Məhkəmə qərarları › İş №2-1(103)-3175/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3175/2024

23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3175/2024 23.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ƏDV-nin qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2717/2024 nömrəli, 27 may 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşayış sahəsinə görə ödədiyi əlavə dəyər vergisinin qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və Qaydası” (bundan sonra – Qayda) təsdiq edilmişdir. İddiaçı (bundan sonra – iddiaçı) 16 noyabr 2022-ci il tarixli mənzilin alqı-satqısına dair müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 77633,5 (yetmiş yeddi min altı yüz otuz üç manat, əlli qəpik) manat dəyərində ünvan 1 ünvanında yerləşən 1 (bir) otaqdan ibarət olan 63 saylı mənzili almışdır. İddiaçı həmin qaydalara əsasən əlavə dəyər vergisinin qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixli elektron ərizə ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli qərarla əlavə dəyər vergisinin qaytarılmasından imtina etmişdir. Qərarda qeyd edilmişdir ki, “...Qaydaların 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin alıcı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Eyni zamanda, Qaydanın 5.3-cü bəndinə əsasən dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə 90 (doxsan) gündən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. Mədaxil qəbzinə əsasən iddiaçı xx.xx.2022ci il tarixdə mənzilin dəyərini tam şəkildə ödəyib başa çatdırmışdır. İnzibati orqan tərəfindən qəbul edilmiş qərar tam əsassız və qanunsuzdur. Ona məlum olan anda da göstərilən qaydada müraciət etmiş və bu günə kimi müsbət nəticə verməmişdir. Hesab edir ki, ödədiyi ƏDV-nin ona geri qaytarılması ilə bağlı məhkəmə müddəti bərpa edə bilər. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Alıcı İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli elektron ərizələrə ÇP/6-50 nömrəli mənzil alqı-satqısına dair müqavilə, DKM/025N14A01814622 nömrəli kredit müqaviləsi və bank mədaxil sənədi əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli ÇP/6-50 nömrəli “Alqı-satqı” müqaviləsinə əsasən alıcı İddiaçı "xxxx" MMC-dən Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən 1 otaqdan ibarət 63 saylı mənzilin dəyərini müqavilə şərtlərinə əsasən ödəməyi, İcraçı "xxxx" MMC isə mənzilin tikintisi tam başa çatdıqdan sonra alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli DKM/025N14A01814622 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC İddiaçı 264 ay müddətinə 47.600 manat məbləğində, kreditdən istifadəyə görə illik 9% ödənilməsi şərtilə kredit verməyi, Borcalan isə müqaviləyə uyğun şəkildə krediti qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçının “müddətin bərpa edilməsi barədə” ərizəsinə münasibətdə bildirilmişdir ki, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması barədə Vergi Məcəlləsinin 165.6-cı maddəsi xx.xx.2020-ci ildən qüvvəyə minmiş, bu barədə Qayda Prezidentin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş, iddiaçı mənzilin ödənişini xx.xx.2022-ci il tarixdə etmiş, iddiaçı ƏDV-nin qaytarılması ilə bağlı cavabdehə xx.xx.2023cü il tarixdə müraciət etmişdir. Lakin iddiaçı xx.xx.2023-cü il tarixdə müraciət edərək 90 günlük müddəti ötürmüşdür. Qaydaların Keçid müddəlarında 165.6-cı maddənin qüvvəyə mindiyi xx.xx.2020-ci ildən, Qaydanın qüvvəyə minməsinədək edilmiş ödənişlərə görə ƏDV-nin qaytarılması halı nəzərdə tutulsa da, 90 günlük müddətin keçməsinə görə ƏDVnin geri qaytarılması və ya müddətin ötürülməsinin üzrlü hesab edilməsi hallarında bərpası halları nəzərdə tutulmamışdır. Həmçinin, göstərilən müddət iddia müddəti deyil, iddiaçının hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş xüsusi müddətdir ki, həmin müddətin üzrlü hesab edilməsi və ya bərpa edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2717/2024 nömrəli, 27 may 2024-cü il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda iddia ərizəsinə uyğun əsaslandırılmış apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2717/2024 nömrəli, 27 may 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2717/2024 nömrəli, 27 may 2024-cü il tarixli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2717/2024 nömrəli, 27 may 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən iddianın mahiyyəti ilə bağlı müəyyən edilmişdir ki, işin mübahisələndirilməyən hallarına görə iddiaçı xx.xx.2022-ci il tarixli mənzil alqı-satqısına dair müqaviləsinə əsasən 77633,5 (yetmiş yeddi min altı yüz otuz üç manat, əlli qəpik) manat olan mənzilin dəyərini ödəyərək almışdır. İddiaçı hazırda həmin mənzillə bağlı ödədiyi pulun 30% həcmində ƏDV-nin alınmasından imtina barədə cavabdehin hərəkətini mübahisələndirir. Qeyd olunmalıdır ki, tələbin qanuni əsasını Vergi Məcəlləsinin 165.6-cı maddəsi və həmin maddə ilə bağlı qəbul edilən Qaydalar təşkil edir. Həmin maddəyə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. İşdən görünür ki, iddiaçı mənzilin ödənişini xx.xx.2022-ci il tarixdə həyata keçirmiş, lakin ƏDV-nin qaytarılması ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixdə müraciət etmiş, bununla da Qaydalarda nəzərdə tutulan 90 günlük müddəti ötürmüşdür. Qaydaların 5.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və sənədləri skan edərək portala göndərir. Qaydaların 5.3-cü bəndinə əsasən dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə həmin Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. Həmçinin, Qaydaların 6.1-ci bəndinə görə (keçid müddəları), Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. İşin hallarından və sadalanan normalardan göründüyü kimi, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması barədə Vergi Məcəlləsinin 165.6-cı maddəsi xx.xx.2020-ci ildən qüvvəyə minmiş, bu barədə Qayda Prezidentin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş, iddiaçı mənzilin ödənişini 18 noyabr 2022-ci il tarixdə etmiş, lakin ƏDV-nin qaytarılması ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı 90 günlük müddəti ötürmüşdür. Qaydaların Keçid müddəlarında 165.6-cı maddənin qüvvəyə mindiyi xx.xx.2020-ci ildən, Qaydanın qüvvəyə minməsinədək ödənilmiş ödənişlərə görə ƏDV-nin qaytarılması halı nəzərdə tutulsa da, 90 günlük müddətin keçməsinə görə ƏDV-nin geri qaytarılması və ya müddətin ötürülməsinin üzrlü hesab edilməsi hallarında bərpası halları nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu iş üzrə mövqeyi ilə razılaşaraq qeyd edir ki, göstərilən müddət iddia müddəti deyil, hüququn həyata keçirilməsi üçün nəzərdə tutulmuş xüsusi müddətdir ki, həmin müddətin üzrlü hesab edilməsi və ya bərpa edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, iddiaçının verdiyi apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2717/2024 nömrəli, 27 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar