kimi qiymətləndirilməsi barədə Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə öhdəlik qoyulması barədə yeni qərar çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi S.Fətəliyev apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 14.3-cü maddəsinin tələbinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda, istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin orqannın üzərinə düşür. İşin hallarından göründüyü kimi, məcburetmə haqqında iddia vasitəsilə cavabdehin üzərinə 2008-2016-cı illər üzrə bütün əlillik təyinatlarının nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik altsistemi”nə daxil edilməsi, əlilliyin müddətsiz əlillik kimi qiymətləndirilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini tələb etmişdir. Lakin konkret halda, iddiaçının hazırkı tələbi üzrə iddia olunan qərarın qəbulunu zəruri edən faktiki şərtlər sübuta yetirilmir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavab olaraq cavabdehin ona ünvanladığı məktubuna, habelə, sonuncunun iddia ərizəsinə etirazına və işdə olan digər sənədlərə əsasən müəyyən olunur ki, iddiaçının «Əlillik» altsistemində sonuncu dəfə xx.xx.2016-cı il tarixdə 2-ci dərəcə əlilliyi, avtomatlaşdırılmış qaydada beş il müddətinə uzadılmış, bu zaman növbəti qiymətləndirmə tarixi xx.xx.2021-ci il tarixi təyin edilmiş, həmin müddət bitdikdən sonra isə ərazi tibb müəssisəsi tərəfindən onun əlillik vəziyyəti barədə «Əlillik altsiteminə Göndəriş (Forma-088) daxil olmamış və bununla əlaqədar cavabdeh tərəfindən ona bildirilmişdir ki, 18 №-li Birləşmiş şəhər xəstəxanası tərəfindən müayinə-müalicə olunacağı və yeni göndəriş rəsmiləşdiriləcəyi təqdirdə onun əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq adsızlaşdırılmış sənədlər üzərindən onun iştirakı olmadan qiymətləndiriləcək. İddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərindən də göründüyü kimi, iddiaçı sonuncu əlillik müddəti bitdikdən sonra, tibb müəssisəsi tərəfindən onun xəstəlik vəziyyəti barədə 088 formalı Göndərişin «Mərkəzləşdirilmiş Əlillik» altsisteminə yerləşdirilməsi barədə müvafiq müraciətinin mövcud olmadığını mübahisələndirmir. Konkret halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası” baxımından, onun mübahisələndirdiyi hal ondan ibarətdir ki, 2008-2016-cı illər üzrə əlillik müddəti «Əlillik» altsiteminə daxil edilməli, belə olan halda onun sonuncu əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixinə 13 il ikinci dərəcəli əlillik müddəti yaranır. Bu da imkan verir ki, ona avtomatlaşdırılmış qaydada, yəni, müayinə olunmadan və növbəti qiymətləndirmədən keçmədən 2-ci dərəcəli əlillik təyin olunsun. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 4.2-ci bəndinə əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81- 100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Məhkəmə kollegiyası aşağıdakılara görə iddiaçının qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, adıçəkilən “Əlilliyin qiymətləndirilməsi Qaydası» onu da nəzərdə tutur ki, - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. ...; 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Qaydanın qeyd olunan müddalarından göründüyü kimi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin TSEK tərəfindən əlilliyin müəyyən olunması barədə qərarı əsasında təyin edilir və həmin şəxs TSEK-in qərarı qəbul edildiyi tarixdən növbəti qiymətləndirilmə tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Konkret halda da iddiaçıya 5 il 2-ci dərəcə əlillik müddəti təyin edilərkən növbəti qiymətləndirmə (müayinə) tarixi xx.xx.2021-ci il tarixə müəyyən edilmişdir. Deməli, növbəti aprel ayının 1-dək o, əlilliyi olan şəxs statusunda hesab edilir, sonrakı gündən etibarən isə artıq əlilliyi olmayan şəxs vəziyyətini alır. Qaydanın qeyd olunan tələblərindən isə göründüyü kimi, iddiaçının növbəti əlilliyi müəyyən edildyi halda yalnız, 10 ildən çox 2-ci dərəcə əlillik müddəti nəzərə alınmaqla ona müddətsiz əlillik təyin edilə bilər. Ən azından, növbəti qiymətləndirmədə onun xəstəlik vəziyyətində sağalmaya doğru irəliləyişin baş verməsi nəticəsində ona həmin əlillik dərəcəsinin (diaqnozun) aradan qalxaması onun əlilliyini istisna etməsi istisna olunmur. Çünki, “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.5-ci bəndi ilə göndəriş verilməsinin aşağıdakı əsasları nəzərdə tutulmuşdur: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Göründüyü kimi, qeyd olunan əsaslar mövcud olmadan tibb müəssisəsi tərəfindən gönərişin tərtib olunub “Əlillik altsiteminə daxil edilməsi mümkün deyildir. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçı, onun 13 il əlillik müddətinin “Əlillik” altsitemində təsbit olunmaqla, ona müddətsiz 2-ci dərəcə əlillik təyin edilməsini tələb etməkdə haqlı hesab oluna bilməz (Onu da qeyd etmək lazımdır ki, məhkəmələr tərəfindən müvafiq yardım göstərmək məqsədilə iddiaçıda əlillik təyin edilməsinə imkan verən xəstəliyinin mövcudluğun müəyyən edilməsi məqsədilə məhkəmə tibbi ekspertizası təyin edilsə də iddiaçı ekspertiza tədqiqatına əyani müayinə üçün gettməmiş, ekspertiza icra olunmadan geri qaytarılmışdır). Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən onun həmin iddia tələbinin rədd olunmasını mahiyyət etibarı ilə düzgün nəticə kimi qiymətləndirir. İPM-in 73.1-ci maddəsi də məhz onu nəzərə də tutur ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarının pozulmuş olsun. Beləliklə də, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini, qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3794/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3794/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3165/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3165/2023
23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver