Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3180/2022 03.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərov və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı «iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin texniki pasportda göstərilən texniki xarakteristikaya uyğun olaraq yenidən inşa edilməsi və yaşayış üçün tam yararlı hala salınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-772/2022 saylı, 10 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 15 iyul 2006-cı il tarixli texniki pasportda göstərilən texniki xarakteristikaya uyğun olaraq yenidən inşa edilməsi və yaşayış üçün tam yararlı hala salınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, DƏDRX tərəfindən verilmiş 29 iyul 2019-cu il tarixli reyestrdən çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 132,2 kv.m olan fərdi yaşayış evi iddiaçının (İddiaçı) xüsusi mülkiyyətindədir. Həmin fərdi yaşayış evi Xətai RİH başçısının 291 saylı 22 sentyabr 2000-ci il tarixli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,01 ha torpaq sahəsində iddiaçı tərəfindən inşa edilmişdir. Fərdi yaşayış evi iddiaçı tərəfindən inşa edildikdən sonra Xətai RİH başçısının 215 saylı 8 may 2006-cı il tarixli sərəncamı ilə yaşayış evi istismara qəbul edilmiş və evə dair iddiaçının adına reyestrdən çıxarış verilmişdir. 2017-ci ildə cavabdeh Xətai RİH öz əməkdaşlarını, eləcə də ərazidə fəaliyyət göstərən 66 saylı Mənzil İstismar Sahəsinin əməkdaşlarını iddiaçının və ailəsinin yaşadığı evə və məhəlləyə göndərərək həmin ərazidə yerləşən evlərin “Ağ şəhər” layihəsi ilə əlaqədar olaraq söküləcəyini, ev mülkiyyətçilərinə müvafiq kompensasiyalar ödəniləcəyini bildirmiş və həmin məhəllədəki fərdi yaşayış evlərinin qaz, su, işıq xətlərini kəsərək kommunal xidmətlər göstərilməsini özbaşına olaraq dayandırmağa cəhd elmişlər. Cavabdeh təşkilatın əməkdaşları bu hərəkətlərini belə əsaslandırmağa çalışmışlar ki, guya həmin ərazilər dövlət məqsədləri üçün alınır. İddiaçı cavabdeh təşkilatın əməkdaşlarından bu barədə müvafiq bildiriş tələb etdikdə ona heç bir bildiriş verilməmişdir. Evin kommunal xidmətlər təchizatı dayandırıldığına görə iddiaçı cavabdeh Xətai RİH-ə şikayətlə müraciət edərək, kommunal xidmətlərin bərpa edilməsini, evlərin sökülməsinə, mülkiyyətçilərə zərər vurulmasına yönələn özbaşına hərəkətlərə son qoyulmasını tələb etmişdir. Cavabdeh təşkilatda onun tələbinə məhəl qoyulmamış, guya ərazinin yeni yolların salınması zərurəti ilə əlaqədar olaraq təmizlənməli olması bildirilmiş, kompensasiya ödəniləcəyi vəd edilmişdir. Lakin bu 4 ildə cavabdeh təşkilat qanunvericilikdə nəzərdə tutulan heç bir köçürmə planını elan etməmiş, ərazidəki yaşayış evlərinin kommunal xidmətlərini bərpa etməmiş, evləri yaşamaq üçün yararsız hala salmaqdan ötrü hər cür bəhanələr gətirərək orada yaşayan insanlara maddi və mənəvi zərərlər vurmuşdur. Nəhayət, 2021ci il fevral ayının 10-da cavabdeh təşkilat olan Xətai RİH-in əməkdaşlarının, ərazidə fəaliyyət göstərən 66 saylı MİS-nin rəhbərinin və 10 nəfər polis əməkdaşının iştirakı və dəstəyi ilə bir qrup işçi ağır texnika (traktor, buldozer və s) ilə iddiaçıya məxsus olan evi sökərək yararsız hala salmışdır. İddiaçı fiziki müqaviməti ilə (özünü təhlükəyə atmaqla) evin tam sökülməsinin qarşısını almağa çalışmışdır. Buna baxmayaraq evin bir hissəsi, yəni ikinci mərtəbənin bir otağı tam sökülmüş, yükdaşıyan divarlar bünövrədən qoparılmış, nəticədə divarlar çatlayaraq aralanmış, evin damı sıradan çıxarılmış, qapı və pəncərələri məhv edilmiş, ev bərpa oluna bilməyən hala salınmışdır. İddiaçı əmlakına vurulan zərərlə bağlı, eləcə də özünün və ailəsinin yaşadığı evdən didərgin salınması ilə bağlı şikayətçi kimi cavabdeh təşkilat olan Xətai RİH-ə müraciət etmiş, ona qarşı törədilən bu qanunsuz əməllərə son qoyulmasını, evinin bərpa edilməsini, evin qaz, su, işıq və kanalizasiya xətlərinin birləşdirilməsini tələb etmişdir. Xətai RİH-də müvafiq vəzifəli şəxs tərəfindən qəbul edilərkən ona bildirilmişdir ki, həmin ərazidəki evlər dövlət sifarişi əsasında sökülür və icra hakimiyyəti tərəfindən mülkiyyətçilərə kompensasiyalar veriləcək. Vəzifəli şəxs ərazidəki tikililərin və fərdi yaşayış evlərinin RİH tərəfindən söküldüyünü etiraf edərək bunun “Ağ şəhər” layihəsi ilə bağlı olduğunu da qeyd etmişdir. İddiaçı özünün mülkiyyət hüquqlarının kobud şəkildə pozulduğunu, evinin dağıdıldığını, əşyalarının söküntü zamanı itdiyini və məhv olduğunu, özünün və ailə üzvlərinin evsiz-eşiksiz qaldığını bildirib şikayət etsə də, onun pozulmuş hüquqları bərpa edilməmiş, müraciətlərinə baxılmamış, tələbləri yerinə yetirilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-772/2022 saylı, 10 may 2022-ci il tarixli qərarı (hakim R.Kərimli) ilə iddia qismən təmin edilmiş, İddiaçı məxsus ünvan 6 saylı fərdi yaşayış evinin bütün göstəriciləri (yeri, sahəsi, otaqların sayı və s.) nəzərə alınmaqla müvafiq ərazidə yerləşən digər yaşayış sahəsinin verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai RİH-ə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus mübahisəli fərdi yaşayış evi köçürülmə ərazisinə düşərək komissiya tərəfindən qiymətləndirildiyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən onun yaşayış evinə 1 18655 (yüz on səkkiz min altı yüz əlli beş) manat məbləğində pul vəsaiti ayrılsa da məhkəmə İddiaçı həmin vəsaitdən imtina etməsinə əsaslanaraq iddia tələbindən kənara çıxmış və ona həmin ərazidə mübahisələndirilən fərdi yaşayış evinin göstəriciləri nəzərə alınmaqla eynisinin İddiaçı ayrılması barədə qərar qəbul edərək, cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. BŞİH başçısının müvafiq sərəncamı əsasında Bakı "Ağ Şəhər" layihəsinin həyata keçirilməsi ilə əlaqədar qeyd edilən ərazidə köçürülmə işləri aparılmaqda davam edilir. İddiaçıya eyni ərazidə torpaq sahəsinin ayrılmasının qeyri mümkün olması və belə bir öhdəliyin xüsusən də Xətai rayon İcra Hakimiyyətinin üzərinə qoymaqla eyni zamanda fərdi yaşayış evinin tikintisi ilə əlaqədar üzərinə vəzifə olmayan öhdəlik qoyulmasını qanunsuz bir qərar kimi qəbul edirlər. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı, cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-772/2022 saylı, 10 may 2022-ci il tarixli qərarı ləğv edilməli, şikayət qismən təmin edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi ünvan 4 ünvanında yerləşən 132,20 kv.m ümumi sahəsi olan fərdi yaşaylş evi İddiaçı Unudvar oğlunun mülkiyyətindədir. Həmin evin yerləşdiyi ərazilərdəki tikililərin müvafiq kompensasiya ödənilməklə sökülməsini Bakı ŞİH başçısının “Xətai rayon ərazisində Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi haqqında” 10 iyun 2013-cü il tarixli 225 nömrəli sərəncamına əsasən Xətai RİH həyata keçirmişdir. İddiaçıya məxsus sözügedən evin bir hissəsi və ev istismara və bərpaya yararsız hala düşmüşdür. İddiaçı həmin evin yararsız vəziyyətə gəlməsi ilə razılaşmır və onun əvvəlki vəziyyətinin bərpa olunmasını tələb edir. İş materiallarında olan Bakı şəhəri Xətai RİH-in məhkəməyə ünvanlanmış 25 iyun 2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı məxsus mənzil sökülməyib, hal-hazırda mənzildə yaşayış yoxdur. 15 aprel 2019-cu il tarixdə vətəndaş İddiaçı mənzillərin sökülməsi üçün təşkil olunmuş komissiyaya dəvət olunmuş və Maliyyə Nazirliyi tərəfindən ona 118.655 manat məbləğində pul vəsaiti təklif olunmuşdur. Vətəndaş isə, bu günədək Maliyyə Nazirliyinin təklifi ilə razılaşmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7 fevral 2022-ci il tarixli 10/5748 nömrəli ekspert rəyində qeyd olunur ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin birinci və ikinci mərtəbəsinin divarlarında üfüqi və şaquli keçici çatların olduğu, divarların deformasiyaya uğradığını, hər iki mərtəbədə döşəmənin, tavanın, qapı-pəncərələrin, pilləkən qəfəsinin söküldüyünü, dəmir-beton kəmərin, ikinci mərtəbədə yaşayış evinin və damın bir hissəsinin dağıldığını nəzərə alaraq, həmin ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportda göstərilən texniki xarakteristikalarına uyğun şəkildə bərpa olunması mümkün deyildir. Göründüyü kimi, iddiaçının tələbi sözügedən evin yenidən inşa edilməklə tam yararlı vəziyyətə salınması ilə bağlıdır. İş üzrə məhkəmə araşdırmaları zamanı iddiaçının tələbinin dəyişdirilməsi ilə bağlı hər hansı bir müraciəti olmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göründüyü kimi, məhkəmə fərdi yaşayış evinin tikintisi ilə əlaqədar iddiaçıya məxsus ünvan 6 saylı fərdi yaşayış evinin bütün göstəriciləri (yeri, sahəsi, otaqların sayı və s.) nəzərə alınmaqla müvafiq ərazidə yerləşən digər yaşayış sahəsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoymaqla iddia tələbindən kənara çıxmış, İPMin 52-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmçinin, iş materiallarından aydın göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hüquqi yardım göstərilməmiş, iş üzrə araşdırma nəticələrindən asılı olaraq çatmaq istədiyi hüquqi marağa uyğun olaraq tələbin dəqiqləşdirilməsi təklif edilməmişdir. İnzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-772/2022 saylı, 10 may 2022-ci il tarixli qərarı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Namiq Cəfərov Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-3180/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3180/2022
03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver