Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3167/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödəmənin qaytarılması və həmin məbləğ geri qaytarılacağı günədək gecikdirilən hər gün üçün vergi ödəyicisinə 0.1 faiz məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7566/2023 saylı, xx.xx.2023cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən artıq ödənilmiş 300.000 (üç yüz min) manat məbləğində pul vəsaitinin onun şəxsi hesab vərəqəsindən silinməsi ilə bağlı cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və iddiaçının müraciət etdiyi 19 dekabr 2017-ci il tarixə şəxsi hesab vərəqəsi üzrə mövcud olan 5 illik tələbetmə müddəti keçməmiş 300.000 (üç yüz min) manat artıq ödəmənin qaytarılması və artıq ödəmənin qaytarılacağı günədək gecikdirilmiş hər günə görə 0.1 faiz məbləğində faizlərin hesablanaraq ödənilməsi ilə bağlı müvafiq rəyin maliyyə orqanlarına verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, müəyyən dövrlərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Fəaliyyət göstərdiyi dövr ərzində nümunəvi vergi ödəyicisi kimi seçilmiş və vaxtlı-vaxtında dövlət büdcəsinə yaranmış vergi öhdəliklərini tam icra etmişdir. xx.xx.2013-cü il tarixdə iddiaçının şəxsi hesab vərəqəsində 300.037,29 manat məbləğində artıq ödənilmiş vergilər mövcud idi. Qeyd olunan artıq ödənilmiş vergilərin yaranmasına səbəb isə iddiaçı tərəfindən real vergi öhdəliklərindən artıq məbləğdə ödənişlərin həyata keçirilməsindən ibarət olmuşdur. Belə ki, xx.xx.2017-ci il tarixə iddiaçının şəxsi hesab vərəqəsində 300.037,29 manat artıq ödənilmiş vergilər mövcud idi ki, iddiaçı da məhz həmin artıq ödənilmiş vergilərin həmin tarixə 5 illik tələbetmə müddəti keçməmiş 300.000,00 manat artıq ödənilmiş vergilərin qaytarılması məqsədilə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə ilə vergi orqanına müraciət etmişdir. Həmin ərizə poçt vasitəsilə xx.xx.2017-ci il tarixdə cavabdeh tərəfindən təhvil alınmışdır. Vergi orqanı həmin ərizəyə bir müddət cavab vermədikdən sonra, qeyd olunan ərizə ilə bağlı iddiaçı vergi orqanı ilə yenidən əlaqə saxlamış və həmin zaman ona bildirilmişdi ki, artıq ödənilmiş vergi məbləği, yəni 300.000,00 manat hissə-hissə olaraq qaytarılacaq və ondan artıq ödənilmiş vergilərin 50.000 manat məbləği ilə bağlı yenidən ərizə yazmaq tələb olunmuşdu. Bununla əlaqədar, iddiaçı yenidən 50.000 manat artıq ödənilmiş vergilər ilə bağlı vergi orqanına müraciət etsə də, bir nəticə əldə edə bilməmişdir. İddiaçının xx.xx.2017-ci il tarixli ilkin müraciəti vergi orqanı tərəfindən yalnız xx.xx.2018-ci il tarixli məktubla cavablandırılmışdır. Həmin məktubla iddiaçıya bildirilmişdir ki, onun müraciəti müvafiq olaraq araşdırılacaq və nəticəsi barədə ona məlumat veriləcəkdir. Göründüyü kimi iddiaçı öz tərəfindən 300.000,00 manat artıq ödənilmiş vergilərin qaytarılması üçün müvafiq ərizəni həmin tarixə 5 illik tələbetmə müddəti bitmədən göndərməklə qanunvericiliyin tələblərinə tam riayət etmişdir. Bundan əlavə artıq ödənilmiş vergilərin qısa zaman ərzində ona qaytarılması üçün mütəmadi olaraq vergi orqanı ilə əlaqə saxlamış və qanunla ona qaytarılmalı olan məbləğin ödənilməsi üçün bütün tələb olunan qaydalara əməl etmişdir. Lakin cavabdeh vergi orqanı artıq ödənilmiş vergi məbləğinin qaytarılması ilə bağlı iddiaçıya nə imtina məktubu göndərmiş, nə də məsələnin həlli istiqamətində bir addım atmışdır. Bununla, vergi orqanı müvafiq qanunvericiliyin tələblərinə riəyət etməmiş və artıq ödənilmiş vergiləri iddiaçıya qaytarmamaqla süni şəkildə süründürməçiliyə yol vermişdir. Bundan sonra, iddiaçı qeyd olunanlarla bağlı dəfələrlə vergi orqanına müraciət ünvanlamışdır. Cavabdeh vergi orqanı müxtəlif bəhanələr gətirməklə və əsassız olaraq iddiaçıya geri qaytarılmalı olan artıq ödəmə məbləğini ona qaytarmaqdan imtina edir. Belə ki, vergi orqanı bugünədək formal mülahizələrə istinad edərək əsassız və qanunsuz olaraq iddiaçının şəxsi hesab vərəqəsi üzrə müraciət etdiyi tarixə 5 illik tələbetmə müddəti keçməmiş 300.000,00 manat artıq ödənilmiş vergilərin qaytarılmasını süni şəkildə uzadaraq qaytarmamışdır. Qeyd olunanlara əlavə olaraq, iddiaçının xx.xx.2013-cü il növbəti sorgusuna cavab olaraq cavabdeh vergi orqanı iddiaçının şəxsi hesab vərəqəsində olan artıq ödənilmiş vergilərlə bağlı xx.xx.2017-ci ildə YAPS kuryer şirkəti vasitəsilə göndərdiyi ərizəsini xx.xx.2017-ci il tarixdə rəsmi olaraq aldığını təsdiq etmiş və müvafiq poçt qəbzini həmin cavab məktubunun qoşmasına əlavə etmişdir. Hesab edir ki, qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla, iddiaçının şəxsi hesab vərəqəsi üzrə artıq ödəmə məbləğinin vergi orqanı tərəfindən qaytarılmaması əsassız və qanunsuz hesab edilməli və iddiaçının şəxsi hesab vərəqəsi üzrə ərizə ilə müraciət etdiyi həmin tarixə 5 illik tələbetmə müddəti keçməmiş 300.000,00 (üç yüz min) manat artıq ödənilmiş vergilərin ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə qaytarılmalı, həmçinin həmin məbləğ ona qaytarılana qədərə həmin məbləğin 0,1 faiz məbləğində pul ona verilməlidir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7566/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və İddiaçı tərəfindən artıq ödənilmiş 300.000,00 (üç yüz min) manat məbləğin və xx.xx.2017-ci il tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0.1 % məbləğinin ödənilməsi barədə rəyin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7566/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, hazırkı işin hallarından görünür ki, İddiaçı ********** VÖEN-lə qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. xx.xx.2017-ci il tarixdə iddiaçı 300037,29 manat əlavə dəyər vergisi qismində artıq ödəmə etmişdir. İddiaçı xx.xx.2017-ci il tarixdə xx.xx.2013-cü il tarixə 300000 manat artıq ödənilmiş vergilərin qaytarılması ilə bağlı ərizə ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmişdir. Cavabdeh həmin məktuba cavab olaraq iddiaçıya ünvanladığı məktubda göstərmişdir ki, "...müraciətinizə baxılarkən tərəfinizdən təqdim edilmiş ərizədə artıq ödəmənin yaranma tarixi düzgün əks etdirilmədiyi aşkar edilmişdir. Qeyd olunan çatışmazlıqlar aradan qalxdıqdan sonra yenidən müraciət edəcəyiniz təqdirdə qaldırılan məsələyə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacaqdır...” İddiaçı xx.xx.2019-cu il tarixdə yenidən artıq ödənilmiş vergilərin qaytarılması barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh həmin məktuba cavab olaraq iddiaçıya ünvanladığı məktubda göstərmişdir ki, “...təqdim edilmiş ərizədə artıq ödəmənin ödənilmə tarixi və yaranma səbəbi düzgün qeyd olunmaması səbəbindən müraciətin icrası mümkün olmamışdır...” İddiaçı xx.xx.2020-ci il tarixdə yenidən artıq ödənilmiş vergilərin qaytarılması barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh həmin məktuba cavab olaraq iddiaçıya ünvanladığı məktubda göstərmişdir ki, “...artıq ödənilmiş vergilərin borcların hesabına aid edilməsi, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il müddətində tələb etmək hüququna malikdir...” İddiaçı xx.xx.2022-ci il tarixdə yenidən artıq ödənilmiş vergilərin qaytarılması barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh həmin məktuba cavab olaraq iddiaçıya ünvanladığı məktubda göstərmişdir ki, “...silinmiş artıq ödəmə məbləğinizin şəxsi hesab vərəqəyə geri qaytarılması barədə müraciətiniz Baş İdarə tərəfindən araşdırılır və nəticəsi barədə məlumat veriləcəkdir...” İddiaçı xx.xx.2023-cü il tarixdə yenidən artıq ödənilmiş vergilərin qaytarılması barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh həmin məktuba cavab olaraq iddiaçıya ünvanladığı məktubda göstərmişdir ki, “...tələbetmə müddəti bitmiş artıq ödəmə barədə məktublarınıza baxılmışdır. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödöyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir”. İddiaçı xx.xx.2023-cü il tarixdə yenidən artıq ödənilmiş vergilərin qaytarılması barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı müraciətə cavab məktubunda bildirmişdir ki, “...araşdırma zamanı müəyyən edilmişdir ki, şəxsi-hesab vərəqənizdə olan 300.000,00 manat artıq ödənilmiş vergilərin qaytarılması ilə bağlı xx.xx.2017-ci il tarixli ərizəniz vergi orqanının kargüzarlıq strukturu tərəfindən xx.xx.2018-ci il tarixində qəbul olunaraq, həmin gün qeydiyyata alınmış və aidiyyəti üzrə icraya göndərilmişdir. İcraçı struktur tərəfindən isə xx.xx.2018-ci il tarixində sizə cavab sənədi ünvanlanmışdır. Bununla yanaşı bildiririk ki, müraciətinizlə bağlı arxiv sənədlərinə baxış keçirilən zaman, sənədin YAPS kuryer şirkəti vasitəsilə göndərildiyi və sənədin göndərilmə tarixinin xx.xx.2017-ci il qeyd olunduğu müəyyən edilmişdir".Daha sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İşin mübahisəsiz hallarından görünür ki, vergi ödyicisi olan iddiaçının şəxsi hesab vərəqindən 300000 manat artıq ödənilmiş vəsait olmuşdur. İddiaçı ilk dəfə xx.xx.2017-ci il tarixdə, sonradan isə müxtəlif vaxtlarda ərizələr ilə həmin məbləğin geri qaytarılması barədə cavabdehə müraciət etmiş, cavabdeh isə həmin məbləğin qaytarılmasından imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -15.1-ci maddəsinə görə vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: 15.1.4. artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək. - 24.0-cı maddəsinə görə vergi orqanları: 24.0.10. vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludur. - 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. - 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. - 4.1-ci bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.3-1. Rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. -4.2-ci bəndinə əsasən vergi orqanları artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.2.4. büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. -6.1-ci bəndinə görə vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12- ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. -6.2-ci bəndinə görə vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndinin və 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya faiz ödənilmir. Göründüyü kimi artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququ, həmin məbləğlərin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək isə vergi orqanlarının vəzifələridir. Hazırkı iş üzrə cavabdehin ilk müraciətə cavabında qeyd edilmişdir ki, müraciətdə artıq ödəmənin yaranma tarixi düzgün əks olunmamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, ilk növbədə iddiaçı ərizəsində 9.01.2013cü il tarixə 300000 manat əlavə dəyər vergisinin olmasını göstərmişdir. Artıq ödəmənin yaranma tarixi vergi ödəyicisinin şəxsi hesab vərəqində əks olunmaqla vergi orqanına məlumdur. Vergi orqanı artıq ödəmənin hansı tarixdə yaranmasının göstərilməməsi ilə bağlı formal tələb göstərərək pulun qaytarılmasından imtina edə bilməz. Daha sonra iddiaçı cavabdehə yeni müraciətində cədvəl şəklində “Artıq ödəmənin” adı, “tədiyyə kodu”, “artıq ödəmənin ödənilmə tarixi”, “artıq ödəmənin yaranma səbəbi”, “artıq ödəmənin məbəği” göstərilməklə xx.xx.2019-cu il tarixdə yeni ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh bu dəfə də formal əsasa söykənərək artıq ödəmənin ödənilmə tarixi və yaranma səbəbinin düzgün göstərilməməsi əsası ilə artıq ödəmənin qaytarılmasından imtina etmişdir. İddiaçının sonrakı müraciətləri isə 5 illik tələbetmə müddətinin keçməsinə görə şəxsi hesabdan silinməsi əsas gətirilərək artıq ödəmənin qaytarılmasından imtina edilmişdir. Göründüyü kimi cavabdeh iddiaçının müraciətini təmin etməkdən formal səbəblər göstərərək imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan vergi ödəyicisi kimi hazırkı iddiaçının “artıq ödənilmiş vergi məbləğlərinin qaytarılması barədə” müraciətini əvvəlcə müvafiq formada və məzmunda tərtib olunmaması, sonradan isə tələb etmə müddətinin keçməsi və işə artıq məhkəmə icraatında baxılması səbəbi ilə təmin etməməklə «İnzibati icraat haqqında» AR Qanununun 13, 15, 17, 24-cü maddələrinin tələblərini pozmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçının ilkin müraciəti elə vaxta təsadüf edir ki, həmin tarixdə iddiaçı qanunla müəyyən edilmiş tələb etmə müddətini ötürməmişdir. Onun müraciətinin forma və məzmunundakı çatışmazlıqlar isə, hətta mövcud olsa da, formal xarakterli xüsusatlardır və qaldırılan məsələnin müsbət həllindən imtina üçün əsas ola bilməz. Həmçinin nəzərə alınmalıdır ki, vergi orqanları hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin düzgün hesablanmasına, vaxtında və tam yığılmasına nəzarəti təmin etmək, eləcə də həmin vergilərin uçotunu aparmaq vəzifəsi daşıdığından, artıq ödənilmə kimi geri tələb olunan məbləğlə bağlı xüsusatların (hansı növ vergi olması, hansı tarixdə ödənilməsi və s.) müraciətdə göstərilməməsini səbəb gətirərək həmin məsələnin həllindən imtina etməkdə haqlı sayıla bilməz.” Cavabdeh qeyd edilən artıq ödəmənin geri qaytarılmasından imtinaya əsas kimi iddiaçının müraciətinin araşdırılmasını göstərsə də, hansı halların araşdırılması və araşdırma materialları ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləliklə, hazırkı halda iddiaçı tərəfindən artıq vergi məbləğinin ödənilməsi sübut olunduğundan iddia tələbi əsaslıdır. Cavabdeh isə həmin ödəməni qaytarmaqdan imtina edərək öz vəzifələrinin icrasından yayınmış, bununla da iddiaçının hüquqlarını pozmuşdur Məhkəmə kollegiyası iddia tələbinin 0,1 % pulun ödənilməsi hissəsini də əsaslı hesab edir. Belə ki, qanunvericilik artıq ödənilmiş və ya düzgün tutulmayan verginin geri qaytarılmasının gecikdirilməsinə görə vergi orqanına 0,1 faiz məbləğində faiz tətbiq edilməsini nəzərdə tutmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının müraciət etdiyi tarixdən gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) 300000,00 (üç yüz min) manat vəsaitin 0,1 faizi əlavə olaraq ödənilməlidir. Qanunvericliyin bu normasının mahiyyəti, inzibati orqan olan vergi orqanının vergi ödəyicisinin tələbini formal əsaslara söykənərək icrasız saxlamağı və sonradan tələbetmə müddəti keçməsi əsası ilə qaytarmaqdan imtina etməsi üçün nəzərdə tutulmuş sanksiya (cərimə) tədbiridir və vergi ödəyicisinin qaytarılmalı olan vəsatinin vaxtında qaytarılmasından imtina edilməsi nəticəsində uğradığı mümkün maliyyə itkisinin (əldən çıxmış fayda və s.) kompensasiyasıdır. İşin mübahisələndirilməyən hallarına görə iddiaçının cavabdeh orqana ilk müraciəti xx.xx.2017-ci il tarixdə (YAPS kuryer şirkəti vasitəsi ilə surətli poçt göndərişi ilə) olmuşdur. Cavabdeh orqan bu halı mübahisələndirməmiş iddiaçıya ünvanladığı məkublarda iddiaçının artıq ödəmənin qaytarılması ilə bağlı ilk müraciətinin həmin tarixdə olmasını etiraf etmişdir. Ona görə də, 300000 manat artıq ödəmənin qaytarılmamasına görə 0,1 % pul vəsaitinin tutulması da həmin tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7566/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7566/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3167/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3167/2023
21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver