Məhkəmə qərarları › İş №2-1(103)-3183/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3183/2024

24.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3183/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İnqilab qızının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X21 və X18 cəlb olunmaqla) iş üzrə QƏRARİ (Açar sözlər: “Mənzilə hüququn ölmüş şəxsə məxsus olması barədə arayış verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Kamran Hüseyn oğlu Əkbərovdan və X12 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı İnqilab qızının, Üçüncü şəxslər X21 və X8 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8126/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Suraxanı rayonu Xalq Deputatları İcraiyyə Komitəsinin 19 aprel 1991-ci il tarixli 2 №-li qərarına əsasən X4 5 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə (özü, həyat yoldaşı, 2 oğlu, qızı) 8-ci mikrorayon, Lenin prospekti 163, giriş 4 mərtəbə 9, yaşayış sahəsi 46,74 kv.metr olan mənzil verilmişdir.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16 aprel 2024-cü il tarixli Registrdən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, X33 qəsəbəsi, Azadlıq prospekti, 163 yaşayış binası Bakı şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (qeydiyyat № 17197) balansındadır. X9 xx.xx.2005-ci ildə, onun arvadı X5 xx.xx.2017-ci ildə ölmüşdür.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 29 oktyabr 2023-cü il tarixdə qeyd edilmişdir ki, mərhum xx.xx.1938-ci il təvəllüdlü X2 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat kontoruna qızı-İddiaçı İnqilab qızı tərəfindən müraciət olmuşdur. X3 xx.xx.2005-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsə qızı-İddiaçı İnqilab qızının ərizəsi əsasında tərəflərindən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinin tələbinə uyğun olaraq ünvan 2 ünvanında yerləşən mənzilə dair mərhum-X3 adına çıxarış verilməsi xahiş olunmuşdur.

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2024-cü il tarixli arayışına əsasən X10, xx.xx.2007; X19, xx.xx.2010; X31, xx.xx.2003; X26, xx.xx.1984; X22, xx.xx.1985; X21, xx.xx.1979; X32, xx.xx.2007; X13, xx.xx.2011; X11, xx.xx.2009 və iddiaçı ünvan 3 ünvanda qeydiyyatdadır.

5. İddiaçı İnqilab qızı (bundan sonra – iddiaçı) Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 163, 70 saylı mənzil üzərində hüquqların qeydə alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən xx.xx.2024-cü il tarixli məktubla imtina etmişdir.

6. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 163 saylı evin, 70 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə notarial qaydada təsdiqlənmiş razılıq ərizələri və mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) əlavə olunmaqla “ASAN Xidmət” Mərkəzlərinə müraciət edilməsi məqsədəuyğundur. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 163 saylı evin, 70 saylı mənzilinə yaşayış yeri üzrə qeydiyyata alındığınız barədə hər hansı sənəd əlavə olunmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 4 ünvanında yerləşən mənzilə dair mərhum atası X4 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir).

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, Suraxanı ravonu X20 19 aprel 1991-cu il tarixli 025356 nömrəli orderi ilə ünvan 5 ünvanında yerləşən mənzil, mərhum atam X7 verilmişdir. Orderdə atası ilə yanaşı anasının, onun və iki qardaşının adı qeyd edilmişdir. X1 xx.xx.2005-ci il tarixində, anası X5 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Mənzil faktiki olaraq onların islifadəsindədir, lakin onların mülkiyyətləri olaraq dövlət qeydiyyatına alınmamışdır.

9. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz imtina məktubu ilə eyni məzmunludur. Həmçinin bildirilmişdir ki, qeyd olunan mənzilə texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmamışdır.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8126/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı mərhum atası X4 məxsus olmasına dair arayışın verilməsi üçün hüquq müəyyənedici sənəd təqdim etsə də, həmin mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş qardaşları, iş üzrə üçüncü şəxslər X21 və X8 mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri təqdim etməmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən üçüncü şəxslər izahatlarında mübahisə predmeti mənzilin özəlləşdirilməsinə razı olmadıqlarını bildirdilər.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

12. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8126/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən qeyd olunan uşaqların atasının onun olmağını təsdiq edən sənəd kimi ya nikah haqqında şəhadətnamyə, ya buna dair məhkəmə qətnaməsinə, ya cavabdehin razılıq ərizəsinə istinad etməli idi.Məhkəmə işi araşdırarkən cavabdehin izahatını almalı idi.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatları

15. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

16. Məhkəmə Kollegiyasının iclasında üçüncü şəxslər iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsini xahiş etmişlər. İzahatlarında əlavə olaraq bildirmişlər ki, nəinki iddiaçının, heç ümumiyyələt mərhum atalarının adına mənzilin özəlləşdirilməsinə etiraz edirlər.İddiaçı ailə qurub başqa yerdə yaşayır.Onlar isə 3 otaqda çətin şəraitdə yaşayırlar.

17. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin emtəmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabadehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

18. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

19. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 146.1-ci maddəsinə əsasən, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır.

20. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun: 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.

2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. 3-cü maddəsində yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması mənzil fondunun özəlləşdirilməsinin əsas prinsiplərindən biri kimi nəzərdə tutulmuşdur. 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. 8-ci maddəsində göstərilir ki, mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.

21. «Daşınmaz«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; -139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; -139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayətində qərar tam olaraq mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

27. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 19-21-cı bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

28. Belə ki, iddiaçının hazırkı tələbi irəli süməkdə hüquqi marağı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 163, 70 ünvanda yerləşən mənzil üzərində hüququn ölmüş şəxsə məxsus olmasına dair arayış verilməsindən ibarətdir.

29. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən iddiaçının təqdim etdiyi sənədlər toplusuna mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə notarial qaydada təsdiqlənmiş razılıq ərizələrinin əlavə olunmadığını bildirmişdir.

30. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsaslıdır, iddia tələbinin təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, tələbin qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0. və 8.0.11-ci maddələri təşkil edir. Həmin normalara görə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

31. İddiaçı hüquqmüəyyənedici sənəd kimi X4 ailə üzvləri birlikdə verilmiş Suraxanı rayonu Xalq Deputatları İcraiyyə Komitəsinin 19 aprel 1991-ci il tarixli 2 №-li qərarını təqdim edir. Həmin qərarda mərhum X3 ailə üzvləri həyat yoldaşı, iki oğlu (hazırkı iş üzrə üçüncü şəxslər) və qızı (hazırkı iş üzrə iddiaçı) göstərilmişdir. X9 xx.xx.2005-ci il tarixdə və onun arvadı X5 xx.xx.2017-ci ildə ölmüşdür.

32. Məhkəmə araşdırması zamanı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Azadlıq pr,. 163 saylı bina dövlət mənzil fonduna aid edilməklə 3 saylı XT MKTB-nin balansındadır. Qeyd olunan ünvanda yerləşən bina 2012-ci ildə Nazirlər Kabinetinin, Bakı şəhər İcra Hakimiyyətinin və Mənzil- Kommunal Təsərrüfatı Departamentinin müxtəlif tarixli və saylı sərəncamlarına əsasən Birliyin balansına verilmişdir. Bu səbəbdən iddiaçının hansı tarixdən mənzil uçotuna dayanması və mənzil uçotundan çıxarılmasına dair məlumat yoxdur. Balansa qəbul edilən vaxtdan tərəflərindən iddiaçı və ya ailə üzvlərinin kirayə müqaviləsi bağlanmamış və bağlanılması ilə bağlı sərəncam verilməmişdir.

33. Həmin məktuba əlavə olunmuş 145 saylı MKİS- nin 18 aprel 2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, Azadlıq prospekti 163 saylı yaşayış binasının 70 saylı mənzil 25 aprel 1991-ci il tarixində verilmiş Xı-015356 say lı orderə əsasən X6 ailə üzvlərinə verilmişdir, həmin mənzil dövlət fonduna aiddir. 2005-ci ildə X14 vəfat etdikdən sonra həmin mənzildə onun aşağıda göstərdikləri ailə üzvləri pasport qeydiyyatındadırlar: X27, X22, İddiaçı, X26, X31, X32, X19, X11, X16, X15, Ceyhun Bədəlovun sözlərinə həmin mənzildə hal-hazırda yaşayırlar: X27, X22, X19, İddiaçı Qulu qızı. Sözügedən mənzilə aid heç bir sərəncam və ya kirayə müqaviləsi bağlanmamışdır.

34. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı mərhum atası X4 məxsus olmasına dair arayışın verilməsi üçün hüquq müəyyənedici sənəd təqdim etsə də, həmin mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş qardaşları, iş üzrə üçüncü şəxslər X21 və X8 mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri təqdim etməmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən üçüncü şəxslər izahatlarında mübahisə predmeti mənzilin özəlləşdirilməsinə razı olmadıqlarını bildirdilər.

35. Halbuki, mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. (“Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi)

36. Məhkəmə Kollegiyası göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin imtinası əsaslıdır.

37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə;

38. Məhkəmə Kollegiyası, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə Kollegiyası hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz.

39. Apellyasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən qeyd olunan uşaqların atasının onun olmağını təsdiq edən sənəd kimi ya nikah haqqında şəhadətnamyə, ya buna dair məhkəmə qətnaməsinə, ya cavabdehin razılıq ərizəsinə istinad etməli idi.Məhkəmə işi araşdırarkən cavabdehin izahatını almalı idi.

40. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının şikayətinin bu dəlilləri də hər hansı sübut və əsaslandırmaya öykənmir.Buna baxmayaraq məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı özü də iddia ərizəsində göstərmişdir ki, Suraxanı ravonu X20 19 aprel 1991-cu il tarixli 025356 nömrəli orderi ilə ünvan 5 ünvanında yerləşən mənzil, mərhum X1na verilmişdir. Orderdə atası ilə yanaşı anasının, onun və iki qardaşının adı qeyd edilmişdir.

41. Məhkəmə işi araşdırarkən cavabdehin izahatını almalı olması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz imtina məktubu ilə eyni məzmunludur.Həmçinin, məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabadehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

42. Qeyd edilənlərə əsasən məhkəmə Kollegiyası iddiaçının şikayətin dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir.

43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

44. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

45. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək iddia təmin edilməmişdir.

46. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8126/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8126/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar