Məhkəmə qərarları › İş №2-1(103)-3170/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3170/2022

22.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3170/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2-1(112)-7838/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubunun qanunsuz hesab edilməsi və “Müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1988-ci ilin iyun, noyabr aylarında, 1990cı ilin iyul ayında Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı erməni təcavüzü ilə əlaqədar Şuşa və Xankəndi şəhərlərində döyüş bölgələrində olmuş və döyüş əməliyyatlarında iştirak etmişdir. “Müharibə veteranı” adı və vəsiqəsinin alınması üçün yaşadığı rayonun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq bölməsinə müraciət etmişdir. O, xx.xx.2012-ci il tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Binəqədi rayon Hərbi Komissarlığa müraciət etmiş və mövcud olan sənədlərə baxış keçirdikdən sonra müharibə veteranı adı və vəsiqəsini almaq hüququna malik olduğunu bildirilmişdir. xx.xx.2017-ci il tarixli məktubunda Şuşa rayonun İcra hakimiyyətinin başçısı iddiaçının təqdim etdiyi sənədlərdəki hüquqi əhəmiyyəti olan faktı təsdiq etmək üçün məhkəməyə müraciət etməyini məqsədə uyğun olduğu hesab etmişdir. Bu məsələ ilə bağlı o, Binəqədi rayon məhkəməsinə müraciət etmişdir. Binəqədi rayon Məhkəməsi 02 oktyabr 2017-ci il tarixli qərardadında göstərilmişdir ki, ərizəyə əlavə edilmiş arayışlardan görünür ki, ərizəçinin məhkəmə qaydasında müəyyən olunmasını tələb etdiyi fakt qeyd edilən sənədlərlə müəyyən edilir və Şuşa rayon İcra hakimiyyətinin Başçısı tərəfindən verilmiş 21 oktyabr 2005-ci il tarixli arayışından görünür ki, İddiaçı 1988-ci ilin iyun, noyabr aylarında və 1990-cı ilin iyul ayında Şuşa Xankəndi şəhərlərində döyüş bölmələrində olmuş, döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.2005-ci il Şuşa rayon Hərbi Komissarlığının verdiyi arayışda iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi sübut olunur. İddiaçı məsələyə yenidən baxılması üçün müraciət etsə də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xx.xx.2017-ci və xx.xx.2021-ci il tarixli iclaslarında baxılmış sənədlərin hüquqi əsas vermədiyinə əsaslanaraq (döyüşlərdə iştirakını sübut edən sənədlər yoxdur) ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinin mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün olmadığını xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirmişdir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi qanunsuz və əsassızdır. Sadalanan arayışlarla onun Dağlıq Qarabağ ərazisində baş verən hərbi əməliyyatlarda iştirak etdiyi bir başa sübut olunur. AR Şuşa rayon İcra Hakimiyyəti başçısının 16 yanvar 2017-ci il tarixli və 22 noyabr 2017-ci il tarixli məktublarında və 21 oktyabr 2005-ci il tarixli arayışında birbaşa onun 1988-ci ilin iyun, noyabr aylarında və 1990-cı ilin iyul ayında Şuşa və Xankəndi şəhərlərində döyüş bölgələrində olduğunu və döyüş əməliyyatlarında iştirak etdiyini qeyd edir. Binəqədi rayon Məhkəməsi 02 oktyabr 2017-ci il tarixli qərardadında da iddiaçının Şuşa rayon İcra hakimiyyəti başçisi tərəfindən verilmiş 21 oktyabr 2005-ci il tarixli arayışına əsasən 1988-ci ilin iyun, noyabr aylarında və 1990-cı ilin iyul ayında Şuşa və Xankəndi şəhərlərində döyüş bölgələrində olduğunu və döyüş əməliyyatlarında iştirak etdiyini müəyyən edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Döyüşlərdə iştirakı sübut edən sənədlər dedikdə - silahların təhkim edilməsi barədə əmrlərdən çıxarışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, döyüşlərdə iştirakı sübut edən başqa sənədlər nəzərdə tutulur. Şuşa Rayon İcra Hakimiyyəti “Döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adlı siyahısını Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etmiş, lakin tərtib olunmuş siyahıya İddiaçı adı mövcud deyil. İddiaçı “Müharibə veteran” adı və vəsiqəsinin verilməsi məsələsi ilə bağlı araşdırma aparılmış və Şuşa Rayon İcra Hakimiyyəti 14.02 2020-ci il tarixli, 5/65 nömrəli məktubla bildirmişdir ki, Şuşa rayon İcra Hakimiyyətində vətəndaş İddiaçı 1988-ci ilin iyun-noyabr aylarında, 1990-cı ilin iyun ayında Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı erməni təcavüzü ilə əlaqədar Şuşa şəhərində döyüş bölgələrində olaraq döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etməsi barədə heç bir rəsmi sənəd yoxdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. İddiaçı verilən 21 oktyabr 2005-ci il tarixli 3278 saylı arayışda qeyd edildiyi kimi o, Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı erməni təcavüzü ilə əlaqədar Şuşa və Xankəndi şəhərlərində olsaydı və döyüş əməliyyatlarında iştirak etsəydi müvafiq əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün təminat növlərinə daxil edilər, xidməti barədə məlumat olardı. Ancaq bu barədə də heç bir məlumat yoxdur. İddiaçı cavabdehdə olan məlumata görə Azərbaycan SSR Meşə Təsərrüfatı Nazirliyinin 30 iyun 1988-ci il tarixli, 187 saylı əmrilə Şuşa rayon ərazisində qanunsuz meşə qırılmasını yoxlamaq üçün Respublika Aqrar Sənaye Komitəsinin və Təbiəti Mühafizə Komitəsinin nümayəndələri ilə 4 gün müddətinə Şuşa rayonuna, 9 noyabr 1988-ci ildə 324 saylı əmrlə Topxana ərazisində ağac və kolların köklənməsi barədə Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş siqnalı yerində yoxlamaq üçün 5 gün müddətinə yenə Şuşa və Əskəran rayonlarına, Azərbaycan SSR Meşə Təsərrüfatı istehsalat Birliyinin 17 iyul 1990-cı il tarixli 137 nömrəli əmrinə əsasən 7 gün və 2 avqust 1990-cı il tarixli 148 nömrəli əmrinə əsasən isə 3 gün olmaqla 10 gün Laçın və Kəlbəcər meşə təsərrüfatlarında meşələrin qorunub mühafizə edilməsi vəziyyətini nəzarəti qaydada və X5 Vilayətinin təşkilat komitəsinin çağırışına əsasən Xankəndi (Stepanakert) şəhərinə ezam olunmuşdur. Bir neçə gün meşə qırılması faktını yoxlamaq üçün Şuşaya və qonşu rayonlara ezamiyyətə gəlmiş adamın adının Şuşa rayon icra Hakimiyyətinin tərtib etdiyi siyahılara daxil edib. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müharibə veteranı adı verilməsi üçün təqdim etməyi qeyri-qanunidir. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2-1(112)-7838/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: M.Hacıbəyova) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək onun təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə işin içərisində olan onun sübut kimi təqdim etdiyi sənədlərə yetərincə diqqət yetirməmiş, hüquqi qiymət verməmiş, bu isə ədalətsiz qərar qəbul etməyə səbəb olmuşdur. Hesab edir ki, məhkəmə araşdırılması ədalətli olaraq aparılmamışdır. Onu Qarabağ müharibəsi ilə bağlayan aşağıda qeyd edilən hallar nəzərə alinmamışdır: o, Binəqədi rayon məhkəməsinə müraciət edərək onun döyüşlərdə iştirakına dair “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair“ qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə 02 oktyabr 2017-ci il tarixli 2(001)-14256/2017 saylı qərardad qəbul edərək qeyd etmişdir ki. ərizəyə əlavə edilmiş arayışlardan görünür ki, ərizəçinin məhkəmə qaydasında müəyyən olunmasını tələb etdiyi fakt qeyd edilən sənədlərdə müəyyəndir. Hesab edir ki, bu halda həmin faktın müəyyən olunması yol verilməzdir və məhkəmə qaydasında baxıla bilməz. Şuşa rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş 21 oktyabr 2005-ci il tarixli arayışın surətindən görünür ki, o, 1988-ci ilin iyun-noyabr aylarında və 1990-cı ilin iyul ayında Şuşa və Xankəndi şəhərlərində döyüş bölgələrində olmuş, döyüş əməliyyatlarında iştirak etmişdir. Bütün bunlar Binəqədi rayon Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli 2(001)- 14256/2017 saylı Qərardadında öz əksini tapmışdır. Dolayısı ilə, elə hüquqi faktin müəyyən edilməsinə dair məhkəmə qərardadı olduğu halda, hakim tərəfindən bu hallara düzgün qiymət verilməmişdir. Qanuni qüvvəyə minmiş, yəni artıq icrası məcburi olan məhkəmə qərarına onun ləğv edilməsində, dəyişdirilməsində maraqlı olan tərəfin mövqeyinə (şikayətinə) əsasən, yəni müstəsna olaraq fərdi marağı rəhbər tutmaqla müdaxilə edilməsi və bu cürə müdaxilələr üçün prosessual imkanların yaradılması hüquqi müəyyənlik prinsipinə, ədalət mühakiməsinin məqsədlərinə xələl gətirməklə, fərdi maraqlarla ictimai maraqlar arasında tarazlığı pozur. Onunla bağlı halda isə, Binəqədi rayon Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli 2(001)- 14256/2017 saylı Qərardadında onun müharibədə iştirakı öz əksini tapmışdır. Yəni, mübahisə predmeti deyil. Beləliklə, onun döyüşlərdə iştirakı ilə əlaqəli qeyd edilən faktlar mübahisə predmeti deyil. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin bu işdə məsul şəxslərinin qanunsuz hərəkətlərinə o, öz etirazını bildirirərək aşağıdakıları qeyd edir: o, qanuni olaraq xidməti ezamiyyətlərə getmişdir. Həmin dövrdə terrorist erməni quldurları çox olduqları - elə bizim meşələrimiz idi. Onlar bizim meşələrimizdə həm gizlənir, həm də meşələrimizi talan etməklə məşğul idilər. Bizim fəaliyyətimizdə əli silahlı həmin ünsürlərin qarşısını almaqdan ibarət idi. Qeyd edilənlər iş yeri tərəfindən əmrləşdirilmişdir. Əmrlərin surətləri işin içində var. Belə olduğu halda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları tərəfindən onun xidmətinə ləkə salmaları, şübhə altına almaları, belə bir fərziyyənin irəli sürülməsi ona qarşı ədalətsilik və inzibati orqan olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətin tərəfindən gobud qanun pozuntusudur. O, sübut edir ki, düşmənə qarşı vuruşmuş və bu da arayışlarda öz təsdiqini tapmışdır. Hal-hazırda Qarabağ müharibəsi veteranı vəsiqəsini və statusunu almaq istəyir. Digər döyüş yoldaşlarından fərqli olaraq o, bu günədək müxtəlif səbəblərdən Qarabağ veteranı adı və statusunu ala bilməmişdir. Onun barəsində cinayət işi olmamışdır. Haqqında heç bir təhqiqat araşdırılması aparılmamış və təqsirləndirici materiallar toplanmamışdır. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Binəqədi rayon məhkəməsinin 2(002)-14256/2017 saylı xx.xx.2017-ci il tarixli Qərardadına əsasən ərizəçi İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Hərbi Xidmətə Çağırış Dövlət Xidməti maraqlı şəxs qismində işə cəlb etməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinin qəbul edilməsindən imtina olunmuşdur. İş materiallarında olan Şuşa rayon İcra Hakimiyyəti başçısının 3278 nömrəli xx.xx.2005-ci il tarixli notarial qaydada təsdiq olunmuş arayışına əsasən İddiaçı həqiqətən 1988-ci ilin iyun, noyabr aylarında, 1990-ci ilin iyul ayında Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı erməni təcavüzü ilə əlaqədar Şuşa və Xankəndi şəhərlərində döyüş bölgələrində olmuş, döyüş əməliyyatlarında iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şuşa rayon Hərbi Komissarlığının 2012 nömrəli xx.xx.2005-ci il tarixli notarial qaydada təsdiq olunmuş arayışına əsasən İddiaçı həqiqətən 1988-ci ilin iyun, noyabr aylarında, 1990-cı ilin iyul ayında Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı erməni təcavüzü ilə əlaqədar Şuşa və Xankəndi şəhərlərində döyüş bölgələrində olmuş, döyüş əməliyyatlarında iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Binəqədi rayon Hərbi Komissarlığının 61 nömrəli Azərbaycan Respublikası Hərbi Komissarına ünvanlanmış məktuba əsasən İddiaçı Müharibə Veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar qərar qəbul edilməsi üçün sənədləri göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Hərbi Komissarı xx.xx.2011-ci il aktına əsasən İddiaçı barəsində toplanmış sənədləri Azərbaycan Respublikası Hərbi Komissarlığının nəzdindəki veteran adının və müvafiq sənədlərinin verilməsi üzrə komissiyaya təqdim edilməsi məqsədə uyğundur. İş materiallarında olan Binəqədi rayon hərbi komissarlığı tərəfindən verilən 61 nömrəli xx.xx.2012-ci il tarixli arayışa əsasən siyahıda adı olan şəxslər (İddiaçı) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci ilin fevralın 1-dən 1991-ci ilin oktyabrın 9dək erməni işğalçı quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi bölgələrində və keçmiş X5 Vilayətinin ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmişlər və qanunvericiliyə müvafiq surətdə Müharibə veteranı adı və vəsiqəsi almaq hüququna malikdirlər. İş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli H1640 nömrəli iddiaçıya ünvanlanan məktuba əsasən iddiaçının sənədlərində Xidmətin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyasının xx.xx.2017-ci və xx.xx.2021-ci il tarixli iclaslarında baxılmış, sənədlər hüquqi əsas vermədiyi üçün (döyüşlərdə iştirakını sübut edən sənədlər yoxdur) "Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün olmamışdır. İddiaçının ərizədə qeyd etdiyi məsələ ilə əlaqədar ona Xidmətin Aparatı tərəfindən dəfələrlə (sonuncu dəfə xx.xx.2021-ci il tarixli H/4345 nömrəli məktubla) ətraflı cavab verilmişdir. Bu səbəbdən iddiaçının sənədləri ünvanına geri qaytarılmışdır. İş materiallarında olan Azərbaycan SSR Meşə təsərrüfatı istehsalat birliyinin 137 saylı xx.xx.1990-cı il tarixli əmrinə əsasən İddiaçı meşələrin qorunması, mühafizəsi və nəzarəti şöbəsinin müfəttişi Laçın və Kəlbəcər meşə təsərrüfatlarında meşələrin qorunub mühafizə edilməsi vəziyyətini nəzarəti qaydada və X5 Vilayətinin təşkilat komitəsinin çağırışına əsasən Stepanakert şəhərinə Laçın və Kəlbəcər meşə təsərrüfatlarına 7 gün müddətinə ezam edilmişdir. İş materiallarında olan Azərbaycan SSR Meşə təsərrüfatı istehsalat birliyinin 148 saylı xx.xx.1990-cı il tarixli əmrinə əsasən birliyin xx.xx.1990-cı il tarixli 137 nömrəli əmrinə əlavə olaraq İddiaçı ezamiyyə müddəti 3 gün artırılmışdır. İş materiallarında olan Azərbaycan SSR Meşə Təsərrüfatı Nazirliyinin 187 saylı xx.xx.1990-cı il tarixli əmrinə əsasən İddiaçı meşə quruluşu, meşə mənbələrinin hesaba alınması və istifadəsinin təşkili idarəsinin böyük mühəndisi Şuşa rayon ərazisində qanunsuz meşə qırılmasını yoxlamaq üçün Respublika Aqrar Sənaye Komitəsinin və Təbiəti mühafizə komitəsinin nümayəndələri ilə Şuşa rayonuna 4 gün müddətinə ezam edilmişdir. İş materiallarında olan Azərbaycan SSR Meşə Təsərrüfatı Nazirliyinin 324 saylı xx.xx.1988-ci il tarixli əmrinə əsasən İddiaçı Respublika Aqrar Sənaye Komitəsinin və Təbiəti Mühafizə Komitəsinin nümayəndələri ilə 4 gün müddətinə Şuşa rayonuna, 9 noyabr 1988-ci ildə Topxana ərazisində ağac və kolların köklənməsi barədə Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş siqnalı yerində yoxlamaq üçün 5 gün müddətinə ezamiyyə olunmuşdur. İşdən görünür ki, iddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, işdə olan sənədlər ilə İddiaçı həqiqətən 1988-ci ilin iyun, noyabr aylarında, 1990-ci ilin iyul ayında Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı erməni təcavüzü ilə əlaqədar Şuşa və Xankəndi şəhərlərində döyüş bölgələrində olarkən döyüş əməliyyatlarında iştirak etməsinə dair heç bir sübut mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir Həmin qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir... Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cu maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin qeyd hissəsində göstərilmişdir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Həmin Əsasnamədə göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2006cı il 27 sentyabr tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2007-ci il 09 iyul tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: 1) şəxsin hərbi xidmət keçməsi və 2) bunun müvafiq sənədlərdə əks edilməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Hərbi xidmət keçmənin müvafiq sənədlərdə əks edilməsi dedikdə isə bu zaman zəruri sənədlər məfumuna Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar 1998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı və Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. İş materialları ilə müəyyən olunur ki, Şuşa rayon İcra Hakimiyyəti başçısının 3278 nömrəli xx.xx.2005-ci il tarixli arayışına əsasən İddiaçı 1988-ci ilin iyun, noyabr aylarında, 1990-ci ilin iyul ayında Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı erməni təcavüzü ilə əlaqədar Şuşa və Xankəndi şəhərlərində döyüş bölgələrində olmuş, döyüş əməliyyatlarında iştirak etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar əsasında döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda verilə bilər. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı 1988ci ilin iyun, noyabr aylarında, 1990-ci ilin iyul ayında Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı Şuşa və Xankəndi şəhərlərində döyüş bölgələrində iddiaçının iştirak etməsi göstərildiyi qeyd edilsə də, iddiaçının döyüş əməliyyatlarında iştirakını təsdiq edən digər sübutlar nə cavabdeh orqana, nə məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar, və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. İstinad olunan normalardan göründüyü kimi müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunması faktı da tam sübuta yetirilməlidir. Belə ki, döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə faktı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada daxil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada tərxis olmanı ehtiva edir. Tərxis barədə nizami hissə üzrə əmrin olmaması isə hərbi hissənin tərkibində qanunla müəyyən edilmiş qaydada çıxmamanı təsdiq edir. Bu isə şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmə faktının tam təsdiq olunmadığına dəlalət edir. Belə olduğu təqdirdə kollegiya qeyd edir ki, iddiaçının qanuni əsaslarla ordudan tərxis olunması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Belə ki, yuxarıda istinad olunan normalara əsasən iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Yuxarıda istinad edilən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndində əsasən, hərbi bilet əsasında müharibə veteranı adı həmin şəxslərin hərbi bileti ilə eyni zamanda hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda verilir. Hazırkı iş üzrə isə iddiaçının qanuni əsaslarla ordudan tərxis olunması barədə nə hərbi hissələrin nizami hissə üzrə əmrləri, nə də arxiv arayışları mövcuddur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 46.1-cı maddəsinə əsasən inzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2-1(112)-7838/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar