Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3174/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, X8 və Xəyalə Adil qızı Cəmilovadan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı (X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə) “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1571/2024 nömrəli, 16 may 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 08 iyun 2019-cu il təvəllüdlü X16 Nuri və 26 yanvar 2017-ci il təvəllüdlü Çapar X11 Nuri barəsində övladlarının vətəndaşlıq mənsubiyyətinin verilməsi barədə qəbul edilmiş şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında ******* saylı və ******* saylı qərarların ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, 08 iyun 2019-cu il təvəllüdlü X16 Nuri və 26 yanvar 2017-ci il təvəllüdlü Çapar X11 Nuri iddiaçının övladlarıdır və birgə nikahda olduğu X3 doğulmuşdur. X1 ilə nikahlarına xitam verilmə barədə Türkiyə Respublikasının İstanbul şəhərində məhkəmə prosesi gedir və proses 2022-ci ilin əvvəllərindən başlanmışdır. Razılığı olmadan hazırda nikahlarına xitam verilmək üzrə olan Türkiyə Respublikası vətəndaşları olan övladları adından cavabdehə müraciət edərək şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında ******* saylı və ******* saylı qərarlar qəbul edilmişdir. Həmin qərarlar əsasında cavabdeh hesab etmişdir ki, Azərbaycan Respublikası NK-nın 2015-ci il 18 mart tarixli 84 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası” ilə müəyyən edilmiş tələblərə uyğun təqdim edildiyindən, sorğu əsasında mənsubiyyəti tanınmışdır. Həmin qərarlar və nəticəsinə aid övladlarının ikinci vətəndaşlıq əldə etməsi və vəsiqə əldə etməsi onun razılığı olmadan olmuşdur. Hesab edir ki, övladlarının vətəndaşlıq mənsubiyyətinin verilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında ******* saylı və ******* saylı qərarlar qanunsuzdur və ləğv edilməlidir. Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə etirazla məhkəməyə müraciət edilərək iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının vətəndaşı X4 xx.xx.2022-ci il tarixli sorğusu əsasında övladları – Çapar X11 Nurinin və X16 Nurinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətlərinin müəyyən edilməsi ilə bağlı araşdırılma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.1.5-ci bəndlərinə əsasən onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətlərinin tanınması barədə xx.xx.2022-ci il tarixli ******* və ******* nömrəli qərarlar qəbul edilmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1.5-ci bəndinə əsasən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuşdursa, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.6-cı bəndinə əsasən sorğu şəxsin qanuni nümayəndəsi tərəfindən verildikdə, bu hüququ təsdiq edən müvafiq sənəd sorğuya əlavə edilməlidir. İcraat materiallarından göründüyü kimi Çapar X11 Nurinin və X16 Nurinin anası X7 Azərbaycan Respublikasının vətəndaşıdır (şəxsə məxsus müvafiq şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportları etiraza əlavə edilir). Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Üçüncü şəxsin nümayəndəsi və vəkili iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hazırkı işdə X2 X11 Nurinin və X16 Nurinin valideyni olaraq Azərbaycan Respublikası vətəndaşı olduğundan, qanunvericiliyə də uyğun olaraq övladlarına da Azərbaycan Respublikası vətəndaşlığı verilə bilər. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, uşaqların vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi üçün valdieynlərin razılığının olması tələb edilmir. Belə ki, həmin Qaydaların 3.4-cü bəndində hansı sənədlərin tələb olunması birbaşa göstərilmişdir və iddiaçının iddia irəli sürdüyü sənəd həmin sənədlər siyahısında mövcud deyildir. Qanunvericilikdə nəzərdə tutulur ki, bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulan hallarda müvafiq razılıq ərizələri təqdim edilir. Qaydanın 4.2-ci bəndində isə qeyd edilir ki, bu Qaydanın 4.1.6-4.1.10-cu yarımbəndlərində nəzərdə tutulan hallarda 14 yaşından 18 yaşınadək uşaqların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün onların razılıqları tələb olunur. Beləliklə, uşaqların Azərbaycan Respublikasına mənsubiyyətinin tanınması üçün X14 razılığı tələb edilmir. Azərbaycan Respublikası vətəndaşı olan Çapar Cəmilə və İddiaçı arasında məişət zəminində baş verən narazılıqlar səbəbindən, tərəflər arasında ailə münasibətlərinin davam etməsi mümkün olmadığından Çapar Cəmilə Azərbaycan Respublikasına qayıtmış, nikaha xitam verilməsi tələbi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan sonra da qanunvericiliklə nəzərdə tutulmuş qaydada, qanunun tələblərinə uyğun olaraq övladlarının qanuni nümayəndəsi olaraq onların Azərbaycan Respublikasına mənsubiyyətinin tanınması üçün müraciət etmişdir. Yuxarıda sadalananlara əsasən iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1571/2024 nömrəli, 16 may 2024-cü il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının övladları X16 Nuri və X13 əvvəlcə Türkiyə Respublikasının vətəndaşlığını əldə etmişdir, yəni heç bir halda vətəndaşsızlıq halında olmamışdır. Bu da onu deməyə əsas verir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması məsələsi “Vətəndaşsızlıq hallarının azaldılması haqqında” Konvensiyanın tələblərinə ziddir. Belə ki, Konvensiyanın 4.1-ci maddəsinə əsasən Razılığa gələn Dövlət öz vətəndaşlığını, əks halda vətəndaşlığı ola bilməyən, ərazisində doğulmamış şəxsə-həmin şəxs doğularkən onun valideynlərindən birinin vətəndaşlığı bu dövlətin vətəndaşlığı olubsa verir. Şəxs doğularkən onun valideynlərinin vətəndaşlığı eyni olmayıbsa, maraqlı şəxsin vətəndaşlığının atasının, yaxud anasının vətəndaşlığı üzrə getməsi məsələsi Razılığa gələn həmin Dövlətin qanunvericiliyi əsasında müəyyən edilir. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndinə əsasən "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. Göründüyü kimi, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vətəndaşlığı itirilməsi üçün əsas olduğundan mahiyyət etibarilə “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəalarına və o cümlədən, qanunvericiliyin yuxarıda göstərilən müddəalarına ziddir. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə qərar qəbul edərkən Ailə qanunvericiliyinin bu normasını pozmuşdur. Uşaqların vətəndaşlığının dəyişdirilməsində ana ilə yanaşı atanın da razılığının olmasına ehtiyac var idi. Atanın heç bir razılığının olmamasını nəzərə alınmaması atanın valideynlik hüquqlarını pozmuşdur. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etirazını bildirərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etirazını bildirərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının növbəti iclasının vaxtı və yeri barədə cavabdehin nümayəndəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 01 avqust 2022-ci il tarixli ******* nömrəli qərarı ilə 26 yanvar 2017-ci il təvəllüdlü Çapar X11 Nurinin və həmin tarixli ******* nömrəli qərarı ilə 08 iyun 2019-cu il təvəllüdlü X16 Nurinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. -“AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan müəyyən edilir ki, xx.xx.1985-ci il təvəllüdlü X7 Azərbaycan Respublikası vətəndaşıdır, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında qeydiyyatdadır. Uşaqların valideyni olan üçüncü şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması işin mübahisələndirilməyən halıdır. İddiaçı iddia ərizəsində onun razılığı olmadan 08 iyun 2019-cu il tarixli X16 Nuri və 26 yanvar 2017-ci il təvəllüdlü Çapar X11 Nurinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanındığını qeyd etmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericilikdə hər hansı bir qeyd-şərt olmadan doğulduğu anda valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanındığı qeyd edilmişdir. Buna görə də cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş vətəndaşlığa mənsubiyyətin tanınması haqqında xx.xx.2022-cü il tarixli qərarlar qanuni və əsaslı olmuşdur. Həmçinin, «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın tələblərinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı validenylərinin razılığının tələb edilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası birinci intansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. İşin hallarından görünür ki, iddiaçı və üçüncü şəxsin övladları 08 iyun 2019-cu il təvəllüdlü X16 Nuri və 26 yanvar 2017-ci il təvəllüdlü Çapar X11 Nuri Türkiyə Respublikasında anadan olmuş və həmin ölkənin vətəndaşlığını əldə etmişlər. Beləliklə, onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün qanunla nəzərdə tutulmuş hal-digər dövlətin vətəndaşlığını əldə etməsi halı mövcuddur. Halbukı, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinə əsasən “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; 3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi; 3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi; 4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 2.2-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: -2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; -2.2.2. Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla); -2.2.3. valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla); -2.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa; -2.2.5. valideynlərindən biri və ya hər ikisi vətəndaşlığını dəyişərək Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişdirsə və ya onların Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmişdirsə; -2.2.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ərarvaddan biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa; -2.2.7. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqındırsa; -2.2.8. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaqdırsa. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: -4.1.1. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; -4.1.2. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; -4.1.3. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; -4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1. doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; -4.1.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; -4.1.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq; -4.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq; -4.1.8. valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların uşağı; -4.1.9. uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı; -4.1.10. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda; -4.1.11. valideynlərdən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağı. Qaydanın 4.3-cü bəndinə əsasən həmin Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. Qaydanın 4.4-cü bəndinə əsasən isə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. Qanunvericiliyin tələblərindən görünür ki, şəxsin digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsasdır. Belə olan halda cavabdeh inzibati orqan iddiaçı tərəfindən müvahisələndirilən qərarları qəbul edərkən haqlı olmamışdır. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, iddiaçının övladları əvvəlcə Türkiyə Respublikasının vətəndaşlığını əldə etmişdilər, yəni heç bir halda vətəndaşsızlıq vəziyyətində olmamışlar. Bu da onu deməyə əsas verir ki, onların (X11 Nurinin və X16 Nurinin) Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması “Vətəndaşsızlıq hallarının azaldılması haqqında” Konvensiyanın tələblərinə ziddir. Belə olan halda onların “ikili vətəndaşlıq” statusu yaranmış olur. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası qanunun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1571/2024 nömrəli, 16 may 2024-cü il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1571/2024 nömrəli, 16 may 2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. 08 iyun 2019-cu il təvəllüdlü X16 Nuri və 26 yanvar 2017-ci il təvəllüdlü Çapar X11 Nuri barəsində şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* saylı və ******* saylı qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Elvin Əliyev Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-3174/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3174/2024
17.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver