Məhkəmə qərarları › İş №2-1(103)-318/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-318/2024

12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-318/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “yataqxanada yaşayış sahəsi üzrə mənzil-kirayə müqaviləsinin bağlanması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X5 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının vəkili X1, Cavabdehin nümayəndəsi X9 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-83/2022 saylı, 31 may 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1953-cü ildə Mirbəşir rayonu, Hüsənli kəndində anadan olmuşdur. Yaşayış yeri ünvan 1 ünvanıdır.

2. İddiaçıya məxsus xx.xx.1975-ci il tarixli əmək kitabçasının qeydlərinə əsasən Hümbətova (Məmmədova) Pakizə Ərşad qızı xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək Hüsənli kənd orta məktəbində əmək təlimi müəllimi, xx.xx.1975-ci ildən xx.xx.2004-ci ilə kimi Bakı “Radiozavod”da, xx.xx.2004-cü ildən Bakı "xxxx" İB-də müxtəlif vəzifələrdə işləmişdir.

3. Bakı "xxxx" X2 İttifaqı Komitəsinin və X3 Şurasının və MMK-nin birgə iclasının 41 saylı 09 noyabr 2004-cü il tarixli protokolundan çıxarışa əsasən, iclasın qərarı ilə Birliyin "xxxx" İstehsalat Birliyində uzun illər işləyən fəhlə və qulluqçularına birlikdə mənzil növbəsində olanlara növbə əsasında mənzil verə bilməməsini nəzərə alıb Birliyə məxsus olan S.Ə.ünvan 2A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, birliyin yataqxanalarda yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə dair Orderin verilməsi və Orderdə göstərilmiş mənzil nömrəsinə əsasən pasport qeydiyyatına salınması, birlikdə yataqxana növbəsində olan fəhlə və qulluqçulara, məcburi qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin təklif olunması və razılığa əsasən sənədləşdirilməsi (HİK-nın qərarı və Order), birlikdə işləyib uzun illərdi mənzil və yataqxana növbəsində olan və yataqxanada yaşayan ailə üzvlərinə görə mənzil sahəsi az olan fəhlə və qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin verilməsi, birliyə məxsus S.Ə.ünvan 2A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda halhazırda yaşayan qaçqın və məcburi köçkün ailələrinə torpaqları alınarkən və ya ölkə prezidentinin sərəncamı ilə məcburi köçkün ailələrinə mənzil verilən vaxt zəbt etdikləri mənzillərdən köçürüldükdən sonra, yataqxanalarda boşalacaq mənzillər qeyri-şərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır.

4. Bakı "xxxx" X2 İttifaqı Komitəsinin və X3 Şurasının və MMK-nin birgə iclasının 68 saylı 06 dekabr 2006-cı il tarixli iclasının qərarına əsasən, Birliyə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi yataqxana ev 4, 59 nömrəli mənzilin İddiaçı verilməsi qərara alınmışdır. Eyni zamanda, qeyd olunan qərarda S.Ə.ünvan 2A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar hər hansı qurumun və təşkilatın balansına verilməsindən asılı olmasına baxmayaraq, birliyin orderi əsasında fəhlə və qulluqçulara verilmiş mənzillər həmin orderdə göstərilmiş vətəndaşa məxsus olması qərara alınmışdır.

5. Bakı "xxxx" İstehsalat Birliyinin 0186 saylı xx.xx.2006-cı il tarixli orderinin surətinə görə, İddiaçı Bakı şəhəri, Cavanşir küçəsi, 4 saylı evin 59 saylı mənzilini tutmaq hüququna malikdir. 6. ünvan 3 ünvanda yerləşən yataqxanada mənzilləri zəbt olunmuş sakinlərin xx.xx.2006-cı ilin siyahısının surətindən görünür ki, İddiaçı 0186 saylı order əsasında 18 kv.m sahəsi olan 1 otaqlı 59 №-li mənzil verilmişdir.

6. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 294 saylı xx.xx.2013-cü il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 iyun 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlərin onlara aid əmlakla birlikdə sərəncamın əlavəsində göstərilən siyahıya uyğun olaraq aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlər bu sərəncamın Əlavəsində göstərilən siyahı üzrə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir.

7. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının 294 saylı xx.xx.2013-cü il tarixli sərəncamının icrası haqqında 122 saylı xx.xx.2013-cü il tarixli sərəncamına əsasən, qeyd edilən yaşayış fondunun balansa və xidmət dairəsinə qəbul etməklə vahid texniki-istismar normalarına uyğun xidmətini və istismarını təmin etmək məqsədilə: Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlər bu sərəncamın 1 saylı Əlavəsində göstərilən siyahı üzrə Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına və istismar edilməsi üçün həmin Birliyin tabeliyindəki 136 saylı Mənzil-Kommunar İstismar sahəsinin xidmət dairəsinə verilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlər bu sərəncamın 2 saylı Əlavəsində göstərilən siyahı üzrə 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına və istismar edilməsi üçün həmin Birliyin tabeliyindəki müvafiq mənzil-kommunal istismar sahələrinin xidmət dairəsinə verilmişdir. Həmin sərəncama 2 saylı əlavəyə əsasən, mübahisələndirilən ünvanda yerləşən yataqxana siyahıya daxil edilmişdir.

8. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsi və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinin təsdiq edilmiş xx.xx.2014-cü il tarixli Təhvil-qəbul aktına əsasən, S.Ə.ünvan 2A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar Bakı şəhər MənzilKommunal Təsərrüfatı Departamentinin 1 Saylı Xüsusi Təyinatlı Mənzil Təsərrüfat Birliyinin balansına verilmişdir. 10. Bakı şəhər İcra Hakimiyyəti MKTD-nin 1 saylı Xüsusi Təyinatlı MKTB tərəfindən Bakı şəhər MKTD-yə ünvanlanmış xx.xx.2019cu il tarixli, 68/26-ç nömrəli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, ünvan 8 binanın (keçmiş yataqxana) 59 saylı mənzilində 1993-cü ildən Ağdam rayon məcburi köçkünü X10 4 nəfər (özü, arvadı X8, qızı X4 və oğlu X11) ailə üzvü ilə birlikdə məskunlaşmışdır. Məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. Sözügedən mənzil İddiaçı tərəfindən zəbt edilmişdir.

9. “Üfüq” İstehsalat Birliyi "xxxx" Zavodu MMC-nin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ünvanladığı xx.xx.2020-ci il məktubuna əsasən, İddiaçı xx.xx.1975-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək və xx.xx.2004-cü il tarixindən hal-hazırki vaxta kimi "xxxx" zavodunda işləyir. İddiaçı mənzil verilməsi haqqında növbəlik siyahısında 186-cı adam olaraq növbəyə alınmışdır. Mənzil verilməsi haqqında növbəlik siyahısının Xətai rayonunun İcra Hakimiyyətində təsdiq edilib- edilməməsi barədə məlumatları yoxdur.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5862/2019 nömrəli, 28 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin cavabdeh İddiaçı qarşı orderin etibarsız hesab edilməsi və yaşayış sahəsinə hüququn itirilməsi tələbinə dair qarşı iddiası rədd edilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13726/2019 nömrəli, 19 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin apellyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli qətnaməsi iddiaçıya münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1994/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktıı

a)Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 6 ünvanında yerləşən 1 otaqdan ibarət 59 saylı mənzilə görə onunla mənzil-kirayə müqaviləsi bağlanılmasına dair sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uzun illərdi "Radioquraşdırma” İstehsalat Birliyində işləyərək mənzil növbəsində olmuşdur. Lakin işlədiyi birlik, sovet rejimi dağıldıqdan sonra onları mənzillə təmin edə bilmədikləri üçün yaşadıqları yataqxananın mənzilini növbəsində olduğu mənzil əvəzi olaraq Cavanşir küçəsi, ev 4, mənzil 59-u order əsasında ona verərək, pasport qeydiyyatına alınmışdır. Belə ki, Bakı "xxxx" X6 İttifaqı Komitəsinin və X3 Şurasının və MMK-nin birgə iclasının 09 noyabr 2004-cü il tarixli, 41 saylı iclasının qərarı ilə Birlik tərəfindən "xxxx" İstehsalat Birliyində uzun illər işləyən fəhlə və qulluqçularına birlikdə mənzil növbəsində olanlara növbə əsasında mənzil verə bilməməsini nəzərə alaraq, Birliyə məxsus olan S.Ə.ünvan 2A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda halhazırda yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, habelə birliyin yataqxanalarda yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə dair orderin verilməsi və orderdə göstərilmiş mənzil nömrəsinə əsasən pasport qeydiyyatına salınması, birlikdə yataqxana və mənzil növbəsində olan fəhlə və qulluqçulara, məcburi qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillər təklif olunması və razılığa əsasən sənədləşdirilməsi, birlikdə işləyib uzun illərdi mənzil və yataqxana növbəsində olan və yataqxanada yaşayan ailə üzvlərinə görə mənzil sahəsi az olan fəhlə və qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin verilməsi, birliyə məxsus S.Ə.ünvan 2A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan qaçqın və məcburi köçkün ailələrinə torpaqları alınarkən və ya ölkə prezidentinin sərəncamı ilə məcburi köçkün ailələrinə mənzil verilən vaxt zəbt etdikləri mənzillərdən köçürüldükdən sonra, yataqxanalarda boşalacaq mənzillər qeyri-şərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. Daha sonra Bakı "xxxx" X2 İttifaqı Komitəsinin və X3 Şurasının və MMK-nin birgə iclasının 06 dekabr 2006-cı il tarixli, 68 saylı iclasının qərarı ilə Birliyə məxsus olan Bakı şəhəri, Xətai rayonu Cavanşir küçəsi yataqxana ev 4, mənzil 59 ona, İddiaçı verilməsi qərara alınmışdır.Eyni zamanda qeyd olunan qərarda S.Ə.ünvan 2A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar hər hansı qurumun və təşkilatın balansına verilməsindən asılı olmasına baxmayaraq birliyin orderi əsasında fəhlə və qulluqçulara verilmiş mənzillərin həmin orderdə göstərilmiş vətəndaşa məxsus olması qərara alınmışdır. Göstərilən qərar əsasında həmin mənzilə dair onun adına order verilmişdir. Onun mənzilində, uzun illər məskunlaşmış qaçqınlara görə istifadəsində olmasa da həmin mənzil üzrə bütün kommunal xidmət haqları vaxtı-vaxtında o, ödəmişdir. Daha sonra xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Sənaye Nazirliyi Sosial Xidmətlər İdarəsi və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti təsdiq edilmiş Təhvil- Qəbul Aktı ilə S.Ə.ünvan 2A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 Saylı Xüsusi Təyinatlı Mənzil Təsərrüfat Birliyinin balansına verilmişdir.Bütün bunlardan sonra 2018-ci ildə qeyd etdiyi yataqxanalarda məskunlaşmış məcburi köçkünlərə və qaçqınlara yeni mənzillər verildi. Onlar isə mənzillərinə köçürülmüşlər. Bundan sonra mənzil əvəzi order əsasında ona verilmiş mənzilinə kirayə müqaviləsinin bağlanması üçün cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət etsə də bu günə qədər müraciətinə cavab verilməmişdir.

Cavabdehin etirazları:

15. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişətkommunal təyinatlı obyektlər, o cümlədən ünvan 8 ünvanda yerləşən subay işçilərin işlədikləri müddətdə yaşamaları üçün inşa edilmiş (394 yerlik çarpayı tipli) yataqxana binası da balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə ayrı-ayrı şəxslərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. Qeyd edilən yataqxana binası 1968-ci ildə inşa edilmiş, daş karkas konstruksiyadan, beş mərtəbədən, iki girişdən ibarətdir. Yataqxana binası balansa qəbul edilənədək əvvəllər məxsus olduğu Müdafiə Sənayesi Nazirliyinin müvafiq qruntlarında çalışan işçilər və məcburi köçkün ailələri orada məskunlaşmışdır. Bina uzun müddət təmirsiz istismar olunduğundan, aşınmaya məruz qalmış və qüvvədə olan sanitar-texniki normaların pozulması ilə yanaşı binanın əlavə konstruktiv yüklənməsinə və istismar müddətinin azalmasına səbəb olmuşdur. Belə ki, binanın divarlarındakı hörgü daşlarında çoxlu sayda çatların yaranması, üzlük daşlarının tökülməsi, bütün mərtəbələrində mətbəx və sanitar qovşaqlarının bir çoxunda boşluqlu tavaların armaturlarının ciddi korroziyaya uğrayaraq beton mühafizə qatının dağılması, panellərdə əyintilərin əmələ gəlməsi, eləcə də bütün eyvan tavalarının yükgötürmə qabiliyyətlərini itirməsi və bu kimi digər halların mövcud olması müşahidə olunmuşdur. Binanın təcili olaraq yüklüyünün azaldılmasına ciddi ehtiyac vardır. Bundan əlavə, binada dövlət vəsaiti hesabına bərpa və gücləndirmə işlərinin aparılması iqtisadi cəhətdən səmərəsizdir. Bu səbəbdən də, orada yaşayan sakinlər müxtəlif dövlət orqanlarına kollektiv müraciətlər edərək, mənzil şəraitlərinin yaxşılaşdırılması üçün yeni mənzillərlə təmin olunmalarını xahiş etmişlər. Azərbaycan Respublikası Prezidentinin «Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında» 21 fevral 2011-ci il tarixli, 1346 nömrəli sərəncamı ilə təsdiq edilmiş müvafiq X7 nəzərdə tutulmuş tədbirlər çərçivəsində qeyd edilən yataqxanada müvəqqəti məskunlaşmış 63 məcburi köçkün ailəsindən 57 ailə aidiyyəti dövlət qurumları tərəfindən yeni mənzillərə köçürülmüş, 6 ailə isə müxtəlif səbəblərdən köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar.Göründüyü kimi qeyd edilən yataqxanada məskunlaşmış 63 məcburi köçkün ailəsi 1992-1993-cü illərdə aidiyyəti dövlət orqanları tərəfindən məlum məsələlərə görə müvafiq şəhər və rayon icra hakimiyyəti orqanlarının təşkil etdiyi komissiyaların qərarı və nəzarəti ilə həmin ünvanda yerləşən xüsusi təyinatlı mənzil fonduna aid yaşayış sahələrində məskunlaşdırılmışlar və yataqxanada otaqlar yaşamaq üçün onların istifadəsinə verilmişdir. Müəyyən edilmişdir ki, Bakı şəhəri, ünvan 8 yataqxana binasının 59 saylı otağında 1993-cü ildən Ağdam rayonundan məcburi köçkün kimi X10, arvadı X8, oğlu Ramil İbrahimov və qızı Məleykə İbrahimova məskunlaşmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. İddiaçı qeyd edilən binanın (3 yerlik) 59 saylı otağından məcburi köçkün ailəsi köçürüldükdən sonra həmin otağı zəbt etmiş, eləcə də bir gün də olsun həmin mənzildə yaşamamışdır. Belə ki, iddiaçı ailə üzvləri ilə birlikdə başqa ünvanda yaşamasına baxmayaraq, gələcəkdə ələ keçirmək məqsədilə qeyd edilən mənzili zəbt etmişdir. Mövcud mənzil qanunvericiliyinə uyğun olaraq sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələri, yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsi müəyyən edilmişdir.İddiaçının Bakı şəhəri, ünvan 8 yataqxana binasının 59 saylı otağına köçməsi üçün müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsi ilə birgə qərarının olması və həmin qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən ona order verilməsinin məcburi şərt kimi nəzərdə tutulmasına baxmayaraq iddiaçı yuxarıda göstərilən hüquqmüəyyənedici sənədləri olmamışdır və bir gün də olsun həmin mənzildə yaşamamışdır. Göstərilənlər nəzərə alınaraq iddianın rədd edilməsi xahiş edilir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-83/2022 saylı, 31 may 2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

17. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bakı "xxxx" İB-nin HİK-nin X3 şurasının və MMK-nın birgə növbəti iclasının xx.xx.2006-cı il tarixli, 68 saylı protokolundan çıxarışa əsasən Cavanşir küçəsi 4-də yerləşən yataqxanada 1 otaqlı 18 kv.m sahəsi olan 59 nömrəli otağın iddiaçıya verilməsi barədə xx.xx.2006-cı il tarixli, 0186 nömrəli orderin etibarsız hesab edilməsi barədə cavabdehin dəlillərini təkzib edən qüvvədə olan məhkəmə aktları olsa belə, hazırki mübahisədə həmin orderin məhz hazırda yaşayış fonduna aid olan mənzilə dair cavabdehlə kirayə müqaviləsinin bağlanmasına dair sərəncamın verilməsi üçün hüquqi münasibətlərin yaranmasına əsas olub-olmamasına məhkəmə tərəfindən qiymət verilir.

18. İddiaçının təqdim etdiyi order etibarlı sənəd sayılsa belə, həmin order xidməti yataqxanada müvəqqəti olaraq yaşayış sahəsini tutmaq məqsədilə verilmiş sənəd hesab edilməlidir. Çünki həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə görə yataqxanada mənzil sahəsi vətəndaşlara iş və ya təhsil dövründə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilirdi, mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilirdi və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər iş ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalı idilər. Bu hal baş verməsə də mənzil sahəsi istəyi olan vətəndaş Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları”nın 14-cü bəndinə görə, iş yerində uçota götürülmək haqqında ərizə verməli, daha sonra isə mənzil-məişət komissiyasının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən baxılmalı və birgə qərar çıxarılmalı idi. Növbəti addım olaraq isə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülənlərin siyahısına daxil edilərək uçot işi müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilməli idi. Həmçinin də “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 21-ci bəndinə müvafiq olaraq vətəndaşların iş yerində mənzil növbəsinə uçota götürülməsi qaydalarının 32-ci bəndinin tələbinə görə, idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verildi. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin də tələbinə görə sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir.

19. Göründüyü kimi, həm işdə olan orderin verildiyi dövrdə qüvvədə olan, həm də mövcud mənzil qanunvericiliyinə uyğun olaraq sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsi müəyyən edilmişdir. Lakin iş materiallarında, həmçinin məhkəmə araşdırılması zamanı da iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil uçotuna alınması faktı öz təsdiqini tapmır. Əksinə iddiaçının mülkiyyətində hal-hazırda daşınmaz əmlakın olması məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir.

20. Əlavə olaraq məhkəmə onu da qeyd etmişdir ki, iddiaçının mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması da onun hazırkı müzakirə edilən hüquqi statusuna əlverişli təsir göstərmir.

b) Apellyasiya instansiya məhkəməsində birinci icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

21. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 83/2022 saylı, 31 may 2022-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda əsaslandırılmışdır.

23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (103)-3033/2022 saylı, 24 noyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2-1(112)-83/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

25. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Kassasiya instansiya məhkəməsində icraat

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1002/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (103)- 3033/2022 saylı, 24 noyabr 2022-ci il tarixli qərarı ləğv edilməsi, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiya məhkəməsində ikinci icraat

d) Apellyasiya şikayətinin dəlilləri

27. Yeni apellyasiya baxışı zamanı apellyasiya şikayəti birinci apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır.

e)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

ə) Proses iştirakçılarının izahatları

29. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.Verilən suallara cavabında iddiaçının “Üfüq” İstehsalat Birliyi "xxxx" Zavodu MMC-də hal-hazırda da işlədiyini bildirmişdir.

30. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

31. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 4. Mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənziltikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu). Dövlət-kolxoz və başqa dövlət-kooperativ birliklərinə, müəssisələrinə və təşkilatlarına məxsus yaşayış evləri də mənzil fonduna daxil edilir. İctimai mənzil fondu üçün müəyyən olunmuş qaydalar SSR İttifaqının və müttəfiq Respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun surətdə bu evlərə tətbiq edilir. Maddə 48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Maddə 51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Maddə 52. Dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Maddə 106. Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Maddə 107. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Maddə 108. Müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzrlü səbəblər olmadan öz arzusu ilə... işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər.

32. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 93. Yataqxanalarda yaşayış sahələrinin təyinatı 93.1. Yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. 93.2. Yataqxanalar bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş və yenidən təchiz edilmiş binalar və ya onların hissələrində yerləşir. 93.3. Yataqxanalarda yaşayış sahələri mebel ilə və vətəndaşların orada yaşaması üçün zəruri olan digər əşyalarla təmin edilir. Maddə 104. Yataqxanalarda yaşayış sahələrinin verilməsi ..... 104.2. Yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsi əmək münasibətləri, xidmət keçdiyi və ya təhsil aldığı müddətləri əhatə edir. Əmək münasibətlərinin, təhsilin xitamı, habelə xidmətkeçmədən azad edilmə yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır.

33. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun:

15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur;

34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

36. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia mümkün iddiadır.

38. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, işin digər materiallarını və hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1002/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 83/2022 saylı, 31 may 2022-ci il tarixli qərarı ləğv olunmalı, iddia təmin edilməlidir.

39. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

40. xx.xx.2009-cu il tarixədək və həmin tarixdən qüvvədə olan Mənzil Məcəllələrinin tətbiq edilən müddəalarının tələbindən göründüyü kimi, fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər (maddə 106). Yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur (maddə 93.1). Yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsi əmək münasibətləri, xidmət keçdiyi və ya təhsil aldığı müddətləri əhatə edir. Əmək münasibətlərinin, təhsilin xitamı, habelə xidmətkeçmədən azad edilmə yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır (104.2).

41. İş materiallarında olan “Üfüq” İstehsalat Birliyi "xxxx" Zavodu MMC-nin Mənzil- Kommunal Təsərrüfatı Departamentinə ünvanladığı xx.xx.2020-ci il məktubuna əsasən, İddiaçı xx.xx.1975-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək və xx.xx.2004-cü il tarixindən hal-hazırkı vaxta kimi "xxxx" zavodunda işləyir.

42. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən o, xx.xx.1975-ci ildən xx.xx.2004ci ilə kimi “Radiozavod”da, xx.xx.2004-cü ildən Bakı "xxxx" İB-də müxtəlif vəzifələrdə işləmişdir.

43. İddiaçının əmək kitabçasında onunla həmin müəssisə arasında əmək münasibətlərinə xitam verildiyinə dair qeyd yoxdur. Belə bir məlumat iş materiallarında da yoxdur.

44. Apellyasiya baxışı zamanı iddiaçının vəkili iddiaçının “Üfüq” İstehsalat Birliyi "xxxx" Zavodu MMC-də hal-hazırda da işlədiyini bildirmişdir.Bunu təkzib edən sübutlar da müəyyən olunmamışdır.

45. Belə olan halda, məhkəmə Kollegiyası hesab edir ki, Mənzil Məcəlləsinin istinad edilən normaları iddiaçıya münasibətdə tətbiq olunmalıdır.

46. Belə ki, iş materiallarından və iddiaçının vəkilinin izahatından da iddiaçının “Üfüq” İstehsalat Birliyi "xxxx" Zavodu MMC-də hal-hazırda da işlədiyi müəyyən olunur. 47.Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının tələbi Bu qərarın 40-cı bəndində istinad edilən hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, odur ki, iddia təmin olunmalıdır. 48.Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-83/2022 saylı, 31 may 2022-ci il tarixli qərarı ləğv olunmalı, iddia təmin edilməlidir.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-83/2022 saylı, 31 may 2022-ci il tarixli qərarı ləğv olunsun. İddia təmin edilsin. ünvan 6 ünvanında yerləşən 1 otaqdan ibarət 59 saylı mənzilə görə iddiaçı ilə mənzilkirayə müqaviləsi bağlanılmasına dair sərəncam verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar