Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-317/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4195/2022 saylı, 31 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşı tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4195/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşı tamam olduğu 13 mart 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4195/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az (8 il 11 ay 28 gün (xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1990-cı il, xx.xx.2002-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. İddiaçının xx.xx.1998-xx.xx.2001-ci illərdə «X11» MMC-də mexaniklər xidmətində işlədiyi qaynaqçı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahıda nəzərdə tutulmamışdır, iddiaçının xx.xx.2004-xx.xx.2006-cı illərdə «X5 LTD» və ARDNŞ tərəfindən təsis edilmiş müştərək müəssisədə qaynaqçı vəzifəsində işləməsi ilə bağlı dövlət arxivinin arayışı isə Mərkəzi Filiala daxil olmamışdır. Qeyd olunanlara əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və hüquqi qiymət verilmədən yekun qərar çıxarılmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus NZ seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1981-cidən xx.xx.1983-cü ilədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus B №817578 nömrəli Diplomun surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildə Bakı şəhəri 10 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1981-ci ildə Armaturçu elektrik qaynaqçısı peşəsi üzrə bu məktəbin tam kursunu bitirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli № BA-02804-2021 nömrəli arayışdan görünür ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan BBTİ 12 saylı Tikinti idarəsinin natamam arxiv sənədlərinin əmr kitablarında 1963-cü il təvəllüdlü vət. İddiaçı xx.xx.1981-ci il tarixli, 28/s saylı əmrlə xx.xx.1981-ci il tarixdən 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə işə qəbul olunması, xx.xx.1981-ci il tarixli, 39/s saylı əmrlə xx.xx.1981-ci il tarixdən hərbi xidmətə getməsi ilə əlaqədar işdən azad olunması, xx.xx.1983-cü il tarixli 73/s saylı əmrlə xx.xx.1983-cü il tarixdən 3-cü dərəcəli qaz qaynaqçısı vəzifəsinə işə qəbul olunması, xx.xx.1984-cü il tarixli 41 /s saylı əmrlə xx.xx.1984-cü ii tarixdən iş yerinin dəyişdirilərək işdən azad olunması və 1981, 1984-cü illərə dair arxiv sənədlərinin hesabat cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar vardır. Əmək haqqı cədvəlindən görünür ki, ona 1981-ci il may-oktyabr ayları, 1984-cü il yanvar-avqust ayları əmək haqqı hesablanmışdır. İş materiallarında olan “X11” MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı X11 Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində çalışmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi yanında X3 Salan Mərkəz tərəfindən tərtib edilmiş X11 Limited şirkətinin arxiv fondunun materiallarında aşağıdakı məlumatlar qeyd edilib: 14 noyabr 1998-ci il tarixindən 16 oktyabr 2001-ci il tarixinədək Mexaniklər xidmətində isti və zərərli iş şəraitində qaynaqçı köməkçisi peşəsində çalışmışdır. 01 aprel 2002-ci il tarixindən 24 oktyabr 2004-cü il tarixinədək Mexaniklər sahəsində isti və zərərli iş şəraitində qaynaqçı peşəsində çalışmışdır. Qeyd edilmiş peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü bəndinin (Metallurgiya İstehsalatı) 3.3 (a) yarımbəndində əl ilə elektrik qaynaqçıları kimi öz əksini tapmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 22 №li arayışdan görünür ki, İddiaçı 2 nömrəli Avtobazada 10 sentyabr 1984-cü il tarixdən xx.xx.1990-cı il tarixədək isti və zərərli iş şəraitində qaz qaynaqçısı vəzifəsində işləyib, xx.xx.1990-cı ildən 33/k əmrinə əsasən sürücü vəzifəsinə köçürülüb və xx.xx.1998-ci ildə Azərbaycan Respublikasının ƏM 37-ci bəndinə əsasən öz xahişilə işdən azad olunub. Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il 392 nömrəli sərəncamına əsasən X1nin 2 nömrəli Avtobazası "xxxx" ASC adlandırılıb. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********0 saylı imtina məktubundan görünür ki, iddiaçının Mərkəzi Filiala xx.xx.2021-ci ildə daxil olmuş müraciətinə baxılmışdır. Bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, Sizin 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajınız 12 il 6 aydan az (8 il 11 ay 28 gün (xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1990-cı il, xx.xx.2002-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan SOCAR Baş Ofisinin Mərkəzi Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, SOCAR-ın Baş Ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1998-ci ildə (əmr № 42/k, xx.xx.1998-ci il) “Suraxanıneft” Neft və Qazçıxarma İdarəsinin 3 №-li NQÇS-nə (neft mədəni) neft və qazçıxarma üzrə 4-cü dərəcəli operator peşəsinə işə qəbul edilmiş, xx.xx.1998-ci ildə (əmr № 70/k, xx.xx.1998-ci il) Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. İş materiallarında olan sorğuya cavab olaraq SOCAR “Azneft” İB tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı “Suraxanıneft” Neft və Qazçıxarma İdarəsinin “Suraxanıneft” Neft və Qazçıxarma İdarəsinin 3№-li Neft və qazçıxarma sexində xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “neft və qazçıxarma üzrə operator” peşəsində işləyib. İddiaçı işlədiyi “neft və qazçıxarma üzrə operator” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320№ li qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istahsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №li Siyahısının 12-ci (Xİİ) “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı(dəniz neftçilərindən başqa), kömürün və şiştin emalı” bölməsinin 2-ci “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölməsində 2130200a-15824 kodu ilə qeyd olunmuş “neft və qaz hasilatı üzrə operatorlar” peşəsi ilə eynilik təşkil edir. İş materiallarında olan sorğuya cavab olaraq SOCAR-ın Baş ofisi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: SOCAR-ın, "xxxx" Şirkətinin və "xxxx" Şirkətinin 10 iyul 2014-cü il tarixli birgə qərarı ilə «X7» MMC təsis edilmişdir. Cəmiyyət 26 avqust 2014-cü il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Təsisçilərin müvafiq qərarına əsasən «X7» MMC-nin ləğv edilməsi qərara alınmış və hazırda cəmiyyətin ləğvi ilə bağlı zəruri hüquqi hərəkətlər həyata keçirilir. Həmin məktuba əlavə edilmiş «X7» MMC-nin Nizamnaməsinin (ikinci redaksiya) 1-ci maddəsində göstərilir ki, «X7» MMC xx.xx.1997-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində ********** qeydiyyat nömrəsi (VÖEN) ilə qeydiyyatdan keçmiş (əvvəlki qeydiyyat № 307) hüquqi şəxsdir, Nizamnamənin bu ikinci redaksiyası Cəmiyyətin xx.xx.1997-ci il tarixli Nizamnaməsini əvəz edir. İş materiallarında olan X11 QSC-nin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilədək X11 Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində Mexaniklər sahəsində qaynaqçının köməkçisi, xx.xx.2002-ci ildən xx.xx.2004-cü ilədək Mexaniklər sahəsində qaynaqçı peşəsində işləmişdir. Həmin peşə hazırda X11 QSC-də mövcud olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın 33-cü ümumi peşələr bölməsinin «əl ilə qaynaq aparan elektrik qaynaqçıları» və eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 35-ci ümumi peşələr bölməsinin «əl ilə qaynaq aparan elektrik qaynaqçıları» peşəsi ilə eynilik təşkil edir. İş materiallarında olan iddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il - xx.xx.1981-ci ildə 12 nömrəli Trestdə elektrik qaynaqçısı, xx.xx.1983 - xx.xx.1984-cü ildə qaz qaynaqçısı peşəsində, xx.xx.1984cü il - xx.xx.1988-ci ildə Bakı Baş Tikinti X1 2 №-li Avtobazada qaz qaynaqçısı kimi çalışmış, xx.xx.1990-cı ildə 3-cü sinif sürücüsü kimi keçirilmiş, xx.xx.1998-ci il tarixdə ərizəsinə əsasən işdən azad edilmiş, xx.xx.1998-ci il - xx.xx.1998-ci ildə «Suraxanıneft» Neft və Qaz Hasilatı İdarəsi 3 №li Neft və X10 4-cü dərəcəli neft və qaz hasilatı üzrə operator vəzifəsində çalışmışdır, xx.xx.1998-ci il - xx.xx.2001-ci ildə “X11”də mexaniklər sahəsinə qaynaqçının köməkçisi vəzifəsində çalışmışdır, xx.xx.2002-ci il - xx.xx.2004-cü ildə “X11”də qaynaqçı vəzifəsində çalışmışdır, xx.xx.2004-cü il - xx.xx.2006-cı ildə “X7” LTD-də qaynaqçı vəzifəsində, xx.xx.2007-ci il - xx.xx.2009-cu ildə “X7” LTD-də qaynaqçı vəzifəsində, xx.xx.2009-cu ildən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda elektrik qaynaqçısı vəzifəsində çalışmış, xx.xx.2014-cü ildən hal-hazırki dövrədək “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda əl ilə qaynaqda elektrik qaynaqçısı vəzifəsində çalışır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (xx.xx.2022-ci ilədək olan redaksiyası). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür, xx.xx.2020-ci il tarixində onun 57 yaşı tamam olmuşdur. İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdə işləməsi əsası ilə ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmişdir. Cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçı hazırda cavabdeh imtinasını mübahisələndirir. Göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. İş materiallarında olan əmək kitabçası və digər sənədlərdən görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq (25 il 11 ay 03 gün) ümumi iş stajı mövcuddur (xx.xx.1978-xx.xx.1981-ci illər təhsil dövrü, xx.xx.1981-xx.xx.1983-cü illər hərbi xidmət dövrü, əmək kitabçasına əsasən xx.xx.1981-xx.xx.1981, xx.xx.1983-xx.xx.1984, xx.xx.1984-xx.xx.1998, xx.xx.1998-xx.xx.1998, xx.xx.1998-xx.xx.2001, xx.xx.2002xx.xx.2004, xx.xx.2004-xx.xx.2006-cı illər işlədiyi dövr). Cavabdeh apellyasiya şikayətində iddiaçının xx.xx.2004-xx.xx.2006-cı illərdə «X5 LTD» və ARDNŞ tərəfindən təsis edilmiş müştərək müəssisədə qaynaqçı vəzifəsində işləməsi ilə bağlı dövlət arxivinin arayışının Mərkəzi Filiala daxil olmadığını qeyd edir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd edilən dəlili əsassızdır. Belə ki, iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərdən görünür ki, xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilədək “X7” LTD-də işləmişdir. Həmçinin əmək kitabçasında qeyd edilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Eyni zamanda SOCAR-ın Baş ofisi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, «X7» MMC xx.xx.1997-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, həmin dövr də iddiaçının ümumi stajına daxil edilməlidir. Göründüyü kimi, təhsil və hərbi xidmət müddəti daxil olmaqla iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi stajı 25 ildən artıqdır. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1998-xx.xx.1998-ci illərdə işlədiyi neft və qaz hasilatı üzrə operator vəzifəsi, xx.xx.1981-xx.xx.1981, xx.xx.1983-xx.xx.1984, xx.xx.1984-xx.xx.1990, xx.xx.1998-xx.xx.2001, xx.xx.2002-xx.xx.2004, xx.xx.2004-xx.xx.2006-cı illər ərzində işlədiyi qaynaqçı vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur: Xİİ Bölmə Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı, “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölümə, a) fəhlələr, kod 2130200a—15824 neft və qaz hasilatı üzrə operatorlar; XXXİİİ Bölmə Ümumi peşələr, kod 23200000—11620 qaz qaynaqçıları, kod 23200000— 19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları. Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur (13 il 2 ay 10 gün). İddiaçı tərəfindən təqdim edilmiş ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışında da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dövrlər güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının 57 yaşı xx.xx.2020-ci ildə tamam olmuş, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə xx.xx.2021-ci ildə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4195/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-317/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-317/2023
12.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver