Məhkəmə qərarları › İş №2-1(103)-317/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-317/2025

18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-317/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12200/2023 nömrəli, 21 avqust 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçılar X6, İddiaçı, X7 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinalarının qanunsuz hesab edilməklə, Bilgəh Bələdiyyəsinin qərarları əsasında iddiaçılara məxsus və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ünvanında yerləşən 2900 kv.m olan olan torpaq sahəsi X3, 2900 kv.m olan torpaq sahəsi İddiaçı, 3600 kv.m.olan torpaq sahəsi X4 adlarına torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu hüququ təsdiq edən çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçılar X6, İddiaçı və X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi iddia tələbləri üzrə 2-1(112)-11109/2023 nömrəli inzibati iş üzrə icraatdan -İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi ünvanında yerləşən 2900 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi üzrə icraatın sonrakı icraat yeni nömrə ilə qeydiyyata alınmaqla ayrılması; -iddiaçı X3 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi ünvanında yerləşən 2900 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun X3 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi üzrə icraatın sonrakı icraat yeni nömrə ilə qeydiyyata alınmaqla ayrılması; -iddiaçı X4 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi ünvanında yerləşən 3600 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun X4 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair icraatın 2-1(112)-11109/2023 nömrə ilə saxlanılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bilgəh Bələdiyyəsinin 27 may 2005-ci il tarixli 727 nömrəli qərarına əsasən Bilgəh Bələdiyyəsi ərazisində yerləşən, sahəsi 2900 kv.m təşkil edən torpaq sahəsi fərdi yaşayış evi tikilməsi üçün alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilmişdir. Qeyd edilən qərarlara əsasən Bilgəh Bələdiyyəsi ilə torpaqların alqı-satqısına dair akt imzalanmışdır və həmin akta əsasən torpağın müqabilində Bilgəh Bələdiyyəsinin hesabına müvafiq haqq ödənilmişdir. Həmin vaxtdan torpaq sahəsi iddiaçının faktiki istifadəsində və sahibliyindədir. İddiaçı torpaq sahələri üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən müraciətindən imtina edilmişdir. Cavabdeh imtinada bildirmişdir ki, alqı-satqı aktı ləgv edilmiş DTXK tərəfindən qeydə alınmadığından müraciətindən imtina edilmişdir. Bu hal iddiaçının müraciətindən imtina üçün əsas sayıla bilməz. Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) 2-1(112)-12200/2023 nömrəli, 21 avqust 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ünvanında yerləşən 2900 kv.m torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun İddiaçı adına qeydə alınması və həmin daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 21 avqust 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ünvanında yerləşən 2900 kv.m torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun İddiaçı adına qeydə alınması və həmin daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən Bakı İnzibati Məhkəməsinin 21 avqust 2023-cü il tarixli qərarı ləğv olunmalıdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilmiş torpaqların alqı-satqısına dair aktları ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmamışdır. Həmçinin elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi X2 Sovxozunun ərazisidir və bələdiyyə mülkiyyətində olması ilə əlaqədar heç bir məlumat aşkar edilməmişdir. Bundan əlavə, təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinadlar və məsafələr qeyd olunmamışdır. Həmçinin cizgidə qeyd olunan perimetrik ölçülər və konfiqurasiya ilə faktiki vəziyyət arasında ciddi uyğunsuzluq mövcuddur. Eyni zamanda torpaq sahələri ümumi hasar daxilindədir. Bundan başqa torpaq sahəsi normadan artıq ayrılmışdır. Qeyd olunanlarla yanaşı ümumi torpaq sahəsinin 201 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsi qeyd olunan halları nəzərə almamış, əsassız olaraq iddia tələbini təmin etmişdir. Bu səbəbdən də həmin məhkəmə tərəfindən qəbul olunmuş 21 avqust 2023-cü il tarixli qərar ləğv olunmalı, iddiaçının iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmalıdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3943/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qərarı ilə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12200/2023 saylı 21 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1297/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2023-cü il tarixli, 2-1(103)- 3943/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur: Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2023-cü il tarixli ********** nömrəli müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildirilir ki, təqdim etdiyiniz torpaqların alqısatqısına dair akt keçmiş “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən qeydə alınmamışdır. Həmçinin sözügedən torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş normadan artıq ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmişdir “Torpaqların alqı-satqısı” qaydarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanununun 8.0.1-ci maddəsinə əsasən xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək, 9-12-ci zonalar üzrə - 0,06 hektaradək hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 727 nömrəli qərarın surətindən görünür ki, Bilgəh qəsəbəsi ərazisində yerləşən 2900 kv.m torpaq sahəsinin Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) ünvan 3 ünvanda yaşayan İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Bakı şəhəri Bilgəh bələdiyyəsinin 27 may 2005-ci il tarixli, 727 nömrəli qərarına əsasən İddiaçı Bilgəh bələdiyyəsinin ərazisində 2900 kv.m torpaq sahəsi satılmışdır, İddiaçı tərəfindən Bilgəh Bələdiyyəsinin hesabına 39440000 manat haqq ödənilmişdir. İş materiallarında olan xx.xx.2005-ci il tarixli 1023 nömrəli kassa mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən torpaq alqı-satqısı üçün xx.xx.2005-ci ildə Bakı şəhəri Sabunçu rayonu Bilgəh bələdiyyəsinin hesabına 39440000 manat ödənilmişdir. İş materiallarında olan torpaq sahəsinin sxeminin surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 727 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 2900 kv.m torpaq sahəsinin sxemi tərtib edilərək təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/136 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh Bələdiyyəsinin 27 may 2005-ci il tarixli qərarı əsasında İddiaçı ayrılmış 2900 kv.metr torpaq sahəsinin koordinatları aşağıdakı kimi təşkil edir: X-416864.9917, 416909.7620, 416916.7364, 416868.0596; Y-4490716.2725, 4490723.4755, 4490673.4718, 4490647.1761. Mərkəzə təqdim olunmuş elektron baza məlumatlarına (kadastrportali.az) əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh Bələdiyyəsinin 27 may 2005-ci il tarixli qərarı əsasında İddiaçı ayrılmış 2900 kv.metr torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bələdiyyəsinə ayrılmış torpaq sahəsidir. Qeyd olunan torpaq sahəsinin digər şəxsə məxsus torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 817 saylı sərəncamı ilə Bilgəh qəsəbəsinin 689,46 hektar torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində Bilgəh qəsəbə bələdiyyəsinə təhvil verilmişdir, həmin sərəncam hal-hazırda qüvvədədir. Bilgəh bələdiyyəsinin 27 may 2005-ci il tarixli 727 saylı qərarı əsasında həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq Bilgəh bələdiyyəsinin mülkiyyətində olmaqla hüdudlarında yerləşən 2900 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilmişdir. Qeyd olunan Bələdiyyə qərarı hal-hazırda qüvvədədir və vətəndaş tərəfindən vergi və rüsumlar vaxtı vaxtında ödənilir. Həmin torpaq sahəsi İddiaçı 2005-ci ildən faktiki istifadəsində və sahibiliyindədir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3-cü maddəsinə əsasən inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4-cü maddəsinə əsasən etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 12.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.50-ci yarımbəndində və Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.20-ci bəndində təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh inzibati orqanın vəzifəsidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 oktyabr 2016-cı il tarixli qərarı. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh bələdiyyəsinin 27 may 2005-ci il tarixli, 727 nömrəli qərarına əsasən İddiaçı əvəzi ödənilməklə, alqı-satqı yolu ilə 2900 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaqların alqı-satqısına dair aktla isə həmin qərara əsasən İddiaçı Bilgəh bələdiyyəsinin ərazisində 2900 kv.m torpaq sahəsi satılmışdır və bununla əlaqədar İddiaçı tərəfindən ödəniş də edilmişdir. Həmin qərara torpaq sahəsinin yerləşdiyi ərazinin cizgisi də əlavə edilmişdir. Hazırda həmin torpaq sahəsi uzun müddətdir iddiaçının faktiki istifadəsindədir. Sadalanan normaların təhlilindən göründüyü kimi, qanunverici «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Həmin normada təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan bələdiyyə qərarı və onunla əlaqədar olan sənədlərin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Həmin sənədlərə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından mötəbər sübut kimi qiymətləndirilməlidir. Həmin sənədlər ləğv edilməmişdir, etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Bundan başqa, həmin sənədlər geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İddiaçı ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərərək həmin sənədlərin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş, ondan təyinatına uyğun istifadə etməyə başlamış və bu, hazırda da davam edir. Torpaqların alqısatqısına dair aktın keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) tərəfindən təsdiq edilməməsi isə iddiaçının səlahiyyətlərinə aid deyil, iddiaçı buna görə cavabdehlik daşımır, bu, iddiaçının iradəsindən asılı olan hal deyil. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə 25 iyun 2024-cü il tarixli qərarında qeyd olunan göstərişlərə uyğun olaraq müvafiq sorğular verilmiş və məhkəmə mühəndis-texniki ekspertizası keçirilmişdir. Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 817 saylı sərəncamı ilə Bilgəh qəsəbəsinin 689,46 hektar torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində Bilgəh qəsəbə bələdiyyəsinə təhvil verilmişdir, həmin sərəncam hal-hazırda qüvvədədir və Bilgəh bələdiyyəsinin 27 may 2005-ci il tarixli 727 saylı qərarı əsasında həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq Bilgəh bələdiyyəsinin mülkiyyətində olmaqla hüdudlarında yerləşən 2900 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilmişdir, qeyd olunan Bələdiyyə qərarı hal-hazırda qüvvədədir və vətəndaş tərəfindən vergi və rüsumlar vaxtı vaxtında ödənilir, həmin torpaq sahəsi İddiaçı 2005-ci ildən faktiki istifadəsində və sahibiliyindədir. Eyni zamanda cavabdeh torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın aşkar olunmadığını bildirsə də, cavabdeh orqan bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Müvafiq məhkəmə sorğusu əsasında Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubla Bakı şəhəri İcra Hakimiyyəti başçısının «Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında» xx.xx.2000-ci il tarixli 817 saylı sərəncamı və sərəncama əlavə edilmiş sxem-xəritənin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmiş, hazırki iş üzrə məhkəmə tərəfindən məhkəmə mühəndistexniki ekspertizası keçirilmişdir və ekspert rəyi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh Bələdiyyəsinin 27 may 2005-ci il tarixli qərarı əsasında İddiaçı ayrılmış 2900 kv.metr torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Həmçinin həmin ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh Bələdiyyəsinin 27 may 2005ci il tarixli qərarı əsasında İddiaçı ayrılmış 2900 kv.metr torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bələdiyyəsinə ayrılmış torpaq sahəsidir və qeyd olunan torpaq sahəsi digər şəxsə məxsus torpaq sahələri ilə üst-üstə düşmür. O da qeyd edilməlidir ki, həmin torpaq sahəsi Bakı şəhəri Sabunçu rayonu Bilgəh bələdiyyəsinin 27 may 2005-ci il tarixli, 727 nömrəli qərarına əsasən İddiaçı ayrılmışdır və onun istifadəsinə verilmişdir, həmin tarixdən də iddiaçının qanuni istifadəsindədir. Müvafiq torpaq sahəsi ilə bağlı hər hansı uyğunsuzluq olsa belə, bu, iddiaçıdan asılı olmayan haldır və bu halın aradan qaldırılması isə cavabdeh inzibati orqanın özünün səlahiyyəti daxilindədir. Cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Eyni zamanda cavabdeh inzibati orqan göstərilən əraziyə digər hüquqi və fiziki şəxslərin müraciətlərinin olması, eləcə də iddiaçıya ayrılmış bağ sahəsinin digər hüquqi və fiziki şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, nəzərə alınmalıdır ki, ayrılan torpaq sahəsinin qanunvericiliklə müəyyən edilmiş normaya uyğunluğunun təmin olunması həmin sahəni ayırmış inzibati orqanın məsuliyyət sferasına aiddir. Bununla bağlı cavabdeh orqan qanunverici tərəfindən hər hansı nəzarət səlahiyyəti ilə, o cümlədən həmin aktı məzmun baxımından təftiş etmək və onun qanunauyğunluğuna qiymət vermək səlahiyyəti ilə təchiz olunmamışdır və bu mənada torpağın ayrılmasına məsul olan orqanların fəaliyyət sahəsinə müdaxilə edə bilməz. Eyni zamanda torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin üzərinə qoyula bilməz. Hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də digər inzibati orqanların davranışını müəyyən edir. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, ümumi torpaq sahəsinin 201 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Qeyd edilməlidir ki, Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri xüsusi mülkiyyətdə və yaxud istifadədə ola bilər. Lakin həmin torpaq sahələrindən istifadə zamanı qeyd olunan qaydaların tələbləri gözlənilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarına Bakı şəhəri Sabunçu rayonu Bilgəh bələdiyyəsinin 27 may 2005-ci il tarixli, 727 nömrəli qərarı və Bakı şəhəri Sabunçu rayonu Bilgəh bələdiyyəsinin 27 may 2005-ci il tarixli, 05 nömrəli iclas protokolunun surəti əlavə edilmişdir. Qeyd olunan protokoldan görünür ki, bələdiyyə üzvlərinin iştirakı ilə kollegial olaraq keçirilmiş iclasda əleyhinə və bitərəf olmamaqla, 9 nəfər isə lehinə olmaqla 2900 kv.metr torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. Bələdiyyə qərarı bələdiyyənin sədri tərəfindən imzalansa da, qərar bələdiyyə üzvlərinin iştirakı ilə kollegial olaraq qəbul edilmişdir. Həm protokoldan, həm də qərardan görünür ki, qeyd olunan torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Bundan sonra, Torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, torpağın sxemi çəkilmiş və iddiaçı tərəfindən torpağın dəyəri ödənilmişdir. O da qeyd edilməlidir ki, hazırki işlə bir icraatda olmuş, daha sonra ayrıca icraata ayrılmış iddiaçı X3 iddia tələbi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12199/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilmiş, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-254/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış, cavabdeh tərəfindən kassasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəyə minmişdir. Həmin torpaq sahəsi Bilgəh Bələdiyyəsinin eyni tarixli qərarı ilə ayrılmış torpaq sahəsidir, iddiaçının torpaq sahəsi ilə qonşu sahədir. Bundan başqa, iddiaçının torpaq sahəsinə qonşu olan digər torpaq sahələrinin eyni hüquqmüəyyənedici sənədlər əsasında qeydiyyata alınmasına dair müvafiq çıxarışların surəti də iş materiallarına əlavə edilmişdir. Belə olan halda iddiaçıya ayrılmış torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsində qeyd olunmuş hamının inzibati orqan qarşısında bərabərliyi prinsipinin pozulmasına gətirib çıxarır. Eyni zamanda həmin Qanunun 13.2-ci maddəsinin tələblərindən göründüyü kimi, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Göründüyü kimi, qeyd olunan hallar torpaq sahəsinə hüquqların qeydiyyatına maneə deyil və imtina üçün əsas hesab edilmir. Cavabdehin imtinasında istinad etdiyi əsaslarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12200/2023 nömrəli, 21 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar