Məhkəmə qərarları › İş №2-1(103)-3181/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3181/2025

30.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3181/2025 30.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06 may 2025-ci il tarixli, 2-1(112)- 3131/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3- 17-112-R-209193/2024 saylı güzəştli şərtlərlə pensiya təyinatından imtinasının qanunsuz hesab edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarına əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının güzəştli şərtlərlə pensiya təyinatı barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciəti ilə əlaqədar cavabdeh ona xx.xx.2024-cü il tarixli, 3-17-112-R-209193/2024 saylı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında rəsmi məktub göndərmişdir. İddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-112-R-209193/2024 saylı imtinasını qanunsuz hesab edir, həmin imtina onun hüquqlarının pozulması ilə nəticələnmişdir. İddiaçı hesab edir ki, işlədiyi müddəti və vəzifə (qazpaylayıcı stansiyanın operatoru) nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.2 bəndinin fəhlələr yarımbəndində (a) qazpaylayıcı stansiyanın operatoru vəzifəsi nəzərdə tutulduğundan cavabdeh orqanın üzərinə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin olunması vəzifəsi qoyulmalıdır. Cavabdehin xx.xx.2024-cü il tarixli iddiaya yazılı etirazında qeyd edilmişdir ki, iş üzrə icraat materiallarına əlavə edilmiş iddiaçıya məxsus 25 sentyabr 1979-cu il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında və SOCAR “Azəriqaz” İB-nin Bakı Regional Qaz İstismarı departamentinin arayışında iddiaçının xx.xx.2010-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində və xx.xx.2022-ci il tarixdən hal-hazıradək həmin müəssisənin 2 saylı Xətti İstismar xidmətində qaz paylayıcı stansiyanın operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi sahə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd edilən neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı sahəsinə aid deyil. Bakı İnzibati Məhkəməsinin 06 may 2025-ci il tarixli, 2-1(112)-3131/2025 saylı qərarı ilə (hakim F.İsmayılzadə) iddianın təmin edilməsi, İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə icraat materiallarına əlavə edilmiş iddiaçıya məxsus 25 sentyabr 1979-cu il tarixli ИT-l ******* nömrəli əmək kitabçasında və SOCAR “Azəriqaz” İB-nin Bakı Regional Qaz İstismarı departamentinin xx.xx.2010-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində və xx.xx.2022-ci il tarixdən hal-hazıradək həmin müəssisənin 2 saylı Xətti İstismar xidmətində qaz paylayıcı stansiyanın operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi sahə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd edilən neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı sahəsinə aid deyil. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-3131/2025 nömrəli qərarında məhkəmənin sorğusuna SOCAR “Qaz İxracı” İdarəsi Abşeron Magistral X7 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 14-2-12-7/2-249/2024 nömrəli cavab məktubuna istinad edilmişdir. Sözügedən məktubda işlədiyi müddətdə peşə təlimatına əsasən qaz paylayıcı stansiyanın operatoru İddiaçı əmək funksiyaları aşağıdakı kimi qeyd olunub: Aparatlara, tənzimləmə, ölçü və qazın uçotunu aparan cihazlara, avtomatik avadanlıq sisteminə, gündəlik məhsuldarlığı 1,0 milyon kubmetrdən çox olan avtomatlaşdırılmamış qazpaylayıcı stansiyada və ya qaz paylayıcı məntəqədə (və yaxud gündəlik məhsuldarlığı 1,0 milyon kubmetrə qədər olan avtomatlaşdırılmış QPS və QPM-də) boru kəmərləri kommunikasiyalarına xidmət edilməsi; istehlakçılara qaz verilməsi, rejimin təmin edilməsi; qoyulmuş rejimə uyğun olaraq cihazların, armaturların və aparatların başqa lazım olan rejimlərə keçirilməsi; Rejim jurnalında qazın texnoloji rejimində aparılan dəyişikliyin qeydiyyatının aparılması; Qaz xəttinə “odarant”ın (etil mel kaptan) verilməsinin təmin edilməsi; armaturların, cihazların və aparatların işində qaz sızmaları və nasazlıqların aşkar edilməsi; təzyiq tənzimləyicilərini və qazın uçotu cihazlarının işlək olmasına nəzarət edir...və s. Birinci instansiya məhkəməsinin qərarının əsasını təşkil edən adıçəkilən məktubdan da görünür ki, iddiaçının əmək funksiyaları neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı sahəsi ilə əlaqədar deyil, istismar sahəsi ilə bağlı olmuşdur ki, müvafiq siyahıda istismar sahəsinə dair hər hansı bölmə, bənd nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apelyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə çalışmasını müəyyən etməyə imkan verməlidir. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də, işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının güzəştli iş stajı mövcud olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia tələbinin qanuni əsasını “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi təşkil edir. xx.xx.2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Qanunun 9.8ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun xx.xx.2022-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunun qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən, “axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ”nun olması nəzərdə tutulurdu. Qanunun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş mətninə əsasən isə “axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır”. Əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin birinci hissəsinin a) bəndinə əsasən: yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir; 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1962-ci ildə anadan olmuş iddiaçının 60, yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuşdur. İİİ-ЖГ 372858 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən, X2 xx.xx.1989-cu il tarixdə nikaha daxil olmuş, nikahdan sonra ona Rişi soyadı verilmişdir. İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı: xx.xx.1979-cu il tarixdən operator vəzifəsinə qəbul edilmiş, xx.xx.1997-ci il tarixdə Avtomatika, rabitə və enerji təchizatı şöbəsinə 8-ci dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2000-ci il tarixdə ştat cədvəlində dəyişikliklə əlaqədar olaraq rabitə şöbəsinə 8-ci dərəcəli mühəndis keçirilmiş, xx.xx.2006-cı il tarixdə Rabitə, radio və elektrik təchizatı xidmətinə 6-cı dərəcəli radiooperator keçirilmiş, xx.xx.2009-cu il tarixdə bir aylıq sınaq müddəti ilə Radiorabitə və elektrik təchizatı xidmətinə 6-cı dərəcəli radiooperator peşəsinə təyin edilmiş, xx.xx.2010-cu il tarixdə əmək müqaviləsinə əsasən bir il müddətinə bir aylıq sınaq müddəti ilə Abşeron MQKS-nin 2 saylı XİX-nə 5-ci dərəcəli QPS-nin operatoru peşəsinə keçirilmiş, xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, başqa işə götürülməklə əmək müqaviləsi bağladığı üçün əmək müqaviləsi ləğv edilərək tutduğu peşədən azad edilib. (İddiaçının əmək kitabçasında aparılmış qeydlər sırasında 10 saylı bəndin etibarsız hesab edilməsi barədə qeyd aparılmışdır.) xx.xx.2010-cu il tarixdə bağlanmış əmək müqaviləsi əsasında bir il müddətinə bir aylıq sınaq müddəti ilə 2 saylı Xətti İstismar Xidmətinə Qaz paylayıcı stansiyanın operatoru (5-ci dərəcə) təyin edilmiş və xx.xx.2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2022-ci il tarixdən əmək müqaviləsi əsasında bir il müddətinə Birliyin Bakı Regional Qaz İstismarı Departamentinin 2 saylı Xətti İstismar Xidmətində 5-ci dərəcəli qaz paylayıcı stansiyanın operatoru peşəsinə təyin edilmişdir. SOCAR “Qaz İxracı” İdarəsi Abşeron Magistral X7 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 47 nömrəli arxiv arayışına əsasən iddiaçı xx.xx.2010-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsinin Abşeron Magistral X4 2 saylı Xətti İstismar Xidmətində 5-ci dərəcəli qaz paylayıcı stansiyanın operatoru peşəsində çalışmışdır. xx.xx.2022-ci il tarixindən başqa işəgötürənlə əmək müqaviləsi bağlaması ilə əlaqədar işdən azad edilmişdir. (Əmr NQ 184-k, xx.xx.2022) Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 31 avqust 2024-cü il tarixli, 3-17-112-R- 209193/2024 nömrəli məktubda qeyd edilir ki, Mərkəzi Filiala təqdim olunan 25 sentyabr 1979-cu il tarixli ИТ-l ******* nömrəli əmək kitabçasında və SOCAR “Azəriqaz” İB-nin Bakı Regional Qaz İstismarı departamentinin arayışlarında xx.xx.2010-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində və xx.xx.2022-ci il tarixindən hal-hazıradək həmin müəssisənin 2 saylı Xətti İstismar Xidmətində qaz paylayıcı stansiyanın operatoru vəzifəsində işlədiyi qeyd edilib. Göründüyü kimi, işlədiyi sahə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd edilən neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı sahəsinə aid deyil. Bu səbəbdən də, onun güzəştli iş stajı yoxdur. İşin mübahisəli halı iddiaçının güzəştli iş stajının az təşkil etməsi ilə bağlıdır, cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işəgötürən iddiaçının qaz paylayıcı stansiyasının operatoru vəzifəsində işlədiyi dövrləri güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə kateqoriyasına adi etmiş və bu mövzuda öz hüquqi mövqeyini ifadə etmişdir. Nəzərə alınmalıdır ki, işəgötürənin bu sahədə formalaşdırdığı mövqeyi hüquqi baxımdan əhəmiyyəti hesab olunur, çünki əmək funksiyalarının zərərli və ya sağlamlığa ciddi təhlükə törədən xarakter daşıyıb-daşımadığı məhz onun tərəfindən müəyyən edilir. İddiaçının ümumi iş stajı tələbinə cavab verməsi və ona əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş yaş həddinə çatması işin mübahisəsiz halıdır. Məhkəmə araşdırması nəticəsində isə iddiaçının xx.xx.2010-cu il tarixdən xx.xx.2022-ci il tarixədək müddətdə işlədiyi qaz paylayıcı stansiyanın operatoru peşəsinin onun güzəştli iş stajına daxil edilməli olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur.

2. Təbii fəlakət, qəza, dağıntı və başqa fövqəladə hallar nəticəsində sənədlərin tamamilə saxlanılmadığı və ya qismən saxlanıldığı, həmçinin milli münaqişə zəminində onların məhv olduğu, yaxud əldə edilməsi mümkün olmadığı hallarda iş stajının təsdiq edilməsi Respublika Nazirlər Kabineti və yaxud yerli icra hakimiyyəti orqanlarının təşkil etdiyi iş stajını müəyyən edən komissiyalar tərəfindən həyata keçirilir. Qismən saxlanılan sənədlərə və ya şahid ifadələrinə əsasən göstərilən komissiyalar tərəfindən müəyyən edilən əmək fəaliyyəti dövrü ümumi iş stajına, eləcə də imtiyazlı şərtlərlə və xidmət illərinə hüquq verən xüsusi iş stajına sənədlərlə təsdiq edilən iş stajı kimi daxil edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SOCAR “Qaz İxracı” İdarəsi Abşeron Magistral X7 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 14-2-12-7/2-249/2024 nömrəli məktubda qeyd edilir ki, İddiaçı xx.xx.2010-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 2 saylı Xətti İstismar Xidmətində 5-ci dərəcəli qaz paylayıcı stansiyanın operatoru peşəsində çalışmışdır. xx.xx.2022-ci il tarixindən başqa işə götürənlə əmək müqaviləsi bağlaması ilə əlaqədar işdən azad edilmişdir. İşlədiyi müddətdə peşə təlimatına əsasən qaz paylayıcı stansiyanın operatoru İddiaçı əmək funksiyaları aşağıdakı kimi qeyd olunub: Aparatlara, tənzimləmə, ölçü və qazın uçotunu aparan cihazlara, avtomatik avadanlıq sisteminə, gündəlik məhsuldarlığı 1,0 milyon kubmetrdən çox olan avtomatlaşdırılmamış qazpaylayıcı stansiyada və ya qaz paylayıcı məntəqədə (və yaxud gündəlik məhsuldarlığı 1,0 milyon kubmetrə qədər olan avtomatlaşdırılmış QPS və QPM-də) boru kəmərləri kommunikasiyalarına xidmət edilməsi; istehlakçılara qaz verilməsi, rejimin təmin edilməsi; qoyulmuş rejimə uyğun olaraq cihazların, armaturların və aparatların başqa lazım olan rejimlərə keçirilməsi; Rejim jurnalında qazın texnoloji rejimində aparılan dəyişikliyin qeydiyyatının aparılması; Qaz xəttinə “odarant”ın (etil mel kaptan) verilməsinin təmin edilməsi; armaturların, cihazların və aparatların işində qaz sızmaları və nasazlıqların aşkar edilməsi; təzyiq tənzimləyicilərini və qazın uçotu cihazlarının işlək olmasına nəzarət edir; cihazların dövlət yoxlamasına vermək üçün hazırlanması; qaz paylayıcı məntəqələrdə (QPM) avadanlıq və kommunikasiyaların cari təmirində iştirak edilməsi; avadanlığın, kommunikasiyann, otaqların və qazpaylayıcı stansiyanın (QPS), QPM ərazisinin təmiz saxlanıması; odarantın və separatorlardan yığılan maye kondensat qarışığının uçotunun aparılması; xidmət rəisinin tapşırıq və göstərişlərini yerinə yetirmək; istifadəsində olan alət və vəsaitlərin saz vəziyyətdə olmasına nəzarət etmək; təhvil-təslim sənədləşmənin aparılmasında iştirak etmək; korroziyadan qorunma, qəzaların qarşısını almaq üçün tədbirlərin görülməsi; qəza və bədbəxt hadisələrin araşdırılmasında müvafiq qaydada iştirak etmək; qüsurlar cədvəli üçün bütün nasazlıqlar və çatımamazlıqların siyahıya alınmasında müvafiq qaydada iştirak etmək; sahə üzrə tətbiq edilən beynəlxalq standartların tələblərinə riayət etmək; sahənin abadlıq işləri ilə əlaqədar keçirilən tədbirlərində iştirak etmək; İş yerinin təmiz saxlanmasına cavabdehlik (otlardan təmizləmək); əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya və yanğından mühafizənin norma və qaydalarına riayət edilməsi. İşlədiyi müddət (qaz paylayıcı stansiyanın operatoru peşəsi) üzrə güzəştli iş stajl 12 il 4 ay 9 gün təşkil edir. Göründüyü kimi, iddiaçı xx.xx.2010-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 2 saylı Xətti İstismar Xidmətində 5-ci dərəcəli qaz paylayıcı stansiyanın operatoru peşəsində çalışmışdır. Qeyd edilməlidir ki, iddiaçının Dövlət Neft Şirkətində işlədiyi dövrlər güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrin siyahısında nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə xx.xx.2007-ci il 12 saylı nömrəli qərarının 10.2-ci bəndində (Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi) a) fəhlələr qazpaylayıcı stansiyanın operatorları güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi hüququ verən peşələr siyahısında nəzərdə tutulmuşdur. Qeyd edilməlidir ki, sözügedən peşə 09 fevral 2024-cü il tarixli 81 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Siyahıya əlavə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə iş stajının 10 ildən çox olması iş materiallarında olan – SOCAR “Qaz İxracı” İdarəsi Abşeron Magistral X7 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 47 nömrəli arxiv arayışında və SOCAR “Qaz İxracı” İdarəsi Abşeron Magistral X4 xx.xx.2024-cü il tarixli 14-2-12-7/2- 249/2024 nömrəli məktubunda öz əksini tapır. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2154/2023, xx.xx.2024-cü il tarixli 2-1(102)-90/2024 saylı qərarlarında mövqe eyni olmuşdur. Hətta, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-2962/2024 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyun 2024-cü il tarixli, 2-1(103)- 1779/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və şikayətin icraata qəbulundan imtina edilmişdir. Məhkəmə kollegiyası qərarın 11-ci bəndində göstərmişdir ki, “...oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyinə görə, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-90/2024 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-1844/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-945/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)- 954/2023 nömrəli və xx.xx.2023-cü il, 2-1(102)-1551/2023 nömrəli).” Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 may 2025-ci il tarixli, 2-1(112)-3131/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Rəşid Səmədov Hakimlər Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar