Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-318/2020 19.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı torpaq sahəsinin planı və ölçüsünün tərtib edilərək, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-785/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri Badamdar qəsəbəsi 3-cü yaşayış massivində onun adına fərdi yaşayış evi inşa etmək üçün ayrılmış 0,06 ha torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, iddiaçının İdarəyə xx.xx.2018-ci il tarixli müraciəti zamanı göstərdiyi torpaq sahəsi İdarənin elektron kadastr baza məlumatlarına əsasən daş karxanasının ərazisində yerləşir və dövlətin mülkiyyətində olan torpaqlara aiddir. Bundan başqa, xx.xx.2017-ci il tarixli ərizəyə əlavə edilmiş Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 1971 saylı sərəncamı əsasında verilmiş yerləşmə cizgisi ilə hazırda təqdim edilən yerləşmə cizgisi (Səbail RİH-in xx.xx.1998-ci il tarixli 1971 nömrəli sərəncamı ilə) fərqlidir. Bu səbəbdən, Səbail RİH başçısının Badamdar qəsəbə nümayəndəliyi tərəfindən xx.xx.2004-cü il tarixdə təsdiq edilmiş yerləşmə cizgisinə dair qeydiyyat orqanının ciddi şübhəsi olduğundan Səbail RİH-ə sorğu göndərilmişdir. Səbail RİH-in xx.xx.2017-ci il tarixli cavab məktubunda sözügedən cizgidə göstərilən tarixdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim olunmuş cizginin memarlıq xidməti tərəfindən təsdiq olunmalı olması və təqdim olunmuş cizgidə təsdiq edilən möhür və imzalarda uyğunsuzluğun olduğu və RİH tərəfindən təsdiq olunmadığı qeyd olunmuşdur. Bundan əlavə, İdarənin elektron kadastr baza məlumatlarına əsasən Səbail RİH-in xx.xx.1998-ci il tarixli 1971 nömrəli sərəncamına əsasən iddiaçıya ayrılmış 2225 nömrəli 600 kv.m. torpaq sahəsi Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən iki ədəd 0,06 ha torpaq sahələri ilə üst-üstə düşür. Belə ki, hər iki torpaq sahəsi 5 saylı Dövlət Notariat Kontorunda xx.xx.2014-cü il tarixli 4ə-280, 4ə-281 reyestr nömrəli alqı-satqı müqavilələri əsasında X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq imtina məktubları ünvanlanmışdır. Bakı Apellyasiya Məhkəməsi İİK-nın 2-1(103)-1436/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərarla razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İK-nın 2-1(102)-2876/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İİK-nın xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “...cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 1998-ci il 30 dekabr tarixli, 1971 saylı Sərəncamı əsasında verilmiş yerləşmə cizgisi ilə hazırda təqdim edilən yerləşmə cizgisi (Səbail Rayon İcra Hakimiyyəti başçısının 1998-ci il 30 dekabr tarixli, 1971 saylı Sərəncamı ilə) fərqlidir. Sözügedən torpaq sahəsi ilə bağlı 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2017-ci il 30 noyabr tarixli, 2-1(81)-3171/2017 nömrəli qərardadı daxil olmuş, lakin qanuni qüvvəyə minməsinə dair yekun məlumat İdarəyə daxil olmamışdır. Bundan əlavə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan 2- 1(81)-5193/2018, 2-1(81)- 5194/2018, 2-1(81)-5196/2018 nömrəli işlərdə iddiaçılar iddia ərizəsində tələblərini əsaslandırarkən Səbail Rayon İcra Hakimiyyəti başçısının 1998-ci il 30 dekabr tarixli, 1971 saylı Sərəncamına istinad etmişlər. Etirazda göstərilənlərə əlavə olaraq, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, İdarənin elektron kadastr məlumatlarına əsasən Səbail Rayon İcra Hakimiyyəti başçısının 1998-ci il 30 dekabr tarixli, 1971 saylı Sərəncamına əsasən iddiaçıya ayrılmış 2225 saylı 600 kv.m torpaq sahəsi Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən iki ədəd 0,0600 hektar torpaq sahələri ilə üst-üstə düşür. Belə ki, hər iki torpaq sahəsi 5 saylı Dövlət Notariat Kontorunda 2014-cü il 23 iyul tarixli 4ə-280, 4ə-281 reyestr nömrəli alğı-satqı müqavilələri əsasında X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hal-hazırda onun mülkiyyətindədir. Cavabdehin etiraz və şikayətində qeyd edilən həmin dəlilər məhkəmə araşdırmasının predmeti olmamış, onlara münasibət bildirilməmişdir.” Məhkəmə kollegiyası apellyasiya şikayətini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsaslıdır. İlk olaraq, İPM-in 96.11-ci maddəsinə görə, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan göstərişlərin icrası ilə bağlı qeyd edir ki, işdə olan, Səbail RİH başçısının xx.xx.1998-ci il tarixli 1971 nömrəli sərəncamının notariat təsdiqli surətindən müəyyən edilir ki, Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün iddiaçıya 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli **********08 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişə görə, iddiaçının Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli xx.xx.2018-ci il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsi kadastr məlumatlarına əsasən Daş Karxanasının ərazisində yerləşir. Bundan başqa, ********** nömrəli xx.xx.2017-ci il tarixli ərizəyə əlavə edilmiş Səbail RİH-in xx.xx.1998-ci il tarixli 1971 nömrəli sərəncamı əsasında verilmiş yerləşmə cizgisi ilə hazırda təqdim edilmiş yerləşmə cizgisi (Səbail RİH-in xx.xx.1998-ci il tarixli 1971 saylı sərəncamı ilə) fərqlidir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Cavabdehin Səbail RİH-ə ünvanlanmış məktubuna sonuncunun xx.xx.2017-ci il tarixli 3/10-355 nömrəli cavabında qeyd olunmuşdur ki, iddiaçıya məxsus Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinə dair cizgidə göstərilən tarixdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim olunmuş cizgi memarlıq xidməti tərəfindən təsdiq olunmalıdır. Təqdim olunmuş cizgidən görünür ki, təsdiq edilən möhür və imzalarda uyğunsuzluq mövcuddur və RİH tərəfindən təsdiq olunmamışdır. Səbail RİH başçısının xx.xx.1998-ci il tarixli 1971 nömrəli sərəncamı ilə iddiaçıya Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsinin Situasiya planı və Sxemi xx.xx.2018-ci il tarixdə Səbail RİH-in memarı tərəfindən təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının xx.xx.1991-ci il tarixli Torpaq Məcəlləsinin: 23-cü maddəsinə əsasən, vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir; 29-cu maddəsinə görə, müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir; 97-ci maddəsinə əsasən, dövlət torpaq kadastrı torpaqların hüquqi vəziyyətinə, torpaq mülkiyyətçiləri, sahibləri, istifadəçiləri və icarəçiləri arasında, eləcə də kateqoriyalar üzrə bölüşdürülməsi haqqında, torpağın kəmiyyət və keyfiyyət xarakteristikasına və xalq təsərrüfatı üçün dəyərliliyinə dair zəruri məlumatları və sənədləri özündə əks etdirir. Dövlət torpaq kadastrının məlumatları torpaqlardan istifadə və onların mühafizəsi planlaşdırılarkən, torpaqlar verilərkən və geri alınarkən, torpağa görə haqq müəyyən edilərkən, yer quruluşu işləri aparılarkən, təsərrüfat fəaliyyəti qiymətləndirilərkən və eləcə də torpaqlardan istifadə və onların mühafizəsi ilə əlaqədar digər tədbirlər həyata keçirilərkən mütləq tətbiq edilməlidir. Dövlət torpaq kadastrının aparılması geodeziya, topoqrafiya, yer quruluşu, xəritələşdirmə, torpaq, aqrokimya, geobotanika və digər axtarıştədqiqat işlərinin həyata keçirilməsi ilə təmin edilir; 99-cu maddəsinə görə, yer quruluşu torpaq münasibətlərinin nizamlanması və torpaq ehtiyatlarından istifadə məsələlərinin həll edilməsi üzrə hüquqi, iqtisadi və texniki tədbirlər sistemini özündə birləşdirir. Yer quruluşu xalq təsərrüfatının bütün sahələrində torpaqlardan elmi surətdə əsaslandırılmış səmərəli istifadənin təşkilinə, əlverişli ekoloji mühitin qorunub saxlanmasına, təbii antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir; 101-ci maddəsinə əsasən, yer quruluşu işlərini xüsusi dövlət torpaq orqanı dövlət büdcəsi hesabına həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun: 8.0.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Savalan” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının x xxxxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Sadalanan qanun normalarının təhlili göstərir ki, iddiaçının mübahisəli daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının yaranmasından bəhs etmək üçün: 1) Səbail RİH başçısının xx.xx.1998-ci il tarixli 1971 nömrəli sərəncamı yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında qəbul edilməli idi; 2) bu sərəncamla əldə olunan əmlak hüquqları qüvvəyə minməli idi. Lakin iş üzrə bu iki şərt yerinə yetirilmir. Belə ki, xx.xx.1998-ci il tarixli sərəncamın yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında qəbul edildiyini təsdiq edəcək həmin dövrdə fəaliyyət göstərən dövlət torpaq və kadastr orqanları tərəfindən tərtib edilən heç bir sənəd cavabdehə və Məhkəməyə təqdim olunmamışdır, iddiaçı da onda adıkeçən sənədlərin olduğunu irəli sürmür. Sonuncu belə bir sənəd kimi Səbail RİH-in memarı tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş Situasiya planına və Sxemə istinad edir ki, sözügedən sənədlər xx.xx.1998-ci il tarixli sərəncam qəbul edilən dövrdə deyil, ondan 20 il sonra tərtib olunduğu üçün mötəbər sayıla bilməz. Üstəlik, Səbail RİH-in özü cavabdehə ünvanladığı xx.xx.2017-ci il tarixli məktubunda iddiaçıya məxsus torpaq sahəsinə dair daha əvvəllər verilmiş cizgini şübhə altına almışdı. Həmçinin, Səbail RİH başçısının sərəncamı ilə iddiaçıya Badamdar qəsəbəsinin hansı tərəfində fərdi evin tikintisi üçün torpaq sahəsi ayrıldığı aydın deyil. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də yerli icra hakimiyyəti orqanlarının torpaq sahələrinə dair situasiya planları yaxud sxemləri tərtib etmək səlahiyyəti ümumiyyətlə nəzərdə tutulmamışdır. İstisna olaraq, bu kimi hallarda yerli icra hakimiyyəti orqanları torpaq sahəsinə dair vaxtilə tərtib etdikləri sənədlərin onlarda saxlanılan əsllərindən surət çıxarıb maraqlı şəxslərə təqdim edə bilərdilər ki, qeyd olunan halın da iş üzrə mövcud olmaması Səbail RİH-in xx.xx.2017-ci il tarixli məktubu ilə təsdiq olunur. Qeyd edilənlərdən çıxan nəticəyə görə, Səbail RİH başçısının xx.xx.1998-ci il tarixli 1971 nömrəli sərəncamının qəbul edilməsi yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilmədiyindən, habelə, iddiaçının bu sərəncamla əldə etdiyi fərz olunan əmlak hüquqları qüvvəyə minmədiyindən, onun mübahisəli daşınmaz əmlakla bağlı mülkiyyət hüquqları yaranmamışdır. Daşınmaz əmlakın dövlət qeydiyyatını tənzimləyən qanunvericiliyin birmənalı tələbi isə ondan ibarətdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına təqdim olunmalıdır. Lakin iddiaçı həmin maddədə müəyyən edilən sənədlərdən hər hansı birini cavabdehə və Məhkəməyə təqdim etməmiş, onun təqdim etdiyi sənədlər isə belə bir əhəmiyyətə malik olmamışdır. Halbuki, İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bütün qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayəti ilə razılaşır. Belə ki, mübahisəli torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə əhəmiyyəti kəsb edən mötəbər sübutlar təqdim olunmalıdır ki, iddiaçı da belə sənədlərə malik deyil. Bununla da, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilədən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamaqla, iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul olunmalı, iddia təmin edilməməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-785/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı Bakı şəhəri Badamdar qəsəbəsi 3-cü yaşayış massivində onun adına fərdi yaşayış evi inşa etmək üçün ayrılmış 0,06 ha torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-1(103)-318/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-318/2020
19.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver