Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3165/2024 22.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödəmənin qaytarılması və həmin məbləğ geri qaytarılacağı günədək gecikdirilən hər gün üçün vergi ödəyicisinə 0.1 faiz məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8714/2024 nömrəli, 14 iyun 2024-cü il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək X3 tərəfindən dövlət büdcəsinə artıq ödənilən 19868,0 manat pul vəsaitinin onun vərəsəsi İddiaçı geri qaytarılması və artıq ödəmənin geri qaytarılması barədə ərizə təqdim edilən tarixdən artıq ödəmənin geri qaytarılması tarixinədək gecikdirilən hər gün üçün ödəməm günü də daxil olmaqla müvafiq məbləğin 0,1 % məbləğinin ödənilməsi barədə rəy verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 (VÖEN **********) dövlət büdcəsində 21926,43 manat məbləğində artıq ödənilmiş vergiləri mövcud olmuşdur. Həmin şəxs xx.xx.2021-ci il tarixdə vəfat etmiş və onun həyat yoldaşı, hazırki işdə iddiaçı onun vərəsəsi kimi tanınmış və qeyd olunan vəsaitin onun tərəfindən əldə olunması hüququna dair vərəsəlik şəhadətnaməsi təqdim olunmuşdur. Bundan sonra iddiaçının səlahiyyətli nümayəndəsi X7 xx.xx.2022-ci il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə ilə yerli vergi orqanına müraciət etmişdir. Qeyd olunan müraciət yerli vergi orqanı tərəfindən səthi araşdırılaraq əsassız imtina məktubu ilə cavablandırılmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçı yenidən vergi orqanına müraciət edərək təqdim olunmuş ərizənin araşdırılmasını və icrasını xahiş etsə də, vergi orqanı yenidən məsələyə laqeyd münasibət bildirmişdir. Hətta o dərəcədə müraciətə əhəmiyyət verilməmişdir ki, mərhum Elmira Nəsirovanın ərizə ilə müraciət etməsi barədə qeyd əks olunmuşdur. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət etməsinə baxmayaraq, hazırkı tələb ilə vergi orqanına müraciət etməmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarı ilə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nın tələbinə görə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların, o cümlədən vergi orqanlarının yalnız rəy vermək səlahiyyətinin olduğu müəyyən edilmişdir. Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması və qaytarılmanın kecikdirilməsinə görə hesablanmış faizlərin ödənilməsi isə Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8714/2024 nömrəli, 14 iyun 2024-cü il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia tələbi qismən təmin edilmiş, X1 dövlət büdcəsinə artıq ödənilən 19868,0 manat pul vəsaitinin onun vərəsəsi İddiaçı geri qaytarılması barədə rəy verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmuş və iddia tələbi artıq ödəmənin geri qaytarılması barədə ərizə təqdim edilən tarixdən artıq ödəmənin geri qaytarılması tarixinədək gecikdirilən hər gün üçün ödəmə günü də daxil olmaqla müvafiq məbləğin 0,1 % məbləğinin ödənilməsi hissəsində rədd edilmişdir. Qərarın iddianın təmin edilməyən hissəsindən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının iddianın rədd olunan hissədə ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, hazırki tələb dəfələrlə məhkəmə müstəvisində təsdiqini tapmış tələbdir və qeyrimüəyyən hər hansı hal yoxdur. Vergi orqanının qərəzli olaraq hansısa mübahisə üzrə qərarı həmin hissədə icra etməməsini məhkəmə yanlış olaraq qeyri-müəyyən tələb kimi başa düşmüşdür. Halbuki, qeyd olunan tələb olduqca aydındır. İddiaçının ərizə verdiyi tarixdən artıq ödənilmiş vəsaitin bank hesabına daxil olduğu tarixədək ötən hər gün üzrə 0,1 faiz məbləğinin ödənilməsində qeyri-müəyyən hər hansı hal yoxdur. Ödənilməli faiz məbləğinin müəyyən edilməsi sadə riyazi hesablamadır. Cavabdehin əsas tələb üzrə artıq ödənilmiş vəsaitin qaytarılmasından imtina etməsi faizlərin də qaytarılmasından imtina kimi qiymətləndirilməlidir. Yekun olaraq bildirilir ki, qeyd olunan hala dəfələrlə kassasiya instansiyası məhkəməsi tərəfindən münasibət bildirilmişdir. Birinci instansiya məhkəməsi zamanı iddiaçıya bununla bağlı imkan yaradılmamış, vahid formalaşmış təcrübə görməzdən gəlinmişdir. Şikayətə əlavə olunan kassasiya instansiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-722/2024 tarixli qərarından göründüyü kimi, faizlərin ödənilməsindən imtina edildiyinə görə vergi orqanı barəsində cərimə də tətbiq edilmişdir. Bundan başqa, kassasiya instansiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-1315/2021 saylı, xx.xx.2020-ci il tarixli 2-1(102)-1668/2020 saylı, xx.xx.2022-ci il tarixli 2-1(102)-236/2022 saylı qərarlarında da artıq ödənilmiş məbləğlərin gec ödənilməsinə görə faizlərin ödənilməsi barədə tələblər dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmçinin, cavabdeh inzibati orqan qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının iddianın təmin olunan hissədə ləğv olunmasını və iddia tələbinin tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2019-cu il 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na uyğun olaraq həyata keçirilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Eyni zamanda, yuxarıda adıçəkilən Qaydaların 6.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) vergi ödəyicisinə və ya sığortaedənə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Həmin Qaydaların 6.3cü maddəsinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılmasının gecikdirilməsi vergi ödəyicisinin mövcud qaydalara riayət etməməsi səbəbindən baş verdiyi halda, gecikdirilmiş müddət üçün faiz ödənilmir. Qeyd edilən Qaydaların 5-ci bəndinə əsasən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada vergi ödəyicisinin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə və xarici diplomatik və analoji nümayəndəliklər üzrə 4 nüsxədə rəy tərtib edirlər. Rəydə ayrı-ayrı vergi növləri üzrə artıq ödənilmiş məbləğlər, habelə digər vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların olmadığı əks etdirilməli və rəy müvafiq qaydada təsdiq olunmalıdır. Tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hallarda 12 gün müddətində artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına, 1 nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 nüsxəsi isə vergilərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. Tərtib olunmuş rəy nəticəsində büdcəyə artıq ödəmələrin faktiki qaytarılmış məbləğləri maliyyə orqanlarının rəsmi məlumatlarına əsasən vergi ödəyicisinin şəxsi hesab vərəqəsində əks etdirilir və büdcəyə daxilolmalar barədə hesabatlarda nəzərə alınır. Maliyyə orqanları vergi ödəyicisinin büdcəyə daxil olmasını təmin edən orqanlar tərəfindən verilmiş rəyləri qəbul edirlər. Mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bir nüsxəsi və ərizənin surəti 5 və ya bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hallarda 4 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir. Maliyyə orqanları vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq vəsaitin qaytarılmasını təmin etməlidirlər. Maliyyə orqanları tərəfindən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara artıq ödəmənin qaytarıldığı barədə 5 gün müddətində məlumat verilir. Dövlət büdcəsinin mədaxili büdcəyə artıq ödəmələrin faktiki qaytarılmış məbləği qədər azaldılır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahat verərək, iddiaçının apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, cavabdehin apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən – iddianın təmin olunmayan hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarından görünür ki: - Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş fiziki şəxslərin vergi uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ********** VÖEN-lə qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. - xx.xx.2021-ci il tarixdə X3 21.926,43 manat əlavə dəyər vergisi qismində artıq ödəmə etmişdir. - Ölüm haqqında şəhadətnaməyə əsasən X3 28 aprel 2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 05 ayının 03 günündə 396 № ilə qeyd edilmişdir. - Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi - əri İddiaçıdur (bundan sonra iddiaçı) və o miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş **********642100 nömrəli məktuba əsasən X1 (VÖEN: **********) 21.926 manat 43 qəpik (iyirmi bir min doqquz yüz iyirmi altı manat qırx üç qəpik) vergilər üzrə artıq ödəmə məbləğindən ibarətdir. - İddiaçının nümayəndəsi (X7) xx.xx.2022-ci il tarixdə 21.500 manat artıq ödənilmiş vergilərin qaytarılması ilə bağlı ərizə ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. - Cavabdeh həmin məktuba cavab olaraq iddiaçıya ünvanladığı məktubda göstərmişdir ki, “... X3 (VÖEN **********) tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na uyğun olaraq müraciət olunduqda qeyd olunan məsələyə yenidən baxıla bilər...” - Şəxsi hesab vərəqəsində olan son məlumatdan görünür ki, X1 01 sentyabr 2022ci il tarixə artıq ödəmə kimi müəyyən olunan məbləğ 19.868 manat 23 qəpik təşkil edir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, “Qüvvədə olan qanunvericiliyin müddəalarından görünür ki, vergi ödəyicisi vəfat etdikdə, onun vergi öhdəliklərinə (əmlak vergisi istisna olmaqla) xitam verilir. Göründüyü kimi vergi ödəyicisinin ölümü ilə əlaqədar yalnız onun vergi öhdəliklərinə xitam verilir ki, vergi öhdəlikləri dedikdə isə VM-də göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən, cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi başa düşülür. Göstərilən bu hal isə ona dəlalət edir ki, vəfat etmiş vergi ödəyicisinin yalnız vergi öhdəliklərinə xitam verilir, artıq ödənilmiş vəsaitin vərəsələri tərəfindən tələb edilməsini istisna edən hal VM-də nəzərdə tutulmur. Belə olan halda Məhkəmə hesab edir ki, X3 tərəfindən ödənilmiş artıq pul vəsaiti İddiaçı tərəfindən tələb oluna bilər.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -15.1-ci maddəsinə görə vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: 15.1.4. artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək. - 24.0-cı maddəsinə görə vergi orqanları: 24.0.10. vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludur. - 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. - 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. - 4.1-ci bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.3-1. Rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. -4.2-ci bəndinə əsasən vergi orqanları artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.2.4. büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. 4.9. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. 4.10. Vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəyin (4 nömrəli əlavə) 2 (iki) nüsxəsi, yazılı ərizənin surəti və ya bu Qaydaların 4.1.3-cü yarımbəndinə uyğun olaraq tərtib edilmiş elektron ərizənin, habelə şəxsi vərəqədən çıxarışın “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun surətləri vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş halda 12 gün, 4.8-ci bəndin ikinci cümləsində nəzərdə tutulmuş halda isə 3 (üç) ay müddətində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların Bakı şəhərindəki qurumları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların yerli qurumları tərəfindən artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına müvafiq olaraq kağız daşıyıcıda və ya elektron formada (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) və 1 (bir) nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 (bir) nüsxəsi isə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. -6.1-ci bəndinə görə vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. -6.2-ci bəndinə görə vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndinin və 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya faiz ödənilmir. Göründüyü kimi artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququ, həmin məbləğlərin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək isə vergi orqanlarının vəzifələridir. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı vergi ödəyicisi olmuş X1 qanuni vərəsəsi olaraq sonuncu tərəfindən vergilər üzrə artıq ödənilmiş pul vəsaitinin və həmin məbləğ geri qaytarılacağı günədək gecikdirilən hər gün üçün vergi ödəyicisinə 0,1 faiz məbləğinin ödənilməsini tələb edir. Cavabdeh isə həmin müraciətə cavab olaraq, X3 tərəfindən artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması ilə bağlı ərizənin daxil olduqdan sonra müraciətə baxılacağını bildirir. Daha sonra cavabdeh iddia tələbinə münasibətdə təqdim etdiyi yazılı etirazda əlavə əsas göstərərək artıq ödənilmiş vergilərin və onların qaytarılmasının gecikdirilməsinə görə faiz məbləğlərinin Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ödənilməli olduğunu vurğulamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin dəlilləri əsassızdır. Belə ki, X3 28 aprel 2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı mərhumun qanuni vərəsəsi olduğundan, hüquqi aspekt baxımından onun mərhum X3 tərəfindən artıq ödənilmiş pul vəsaitinin geri alınmasını tələb etmək hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1153-cü maddəsinə əsasən şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilən “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar, məsələn səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətinin əmələ gəlməsini (mirasın açılmasını) mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir. Fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır, bunun nəticəsində müəyyən dairə şəxslər vərəsəliyə çağrılır, həmin şəxslər mirası qəbul və əldə edirlər. Məhz mirasın açılması, vərəsələr tərəfindən qəbul olunması və əldə edilməsi ilə əlaqədar yaranan münasibətlər vərəsəlik münasibətləridir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını və bundan irəli gələn digər fəaliyyət sferası Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə tənzimlənir. Həmin Məcəllənin 77.4.3-cü maddəsinə əsasən vergi ödəyicisi vəfat etmiş və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə vergi öhdəliyinə xitam verilmiş hesab olunur. Vəfat etmiş və ya ölmüş hesab edilmiş şəxsin əmlak vergiləri üzrə borcları vərəsəlik əmlakının dəyəri hədlərində ödənilir. Yuxarıda sadalanan qanunvericilik normalarından görünür ki, vergidə ödəyicisinin ölümü ilə əlaqədar yalnız onun vergi öhdəliklərinə xitam verilir ki, vergi öhdəlikləri dedikdə isə VM-də göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi başa düşülür. Göstərilən bu hal isə ona dəlalət edir ki, vəfat etmiş vergi ödəyicisinin yalnız vergi öhdəliklərinə xitam verilir, artıq ödənilmiş vəsaitin vərəsələri tərəfindən tələb edilməsini istisna edən hal VM-də nəzərdə tutulmur. Göründüyü kimi birinci instansiya məhkəməsi haqlı olaraq X1 dövlət büdcəsinə artıq ödənilən 19868,0 manat pul vəsaitinin onun vərəsəsi İddiaçı geri qaytarılması barədə rəy verilməsi vəzifəsini cavabdeh inzibati orqanının üzərinə qoymuşdur. Digər tərəfdən qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, “iddia tələbi 0,1 % pulun ödənilməsi hissəsində rədd edilməlidir. Belə ki, tələbin həmin hissəsi üzrə iddiaçı artıq ödəmənin geri qaytarılması barədə ərizə təqdim edilən tarixdən artıq ödəmənin geri qaytarılması tarixinədək gecikdirilən hər gün üçün ödəmə günü də daxil olmaqla müvafiq məbləğin 0,1 % məbləğinin ödənilməsini xahiş edir. Göründüyü kimi, tələbin həmin hissəsi qeyrimüəyyəndir. Çünki artıq ödəmənin hansı tarixdə geri qaytarılacağı qeyri-müəyyən olduğundan, hansı tarixdə, hansı məbləğdə gecikdirilən faiz məbləğinin tutulmasının (hesablanmasının) hazırda qeyri-müəyyən olması gələcəkədə qərarın icrasının çətinləşdirən və ya qeyri-mümkün edən haldır. Həmin 0,1 % məbləğ yalnız, artıq ödəmənin geri qaytarılması hissədə qərar icra olunduğu halda, dəqiq günü və məbləği göstərilməklə həmin məsələyə baxıla bilər.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001ci il tarixli, 48 nömrəli Qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları»nın 1.1-ci və 1.2-ci bəndlərinə əsasən bu Qaydalar vergi ödəyicisindən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin (bundan sonra — büdcəyə artıq ödəmələr) qaytarılması qaydalarını müəyyən edir. Bu Qaydalarda «vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar» dedikdə, verginin tam və vaxtında büdcəyə ödənilməsinə nəzarəti həyata keçirən orqanlar nəzərdə tutulur. Həmin Qaydaların 2-ci bəndinə görə vergi ödəyicisi düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Qaydaların 3.1 və 3.2-ci bəndlərinə müvafiq olaraq vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin qeydiyyatda olduğu vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Həmin Qaydaların 5.1, 5.1.3 və 5.1.4-cü bəndlərinə əsasən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar büdcəyə artıq ödəmələrin qalan hissəsinin vergi ödəyicisinə qaytarılması üçün bu Qaydaların müddəalarına uyğun tədbirlər görürlər; Vergi Məcəlləsində başqa hallar müəyyən edilməmişdirsə, büdcəyə artıq ödəmələrin qalan məbləğlərini vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarırlar. Həmin Qaydaların 6-cı bəndinə görə büdcəyə artıq ödəmələrin qaytarılması üzrə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların və maliyyə orqanlarının məsuliyyəti 6.1. Vergi ödəyicisi və ya sığortaedən tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə və ya sığortaedənə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. 6.2. Vergi ödəyicisinin və ya sığortaedənin artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə və ya sığortaedənə faiz ödənilmir. Beləliklə, qüvvədə olan qanunvericilik normalarından görünür ki, vergi ödəyicisinə və ya sığortaedənə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilməlidir. Eyni zamanda qeyd edilməlidir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin qərarlarında (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1315/2021 saylı, xx.xx.2021-ci il tarixli; 2-1(102)-1668/2020 saylı, xx.xx.2020-ci il tarixli; 2-1(102)-722/2024 saylı, xx.xx.2024-cü il tarixli) vergi ödəyicisinə və ya sığortaedənə artıq ödənilmiş məbləğin 0,1 faizi məbləğində faiz ödənilməsi öz əksini tapmışdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi tam təmin edilməklə, X1 dövlət büdcəsinə artıq ödənilən 19868,0 manat pul vəsaitinin onun vərəsəsi İddiaçı geri qaytarılması və artıq ödəmənin geri qaytarılması barədə ərizə təqdim edilən tarixdən artıq ödəmənin geri qaytarılması tarixinədək gecikdirilən hər gün üçün ödəmə günü də daxil olmaqla müvafiq məbləğin 0,1 % məbləğinin ödənilməsi barədə rəy verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayət maddi hüquq normalarına əsaslanmaqla, formal xarakter daşımış və qərarın mübahisələndirilən hissədə ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8714/2024 nömrəli, 14 iyun 2024-cü il tarixli qərarı qismən – “artıq ödəmənin geri qaytarılması barədə ərizə təqdim edilən tarixdən artıq ödəmənin geri qaytarılması tarixinədək gecikdirilən hər gün üçün ödəmə günü də daxil olmaqla müvafiq məbləğin 0,1 % məbləğinin ödənilməsinin rədd edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8714/2024 nömrəli, 14 iyun 2024-cü il tarixli qərarı qismən – iddia tələbinin “artıq ödəmənin geri qaytarılması barədə ərizə təqdim edilən tarixdən artıq ödəmənin geri qaytarılması tarixinədək gecikdirilən hər gün üçün ödəmə günü də daxil olmaqla müvafiq məbləğin 0,1 % məbləğinin ödənilməsinin rədd edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-3165/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3165/2024
22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver