Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3167/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3873/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı məhkəməyə mübahisələndirmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********345200 nömrəli və “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə və Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********424200 nömrəli - qərarlarının ləğv edilməsi” kimi dəqiqləşdirilməsini xahiş etmişdir (Bakı şəhəri X5 üzrə Baş İdarəsinin indiki adı - Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...2022-ci ildə rəsmi qaydada elektron qaimə-faktura ilə rəsmiləşdirilməklə 121595,9 manat dəyərində "X3" ASC (VÖEN **********) və "xxxx" MMC (VÖEN **********) üçün mebel avadanlıqları quraşdırmışdır. Göstərilən avadanlıqların quraşdırılması üçün əldə etdiyi materialların rəsmi elektron qaimə-faktura ilə alınması imkan xaricində olmuşdur. Bundan sonra, vergi orqanı onu riskli vergi ödəyicisi qrupuna salmaqla gəlir vergisi bəyannaməsindən bütün xərclərini silmiş və bütün gəliri xalis gəlir kimi qəbul edərək barəmdə qanunsuz vergi hesablamışdır. Barəsində xx.xx.2023-cü il tarixli **********345200 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərarda Meyarların aşağıdakı bəndinə istinad olunmuşdur: 3.1.1.vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə. Lakin o, heç bir halda fərqli mal çeşidi alıb satmamışdır. Cavabdeh təqdim olunan gəlir vergisi bəyannamələrini qəbul etməmiş və gəlir məbləğinə mütənasib xərc məbləğini tanımamışdır. Tərəfindən sonuncu təqdim olunmuş gəlir vergisi bəyannaməsi də qəbul edilməmiş və barəsində xx.xx.2023-cü il tarixli **********411400 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarla 19140,98 manat vergi məbləği hesablanmışdır. Həmin qərarda əvvəlki təqdim olunan bəyannamənin məzmununa uyğun əsaslandırma yazılmış, sonuncu bəyannamənin niyə qəbul edilməməsinə dair heç bir əsas göstərilməmişdir. Belə ki, iddiaçı sonuncu bəyannamədə hər hansı güzəşt hüququndan istifadə etməmiş, vergi orqanı isə cavabında bəmin məsələyə münasibət bildirib. Bu isə o deməkdir ki, bəyannaməyə olduqca səthi yanaşılaraq heç onun məzmunu üzrə araşdırma aparılmayıb. Halbuki Vergi Məcəlləsinin 37.3-cü maddəsinə görə, kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Göründüyü kimi, əvvəl həmin məktub təqdim olunaraq bəyannamə ilə bağlı məlumat tələb olunmalı idi. Sonuncu bəyannamə üzrə də şərti rentabellik norması əsasında (121595,9/ 6 x 20%) iddiaçı tərəfindən vergi orqanına təqdim olunmuşdur...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” üzrə təhlil zamanı Meyarları”n 2.1.1 -ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə uyğun olaraq riskli vergi ödəyicisi hesab olunaraq xx.xx.2023-cü il tarixli qərar qəbul olunmuşdur. Həmin qərarda ümumilikdə 6,0 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə "Bumaqa, vaniş, əski balaca və s." qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında və idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Təhlil zamanı vergi ödəyicisinin cari tarixədək riskli əməliyyatlarla əlaqədar təqdim etdiyi qaimə-fakturaları ləğv etmədiyi, o cümlədən əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarılmadığı aşkar edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən riskli əməliyyatların tam aradan qaldırılmadığı aşkar edilmiş və riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır. Kameral hesablamaya münasibətdə isə bildirilmişdir ki, iddiaçının riskli vergi ödəyicisi siyahısına daxil edilməsinə baxmayaraq, onun tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. İddiaçının riskli vergi ödəyicisi siyahısına daxil edilməsinə baxmayaraq, onun tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 11,09.2023-cü il tarixli **********652600 nömrəli və xx.xx.2023-cü il tarixli **********644700 nömrəli məktublar göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış izahat (təsdiqedici sənədlər) və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il üzrə 19140,98 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********41140 nömrəli Qərar qəbul olunmuşdur...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3873/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş İddiaçı riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********345200 nömrəli qərarı və xx.xx.2024-cü il tarixli **********424200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları ləğv edilmişdir. Cavabdeh həmin qərarla razılaşmamış, apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Elektron-uçot məlumat bazasına əsasən iddiaçının sözügedən riskli elektron qaimə-fakturalarda qeyd olunmuş malları haradan əldə etməsi barədə hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı da qeyd olunan məsələ ilə bağlı hər hansı sübut təqdim edilmədiyindən inzibati orqanın iddiaçının “riskli vergi ödəyicisi olması barədə” gəldiyi qənaət əsaslı hesab edilməlidir. Belə ki, vergi qanunvericiliyi vergi ödəyicisi üçün gəlir və xərclərin uçotunu düzgün aparmaq vəzifəsi müəyyən etmişdir. Lakin iddiaçı riskli qaimə-fakturalarda qeyd olunan malları haradan və hansı əsaslarla əldə etməsi ilə bağlı sübut təqdim etməyərək vergi qanunvericiliyi ilə müəyyən edilmiş vəzifəsinin icrasını həyata keçirməmişdir. Bu baxımdan məhkəmənin risklilik meyarlarının 3.1.1 -ci bəndində qeyd olunmuş normaya hərfi mənada yanaşması işin obyektiv araşdırılmasına mane olmaqla yanaşı, bu cür riskli əməliyyatlar aparan vergi ödəyicilərini təşviq etməkdən başqa bir şey deyildir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Odur ki, vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunduğundan Vergi Məcəlləsinin 106.1.20- ci maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququ onun barəsində tətbiq oluna bilməz. Məhkəmə iddiaçının fəaliyyəti ilə bağlı qeyd olunan faktlara kompleks yanaşma həyata keçirərək araşdırma həyata keçirməli və ədalətli qərar qəbul etməli idi. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının pozuntusuna yol verilmişdir. ...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Konkret halda isə cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərarların qəbul olunması zəruriliyi mötəbər sübutlarla əsaslandırılmamış, iddiaçının vergi qanunvericiliyinin tələblərini pozmaqda təqsirli olması və onun riskli vergi ödəyicisi hesab olunaraq riskli vergi ödəyicəlirin siyahısına salınmasına əsas ola bilən halların mövcudluğu sübuta yetirilməmişdir. Belə ki, Vergi Məcəlləsindən 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na (bundan sonra-“Meyarlar”) əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Cavabdehin işə əlavə olunmuş “iddiaçının vergi ödəyicisinin riskli vergi ödəyici hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarında onun riskli vergi ödəyiciləri siyaıhısına daxil edilməsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022xx.xx.2022-ci il tarixdə, cəmi 6 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə satışda “bumaqa, vaniş, əsgi və s.” qeyd olunduğu, lakin e-qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) qeydə alınmadığı müəyyən edilməmişdir. Vergi ödəyicisinin ticarət fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. Qeyd edilənlər nəzərə alınaraq “Meyarlar”ın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur. Lakin iş materialları araşdırıldıqda iddiaçının mübahisələndirilən dövrdə alqı-satqı əməliyyatları deyil, qarşılıqlı müqavilə əsasında elektron qaimə-faktura ilə rəsmiləşdirilməklə digər şəxslərə xidmətlər göstərmiş və 2022-ci ilin gəlir vergisi hesabatında, o cümlədən, dəqiqləşdirilmiş bəyannaməsində həmin xidmətlərin göstərilməsindən ümumi gəlirini 121595,90 manat həcmində olduğunu bəyan etmişdir (i.v.43-125) İddia ərizəsində iddiaçının özü tərəfindən də etiraf ounur ki, göstərdiyi xidmətin əsasını bazardan əldə etdiyi mal-materiallar təşkil etmiş və onun bu zaman həmin mallara dair qaimə-faktura ilə alması mümkün olmamış və o, hər bir halda, gəlir vergisindən yayınmamaq üçün, xərc sənədləri tam olmadığından, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən gəlirini şərti rentabellik tətbiq etməklə hesablamaqla, vergiyə cəlb olunan gəlirini 115.970 manat məbləğində olduğunu müəyyən etmiş və Vergi Məcəlləsinin 102.1.30-cu maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququndan istifadə etmədən, həmin Məcəllənin 101.3-cü maddəsinə müvafiq olaraq 20 faiz dərəcəsi ilə dövlət büdcəsinə ödənilməli olan gəlir vergisinin 23194,18 manat məbləğində olduğunu bəyan etmişdir (Həmin hesablamanın Qaydaya müvfaiq olduğu mübahisələndirilmir). Lakin cavabdeh vergi orqanı tərəfindən iddiaçının tədqiq olunan dəqiqləşdirilmiş bəyannaməsi qəbul edilməmiş, ona 15 mart 2024-cü il tarixli qərarı ilə əlaqəli məlumatlara əsasən 19.140, 98 manat məbləğində əlavə vergi hesablanmasında israrlı olmuşdur (i.v.109). Vergi Məcəlləsinin 67.14-cü maddəsi onu nəzərdə tutur ki, vergi ödəyicisinin gəlirlərini və xərclərini müəyyən etmək mümkün olmadıqda, Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanma qaydası tətbiq olunur. Məcəllənin sözügedən 83.9-cu maddəsi isə ümumi bir normadır (5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir) və qüvvədən düşənə qədər nəzərdə tuturdu ki, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Göründüyü kimi, qanunverici tərəfindən burada, sözügedən hesablama qaydasının vergi orqanı və ya vergi ödəyicisi tərəfindən tətbiq edilməli olmasına dair hər hansı bir göstərişi nəzərdə tutulmur. Digər tərəfdən, artıq məhkəmə tərcrübəsi də mövcuddur ki, vergi ödəyiciləri tərəfindən də həmin norma tətbiq olunmaqla, gəlir vergisinin hesablanması hallarına rast gəlinır və Ali Məhkəmə səviyyəsində vergi ödəyicisinin xeyrinə yekunlaşmış məhkəmə qərarları mövcuddur (İşə əlavə olunur). Bundan əlavə, ən azından, cavabdeh vergi orqanı tərəfindən iddiaçını xx.xx.2023-cü il tarixli qərarı ilə riskli vergi ödəyicisi hesab edərəkən və 15 mart 2024-cü il tarixli qərarı ilə 19,140,98 manat məbləğində əlavə vergi hesablayarkən nəzərə almamışdır ki, Vergi Məcəlləsinin tələblərinə görə: 3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Konkret halda, işin hallarından görünür ki, cavabdeh qanunsuz olaraq iddiaçının gəlirini və xərc sənədlərini müəyyən edə bilmədikdə öz praktikasında belə hallarda Vergi Məcəlləsinin 67.14, 83.9-cu maddələrinə əsasən şərti rentabellik tətbiq etdiyi təqdirdə, konkret halda, iddiaçıya münasibətdə bu qaydanın tətbiq edilməsindən çəkinmiş və vergi ödəyicisi (iddiaçı) barasində əlverişsiz inzibati aktlar, o cümlədən, mübahisələndirilən qərarları qəbul edərək onun hüquqlarını pozmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 16.1-ci maddəsi isə imperativ qaydada nəzərdə tutur ki, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Azərbaycan Respublikası Konstitusiyasının 73.2-ci maddəsinə əsasən isə “heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz”. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin mübahisələndirilən qərarı maddi və inzibati icraat haqqında hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin məhkəmə tərəfindən maddi və prosesssual hüquq normalarının pozulması ilə əsassız qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-3873/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-3873/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3167/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3167/2024
07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver