Məhkəmə qərarları › İş №2-1(103)-3177/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3177/2022

23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3177/2022 23.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə 3687,72 manat ödənilməyən əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə 3687.72 manat ödənilməyən əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5805/2022 saylı 08 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 23 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Sosial arayışdan görünür ki, İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar İİİ dərəcəli əlildir. 11/1244 saylı pensiyaçının uçot vərəqindən görünür ki, iddiaçıya ilk dəfə xx.xx.2011-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin **********2 saylı xx.xx.2019-cu il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, iddiaçıya əvvəllər 1425,30 manat təyin edilmiş pensiya yenidən hesablanaraq 1229.24 manat olmuşdur.. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış “artıq ödənilmiş pensiya məbləği haqqında” **********1 saylı xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən təqdim olunmuş 4 may 2011-ci il tarixli 000245 nömrəli məlumat vərəqəsinə uyğun olaraq 16 aprel 2011-ci il tarixindən Mərkəzi Filial tərəfindən ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq 25 il 6 ay 28 gün xidmət müddəti üçün hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə (xəstəliklə əlaqədar təxris olunmaqla) əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən yaşa görə əmək pensiyası növündə təyinat aparılmış əmək pensiyaçısının sonradan əlilliyə görə əmək pensiyası növünə keçməsi hüququ olmadığı halda ona 8 avqust 2011-ci il tarixindən yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilməklə pensiya təyinatı aparıldığı müəyyən edilmişdir. xx.xx.2011-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ona ümumilikdə 118472.31 manat pensiya məbləği ödənilməli olduğu halda, 134145.30 manat (104588.51 manatı müvafiq kart hesabınıza köçürülmüş, 29556,79 manai isə aürnent olaraq ödənilmişdir) manat ödənilib. Bununla əlaqədar həmin dövr üzrə ona 15672.99 manat artıq pul vəsaiti ödənilmişdir (sizə ödənilmiş və ödənilməli olan pensiya məbləğləri barədə aşağıda cədvəl əlavə olunur). Eyni zamanda xx.xx.2021- xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə sizə ödənilməli olan 3687.72 manat pensiya məbləği hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq, ona artıq ödənilən 15672.99 manat pul vəsaitindən ona ödənilməli olan 3687.72 manat pensiya məbləği çıxılmış, qalan 11985.27 manat pul vəsaitinin əmək pensiyasından tutularaq büdcəyə qaytarılması ilə əlaqədar yazılı razılığın qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəkdir.” Beləliklə, iddiaçıya xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə 3687.72 manat pensiya məbləğinin hesablandığı, lakin həmin məbləğin ödənilmədiyi müəyyən olunur. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək“ ona xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə 3687.72 manat ödənilməyən əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 ildən çox xidmət etmiş, ehtiyatda olan polkovnik-leytenantdır. 2011-ci ildən pensiya alır. 2021-ci ilin iyun, iyul və avqust aylarında iddiaçıya 3687,72 manat pensiya hesablansa da, ona verilməmişdir. Bu barədə xx.xx.2021-ci ildə cavabdehə müraciət olunsa da, ona cavab verilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5805/2022 saylı 08 iyun 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə 3687.72 manat ödənilməyən əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Apellyasiya şikayətinə yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə yazılı etiraz onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi öz növbəsində Azərbaycan Respublikası İPM-nin 68-ci maddəsinin tələblərinə əsasən mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam, məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər və məhkəmə icraatında tədqiq olunmuş, habelə barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar, sübutlar və ən əsası Azərbaycan Respublikasının Qanunvericlik aktlarının tələbləri əsasında iddianı təmin etmiş və iddiaçının qanuna zidd olaraq, cavabdeh tərəfindən yol verilmiş kobud hüquq pozuntusu nəticəsində ödənilməyən əmək pensiyasının ödənilməsi öhdəliyini cavabdehin üzərinə haqqlı və ədalətli olaraq qoymuşdur. AR ƏƏSMN DSMF XŞTÜ MF “İnzibati icraat haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının müddəa və tələblərini kobud bir şəkildə pozaraq, hüquqa zidd hərəkətlər edərək xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üçün pensiyanın ödənilməsini icra etməmişlər. xx.xx.2017-ci il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları” (bundan sonra-Qaydaları) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra-Qanun) əsasən hazırlanmışdır və əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi məsələlərini tənzimləyir. Qaydaların 2.1-ci bəndinə görə: Əmək pensiyası hüququ olan şəxslər Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsinə, yəni XŞTÜ MF-la müraciət (1 nömrəli Əlavə) edə bilərlər. Qaydaların 2.2-ci bəndinə görə: Müraciətə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavə) əlavə edilir. Qaydaların 2.4-cü bəndinə görə: Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə və ya onların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə əmək pensiyası təyin edilməsi barədə İdarəyə müraciət olunur. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na uyğun olaraq bu şəxslərin xidmət etdiyi orqanlar tərəfindən tərtib olunur. Qaydaların tələblərinə görə əmək pensiyası hüququ olan şəxslər XŞTÜ MF-la bu qaydaların 1 nömrəli Əlavəsində qeyd edilmiş formada müraciət etməli və (Forma əlavə olunur), bu zaman müraciət edən öz müraciətinə pensiyanın növündən asılı olaraq 2 nömrəli əlavədə qeyd edilən zəruri sənədləri əlavə etməlidir. Bundan sonra qaydaların 2.4-cü bəndinn tələblərinə görə hərbi qulluqçunun hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar AR NK-nin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na uyğun olaraq bu şəxsin, hərbi qulluqçunun xidmət etdiyi orqan tərəfindən tərtib edilərək AR ƏƏSMN DSMF XŞTÜ MF-na təqdim olunur. Cavabdehin qeyd etdiyi kimi, onun hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatları AR DSX SQ tərəfindən AR ƏƏSMN DSMF XŞTÜ MFna müvafiq qaydada təqdim olunmuşdur (İş materiallarında olan 4 may 2011-ci il tarixli, 000245 nömrəli məlumat vərəqi). Lakin o, 2011-ci ildə pensiya hüququ əldə etdiyi zaman “yaşa görə” pensiya təyin edilməsi üçün müraciət etmişdir. Cavabdeh inzibati orqan AR DSX SQ-rı tərəfindən AR ƏƏSMN DSMF XŞTÜ MFna təqdim edilmiş 4 may 2011-ci il tarixli, 000245 nömrəli malumat vərəqini diqqətlə nəzərdən keçirmədən, öz təşəbbüsü ilə mənə “yaşa görə” pensiya təyin etmişdir. Belə ki, AR ƏƏSMN DSMF XŞTÜ MF-nın əməkdaşları 4 may 2011-ci il tarixli, 000245 nömrəli malumat vərəqi daha diqqətlə nəzərdən keçirmiş olsaydılar onlara məlum olardı ki, o, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.3-cü (və ya 2011-ci ildə qüvvədə olan “Hərbi xidmət haqqında” AR Qanunun 18-ci maddəsinin “v” bəndi) maddəsinin tləblərinə əsasən AR Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Bu fakt AR DSX Maliyyə İdarəsinin rəisinin müavini cənab X4 Sosial Müdafiə Fondunun “Hərbi qulluqçular və Xüsusi rütbəli şəxslərlə iş deportamenti”nin direktoru Çingiz Əliyevə ünvanladığı (iş materiallarında mövcuddur) müraciətdəndə (xx.xx.2011-ci il tarixli, daxil olma nömrəsi 3563-q-7) öz əksini tapmışdır. Beləliklə, onun AR DSX həqiqi hərbi xidmətdən AR SQ ehtiyatına “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.3-cü (və ya 2011-ci ildə qüvvədə olan “Hərbi xidmət haqqında” AR Qanunun 18-ci maddəsinin “v” bəndi) maddəsinin tələblərinə əsasən buraxıldığını nəzərə almadan AR ƏƏSMN DSMF XŞTÜ MF-nın ona 2011-ci ildə öz təşəbbüsü ilə “yaşa görə” əmək pensiyası təyin etdiyi müəyyən edilir. Buna baxmayaraq 2021-ci ildə AR ƏƏSMN DSMF XŞTÜ MF-nın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanun tələblərinə zidd bir şəkildə (İİHQ-nun 10, 11, 12, 14, 16, 21, 22, 24 və 25 maddələrinin tələblərini pozmaqla) marqalı şəxsin iştirakını təmin etmədən, özünün diskrision səlahiyyətlərini aşaraq, qanunçuluq prinsiplərinə riayət etmədən inzibati icraat keçirmiş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39-cu maddəsiinn tləblərini pozaraq mənim razılığım və əmək pensiyasını təyin edən orqanın müvafiq qərarı olmadan (və ya məhkımənin müvafiq qərarı olmadan) xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üçün (3687.72 AZN) üç min altıyüz səksən yeddi manat yetmiş iki qəpik pensiyamı tutmuşdur. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Qanunun müddəalarını pozmaqla keçirdiyi inzibati araşdırma zamanı əldə etdiyi material qismində məhkəməyə guya mənim tərəfimdən xx.xx.2011-ci il tarixində yazılmış (xx.xx.2011-ci il tarixli, daxilolma №-si 573) və imzalanmış ərizəni sübut kimi təqdim edərək (Bununla inzibati orqan özünün saxtakarlıq ilə məşqul olduğunu düşünmək üçün zəmin yaratmış olur) qanunsuz hərəkətlərinə qanuni don geyindirməyə çalışır. Belə ki, Nazirliyin Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarının tarixindən göründüyü kimi, bu qaydalar 2017-ci ildə qüvvəyə minmişdir və heç bir halda xx.xx.2011-ci il tarixində tərəfindən (1 nömrəli Əlavə) yazılmış və imzalanmış ola bilməzdi. Bu faktiki hall və ümumiyyətlə MF-ın bəzi əməkdaşlarının mənimlə hüquqa zidd hərəkətlər, etik davranış normalarına zidd davranışı, mənə dedikləri sözləri, hərəkətləri cavabdehin saxtakarlıqla məşqul olmalarına dair şübhələr yaratmış olur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-5805/2022 saylı Qərarını diqqətlə oxuyaraq təhlil etdikdə məlum olur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təyin edilmiş pensiyanın 2021ci ilin iyun, iyul, avqust aylarında ödənilməməsini cavabdeh öz təşəbbüsü ilə həyata keçirilmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı hazırki tələblə bağlı xx.xx.2021-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun müraciətləri cavablandırılmamışdır. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası İPM-nin 39.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə 3687.72 manat ödənilməyən əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlıdır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçıya təyin edilmiş pensiyanın bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqanın daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət edilmədiyinə, inzibati icraatın lazımi qaydada aparmamasına, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsin - iddiaçının inzibati icraata dəvət edilməməsinə, araşdırmanın onun iştirakı olmadan aparılmasına, onun dinlənilmə hüququnun təmin edilməməsinə, pensiya təyinatı ilə bağlı inzibati aktın ləğv edilməməsinə, həmin inzibati akt qüvvədə ola-ola onun icrasının dayandırılması barədə ayrıca inzibati aktın qəbul edilməməsinə, pensiya təyinatı üzrə ödənişin dayandırılması barədə faktiki xarakterli hərəkətlərin edilməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə edilməsinə istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. İşin faktiki hallarına görə, İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar İİİ dərəcəli əlildir, ona ilk dəfə xx.xx.2011-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş, sonuncu dəfə iddiaçının pensiya məbləği 1425,30 manat hesablansa da, sonradan cavabdehin **********2 saylı xx.xx.2019-cu il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarına əsasən 1425,30 manat təyin edilmiş pensiya yenidən hesablanaraq 1229.24 manata azaldılmış, lakin bundan sonra xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə 3687,72 manat hesablanmış pensiya məbləği iddiaçıya ödənilməmişdir. Bu fakt cavabdehin özü tərəfindən iddiaçıya ünvanlanmış “artıq ödənilmiş pensiya məbləği haqqında” **********1 saylı xx.xx.2022-ci il tarixli məktubda da təsdiq olunmuşdur. Hazırda iddiaçı cavabdeh inzibati orqan tərəfindən onun pensiyasının yenidən hesablanması haqqında **********2 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə hesablanmış 1229,24 manat pensiyanın xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə ona ödənilməməsi ilə bağlı 3687,72 manat hesablanmış, lakin ödənilməmiş pensiya məbləğinin ona ödənilməsini tələb edir. Əvvəla qeyd olunmalıdır ki, inzibati orqan tərəfindən iddiaçı barəsində **********2 saylı xx.xx.2019-cu il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərar qəbul edilərkən iddiaçı həmin inzibati icraata dəvət olunmamışdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə pensiyanın yenidən hesablanmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi hallara dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya təyin edilmiş pensiya bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə ola-ola onun icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmədən, pensiya təyinatı üzrə ödənişin dayandırılması barədə faktiki xarakterli hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Nəzərə almaq lazımdır ki, qeyd olunan halların araşdırılması və müəyyən edilməsi hazırkı mübahisə üzrə obyektiv və qanunauyğun qərarın qəbulu üçün mühüm əhəmiyyət kəsb edir. Kollegiya onu da nəzərə alır ki, iddiaçının xeyrinə 1425,30 manat pensiyanın təyin edilməsi barədə inzibati akt qüvvədə olduğu halda inzibati icraat qaydalarına riayət edilmədən pensiyasının yenidən hesablanması barədə olan xx.xx.2019-cu il tarixli qərarla pensiyasının 1229,63 manata azaldılması ilə bağlı inzibati orqan tərəfindən aparılan icraat qanunsuz olub, iddiaçı tərəfindən mübahisələndirilə biləcəyi nəzərə alınmadan, inzibati orqan iddiaçının 1425,30 manat təyin olunmuş pensiya məbləğini almaq hüququna müdaxilə etməklə yanaşı, həm də yenidən hesablanaraq verilməsini qərara aldığı 1229,63 manat pensiyanı 3 ardıcıl ay üzrə iddiaçıya verməmiş, nəticədə inzibati orqanın özünün də etiraf etdiyi kimi 3687,72 manat məbləğində pensiyanın ödənişi aparılmamışdır. Odur ki, iddiaçı həmin 3687,72 manat məbləğin ona verilməsi ilə bağlı hazırki iddianı qaldırmaqda haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının “ödənilməyən əmək pensiyasının ödənilməsi” barədə iddiasının təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin tələbin təmin olunmasından imtina etməsi (hərəkətsizlik göstərməsi) əsassız olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5805/2022 saylı 08 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5805/2022 saylı 08 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar