Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3166/2024 17.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədova (sədrlik edən və məruzəçi), Səadət Rəşid qızı Səlimova və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2-1(112)-1188/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında bаxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 2002-ci ildən xx.xx.2017-ci il tarixinədək olan ezamiyyə xərclərinin (səhra çıxışları ilə əlaqədar) ödəniməsi barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı peşəkar hərbiçi olaraq Azərbaycan Respublikası Müdafiə nazirliyində 23 ildən artıq hərbi xidmət keçmişdir. Belə ki, növbəti hərbi xidməti başa vurduqdan sonra xx.xx.2001-ci il tarixindən 4-cü korpusun 061 nömrəli əlahiddə batalyonunda bölüyün baş çavuşu vəzifəsinə təyin olunmuşdur. xx.xx.2002-ci il tarixindən Müdafiə Nazirliyinin “052” nömrəli hərbi hissəsində müxtəlif vəzifələrdə xidmət keçmişdir. Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar almış olduğu xəsarət nəticəsində 2022-ci ilin aprel ayının 04-də xəstəliyə görə ehtiyata buraxılmaqla tərxis olunmuşdur. O, xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək 2002-ci ildən tərxis olunduqları günədək hərbi xidmətdə müxtəlif bölgələrə ezam olunmaları ilə əlaqədar ezamiyyə pulunun hesablanaraq ödənilməsini xahiş etsə də, cavabdeh tərəfindən müraciətinə ümumiyyətlə cavab verilməmişdir. Onunla eyni vaxtda müraciət edən X3 müraciətinə isə xx.xx.2022-ci il tarixli məktubla cavab verilərək Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnamənin 39.6.3-cü yarımbəndinə istinad edilməkə müraciətin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, ona ezamiyyə xərcləri ödənilməlidir Bakı İnzibati Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2-1(112)-1188/2024 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2-1(112)-1188/2024 saylı qərardadından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən cavandehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı prosessual müddəti ötürdüyü üçün iddia mümkün sayılmamalıdır. Belə ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 nömrəli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların pul təminatı həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2002-ci il tarixli 220 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında Əsasnamə”sinin ümumi müddəlarının 10-cu maddəsinə əsasən Hərbi qulluqçulara verilməli olan və vaxtında ona ödənilməmiş və ya lazımi miqdardan az ödənilmiş pul təminatı hərbi qulluqçuların pul təminatı almaq hüququna malik olduqları bütün dövr ərzində, lakin pul təminatı almaq üçün edilən müraciətdən üç il əvvəldən çox olmayan müddətdə ödənilir. Birdəfəlik pul təminatı, əgər almaq üçün edilən müraciət ona olan hüququn yarandığı gündən üç il keçməmiş müddət başa çatmayanda verilmişsə ödənilir. Həmin Əsasnamənin 9-cu maddəsində qeyd olunur hərbi qulluqçuların pul təminatının ödənilməsi haqqında ərizələri və şikayətləri nəzərə alınır və Azərbaycan Respublikası Silahlı X1 müəyyən olunmuş qaydada həll edilir. Eyni tələblər xx.xx.2017-ci il tarixdən qüvvədə olmuş, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçuların pul təminatı haqqında Əsasnamə”sinin ümumi müddəlarının 1.10 və 1.11-cu maddəsində qeyd edilmişdir. xx.xx.2017-ci il tarixdək qüvvədə olmuş 220 nömrəli əmr ilə təsdiq edilmiş əsasnamə Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli əmri ilə ləğv edilmiş və qeyd olunan yeni əsasnamənin 39.6.3 maddəsinə əsasən pul təminatının ödənilməsinə əmsallar tədbiq olunan hərbi qulluqçulara Səhra pulları ödənilmir. Nəzərə alınmalıdır ki, səhra çıxışları ilə əlaqədar ezamiyyə xərclərinin ödənilməsi üçün iddiaçı xidmət etdiyi dövrdə müraciət etməyibsə iddia müddətindən 10 ildən cox bir zaman keçdikdən sonra müraciəti əsassızdır. İşin araşdırılan hallarından görünür ki, iddiaçı xidmət etdiyi dövr üçün səhra çıxışları və ya ezamiyyə xürcləri əvəzinə “Taktiki xüsusi təlimlərə” cəlb edilməsinə görə rütbə və vəzifə maaşlarına 2 dəfədən 4 dəfəyədək artım əmsallarını almış, bu artımların “səhra pullarından” artıq olduğunun fərqində idi və artımların dayandıraraq ona “səhra pullan”nın ödənilməsinə dair cavabdehə heç bir müraciəti daxil olmamışdır. Bundan başqa o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər üzrə beş il keçdikdən sonra qüvvəsini itirir. Göründüyü kimi İddiaçı imperativ xarakter daşıyan qanunun tələbinə riayət etməmiş və məhkəmədə iddia qaldırmaq müddətini üzürlü səbəb olmadan ötürmüşdür. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2-1(112)-1188/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3166/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3166/2024
17.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver