Məhkəmə qərarları › İş №2-1(103)-3169/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3169/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3169/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (“X6” üçüncü şəxs qismində cəlb edilməklə) “Sərəncamların qismən ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2303/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavadehin xx.xx.2005-ci il 330 saylı və xx.xx.2006-cı il tarixli 142 saylı Sərəncamlarının iddiaçılara aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər (iddia tələbi dəqidləşdirilmişdir). İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçılar “Şabandağ bağçılıq-bostançılıq kollektivinin üzvləri olmuşlar və onlara Şabandağ sahəsində bağ sahələri verilmişdir. Bakı şəhər X2 İcraiyyə Komitəsinin 11/546 nömrəli, xx.xx.1991-ci il tarixli qərarına əsasən 26 Bakı Komissarı adına Neft- Qazçıxarma İdarəsinin xahişi nəzərə alınaraq, Qaradağ rayonu Lökbatan-Hacı Həsən yolunun qərb hissəsində kollektiv bağçılıq-bostançılıq üçün həmin İdarəyə torpaq sahəsi ayrılmışdır. “26 Bakı Komissarı” adına Neft-Qazçıxarma İdarəsinin və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokolundan çıxarışa əsasən iddiaçılar “Şabandağ” bağçılıqbostançılıq kollektivinin üzvü olmuşlar və “26 Bakı Komissarı” adına Həmkarlar Təşkilatının xx.xx.1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokoluna əsasən onlara Şabandağ sahəsində “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin ümumi sahəsindən torpaq sahələri verilmişdir. İddiaçı3 sahəsi 1200 kv.metr olan 44 saylı, İddiaçı2 sahəsi 12 sot olan 10 saylı, İddiaçı1 isə sahəsi 9 sot olan 80 saylı bağ sahələri ayrılıb. "Bağçının üzvlük kitabça"larına əsasən iddiaçılar 1991-ci ildə "Şabandağ" bağçılıq bostançılıq yoldaşlığına üzv qəbul edilib, bağçılıq cəmiyyətinin xx.xx.1991-cı il tarixli, 11/546 nömrəli protokoluna əsasən onların istifadəsinə verilmiş bağ sahələri bir daha təsdiq edilib. İddiaçı3 11 yanvar 2022-ci il tarixdə, İddiaçı2 və İddiaçı1 isə 19 yanvar 2022ci il tarixdə ayrı-ayrılıqda onlara məxsus 44, 10 və 80 saylı nömrəli bağ sahələri üzərində mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra DƏDKRPHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi) müraciət edib. İdarənin müvafiq olaraq 23 fevral 2022-ci il tarixli bildirişi ilə birinci iddiaçının, 03 mart 2022-ci il tarixli bildirişi ilə ikinci iddiaçının, 02 mart 2022-ci il tarixli bildirişi ilə üçüncü iddiaçının müraciətlərinin təmin edilməsindən imtina edilib. Bütün imtina bildirişlərinin əsasları kimi idarədə mövcud arxiv məlumatlarına əsasən bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında iddiaçıların adının aşkar olunmaması, elektron kadastr baza məlumatlarına əsasən bağçılıqyoldaşlığa dair bölgü sxeminin olmadığı üçün göstərilən torpaq sahəsinin yerləşməsini müəyyən etməyin mümkün olmaması, qeyd edilən ərazilərə digər şəxsin müraciətinin qeydə alınması, həmçinin ümumi əraziyə (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər şəxsə məxsus "Torpaq sahəsinin plan və ölçüsü" (kadastr planı) verilməsi göstərilib. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 16 dekabr 2005-ci il tarixli 330 saylı və 02 iyun 2006-cı il tarixli 142 saylı sərəncamları ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 16 dekabr 2005-ci il tarixli 330 saylı sərəncamına əsasən, X3 05 avqust 2005-ci il tarixli, 01/0026 saylı məktubu nəzərə alınaraq, Binəqədi və Xocasən rayonlarının ərazilərində, Xocasən kəndinin şərqində yerləyəşən Xocasən gölü ətrafından universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün X3 daimi istifadəsinə torpaq sahəsi verilmişdir. Cavabdeh qurumun 02 iyun 2006-cı il tarixli 142 saylı sərəncamına əsasən Binəqədi rayonu Xocasən gölünün şimalında "xxxx" X1 və "xxxx" MMC-yə torpaq sahəsinin ayrılması ilə bağlı sərəncamlar ləğv edilərək, həmin torpaq sahələri cavabdeh qurumun 330 saylı sərəncamına əsasən, universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün X3 daimi istifadəsinə verilmiş torpaq sahələrinə əlavə edilmişdir. İddiaçılar 2022-ci ilin yanvar ayında müxtəlif vaxtlarda onlara verilmiş bağ sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və bununla bağlı onlara çıxarış verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişlər. İdarədən 2022-ci ilin fevral-mart ayları ərzində müxtəlif vaxtlarda təqdim edilmiş cavab məktublarında iddiaçıların müraciətinin təmin edilməsindən imtina edilmiş, idarə imtinanın əsaslarından biri kimi elektron kadastr baza məlumatlarında iddiaçılara verilmiş topaq sahələri ilə bağlı digər şəxsin adına kadastr planının olduğunu göstərmişdir. Əldə olunan sənədlərdən məlum olmuşdur ki, həmin torpaq sahələri ilə bağlı kadastr planı cavabdeh qurumun 16 dekabr 2005-ci il tarixli sərəncamına əsasən X5 verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının sözügedən sərəncamları qanunsuz və əsassızdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçılara ünvanladığı imtina bildirişlərinin əsaslarından biri kimi göstərilən əraziyə digər şəxsin adına kadastr planının verilməsi göstərilmişdir. İddiaçılar qeyd edilmiş torpaq sahələri üzərində istifadə hüququnu 7 avqust 1991-ci ildə əldə etmişlər. X6 isə həmin torpaqlar üzərində daimi istifadə hüququnu 16 dekabr 2005-ci il və 02 iyun 2006-cı ildə cavabdeh qurumun iki müvafiq sərəncamı ilə əldə etmişdir. Həmin torpaq sahələri Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X3 adına X4 kitabında 12 yanvar 2011-ci ildə 23519 nömrə ilə uçota alınmış və Torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. Bağ sahələri həmin dövrdə mövcud olan qanunvericiliyə uyğun olaraq icra hakimiyyətlərinin nəzdində olduğu üçün cavabdeh qurum həmin torpaq sahələrinin iddiaçılara verilməsi ilə bağlı sənədlərə və digər arxiv məlumatlarına sahib olmuşdur. Cavabdeh qurum həmin bağ sahələrinin digərlərinin istifadəsində olduğunu bildiyi halda və torpaq sahələrinin iddiaçılara ayrılmasına dair 07 avqust 1991-cı il tarixli, 11/546 saylı protokol və Bakı şəhər X2 İcraiyyə Komitəsinin 11/546 nömrəli, xx.xx.1991-ci il tarixli qərarı qüvvədə olduğu halda həmin torpaqlar üzərində istifadə hüququnu başqa bir hüquqi şəxsə vermişdir ki, bu da qanunsuz və əsassızdır. Bundan başqa Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktublarından aydın olur ki, cavabdeh qurumun torpaq sahəsinin X5 verməsi ilə bağlı sərəncamlarının idarə tərəfindən qanunvericiliyə uyğun qəbul edilməsinin əsas səbəbi idarənin əlində torpaq sahəsinin iddiaçılara məxsus olduğunu təsdiq edən arxiv məlumatlarının olmamasıdır. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli № 2186 Sərəncamının 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etməli və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etməlidir. Həmçinin qeyd edilmişdir ki, “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən, yazılı inzibati aktda inzibati aktı qəbul etmiş orqanın adı; inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü əks olunmalıdır. Cavabdeh qurumun 330 və 142 saylı Sərəncamlarında isə həmin sərəncamlara qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət verə biləcəyi instansiya haqqında məlumat verilmir. Qanunun 62.1-ci maddəsinə əsasən, inzibati aktın qəbul olunması haqqında inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Ancaq cavabdeh qurum sözügedən sərəncamı ilə bağlı iddiaçılara heç bir məlumat verilməyib, onlar yalnız Reysetr Xidmətinin cavab məktubundan belə bir sərəncamın mövcudluğundan xəbər tutublar. "İnzibati icraat haqqında" Qanunun 64.1-ci maddəsinə əsasən, inzibati akt ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Ancaq, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İddiaçılar cavabdeh qurumun 16 dekabr 2005-ci il tarixli 330 nömrəli sərəncamının mövcudluğundan yalnız Reyestr Xidmətinin təqdim etdiyi imtina məktubları ilə, 02 iyun 2006-cı il 142 saylı sərəncamdan isə Əmlak Məsələləri Dövlət Xidmətinin 24 iyun 2022-ci il tarixli cavab məktubu ilə xəbər tutublar. Buna görə də cavabdeh qurumun 16 dekabr 2005-ci il tarixli 330 saylı sərəncamının mübahisələndirilməsi ilə bağlı müddətin axımı Reyestr Xidmətinin iddiaçılara təqdim etdiyi 23 fevral, 2 mart və 3 mart 2022-ci il tarixli imtina bildirişlərinin, 02 iyun 2006-cı il 142 saylı saylı sərəncamının mübahisələndirilməsi ilə bağlı müddətin axımı isə Əmlak Məsələləri Dövlət Xidmətinin 24 iyun 2022-ci il tarixli cavab məktubunun iddiaçılara təqdim edilmə tarixindən başlayır. Həmin Sərəncamlar "İnzibati icraat haqında" Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinə əsasən 6 (altı) ay ərzində mübahisələndirilməli inzibati aktlar siyahısına aiddir və bu səbəbdən də həmin Sərəncamların məhkəmə qaydasında mübahisləndirilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ötürülməyib. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2303/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı, “X6” üçüncü şəxs qismində cəlb edilməklə Sərəncamların qismən ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçılar apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddia tələbinin məzmunundan görünür ki, iddiaçılar cavabdehin üçüncü şəxsə torpaq sahəsinin ayrılması ilə bağlı iki Sərəncamının, xx.xx.2005-ci il tarixli 330 saylı və xx.xx.2006-cı il tarixli 142 saylı Sərəncamlarının onlara aid hissədə ləğv edilməsini xahiş edirlər.İddia tələbinin əsası kimi üçüncü şəxsə ayrılan torpaq sahəsi, daha əvvəl onların istifadəsinə verilmiş və cavabdeh onların istifadəsinə verilmiş torpaq sahəsini üçüncü şəxsin istifadəsinə verərkən qanunsuz akt qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların cavabdehin xx.xx.2006-cı il tarixli 142 saylı Sərəncamını mübahisələndirmək üçün subyektiv hüququ mövcud deyil. Belə ki, cavabdehin 02 iyun 2006-cı il tarixli 142 saylı sərəncamına əsasən Binəqədi rayonu Xocasən gölünün şimalında "xxxx" X1 və "xxxx" MMC-yə torpaq sahəsinin ayrılması ilə bağlı sərəncamlar ləğv edilərək, həmin torpaq sahələri cavabdeh qurumun 330 saylı sərəncamına əsasən, universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün üçüncü şəxsin daimi istifadəsinə verilmiş torpaq sahələrinə əlavə edilmişdir. Göründüyü kimi cavabdehin 142 saylı Sərəncamı iddiaçıların hər hansı bir hüququna toxunmur, həmin Sərəncamla yalnız A.M.A.Y” X1 və "xxxx" MMC-yə torpaq sahəsinin ayrılması ilə bağlı sərəncamlar ləğv edilmişdir. Həmçinin “Heydər Əliyev” fondunun adına işlənmiş xx.xx.2011-ci il tarixli “torpaq sahəsinin plan və ölçü” sənədinin verilməsinə əsas kimi cavabdehin xx.xx.2005-ci il tarixli 330 saylı Səncamı göstərilmişdir. Görünüdüyü kimi, iddiaçılar cavabdehin ikinci -142 saylı Sərəncamının onların hansı hüquq və mənafeyinə toxunmasını əsaslandırmamışlar, iddiaçıların həmin Sərəncamı mübahisələndirmək üçün subyektiv hüquqları müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçıların hazırkı iddianı qaldırmaqla subyektiv hüquqları olsaydı belə iddianın irəli sürülməsi üçün qanunvericiliklə nəzərdə prosessual müddət də ötürülmüşdür. Belə ki, mübahisələndirilən Sərəncamlar 2005 və 2006-cı il tarixlidir. Mübahisələndirilən Sərəncamların qəbul edildiyi vaxt qüvvədə olmuş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296-cı maddəsinə (maddə Azərbaycan Respublikasının 10 iyul 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Yuxarı orqanlara və vəzifəli şəxslərə ilkin müraciət ərizənin məhkəməyə təqdim edilməsi, onun məhkəmə tərəfindən qəbul edilməsi və mahiyyəti üzrə həll edilməsi üçün məcburi şərt deyildir. Ərizə bu Məcəllənin 4-cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Baxılması rayon məhkəməsinə aid olan ərizə fiziki şəxs tərəfindən onun yaşayış yeri üzrə məhkəməyə, yaxud hərəkətindən şikayət edilən orqanın, təşkilatın, vəzifəli şəxsin yerləşdiyi yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 298-ci maddəsinə (maddə Azərbaycan Respublikasının 10 iyul 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İstinad edilən normaya görə, prosessual müddətin axımının başlanması şəxsin hüquq və azadlıqlarının pozulmasının ona məlum olduğu anla, başqa sözlə öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu anla əlaqələndirmişdir. İddiaçılar mübahisələndirdikləri Sərəncamlardan 18 ilə yaxın müddət ərzində məhkəmə müdafiəsi hüququndan istifadə etməyərək həmin Sərəncamları mübahisələndirməmişlər. İddiaçılar iddia ərizəsində cavabdehin 16 dekabr 2005-ci il tarixli 330 nömrəli Sərəncamının mövcudluğundan yalnız Reyestr Xidmətinin təqdim etdiyi imtina məktubları ilə, 02 iyun 2006-cı il 142 saylı sərəncamdan isə Əmlak Məsələləri Dövlət Xidmətinin 24 iyun 2022-ci il tarixli cavab məktubu ilə xəbər tutduqlarını göstərmişlər İddiaçılar hesab edirlər ki, buna görə də cavabdeh qurumun 16 dekabr 2005-ci il tarixli 330 saylı Sərəncamının mübahisələndirilməsi ilə bağlı müddətin axımı Reyestr Xidmətinin iddiaçılara təqdim etdiyi 23 fevral, 2 mart və 3 mart 2022-ci il tarixli imtina bildirişlərinin, 02 iyun 2006-cı il 142 saylı saylı Sərəncamının mübahisələndirilməsi ilə bağlı müddətin axımı isə Əmlak Məsələləri Dövlət Xidmətinin 24 iyun 2022-ci il tarixli cavab məktubunun iddiaçılara təqdim edilmə tarixindən başlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar göstərdikləri tarixdən də iddia müddətini ötürmüşlər. Belə ki, Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçılar cavabdehin xx.xx.2005-ci il tarixli 330 saylı Sərəncamından 23 fevral, 2 mart və 3 mart 2022-ci il tarixli imtina bildirişlərini aldıqdan sonra məlumatlı olduqları halda, həmin Sərəncamdan 30 gün müddətində iddia verə bilərdilər. İşin hallarından isə görünür ki, iddiaçıların birgə iddia ərizələri xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Yəni iddiaçılar həmin Sərəncamın onlara məlum olmasını bildikləri vaxtdan 6-7 ay sonra məhkəməyə müraciət edərək 30 günlük iddia müddətini ötürmüşlər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia qanunvericiliklə nəzərdə tutulmuş mümkünlük şərtlərini ödəmədiyindən inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2303/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar