Məhkəmə qərarları › İş №2-1(103)-3174/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3174/2023

01.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3174/2023 01.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X5 və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “plan-ölçünün verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10571/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisində yerləşən 1437b nömrəli bağ sahəsinin plan ölçüsünün tərtib edilərək verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçı iddia ərizəsində göstərmişdir ki, iddiaçının mərhum yoldaşı X2 05 noyabr 2004-ci il tarixli Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-bağ Təsərrüfatının inkişafı Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə bağlanmış "Göradil" ərazisindəki 1437b nömrəli bağın istifadəyə verilməsi ilə bağlı 33338 saylı müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Göradil ərazisində yerləşən 1437b nömrəli bağ sahəsinə sahiblik etmişdir. Hal-hazırda həmin bağ sahəsi ailənin istifadəsindədir. Bakı şəhəri, Binəqədi rayonu, Göradil ərazisində yerləşən 1437b nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının X1 məxsus olması haqqında arayışın ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8023/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmənin qərarı qüvvəyə mindikdən sonra icra edilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Məhkəmənin qərarı icra edilərək Bakı şəhəri, Binəqədi rayonu, Göradil ərazisində yerləşən 1437b nömrəli bağ sahəsinə dair mərhum X1 ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli Arayış hazırlanmışdır. Həmin Arayışı aldıqdan sonra o, qeyd edilən bağ sahəsinə çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etdi və ona bağ sahəsinə dair çıxarış verilmişdir. Lakin, çıxarış verilərkən bağ sahəsinin plan ölçüsü verilməmişdir. Bununla bağlı yenidən cavabdehə müraciət etsə də, xx.xx.2023-cü il tarixli məktubla imtina cavabı verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, göstərilən faktiki torpaq sahəsinin nömrəsi sxematik xəritədə öz əksini tapmamışdır. Bu səbəbdən plan və ölçünün tərib edilməsi mümkün olmamışdır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və sadəcə formal xarakter daşıyır. Belə ki, faktiki torpaq sahəsinin nömrəsinin sxematik xəritədə öz əksini tapmamasına görə məsuliyyəti o daşımır, bu, onun iradəsindən asılı olan hal deyil. Əksinə, qeyd olunan məsələ cavabdehin vəzifələrinə daxildir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10571/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş qeyd edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası şəxsin izahatını, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, hazırkı işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Göradil ərazisində yerləşən 1437b nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının X1 məxsus olması haqqında arayışın ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8023/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmənin qərarı qüvvəyə mindikdən sonra icra edilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Məhkəmənin qərarı icra edilərək Bakı şəhəri, Binəqədi rayonu, Göradil ərazisində yerləşən 1437b nömrəli bağ sahəsinə dair mərhum X1 ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli Arayış hazırlanmışdır. Həmin Arayışı aldıqdan sonra o, qeyd edilən bağ sahəsinə çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş və ona bağ sahəsinə dair çıxarış verilmişdir. Lakin, çıxarış verilərkən bağ sahəsinin plan ölçüsü verilməmişdir. Bununla bağlı yenidən cavabdehə müraciət etsə də, xx.xx.2023-cü il tarixli məktubla imtina cavabı verilmişdir. Daha sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisində yerləşən 1437b nömrəli bağ sahəsinin plan ölçüsünün tərtib edilərək verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələrinə aid edilmişdir: 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq... Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əvvəlki inzibati iş üzrə tələbi bağ sahəsi üzərində mülkiyyət hüquqlarının mərhum yoldaşına məxsus olması haqqında arayışın verilməsi olmuş, hazırkı tələbi isə müvafiq plan-ölçünün verilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi cavabdeh qurum tərəfindən məhkəmə aktının icrasının başa çatdırılmadığını qeyd etsə də, işin hallarından görünür ki, cavabdeh tərəfindən qərar icra edilərək iddiaçıya müvafiq arayış verilmişdir. Göründüyü kimi, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün olmayan nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Belə olan halda, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının əsassız olması ilə razılaşaraq, hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2-1(112)-5033/2022 nömrəli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 82 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10571/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “plan-ölçünün verilməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar