Məhkəmə qərarları › İş №2-1(103)-3168/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3168/2024

28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3168/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə qərarın ləğv edilməsi tələbinə dair” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4238/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı mübahisələndirmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli **********294300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsini xahiş etmişdir (“İPM”m.32.1.) İddia ərizəsi aşağıdakılarla əsaslandırmışdır: “...İddiaçı MMC-nin (VÖEN: **********) qeydiyyatda olduğu Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 2023-cü ilin may ayı üzrə cəmiyyətin dəqiqləşdirilmiş ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması keçirmiş və yoxlamanın nəticəsi üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 27 noyabr 2023-cü il tarixli Qərar qəbul edərək iddiaçıya 167 085,72 manat məbləğində ƏDV hesablamışdır. Buna əsas olaraq qərarda göstərilmişdir ki, operativ vergi nəzarət tədbiri zamanı əldə olunmuş elektron daşıyıcıda olan (flaş kart) məlumatlara əsasən xx.xx.2022-xx.xx.2023 fəaliyyət dövrü üzrə təqdim edilmiş bəyannamə məlumatlarında əks olunmayan 928 254,00 manat dəyərində satış dövriyyəsi müəyyən edilmişdir.” Tədbiri zamanı güya vergi orqanın müəyyən etdiyi əlavə satış dövriyyəsindən formalaşmışdır. Yoxlamanı keçirərkən iş üzrə subutları düzgün araşdırmamış, mənbəyi bəlli olmayan və ilkin uçot sənədləri hesab edilməyən məlumatlara istinad edərək əsassız və qanunsuz qərar qəbul etmişdir. Kameral vergi yoxlamasından görünür ki, hesablanmış vergi məbləği operativ vergi nəzarəti zamanı əldə edilmiş məlumatlara əsasən müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 43-cü maddəsinin normalardan görünür ki, operativ vergi nəzarət tədbiri zamanı da vergi orqanı yalnız yoxladığı məsələnin predmetinə aid olan sənədləri, məlumatları və əşyaları götürə bilər, digər sənədlərin götürülməsi isə qadağandır. Vergi orqanı isə operativ vergi nəzarət tədbiri zamanı əsas məqsədi 3 məsələnin araşdırılması olmuşdur ki, həmin məsələlər araşdırılmış və onlara görə cəmiyyətə maliyyə sanksiyaları tətbiq edilmişdir. Belə olan təqdirdə, isə vergi orqanı yoxlanılmalı olmayan məsələ üzrə əsassız və qanunsuz olaraq güya “qara mühasibatlıq” hesab etdiyi məlumatları cəmiyyətdən götürərək özünə uyğun tərzdə və hesablanması məlum olmayan qaydada əlavə vergilər hesablamışdır. Hesab edirlər ki, vergi orqanı qanunla nəzərdə tutulmuş hüquqlarını aşmış, yoxlanılmalı məsələlərinə aid olmayan məlumatları (cəmiyyətin fəaliyyətinə aid olmayan məlumatları) götürərək əsassız olaraq əlavə vergilər hesablamışdır. Digər tərəfdən, xüsusi olaraq qeyd edilməlidir ki, “qara mühasibatlıq” məlumatların aşkar edilməsi hallarının müəyyən edilməsi VM-nin operativ vergi nəzarət tədbiri zamanı əhatə edilməli olan məsələlər siyahısında öz əksini tapmamışdır. Başqa sözlə desək, vergi orqanı tərəfindən cəmiyyətin fəaliyyətini düzgün əks etdirməyən mənbəyi bəlli olmayan məlumatların “qara mühasibatlıq” adı altında götürülməsi VM-də nəzərdə tutulmamışdır. Operativ vergi nəzarət tədbiri zamanı vergi orqanının əməkdaşları güya, iddiaçının fəaliyyətinə aid olan elektron məlumatları özündə əks etdirən 2 fləş kard götürmüşdür. Belə ki, sənədlərin və əşyaların götürülməsi haqqında 2 ədəd protokoldan görünür ki, götürülən elektron məlumatlardır. Bir proktokolda elektron məlumatlar yazılsa da, digərində ümumiyyətlə nə qeyd edildiyi görünmür. Bundan başqa, müstəqil qaydada akt tərtib edilmişdir ki, güya müəssisədən 2 ədəd fləş kart götürülmüşdür. Fləş kartların isə yalnız həcmləri qeyd edilmiş, lakin xarici görünüşü, modeli, markası və rəngi ümumiyyətlə qeyd edilməmişdir. Yəni cəmiyyətin hansı modelli, markalı, xarici görünüşdə və rəngə olan fləş kartlarının götürülməsi məlum deyil və bu xüsusiyyətlər barədə aktda heç nə göstərilməmişdir. Belə olan halda, cavabdeh vergi orqanı ümumi sözlərlə yalnız həcm və fləş kart sözlərini qeyd etməkllə kifayətlənmiş, bu isə həmin fləş kartların dəyişməsi və digər fləş kartlarla əvəzlənməsi şübhəsini doğura bilər. Xüsusi olaraq qeyd edirlər ki, həmin aktda marka, model, rəng və xarici görünüş yazılmayıb və haradan bilmək olar ki, həmin fləş kartlar dəyişdirilməmiş, orada olan məlumatlar təhrif edilməmişdir. Digər tərəfdən, operativ vergi nəzarət tədbiri zamanı İT sahəsindən başı çıxmayan əməkdaşlar elektron məlumatları (bilmirik hansıları) müəyyən fləş kartlara köçürmüşlər ki, qeyd edilən hallar da müvafiq aktdan görünür. Elektron məlumatların köçürülməsinə İT sahəsi üzrə mütəxəssis cəlb edilməmişdir. İddiaçının rəhbəri və baş mühasibi 2 ədəd fləş kartın götürülməsini təsdiq etsələr də, həmin fləş kartlarda olan məlumatları öz imzaları ilə təsdiq etməmişlər. Bundan başqa, bildirirlər ki, müəssisədə baş mühasib kimi çalışan X3 iddiaçının obyektində otursa da, iddiaçının mühasibat işlərindən başqa digər vergi ödəyicilərin də mühasibatlıq işlərini görür ki, həmin məlumatlar da məhz, onun kompyuterində mövcud idi. Belə olan halda, vergi orqanı həmin məlumatları da iddiaçının olduğunu zənn edərək əlavə dövriyyələr çıxartmışdır. Kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş qərarda isə vergi orqanı qeyd etmişdir ki, “operativ vergi nəzarət tədbiri zamanı əldə olunmuş elektron daşıyıcıda olan (flaş kart) məlumatlara əsasən xx.xx.2022-xx.xx.2023 fəaliyyət dövrü üzrə təqdim edilmiş bəyannamə məlumatlarında əks olunmayan 928 254,00 manat dəyərində satış dövriyyəsi müəyyən edilmişdir.” Göründüyü kimi, cavabdeh vergi orqanı qanunun tələblərinə zidd olaraq yalnız əlavə müəyyən etdiyi dövriyyənin göstərilməsi ilə kifayətlənmiş, lakin həmin dövriyyənin necə və hansı qaydada formalaşdığını, hansı elektron fayllara əsasən hesabladığını və həmin dövriyyənin hansı üsullara çıxartdığını ümumiyyətlə göstərməmiş, əlavə dövriyyəni necə müəyyən etdiyini izah etməmiş və əsaslandırmamışdır. Kameral vergi yoxlaması nəticəsində qəbul edilən qərardan görünür ki, vergi orqanı cəmiyyətin xx.xx.2022-xx.xx.2023-cü illəri əhatə edən, yəni 1 il 3 aylıq dövrə görə satış dövriyyəsini müəyyən edərək həmin dövriyyəyə görə ƏDV vergisini 2023-cü ilin may ayına hesablamışdır. Başqa sözlə desək, vergi orqanı vergi ödəyicisinin bütün ƏDV dövriyyəsi üzrə hesablamanı bir ayda tətbiq etməklə aparmışdır ki, bu da vergi qanunvericiliyinin tələblərinə ziddir. Vergi orqanı Vergi Məcəlləsinin 159.1-159.2, 178, 166-168-ci madələrinin tələbləri nəzərə alınmaqla, hər ay üzrə vergi ödəyicisinin təqdim etdiyi ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması keçirməklə və hər ay üzrə aparılmış əməliyyatlara görə əlavə vergilər hesablaya bilər. Lakin 1 il 3 aylıq dövriyyəyə görə bir aya vergilərin hesablanması VM-də nəzərdə tutulmamış və kobud qanun pozuntusudur. Ümumiyyətlə vergi orqanı məhz hesablama apardığı 2023-ci ilin may ayı üzrə cəmiyyətin qərarda qeyd etdiyi 928 254,00 manat məbləğində əlavə ƏDV dövriyyəsinin olmasına dair təsdiqedici dəlil və ya sübutlarla təsdiq edə bilməmiş, mübahisələndirilən inzibatı aktın qəbul edilməsinin hüquqi əsasını və mübahisələndirilən qərarın qanuniliyini sübut edə bilməmişdir. Vergi orqanı 1 il 3 aylıq dövrü üzrə müəyyən edilmiş dövriyyəyə görə 2023-cü ilin may ayı üzrə hesablamanın aparılmasını VM-nin 67.15-ci maddəsinə istinad etməklə əsaslandırmağa çalışması özü-özlüyündə qanunsuz və əsassızdır. Belə ki, həmin normaya görə vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. Göründüyü kimi, qeyd edilən normada söhbət malların faktiki olaraq vergi ödəyicisinin sahibliyində olmamasının aşkar edilməsi halından gedir ki, həmin anda sonuncu hesabat ayına vergilərin hesablanmasını həyata keçirmək olar. Hazırda isə vergilərin hesablanmasına əsas uçot məlumatlarında göstərilən malların faktiki olaraq iddiaçının sahibliyində olmaması deyil, əlavə satış dövriyyəsinin müəyyən edilməsindən ibarətdir ki, bu da VM-nin 67.15-ci maddəsinin hazırki məsələyə tətbiq edilməsini istisna edir. Hətta hesab edilsə ki, bu norma hazırkı məsələyə tətbiq edilməlidir, onda yenə də tərtib edilmiş sənədlərdən görünür ki, vergi orqanı güya əlavə satış dövriyyəsinin olmasını 2023cü ilin mart ayında müəyyən etsə də, vergi orqanı bu normanın tələblərini pozaraq həmin hesablamanı 2023-cü ilin may ayına aparmışdır ki, bununla da yenə də həmin qanun normasının tələblərini kobud surətdə pozmuşdur. Eyni zamanda, vahid məhkəmə təcrübəsinin formalaşması ilə əlaqədar olaraq “qara mühasibatlığa” aid olan məhkəmə işləri üzrə yekunlaşmış bir sıra Ali Məhkəmənin qərarlarını məhkəmənin diqqətinə çatdırmaq istərdilər. Həmin Qərarlarda da Ali Məhkəmə bir daha öz hüquqi mövqeyini bəyan edərək “qara mühasibatlıq” sənədləri əsasında vergilərin hesablanmasını qanunsuz hesab etmişdir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş edərək bu mövqeyini aşağıdakılarla əsaslandırılmışdır. “...Hesablamaya əsas verən sənədlər Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2023-cü il tarixli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarlarıı ilə başlamış vergi nəzarəti çərçivəsində götürülmüş, “Sənədlərin və əşyaların götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli DVX 006394 nömrəli Protokolla rəsmiləşdirilmişdir. Götürülmüş sənədlərdən aydın olmuşdur ki, iddiaçının dövriyyəsi olsa da həmin dövriyyəni gizlətmiş, Vergi Məcəlləsinin tələblərinə müvafiq olaraq heç bir sənədləşmə həyata keçirməmişdir. Belə olan halda, “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********458200 və **********996600 nömrəli uyğunsuzluq məktubuna cavab olaraq vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4238/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 27 noyabr 2023-cü il tarixli **********294300 nömrəli qərarı ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır. «…Məhkəmənin qərarı qanunsuz və əsassızdır. Belə ki, bir qayda olaraq, ikili mühasibatlıq aparan vergi ödəyicilərində həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı real dövriyyələri özündə əks etdirən müəyyən sənədlər aşkar edilir. “Qara mühasibatlıq” sənədləri adlandırılan bu sənədlərin mənbəyi bəlli olduğu, yəni aid olduğu vergi ödəyicisi, götürülmə şəraiti məlum olduğu üçün vergilərin hesablanmasında əlaqəli məlumat kimi həmin sənədlərdə olan məlumatlardan geniş istifadə edilir. Gözlənildiyi kimi, vergidən yayınmağı əsas hədəf kimi müəyyən etmiş belə vergi ödəyiciləri “qara mühasibatlıq” sənədləri əsasında hesablanmış vergiləri məhkəmədə mübahisələndirməklə məsuliyyətdən yayınmağa cəhd edir. Lakin, bu tip vergi ödəyiciləri üzrə keçirilmiş vergi nəzarəti tədbirləri zamanı aşkar edilərək götürülmüş “qara mühasibatlıq” sənədlərində əks olunmuş məlumatlar əsasında büdcədən yayındırılan külli miqdarda vergilər hesablanaraq büdcəyə bərpa olunur. Hazırki iş üzrə də iddiaçıda aparılmış nəzarət tədbirləri zamanı qeyd olunan faktlar müəyyən edilmiş və əldə edilmiş qara mühasibatlıq sənədləri əsasında yayındırılmış vergilər bərpa olunmuşdur. İddiaçı mühasibat uçotunu qanunvericiliyin tələbinə uyğun şəkildə aparmış olsa idi, gəlir və xərclərini təsdiq edən sənədləri cavabdehə təqdim etmiş olduğu təqdirdə kameral vergi yoxlaması həmin sənədlər əsasında həyata keçirilərdi. Halbuki, işin faktiki hallarında da qeyd etdiyimiz kimi, iddiaçıya kameral vergi yoxlaması çərçivəsində hesablamaya əsas verən bütün sənədlərin təqdim edilməsi təklif edilsə də vergi orqanına hər hansı sənəd verilməmiş, uyğunsuzluq məktubu ümumiyyətlə cavablandırılmamışdır. İş materiallarına əlavə edilmiş satış dövriyyəsini əks etdirən sənədlərdə onların hansı dövrü əhatə etməsi konkret olaraq göstərilmişdir. Həmçinin, müvafiq sənədlərdən malın adı, maya dəyəri, əldə edilmiş mənfəət və s. zəruri rekvizitlər də əks olunmuşdur. Məhz bu məlumatlar əsasında yoxlama ilə iddiaçının qəsdən uçot aparmamaqla vergidən yayındırdığı dövriyyə müəyyən edilmişdir. Eləcə də məhkəmə də həmin sənədlərdəki məlumatların konkret və dəqiq göstərildiyini, xüsusi bilik tələb edən məqamların olmadığını gördüyündən iş üzrə ekspertiza keçirilməsinə lüzum görməmişdir. Belə ki, Vergi Məcəlləsinin 83.2.4-cü maddəsində qeyd edilmişdir ki, vergi orqanı vergi ödəyicisinin vergi öhdəliklərini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsasən hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67.1.9-cu maddəsinə əsasən, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumat, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar əlaqəli məlumat hesab olunur və onlardan vergilərin hesablanmasında bilavasitə istifadə oluna bilər. Göründüyü kimi, nə 67.1.9-cu, nə də 83.2.4-cü maddədə “ilkin mühasibat” adı çəkilməmişdir. Məhkəməyə qara mühasibatlıq sənədləri CD fayla əlavə edilərək təqdim edilsə də, keçirilmiş hər hansı məhkəmə iclasında məhkəmənin həmin sənədlərlə tanış olması müəyyən edilməmişdir. Belə ki, məhkəmə iş materialları ilə tanış olmadan, qara mühasibatlıq sənədləri ilə bağlı fikirlər yürütmüş və sadəcə bir dəlillə qərar qəbul etmişdir. Qara mühasibatlıq sənədləri əsasında aparılmış hesablama ilə əlaqədar qəbul edilmiş inzibati aktların məhkəmədə mübahisələndirilməsi ilə bağlı məhkəmə araşdırması zamanı formalaşmış təcrübəyə əməl etməyən məhkəmə iş üzrə geniş araşdırmaya lüzum görməmiş, məhkəmə ekspertizası təyin edilməsi məsələsini araşdırmamışdır. Qeyd edildiyi kimi, məhkəmə, cavabdeh orqanın təqdim etdiyi sübutlarla tanış olmamış yekun qərar qəbul etmiş, üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları düzgün qiymətləndirməmişdir. Məhkəmə tərəfindən qanunun tələb etdiyi şəkildə araşdırmanın aparılmaması nəticədə ədalətli olmayan məhkəmə qərarının qəbul edilməsi ilə nəticələnmişdir. Ədalətlilik prinsipinin pozulması məhkəmə araşdırmasının lazımi şəkildə aparılmasını birmənalı şəkildə şübhə altına qoyur və istisna edir...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, iddiaçının nümayəndəsi isə onunla razılaşmamış birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci insatansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiçının tələbindən göründüyü kimi, mübahisələndirmə haqqında iddia vasitəsilə cavabdehin kameral yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli **********294300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsini məhkəmə qaydasında tələb etmişdir. İş materiallarından görünür ki, iddiaçının 2023-cü ilin may ayı üzrə təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsi üzrə keçirilmiş kameral vergi yoxlamasının nəticələrinə dair mübahisələndirilən qərara əsasən iddiaçıya hesablanmış 167085, 72 manat məbləğində ƏDV-nin hesablanmasına əsas olan hal ondan ibarətdir ki, vergi orqanı tərəfindən iddiaçı qurumda keçirilmiş operativ vergi nəzarəti zamanı əldə olunmuş elektron daşıyıcı məlumatlarına əsasən cəmiyyətin satış dövriyyəsinin 928.254,00 manat dəyərində olduğu müəyyən edilmişdir.” Başqa sözlə, həmin hesablamanın əsasını operativ vergi nəzarəti zamanı götürülmüş, elektron daşıyıcıda əks olunmuş “qara mühasibatlıq” məlumatları təşkil etmişdir. İş materiallarına əlavə edilmiş elektron daşıyıcıda (diskdə) təsbit olunmuş “exel” fayllardakı məlumatlar isə vergi ödəyicisinin fəaliyyəti barədə konkret məlumatlar, hansı ilkin sənədlərə əsasən tərtib olunduğu və kim tərəfindən malların təqdim edildiyi və ya təqdim edilməsi nəzərdə tutulduğu, təqdim etmənin baş tutub- tutmadğı, yəni, təhvil almanın mövcudluğu, təsbit olunan rəqəm göstəricilərinin hansı dövrləri əhatə etdiyi, malların hansı aylar üzrə, o cümlədən mübahisələndirilən dövrə (may 2023) aid olubolmadığı və s. bu kimi halların dəqiq müəyyən edilməsi qeyri-müəyyəndir. Qeyd edilən bütün bu hallar iddiaçının 2023-cü ilin may ayı üzrə həqiqətdə real satış dövriyyəsinin nə qədər olduğunu müəyyənləşdirməyə imkan vermir. Mülahizələr əsasında isə həmin ay üzrə dövriyyənin müəyyənləşdirilməsi vergi qanunvericiliyin prinsiplrinə ziddir (Elektron daşıyıcı (disk) işə əlavə olunur). Ən azından, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələbinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Belə olan halda, cavabdeh tərəfindən həmin cədvəl məlumatlarına əsasən qeyri-müəyyən meyarlardan çıxış edərək mübahisələndirilən hesabat dövründə iddiaçının satış dövriyyəsinin 928 254,00 manat dəyərində müəyyən edilərək, ona ƏDV hesablanması mötəbər hesab oluna bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsidir. Həmin Qanunun 153.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. “Mühasibat uçotu haqqında” Qanunun 2.1.11-ci maddəsinə, habelə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının “30” yanvar 2017-сi il tarixli Q-01 №li Qərarı ilə təsdiq edilmiş maliyyə hesabatlarının beynəlxalq standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”n 2.1.14-cü bəndinə əsasən: -“İlkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir.” Həmin Qaydaların 7.2-ci bəndinə əsasən isə ilkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, vergi məqsədləri üçün əlavə dəyər vergisi (və s.) vergilər ilkin mühasibat uçotu sənədləri əsasında müəyyən edilir. Konkret halda da, məhz, vergi orqanı tərəfindən hesablanmış əlavə vergilərin düzgünlüyü elektron daşıyıcıdakı cədvəl göstəricilərin əsasını təşkil edən ilkin mühasibat sənədləri (idxal sənədləri, alqı-satqı aktları, elektron qaimə fakturalar, yükdaşıma sənədələri, ödəniş sənədləri, sair xərc sənədləri və s.) mövcud olmalıdır ki, həmin kəmiyyətlərin düzgünlüyünü yoxlamaq mümkün olsun. Konkret halda isə iddiaçıya cavabdeh tərəfindən abstrakt rəqəmlər əsasında öz mülahizəsinə əsasən əlavə vergilər hesablanmışdır. Qeyd olunanlar baxımından, elektron daşyıcıdakı məlumatların həqiqəti əks etdirən mötəbər məlumatlar kimi qiymətləndirilməsi istisna edilir. Ola bilsin ki, müəssisədən götürülmüş elektron daşıycı məlumatları müssisənin vergidən yayınması ilə bağlı vergi orqanında müəyyən şübhəli məqamları yaratmış olsun, lakin həmin şübhələri aradan qaldıran hallar mövcud olmadığı, yəni, həmin məlumatların doğruluğu ilkin mənbə sənədləri ilə sübuta yetirilmədiyi halda, vergi ödəyicisinə külli miqdarda vergilər hesablanması əsaslı hesab edilə bilməz. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən: “ Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur...” Həmin Məcəllənin 178 və 177.2-ci maddələrinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır və ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. Həmin Məcllənin 37.2-ci maddəsinin isə nəzərədə tutur ki, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Cavabdeh vergi orqanı tərəfindən hər ay üzrə ƏDV hesabatını növbəti ayın 20-ə qədər verildiyi tarixdən 30 gün müddətində kameral qaydada ötən hesabat ayı üzrə ƏDV-nin düzgün ödənilib-ödənilmədiyini yoxlamaqda səlahiyyətli olduğu halda, operativ vergi nəzarəti zamanı, mənşəyi bəlli olmayan qara mühasibatlıq kəmiyyət göstəricilərinə istinadən, iddiaçıya 2023-cü ilin may ayı üçün reallıqdan uzaq əlavə dəyər vergisi hesablanmışdır. Belə olan halda, mübahisələndirilən qərarla iddiaçıya əlavə vergi hesablanması qanunsuz olmuş, iddiaçının hüquqlarını pozmuşdur. İPM-in 70-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə də, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasyia şikayətinin, birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılmadığını, maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qərar çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4238/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, oxşar işlər üzrə iddianın təmin olunması barədə Ali Məhkəmə səviyyəsində yekun məhkəmə qərarları mövcuddur (İşə əlavə olunur). Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4238/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar