Məhkəmə qərarları › İş №2-1(103)-3170/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3170/2025

23.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3170/2025 23.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Nigar Xeyrulla qızı Nəbizadə və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3696/2025 saylı, 03 iyun 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-197016/2024 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 197016/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə iddiaçı barəsində 2024-cü ilin avqust ayı üzrə 30841,70 manat ƏDV məbləği hesablanmışdır. İşin mahiyyəti ilə bağlı bildirilir ki, cavabdehin riskli kimi hesab etdiyi əməliyyatlar 2023-cü ilin iyul, avqust, oktyabr, dekabr və 2024-cü ilin may aylarında aparılmasına baxmayaraq, cavabdeh "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli **********193500 nömrəli qərarla riskli vergi ödəyicisi hesab olunmasını əsas gətirərək iddiaçının əvəzləşmələrini bir hesabat dövründə əsassız şəkildə ləğv etmişdir. Cavabdeh iddiaçıya təqdim etdiyi uyğunsuzluq məktubunda əməliyyatların riskli hesab olunmasına istinad etməklə alınan malların mövcudluğunu şübhə altına almışdır. Halbuki, təqdim olunan sənədlərdən göründüyü kimi, aparılan əməliyyatlar tam şəkildə qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Tərəflər arasında malların (işlərin, xidmətlərin) təqdim olunmasına dair müqavilə bağlanmış və müvafiq protokollara əsasən razılaşdırılmış mallar əldə edilmişdir. Sonradan malları satan "xxxx" MMC vergi orqanı tərəfindən riskli vergi ödəyicisi qrupuna salınmış və iddiaçı ilə həmin şəxs arasında aparılan əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşmələr nəzərə alınmamışdır. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə görə, əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Lakin cavabdeh iddiaçının mal aldığı şəxslə arasında aparılan əməliyyatın əmtəəsiz olmasını heç bir nəzarət tədbiri zamanı aşkar etməmiş, həmçinin başqa əməliyyatın pərdələnməsinə dair hər hansı əsas göstərilməmiş, faktiki malların təqdim edilmədiyini müəyyən etməmişdir. Vergi orqanı yalnız malsatanı riskli vergi ödəyicisi qrupuna salmaqla kifayətlənmiş, bundan sonra həmin riskli qərardan əvvəlki əməliyyatları “əmtəəsiz” hesab etmişdir. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçının elə bir səlahiyyəti yoxdur ki, mal aldığı şəxslərin həqiqətən də həmin malı rəsmi aldığını müəyyən edə bilsin. Bununla bağlı qanunvericiliyə dəyişiklik xx.xx.2024-cü ildən qüvvəyə minsə də, faktiki olaraq müvafiq proqram təminatı işləmədiyindən alıcı vergi ödəyicisinin satıcıdan malların onun mülkiyyətində olmasına dair təsdiqedici sənədləri istəməsi imkan xaricindədir. Həmçinin, hazırki mübahisə üzrə əvəzləşdirmə əməliyyatları 2023-cü ili, yəni hazırki dəyişiklik qanunvericiliyə ediləndən əvvəlki dövrü əhatə edir. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 2024-cü ilin avqust ayında vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturaların dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla avqust ayı üzrə 30841,7 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********454500 nömrəli uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2024-cü ilin avqust ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 30841,7 manat əlavə vergi məbləği hesablanaraq, bu barədə vergi ödəyicisinə müvafiq olaraq xx.xx.2024-cü il tarixli 3-21-2- 3/2-197016/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar göndərilmişdir. xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-də (VÖEN: **********) əraziyə, binalara, avadanlıqlara baxış keçirilmişdir. Müşahidə baxış zamanı işlək vəziyyətdə olmayan 2 ədəd boru istehsal edən avadanlıq aşkar edilmişdir. Həmçinin, səyyar vergi yoxlaması zamanı xx.xx.2024-cü il tarixdə istehsal həcminin müəyyən edilməsi üçün mütəxəssis dəvət olunan anda da, həmin avadanlığın işlək vəziyətdə olmadığı müəyyən edilmişdir. Qeyd olunan məsələlərlə bağlı MMC-nin rəhbəri xx.xx.2024-cü il tarixdə baş idarəyə dəvət olunmuş və cəmiyyətin rəhbərindən qeyd olunan məsələlərlə bağlı izahat alınmışdır. MMC-nin rəhbəri izahatında boru istehsalı ekstruder avadanlığı ilə həyata keçirildiyini, 2023-cü ilə qədər 2 kustar üsulla quraşdırılmış boru istehsal edən avadanlığın olduğunu, 2023-cü ilin may ayında Dərnəgül boru zavodundan e-qaimə ilə 2 (iki) ədəd dəzgah aldıqlarının və yenisini aldıqdan sonra köhnə avadanlığı bugünki standartlara cavab vermədiyi üçün sökdüklərini və qalıqlarının sexin həyətində olduğunu bildirmişdir. Vergi ödəyicisi həmçinin 20-110 mm, 250-500 mm diametrli borular istehsal etdiyini bildirsə də, həmin boruların istehsalı üçün lazımi qəliblər aşkar edilməmişdir. Qeyd olunan xüsusatlar nəzərə alınmaqla, müəssisənin təqdim etdiyi bütün diametrdə boruların istehsalının faktiki olaraq, həyata keçirməsinin imkan xaricində olması və apardığı boru satışı ilə bağlı əməliyyatların, əmtəəsiz əməliyyat olması qənaətinə gəlinmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3696/2025 saylı, 03 iyun 2025-ci il tarixli qərarı ilə (hakim F.İsmayılzadə) İddiaçı MMC-nin iddiasının təmin edilməsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli 3-21-2-3/2-197016/2024 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3696/2025 saylı, 03 iyun 2025-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya etirazın dəlilləri ilə oxşar məzmunda əsaslandırılmış və göstərilmişdir ki, 2024-cü ilin avqust ayında vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturaların dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla avqust ayı üzrə 30841,7 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********454500 nömrəli uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2024-cü ilin avqust ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 30841,7 manat əlavə vergi məbləği hesablanaraq, bu barədə vergi ödəyicisinə müvafiq olaraq xx.xx.2024-cü il tarixli **********800600 (3-21-2- 3/2-197016/2024) nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-də əraziyə, binalara, avadanlıqlara tərəflərindən baxış keçirilmişdir. Müşahidə baxış zamanı işlək vəziyətdə olmayan 2 ədəd boru istehsal edən avadanlıq aşkar edilmişdir. Həmçinin, səyyar vergi yoxlaması zamanı xx.xx.2024-cü il tarixdə istehsal həcminin müəyyən edilməsi üçün mütəxəssis dəvət olunan anda da, həmin avadanlığın işlək vəziyyətdə olmadığı müəyyən edilmişdir. Qeyd olunan məsələlərlə bağlı MMC-nin rəhbəri xx.xx.2024-cü il tarixdə baş idarəyə dəvət olunmuş və cəmiyyətin rəhbərindən qeyd olunan məsələlərlə bağlı izahat alınmışdır. MMC-nin rəhbəri izahatında boru istehsalı ekstruder avadanlığı ilə həyata keçirildiyini, 2023-cü ilə qədər 2 kustar üsulla quraşdırılmış boru istehsal edən avadanlıqlarının olduğunu, 2023-cü ilin may ayında Dərnəgül boru zavodundan e-qaimə ilə 2 (iki) ədəd dəzgah aldıqlarının və yenisini aldıqdan sonra köhnə avadanlığı bugünki standartlara cavab vermədiyi üçün sökdüklərini və qalıqlarının sexin həyətində olduğunu bildirmişdir. Vergi ödəyicisi həmçinin, 20-110 mm, 250-500 mm diametrli borular istehsal etdiyini bildirsə də, həmin boruların istehsalı üçün lazımı qəliblər tərəflərindən aşkar edilməmişdir. Qeyd olunan xüsusatlar nəzərə alınmaqla, müəssisənin təqdim etdiyi bütün diametrdə boruların istehsalının faktiki olaraq, həyata keçirməsinin imkan xaricində olması və apardığı boru satışı ilə bağlı əməliyyatlarının, əmtəəsiz əməliyyat olması qənaətinə gəlinmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1212/2023 nömrəli qərarında qeyd olunur: “**********702300 nömrəli qərardan görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş və müvafiq siyahıya daxil edilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında olan əməliyyatlar isə 2021-ci ilin iyun-avqust aylarını əhatə etmiş və sonuncu əməliyyat xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir. Yəni "xxxx" MMC ilə iddiaçı arasında əməliyyatlar həyata keçirildiyi vaxt (alqı-satqı əməliyyatları) "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, işdən göründüyü kimi, iddiaçının istinad etdiyi "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə, mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur.” Yuxarıda göstərilənləri nəzərə alaraq hesab edirlər ki, İddiaçı MMC barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-197016/2024 nömrəli qərar qanuni və əsaslıdır. Odur ki, iddiaçının formal mülahizələri qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etmədiyini bildirərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdeh inzibati orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarına əsasən: - “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-9/2-6780/2024 nömrəli qərarı ilə vergi ödəyicisi "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, “xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-də əraziyə, binalara, avadanlıqlara tərəflərindən baxış keçirilmişdir. Müşahidə baxış zamanı işlək vəziyyətdə olmayan 2 ədəd boru istehsal edən avadanlıq aşkar edilmişdir. Həmçinin, səyyar vergi yoxlaması zamanı xx.xx.2024-cü il tarixdə istehsal həcminin müəyyən edilməsi üçün mütəxəssis dəvət olunan anda da, həmin avadanlığın işlək vəziyətdə olmadığı müəyyən edilmişdir. Qeyd olunan məsələlərlə bağlı MMC-nin rəhbəri xx.xx.2024-cü il tarixdə baş idarəyə dəvət olunmuş və cəmiyyətin rəhbərindən qeyd olunan məsələlərlə bağlı izahat alınmışdır. MMC-nin rəhbəri izahatında boru istehsalı ekstruder avadanlığı ilə həyata keçirildiyini, 2023-cü ilə qədər 2 kustar üsulla quraşdırılmış boru istehsal edən avadanlıqlarının olduğunu, 2023-cü ilin may ayında Dərnəgül boru zavodundan e-qaimə ilə 2 (iki) ədəd dəzgah aldıqlarının və yenisini aldıqdan sonra köhnə avadanlığı bugünki standartlara cavab vermədiyi üçün sökdüklərini və qalıqlarının sexin həyətində olduğunu bildirmişdir. Vergi ödəyicisi həmçinin, 20-110 mm, 250-500 mm diametrli borular istehsal etdiyini bildirsə də, həmin boruların istehsalı üçün lazımı qəliblər tərəflərindən aşkar edilməmişdir. Qeyd olunan xüsusatlar nəzərə alınmaqla, müəssisənin təqdim etdiyi bütün diametrdə boruların istehsalının faktiki olaraq, həyata keçirməsinin imkan xaricində olması və apardığı boru satışı ilə bağlı əməliyyatlarının əmtəəsiz əməliyyat olması qənaətinə gəlinmişdir. -Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubda qeyd edilir ki, vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturaların əlavə edilmiş siyahıda göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla 30841,7 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir. Kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) gün ərzində müəyyən olunmuş risklərlə bağlı ətraflı izahat məktubunun, müvafiq təsdiqedici sənədlərin və dəqiqləşdirilmiş vergi bəyannaməsinin vergi orqanına təqdim edilməsi iddiaçıdan tələb edilmişdir. İşin halları ilə müəyyən olunur ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-197016/2024 nömrəli qərarına əsasən iddiaçıya 2024-cü ilin avqust ayı ƏDV üzrə 30.841,70 manat vergi hesablanmışdır. Səbəb olaraq qeyd olunmuşdur ki, vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturaların əlavə edilmiş siyahıda göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla 30841,7 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vergi orqanının iddiaçının riskli vergi ödəyicisi hesab olunan şəxslə aparılmış əməliyyatlar və riskli hesab edilən e-qaimə fakturaların göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə ƏDV əvəzləşməsinin bərpa edildiyi əsası ilə qəbul etdiyi qərarının qəbul edilməsinə əsas olmuş əməliyyat qismində iddiaçı ilə "xxxx" MMC arasında aparılmış əməliyyatlar zəmnində 2023-cü ilin müxtəlif tarixləri üzrə tərtib olunmuş e-qaimə fakturalar çıxış etmişdir. Nəzərə alınmalıdır ki, "xxxx" MMC e-qaimə-fakturalar tərtib olunduqdan sonra vergi orqanının xx.xx.2024-cü il tarixli **********193500 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab edilmişdir. Göründüyü kimi, iddiaçının vergi ödəyicisi ilə əməliyyatlar apardığı vaxt həmin hüquqi şəxs qanunvericiliyin tələblərinə müvafiq olaraq riskli vergi ödəyicisi olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakılara əsasən qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Maddə 83.7. Vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.3. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qəbul edilmiş qərarlar həmin qərarların qəbul edildiyi gün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Dövlət Vergi Xidməti) rəsmi internet saytında yerləşdirilir. 1.4 Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaiməfaktura sistemi və (və ya) əlavə dəyər vergisinin depozit hesabı vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. təqdim edilməsi müvafiq iqtisadi resurs tələb edən (təsərrüfat obyekti, işçi qüvvəsi, əsas vəsaitlər, xammal-material ehtiyatları və fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadi resurslar) iş və xidmətləri bu növ resurslar mövcud olmadan və ya mövcud resursları yetərli olmadan, yaxud subpodratçı cəlb etmədən təqdim edən şəxs; 2.1.2. qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-faktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) əsasında əldə edilməyən malları (əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergi yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar, notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar, istehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) mallar və əsas vəsaitlər, o cümlədən nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər istisna olmaqla) təqdim edən şəxs; 2.1.3.Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar aparan şəxs. 4.1. Bu Sənədin 2.1-ci bəndində nəzərdə tutulan meyarlardan ən azı birinə cavab verən əməliyyat üzrə vergi ödəyicisinə, habelə müvafiq əməliyyat üzrə həmin şəxsin təqdim etdiyi elektron qaimə-faktura üzrə malların (iş və xidmətlərin) alıcısına əməliyyatın aparıldığı (elektron qaimə-fakturanın təsdiq edildiyi) tarixdən 15 iş günü ərzində aparılmış əməliyyatın riskli olması barədə bildiriş-xəbərdarlıq göndərilir. Bildirişxəbərdarlıq elektron üsulla həmin şəxslərin elektron kabinetinə göndərilir. Bildirişxəbərdarlıqda əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halların aradan qaldırılması, əməliyyat üzrə təqdim edilmiş elektron qaimə-fakturanın ləğv edilməsi, əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlərin təqdim edilməsi tələb olunur. 4.2. Bildiriş-xəbərdarlıq göndərildikdən sonra 5 (beş) iş günü ərzində qeyd olunan hallar bütövlükdə aradan qaldırılmadıqda, əməliyyat üzrə təqdim edilmiş elektron qaiməfaktura ləğv edilmədikdə, habelə tələb olunan əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər təqdim edilmədikdə Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilərək 1 (bir) iş günü ərzində elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərilir və əmtəəsiz əməliyyatla bağlı Vergi Məcəlləsinin 58.15-1-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq edilir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar həmin qərarın qəbul edilməsinə əsas olan əməliyyatın aparıldığı tarixdən qüvvəyə minir. 4.3. Bu Sənədin 2.1.1-ci yarımbəndinə əsasən vergi ödəyicisinin mövcud resurslarının müvafiq işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün yetərli olmaması halı üzrə vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi bu Sənədin 4.1-ci bəndi ilə müəyyən edilmiş müddətdə vergi orqanı tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən cəlb edilmiş mütəxəssisin yazılı şəkildə bildirdiyi fikri və ya ekspertin rəyi əsasında həyata keçirilir. 4.4. Aparılmış əməliyyat üzrə barəsində riskli vergi ödəyicisi elan edilməsi ilə bağlı qərar qəbul edilmiş vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması bu Sənədin 4.5-ci bəndində nəzərdə tutulan tələblər nəzərə alınmaqla, vergi ödəyicisinin elektron qaydada təqdim etdiyi ərizəsi əsasında həyata keçirilir. Vergi ödəyicisinin ərizəsinə əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halların aradan qaldırılması ilə bağlı və ya əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər əlavə edilir. Qanunvericilik “əmtəəsiz əməliyyat”a Məcəllədə anlayış versə də (əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar), “riskli əməliyyatlar” anlayışına Məcəllədə aydınlıq gətirilməmişdir. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). İddiaçı MMC "xxxx" MMC ilə əməliyyat apardığı zamanı Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində nəzərdə tutulmuş xəbərdarlıq xarakterli bildirişlər əks edilməmiş və eyni zamanda e-taxes.gov.az saytından yoxlanılarkən həmin vergi ödəyiciləri riskli vergi ödəyicilərin siyahısında olmamışdır ki, bu fakt da bir daha həmin tarixlərdə iddiaçının əməliyyat apardığı vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısında olmamasını sübut edir. Belə ki, iş materiallarından görünür ki, vergi orqanı tərəfindən iddiaçının riskli vergi ödəyicisi hesab olunan şəxslə aparılmış əməliyyatlar və riskli hesab edilən e-qaimə fakturaların göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə ƏDV əvəzləşməsinin bərpa edildiyi əsası ilə qərar qəbul edilmişdir. Qərarın qəbul edilmiş əsas olmuş əməliyyatlarla bağlı qaimə-fakturalar xx.xx.2023-cü il tarixli EBDJ 15861 nömrəli, xx.xx.2023-cü il tarixli EBDK 483811 nömrəli, xx.xx.2023-cü il tarixli EBDM 709730 nömrəli, xx.xx.2023-cü il tarixli EBDR 441597 nömrəli, xx.xx.2023cü il tarixli EBDV 833966 nömrəli, xx.xx.2024-cü il tarixli EBED 386564 nömrəli elektron qaimə-fakturalardır. Halbuki, bu əməliyyatlar edilən zaman "xxxx" MMC riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilməmişdir. "xxxx" MMC xx.xx.2024-cü il tarixli, **********193500 nömrəli qərarla riskli vergi ödəyicisi hesab edilmişdir. Cavabdeh inzibati orqanın əsas dəlili odur ki, iddiaçı tərəfindən həyata keçirilən əməliyyatlar əmtəəsiz olduğu üçün bu əməliyyatlar riskli əməliyyatlar kimi qiymətləndirilmişdir. Məhkəmə kollegiyası cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, Vergi Məcəlləsi riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə yanaşı, həmin əməliyyatın iştirakçısı olan tərəflərin, yəni vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi ilə bağlı əlavə tənzimləmələr də nəzərdə tutmuşdur. Belə ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmin Məcəllənin 175.11-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. Lakin, burada vacib şərt ondan ibarətdir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqini tapması zəruridir. Bu zaman, məsuliyyət tədbirinin tətbiqi üçün alıcının barəsində də mütləq riskli vergi ödəyicisi hesab olunmaya dair qərarın qəbul edilməsinə ehtiyac yoxdur. Həlledici olan əməliyyatın özünün əmtəəsiz olduğunun sübuta yetirilməsidir. Bunun üçün əməliyyatın həqiqətən əmtəəsiz olduğu, eləcə də tərəflərin (satıcının və alıcının) bu barədə əvvəlcədən öz iradələrinə uyğun hərəkət etdikləri halı müəyyən olunmalıdır. Başqa sözlə, əmtəəsiz əməliyyat hər iki tərəfin birgə iradəsi və iştirakçılığı ilə baş tutmalıdır. Bu mənada, hazırkı halda "xxxx" MMC tərəfindən əmtəəsiz əməliyyatların edilməsi malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi, yəni əmtəəsiz əməliyyatın mövcudluğu halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi alıcıya münasibətdə əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Yalnız əməliyyatın özünün əmtəəsiz olduğu sübut edilərsə, bu halın mövcudluğuna istinadla alıcıya münasibətdə məsuliyyət tədbiri tətbiq oluna bilər. Bu cür hallarda subutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir. Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. “Əmtəəsiz əməliyyat”la bağlı yuxarıda qeyd olunanlar Məcəllənin 175.11-ci maddəsinin tətbiqi zamanı da nəzərə alınmalıdır. Hazırda Vergi Məcəlləsinin 16-cı maddəsi vergi ödəyicisinin vəzifələrini təsbit etmiş, həmin vəzifələrin arasında malların alınması zamanı satıcının idxalında və ya onun tərəfindən rəsmi qaydada həmin malların alınmasının araşdırılması göstərilməmiş, o cümlədən rəsmi qaydada alış sənədləri olmayan satıcıdan malların alınmasını qadağan edən də hər hansı imperativ norma mövcud deyildir. Belə olan halda, satıcı tərəfindən riskli əməliyyatın aparılması malların alıcısı üçün əlavə vergi öhdəliyi yaratmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin iddiaya etirazında və apellyasiya şikayətində göstərdiyi digər dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, Kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3696/2025 saylı, 03 iyun 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Nigar Nəbizadə Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar