Məhkəmə qərarları › İş №2-1(103)-3171/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3171/2023

15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3171/2023 15.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7460/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qərarından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1, ailəsi ilə birgə, (qızı) İddiaçı2, (qızı) İddiaçı3, (qızı) X2 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Musabəyov küçəsi, 64/3 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhədova) 2-1(112)-7460/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Hazırda həmin qərardan iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı2 2009-cu ilin yanvar ayından etibarən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Musabəyov küçəsi, 64/3 ünvanında fasiləsiz, etirazsız və maneəsiz yaşayır və hal-hazırda da yaşamaqda davam edirlər. Mənzildən tam şəkildə yararlanaraq, bütün kommunal xidmətlərdən istifadə edirlər. Onlar qeydiyyatsız olaraq faktiki yaşadıqlarından, hüquqlarını həyata keçirə bilmirlər. İddiaçı1 adına evə dair qiymətləndirmə rəyi rəsmiləşdirilmişdir. Onlar həmin ünvana qeydiyyat alınmaları üçün hazırkı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə müraciət etmişlər. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Cavabdehin imtinası əsassız və qanunsuz hesab edilir. Onların (iddiaçıların) Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Musabəyov küçəsi, 64/3 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması üçün iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan, düzgün tətbiq edilmədiyindən və digər normativ-hüquqi aktlarla qorunan hüquq və mənafeləri pozulduğundan Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-7460/2023 nömrəli qərarı ləğv olunmalıdır. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər iddiaçılar və cavabdeh məhkəmə iclasına gəlməmişlər, cavabdeh məhkəməyə ərizə göndərərək onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə apellyasiya şikayəti iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verildiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini onlara münasibətdə yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 49/2-K-5674 nömrəli imtina məktubunda bildirilmişdir: Sizin ailə üzvlərinizlə birlikdə (İddiaçı1, İddiaçı2, İddiaçı3, X3) qeydiyyatsız yaşadığınız göstərilən ünvana (ünvan 3ağınız üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) tərəfinizdən RPİ-nin QMB-nə təqdim olunması vacibdir. Lakin tərəfinizdən göstərilən sənədlər Sabunçu RPİ QMB-nə təqdim olunmadığından göstərilən ünvana qeydiyyata alınmağınız imkan xaricindədir. Qeydiyyatla əlaqədar olaraq Bakı İnzibati Məhkəməsinə (Nəsimi rayonu. N.Vəzirov küçəsi 56) müraciət etməyiniz məqsədəmüvafiq hesab edilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 18/2-11311/2023 nömrəli məktubda bildirilmişdir ki, qeyd etdiyiniz ünvan 6 ünvanında qeydiyyatda olan şəxslər barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, ünvan 6 saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 49/2-26477/2023 nömrəli məktubda bildirilmişdir ki, məktubda qeyd olunan vətəndaş İddiaçı1 RPİ-nin QMB-nin əməkdaşları tərəfindən DİN-in xx.xx.2021-ci il tarixli G40-001-21 nömrəli Göstərişinə əsasən xx.xx.2022-ci il tarixdə, İddiaçı2 isə xx.xx.2022-ci il tarixdə Sülh 8 (inzibati bina) ünvanından qeydiyyatdan çıxarılmışlar. Əlavə olaraq bildiririk ki, məktubda qeyd olunan digər vətəndaşlar İddiaçı3 hal-hazırda Sumqayıt şəhəri, Zəfəran küçəsi, ev 71-də, X1 isə Masazır kəndi, Afiq Abdullayev küçəsi, ev 167-də qeydiyyatda olmaları faktı müəyyən olunmuşdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin Qanunun 8-ci maddəsinə əsasən bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə, müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. İşin faktiki hallarından görünür ki, iddiaçılar faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Musabəyov küçəsi, 64/3 ünvanında yaşadıqlarını əsas gətirərək faktiki yaşadıqları ünvan üzrə qeydiyyata alınmaları ilə bağlı cavabdeh Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə müraciət etmişlər. Lakin cavabdeh yaşayış sahəsinə köçməyə əsas verən hüquqi sənəd olmadığını əsas gətirərək iddiaçılara imtina cavabı vermişdir. Hazırda iddiaçılar cavabdehin qeyd edilən imtinasını əsassız hesab edərək Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Musabəyov küçəsi, 64/3 ünvanına qeydiyyata alınmalarını inzibati məhkəmə icraatında mübahisələndirirlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların qeydiyyata alınmasını xahiş etdiyi ev özbaşına tikilidir. İddiaçılar həmin evə qeydiyyata alınma üçün əsas olan sənədlərdən hər hansı birini məhkəməyə təqdim edə bilmədilər. İddiaçıların həmin evə qeydiyyata alınması üçün hüquqi əsas yoxdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan da görünür ki, həmin ünvan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, qanuna əsasən mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi qeydiyyata alınma üçün əsas olan sənədlər hesab edildiyindən, iddiaçıların isə belə sənədlərdən hər hansı biri olmadığından, onların göstərilən ünvana qeydiyyata alınmasından qanuni və əsaslı olaraq imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7460/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qərarı iddiaçılar İddiaçı1 və İddiaçı2 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar