Məhkəmə qərarları › İş №2-1(103)-3169/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3169/2025

16.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3169/2025 16.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6766/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin İQ77/5 saylı xx.xx.2024-cü il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsini; cavabdehin üzərinə iddiaçı Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı xx.xx.2024-cü il tarixli vəsatətini təmin edərək ona qaçqın statusu verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Lahor şəhərində anadan olduğunu, milliyətcə pəncablı, dini etiqadına görə müsəlman (sünni) olduğunu, 1988-ci ildə Lahor şəhərində Govt High school adlı məktəbdə 10 illik təhsil aldığını, 1988-1990-cı illərdə X1 adlı kollecdə 2 il, 1990-1994-cü illərdə Punjab University adlı universitetinin jurnalistika fakültəsində 4 illik təhsil aldığını, ixtisasca jurnalist olmağına baxmayaraq, bu sahədə heç vaxt işləmədiyini,aviaşirkətdə ixtisas artırma kursları keçdikdən sonra 1995-ci ildən 2021-ci ilədək PİA-da (X2) sərnişin daşıması bölməsində müdir qismində işlədiyini və 2018-ci ildə işdə aldığı xəsarətdən sonra onurğasında yaranan problem səbəbindən əmək fəaliyyətini dayandırdığını qeyd etmişdir. Ailə vəziyyəti barədə məlumat verərkən iddiaçı evli olduğunu, arvadı,3 qızı və 2 oğlunun da onunla birlikdə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına gəldiklərini və Dölət Miqrasiya Xidmətinə qaçqın statusu əldə etmək üçün müraciət etdiklərini qeyd etmişdir. Qaçqın statusu əldə etmək üçün müraciətinin səbəblərini izah edərkən iddiaçı Pakistanda keçmiş baş nazir İmran Khanın rəhbərlik etdiyi PTİ (Pakistan Tehrik-e-İnsaf) partiyasının üzvü olması səbəbindən hazırda Pakistanda iqtidarda olan PML-N (Pakistan Muslim LeagueNawaz) partiyasının və eyni zamanda Milli Assambleyanın üzvü olan Talha Barki adlı bir şəxs tərəfindən aralarında siyasi fikir ayrılığı və eyni zamanda torpaq mülkiyyət üstündə mübahisənin yarandığını və sözügüdən şəxs tərəfindən təqiblərə məruz qaldığı üçün ölkəsini tərk etdiyini bildirmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı iddiaçının verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı özünün pasportunu təqdim edərək adını,yaşını,vətəndaşlığını,doğulduğu yeri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir.Bundan əlavə iddiaşı mülkiyyətində olan və mübahisə obyekti olan torpağa dair sənədləri,ailə tərkibi haqqında arayışı və nikah şəhadətnaməsini də təqdim etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6766/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi” barədə iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlərr. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6766/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 24 dekabr 2024-ci il tarixli, İQ-77/5 nömrəli qərarının surətindən görünür ki, “Pakistan İslam Respublikasının vətəndaşı, hazırda Xırdalan şəhəri, 28-ci məhəllə, bina 16a, mənzil 76 ünvanında müvəqqəti yaşayan, 12 dekabr 1972-ci il təvəllüdlü İddiaçı (Pasport: № AD1157864) və ailə üzvləri (arvadı - 5 noyabr 1974-cü il təvəllüdlü Kalsoom Mukhtar, oğlu - 15 fevral 2007-ci il təvəllüdlü X3, qızı - 25 mart 2011-ci il təvəllüdlü Tehreem Mukhtar, qızı - 5 aprel 2014-cü il təvəllüdlü Muskan Fatima) 8 oktyabr 2024-cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onların 419136/m saylı vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adlarıına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin ksero sürətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmişdir. İddiaçı müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, Pakistanda heç bir sosial qrupa qoşulmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyetinə və dini etiqadına görə ciddi şəkildə təqib olunmamışdır. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı onun gətirdiyi səbəblər Azerbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “‘Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası'nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir. Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 9-cu maddəsinə görə qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 1-ci bəndinin 5-ci hissəsinə görə "qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Qaydanın 3-cü bəndinin 1-ci hissəsinə əsasən "qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir. Qaydanın 8-ci bəndinə görə müsahibə zamanı şəxs "qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. Qaydanın 13-cü bəndinə görə şəxsə "qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə beş gün müddətində yazılı bildiriş göndərsin. Hazırkı iş üzrə iddiaçı ona qaçqın statusunun verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətinə yuxarıda qeyd olunan normaların tələblərinə uyğun baxaraq iddiaçının vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığını, siyasi fəaliyyətlə məşğul olmadığını və irqi əlamətinə, milliyətinə və dini etiqadına görə təqib olunmadığını nəzərə alaraq bu müraciəti təmin etməkdən imtina etmişdir . Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsaslıdır. Belə ki: iddiaçı müsahibə zamanı verdiyi izahatında qeyd etmişdir ki, vətəndaşı olduğu və daimi yaşadıqları ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışlar. İddiaçı “Pakistan Tehrik -e-İnsaf (PTİ)” partiyasının üzvlüyünü təsdiq edən sənəd təqdim edə bilməmişdir. Ona qarşı cinayət işinin 2024-cü ilin avqust ayında açıldığını bildirsə də, Azərbaycan Respublikasına gəlmək üçün vizaya iyul ayında müraciət etdiyini qeyd etmişdir. Yaşadığı ərazidə yüzlərlə “PTİ” üzvü olmasına baxmayaraq, niyə məhz onunla ədavətin olması sualını cavablandıra bilməmişdir. Cinayət işinin açıldığı halda həmin ölkəni asanlıqla tərk etməsi soruşulduqda, ona qarşı açılmış cinayət işinin saxta olduğunu bildirmişdir. Oğlu ilə özünün verdiyi müsahibələrdə ziddiyyətlər olmuşdur Həmçinin izahatlardan məlum olmuşdur ki, onlar vətəndaşı olduqları ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətlərinə və dini etiqadlarına görə təqib olunmamışlar. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Göründüyü kimi iddiaçının mənşə ölkəsində təqibə məruz qalacağı ilə bağlı real riskin mövcudluğu iş üzrə müəyyən olunmuş hallarla təsdiq olunmur. İddiaçının və ailə üzvlərinin öz ölkələrində yaşadıqları dövrdə dini etiqadına görə təqibə məruz qaldığı iş üzrə materiallarla təsdiq olunmur. İddiaçı da bu barədə məhkəməyə hər hansı ciddi və mötəbər sübut təqdim etməmişdir Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi qanunvericilik “qaçqın” statusunun verilməsi üçün şəxsin vətəndaşı olduğu, yaxud vətəndaşlığı olmayıb adətən yaşadığı ölkənin himayəsindən istifadə edə bilməməsini onun irqi, milli, dini, sosial və ya siyasi səbəblərə görə ölkəsində təqiblərin qurbanı olması və ya olacağı ehtimalını tam əsaslandırması və bu müdaxilənin ehtiyat tədbiri kimi onun üçün zəruri olmasını sübut etməsi halı ilə şərtləndirir. Belə ki, qaçqın statusunun verilməsi üçün qanunla müəyyən olunmuş dispozisiya şərtləri şəxsə münasibətdə ödənilmiş olmalıdır. Yəni şəxsin irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq təhlükəsi mövcud, eyni zamanda həm də real olmalıdır. Qeyd olunan hallarla bağlı təqibə məruz qalacağı ilə bağlı iddiaçının ehtimalları və həmin ehtimallara söykənən qorxu hissi həm ümumu xarakterli, həm də fərdi xarakterli potensial təhlükələrdən irəli gəlməli və onların ağlabatan olduğu qənaətinin formalaşması üçün yetərli olmalıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, mənşə ölkəsinə qayıdacağı təqdirdə iddiaçının təqibə məruz qalacağı, təqib təhlükəsinin reallığı və nəticədə ona ziyan vurulacağı kimi hallar inzibati orqan, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən onun qiymətləndirmə azadlığına əsasən qiymətləndirilir. Bu baxımdan, təqiblərin qurbanı olmaq təhlükəsindən doğan qorxu hissi əsaslı olmalı və şəxsin mənşə ölkəsinə qayıdacağı təqdirdə irqi, milli, dini və ya sosial qrup mənsubiyyətinə yaxud da siyasi əqidəsinə görə real təqibə məruz qalacağına və bundan ziyan çəkəcəyinə qarşı tərəfi inandırma keyfiyyətinə malik olmalıdır. Hazırkı mübahisədə isə istər inzibati icraat, istərsə də məhkəmə araşdırması zamanı yuxarıda qeyd olunan şərtlərin mövcud olması iddiaçı tərəfindən əsaslandırılmadığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti iddiaçıya münasibətdə əsaslı qərar qəbul etmişdir. İddiaçının mənşə ölkəsində təqibə məruz qalacağı ilə bağlı real riskin mövcudluğu iş üzrə müəyyən olunmuş hallarla təsdiq olunmur. İddiaçının istinad etdiyi hallar vətəndaşı olduğu ölkədəki vəziyyətlə bağlı narahatlıqdan doğan ümumi mülahizələrə söykənir və özü-özlüyündə qaçqın statusunun verilməsi üçün yetərli sayıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ona “qaçqın” statusunun verilməsi ilə bağlı dəlilləri qanunvericliklə («Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə) “qaçqın”a verilən anlayışın tələbləri, buna dair əlamətlərlə əhatə olunmamış və iddiaçı vətəndaşı olduğu ölkədə təhlükəsizliyinin təmin edilməməsi, təqiblərə məruz qalmasını təsdiqləyən tutarlı sübutlar təqdim etməmiş, onun dəlilləri isə mülahizələrə söykənmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, oxşar mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş çoxsaylı qərarlarda, o cümlədən 2-1(102)- 3182/2019 saylı, 10 dekabr 2019-cu il tarixli, 2-1(102)-2143/2020 saylı, 25 noyabr 2020-ci il tarixli, 2-1(102)-366/2021 saylı, 24 fevral 2021-ci il tarixli və 2-1(102)-535/2021 saylı, 31 mart 2021-ci il tarixli qərarlarında “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun müddəalarına istinad edərək, iddiaçının vəziyyətində olan şəxslərə qaçqın statusu verilməsindən cavabdehin imtinasını qanuni və əsaslı hesab etmişdir. Azərbaycan Respublikası İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6766/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6766/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar