Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3176/2023 15.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial müavinətdən tutulmaya dair hərəkətlərin qanunsuz hesab edilməsi, bununla bağlı aktın etibarsız sayılması və tutulmuş məbləğlərin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6608/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbini “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********3 nömrəli qərarı 26.639,40 manat artıq almanın müavinətə yönəldilməsi hissəsində ləğv edilərək müavinətdən tutmaya dair hərəkətlərin qanunsuz hesab edilməsi və həmin tarixdən etibarən müavinətdən tutulmuş məbləğin geri qaytarılması” kimi dəyişdirmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6608/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı yaşa görə sosial müavinətindən tutulmaya dair cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının hərəkətləri qanunsuz hesab edilmiş, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********3 nömrəli qərarı 26.639,40 manat artıq almanın müavinətə yönəldilməsi hissəsində ləğv edilməsi və həmin tarixdən etibarən müavinətdən tutulmuş məbləğin geri qaytarılması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2005-ci il tarixdə qüvvədə olan tələblərinə əsasən həmin tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Fondun Daxili nəzarət departamentinin xidməti məruzəsinə əsasən bildirilir ki, iddiaçının qulluğu stajı əmək kitabçası əsasında deyil, “şahid ifadələri üzrə protokol” əsasında müəyyən edilmişdir. Müvafiq protokolda şahidlərin ifadələri dəyişdirilərək, qəsəbə nümayəndəliyində işləməsi qeyd edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı Ermənistan SSR Sisiyan rayonunun qəsəbəsinin X1 makinaçı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş vəzifələrin uyğunlaşdırma siyahısına uyğun olaraq ona dövlət qulluqçusu kimi yaşa əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialın xx.xx.2022-ci il tarixli **********3 saylı qərarı ilə İddiaçı təyin edilmiş əmək pensiyasının ödənişi dayandırılmışdır. Nəticədə iddiaçının yaşa görə əmək pensiyasının məbləğində 26.639,40 manat artıqvermə müəyyən edilmişdir. İddiaçı ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalanmışdır. Bu fakt Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirilir və inzibati orqanın qərarı qanuni hesab edilir. Filial tərəfindən qərar qəbul edilərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə tam olaraq riayət edilmişdir. Pensiyanın təyin edilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və digər normativ hüquqi aktlarında qeyd olunduğu kimi hüquqa və haqqədalətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə hüquqi tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxarır. Qeyd olunanlardan bir daha aydın olur ki, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli müraciətin cavablandırılması haqqında məktubda qeyd olunmuşdur ki, iddiaçıya “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2005-ci il tarixində qüvvədə olan tələblərinə əsasən həmin tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Xidməti yoxlama nəticəsində məlum olmuşdur ki, onun dövlət qulluğu stajı əmək kitabçası əsasında deyil, şahid ifadələri üzrə protokol əsasında müəyyən edilmiş və müvafiq protokolda şahidlərin ifadələri dəyişdirilmişdir. Belə ki, o, Ermənistan SSR Sisiyan rayonunun Dəstəkçi (adı tam dəqiq deyil) qəsəbəsinin X1 makinaçı vəzifəsində işləyib. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş vəzifələrin uyğunlaşdırma siyahısında qəsəbə nümayəndəliyi qeyd edilmədiyindən onun dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququ ləğv edilmişdir. Nəticədə, xx.xx.2005-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək yaşa görə əmək pensiyası üzrə artıqödəmə müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 60 yaş müəyyən edilib. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Bildirilir ki, pensiya işinizdə olan əmək fəaliyyətiniz haqqında tərtib edilmiş şahid ifadələri üzrə 118 nömrəli protokolda şahidlərin ifadələri dəyişdirilərək düzəlişlər edildiyindən, qanunla tələb olunan 25 il sığorta stajınız olmadığı üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Məlumat üçün bildirilmişdir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə qanunvericiliklə tələb olunan 25 il sığorta stajı olarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunanlara əsasən ona xx.xx.2022-ci il tarixindən (vergi uçotunuzun dondurulduğu tarixdən) xx.xx.2027-ci il tarixinədək 180 manat məbləğində yaşa görə sosial müavinət təyin olunmuşdur. İş materiallarında olan Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********3 nömrəli qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq 12 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində minimum əmək pensiyasının təyin edilməsinə imkan verən pensiya kapitalı olmadığı üçün ərizə təmin edilmir. 162436 nömrəli pensiya işi üzrə İddiaçı əmək pensiyasının təyinatı üçün əsas verən şahid ifadələri üzrə protokolda qaralama və pozuntulara yol verildiyinə görə ərizə təmin edilmir. xx.xx.2005xx.xx.2022-ci ilə 26639,40 manat artıq alma müəyyən edilir. Pensiya ödənişi dayandırılır, müavinətə yönəldilir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikasının Qanunu: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1.2. yaşa görə müavinət. 7.0. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.2. yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə. 11.1. Müavinətlərin ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır: 11.1.2. yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda. 12.1. Bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin (himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. 12.2. Müavinətlərin (himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçıya xx.xx.2005-ci il tarixdə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh tərəfindən aparılmış araşdırma zamanı iddiaçının dövlət qulluğu stajının olmadığının müəyyənləşdirildiyi əsas gətirilməklə əmək pensiyası müvafiq qərarla dayandırılmış, xx.xx.2005-ci ildən xx.xx.2022ci ilədək 26.639,40 manat artıq alma müəyyən edilmiş, artıq ödənilməsi müəyyən edilən məbləğ iddiaçının müavinətinə yönəldilərək müavinətindən tutma həyata keçirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, «Sosial müavinətlər haqqında» Qanunun 12-ci maddəsində “Əmək pensiyası haqqında” Qanununun 39-cu maddəsindən fərqli olaraq inzibati orqan tərəfindən artıq ödənilmiş müavinətin tutulması haqqında qərarın qəbul edilməsinin və tutmaya dair hərəkətlərin həyata keçirilməsinin mümkünlüyü nəzərdə tutulmamışdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu: 1.0.10. qanunun analogiyası - konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsidir. 13.1. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. 13.5. Cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Məhkəmə kollegiyası vətəndaşın razılığı olduğu təqdirdə sosial müavinətdən tutmaya dair hərəkətlərə analogiya qaydasında “Əmək pensiyası haqqında” Qanununun 39-cu maddəsinin tətbiqi ilə əlaqədar birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh qurumun hərəkətləri vətəndaşın hüquqlarının məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi ilə bağlı olduğundan qeyd edilən halda (sosial müavinətdən tutma ilə bağlı qərarın qəbul edilməsi) qanunun analogiyasından istifadə qanuni hesab edilə bilməz. Lakin istənilən halda, sosial müavinətdən tutmanın aparılmasına dair iddiaçının razılığının olduğu müəyyən edilmir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6608/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3176/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3176/2023
15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver