Məhkəmə qərarları › İş №2-1(103)-3183/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3183/2025

27.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3183/2025 27.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17nə qarşı “torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və X8 ibarət tərkibdə, İbrahimova Nəzrin Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X17nə qarşı “torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2495/2025 saylı 11 fevral 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 27 yanvar 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARİ:

1. xx.xx.2001-ci il tarixli 135320 nömrəli müqavilədən görünür ki, X11 Bakı şəhəri, Şıxlar qəsəbəsi, 14/68 saylı bağ evində yerləşən 3 otaq, yaşayış sahəsi 36.89 kv.metr, 72.05 kv.m yaşayış evini X13-bala qızına satmışdır.

2. Azərbaycan Respubikası Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş BM seriyalı 000340 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, 14/68 ünvanında yerləşən yaşayış sahəsi 36.89 kv.metr, yardımçı sahəsi 35.16 kv.metr olan 3 otaqlı bağ evi 27 oktyabr 2001-ci il tarixində X13-bala qızının adına qeydiyyatdan keçirilmişdir.

3. xx.xx.2024-cü il tarixli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X13-bala qızının əmlakı - Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, 14/68 ünvanında yerləşən ümumi sahəsi 72.05 kv.metr, yaşayış sahəsi 36.89 kv.metr, yardımçı sahəsi 35.16 kv.metr olan 3 otaqlı bağ evi şəhadətnamədə göstərilən vərəsəsi X2 miras olaraq keçmişdir.

3. xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən X6 Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, 14/68 (yeni qaydalarla Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 72,1 kv.metr olan bağ evinin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsini İddiaçı mülkiyyətinə vermişdir.

4. xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, 14/68 (yeni qaydalarla Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 72,10 kv.metr bağ evi İddiaçı xüsusi mülkiyyətindədir.

5. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə ona ayrılmış torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması tələbi ilə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 25 iyul 2024-cü il tarixli məktubla iddiaçının tələbi təmin olunmamışdır. Məktubda qeyd olunmuşdur ki, idarənin arxivində saxlanılan “Xəzri” bağçılıq- yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında bağ evinin ilkin mülkiyyətçisi olmuş X3 adı və həmin bağçılıq-yoldaşlığın bölgü sxemi aşkar edilməmişdir. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən arxiv texniki pasportunda göstərilən torpaq sahəsinin şərq hissəsində qonşu sahə kimi qeyd olunan ərazi faktiki olaraq yol olduğundan uyğunsuzluq mövcud olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7- ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024 tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, 14/68 (Yeni qaydalarla Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında yerləşən bağ evinin yerləşdiyi 0.0084 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, 14/68 (yeni qaydalarla Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında yerləşən bağ evi xx.xx.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Bağ evinin yerləşdiyi 0,0084 hektar torpaq sahəsi onun istifadəsindədir, torpaq sahəsinin ətrafı daş hasarla əhatə olunub. Həmin torpaq sahəsinin özəlləşdirilməsi ilə əlaqədar 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə müraciətinə torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə cavab verilmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin faktiki olaraq istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsindən imtina etməsini tam qanunsuz və əsassız hesab edir. Müvafiq torpaq sahəsinin ilkin qeydiyyata alınmasından imtina olunması onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Ona görə də məhkəməyə müarciət etmək məcburiyyətində qalmışdır.

8. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd edərək bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Cavabdeh etirazda qeyd edilənlərə əsasın iddianın rədd olunmasını xahiş etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2495/2025 saylı 11 fevral 2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

10. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

Apellyasiya şikayətinin dəlilləri:

11. Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmə iddianı rədd edərkən haqlı olmamışdır. Apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi iddia tələbini tam, hərtərəfli və obyektiv araşdırmadan formal bir qərar qəbul etmişdir. Ona görə də Bakı İnzibati Məhkəməsinin qərarı apellyasiya məhkəməsi tərəfindən ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.

Tərəflərin izahatları

12. xx.xx.2026-cı il tarixli məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X17nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

13. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X17nin 1 saylı Bakı Ərazi İdarəsi sıradan çıxmış və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X17 onun hüquq varisi kimi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli 3-21/3- 1-F-110/2025 nömrəli əmri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra- DƏDKR) X17nin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Ona görə də həyata keçirilmiş yeni struktur dəyişikliklərinə görə ərazi idarələri artıq DƏDKR-in strukturuna daxil olan bölmə kimi fəaliyyət göstərir ki, belə olan halda, onların məhkəmə işlərində müstəqil tərəf kimi çıxış etmək üçün prosessual fəaliyyət qabiliyyəti yoxdur. Bu hüquq DƏDKR-in özünə məxsusdur. Bununla yanaşı, nəzərə alınmalıdır ki, müvafiq təşkilati xarakterli tədbirlər çərçivəsində ərazi idarələrinin məsul şəxslərinə sənədlərin, o cümlədən məhkəmə işləri ilə bağlı iddia ərizələrinin, etibarnamələrin, etirazların, apellyasiya və kassasiya şikayətlərinin, vəsatətlərin və digər sənədlərin imzalanması səlahiyyətinin verilməsi barədə DƏDKR-in İdarə Heyətinin sədri tərəfindən müvafiq əmr imzalanmışdır. Odur ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X17n 1 saylı Bakı Ərazi İdarəsi onun hüquqi varisi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X17 ilə əvəz olunmuşdur.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; … 10.2.1. Hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 23.1. İnzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

19. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

20. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2024-cü il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür.

21. İşin mahiyyətinə gəldikdə isə hazırda İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X17 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, 14/68 (Yeni qaydalarla Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında yerləşən bağ evinin yerləşdiyi 0.0084 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması” barədədir. Cavabdeh inzibati orqanın iddiaçının tələbini təmin etməkdən imtinası- idarənin arxivində saxlanılan “Xəzri” bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında bağ evinin ilkin mülkiyyətçisi olmuş X3 adının və həmin bağçılıq-yoldaşlığın bölgü sxeminin aşkar edilməməsi, həmçinin elektron kadastr məlumatlarına əsasən arxiv texniki pasportunda göstərilən torpaq sahəsinin şərq hissəsində qonşu sahə kimi qeyd olunan ərazinin faktiki olaraq yol olduğundan uyğunsuzluğun mövcud olması ilə bağlı olmuşdur.

22. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, “iddiaçı onun istifadəsində olan 0,0084 ha torpaq sahəsinin bağ sahəsi qismində “Xəzri” bağçılıq-yoldaşlıq tərəfindən ondan əvvəlki müəliyyətçilərə ayrıldığını və sonradan onun mülkiyyətinə keçdiyini iddia etsə də, torpaq sahəsinin əvvəlki mülkiyyətçiyə ayrılması və onun mülkiyyətinə verilməsini təsdiq edən hər hansı sənədə malik deyildir. Eyni zamanda məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həmin bağçılıq-yoldaşlıq təsərrüfatına aid üzvlərin siyahısında bağ evinin ilkin mülkiyyətçisi olmuş X3 adı aşkar edilməmişdir.”

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

24. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.7-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur.

25. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X17 "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 3-21-3-60/2-2254/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Mərkəzin arxivində aparılmış araşdırma zamanı “Xəzri” bağçılıq təsərrüfatı üzrə adlı siyahı aşkar edilməmişdir.

26. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X17 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2024-cü il tarixlii 3-21-3-30/2-42437/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi hasar daxilindədir, iki tərəf qonşu, iki tərəf yoldur. Faktiki sahəsi 0,05052 ha təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. Həmçinin arxiv texniki pasportda şərq hissədə qonşu kimi göstərilən hissə faktiki yol kimi istifadə olunur. Eyni zamanda sözügedən ərazi Xəzri bağçılıq yoldaşlıq ayrıc aktı daxilindədir. Qeyd olunanlarla yanaşı, bağçılıq yoldaşlığın bölgü sxemi olmadığından torpaq sahəsinin bölgüyə uyğun yerləşməsini təyin etmək mümkün olmamışdır.

27. Həmin məktuba əlavə olunmuş: “Xəzri” bağçılıq yoldaşlığına aid üzvlərin adlı siyahısından görünür ki, 85 nəfər işçinin adı siyahıya daxil edilmişdir. “Xəzri” bağçılıqyoldaşlığına aid üzvlərin siyahısının təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, həmin siyahıda X3 adı yoxdur.

28. İddiaçı tərəfindən apellyasiya şikayətinə əlavə olunmuş - Bakı şəhər X5 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli 16/290 nömrəli qərarından görünür ki, Azərbaycan SSR Tikinti Nazirliyinin 72 əməkdaşına bağ sahəsinin verilməsi ilə əlaqədar Şıxlar qəsəbəsində torpaq sahəsi ayrılmışdır. - X13-bala qızına məxsus notarial qaydada təsdiq olunmuş 14 nömrəli bağçının üzvlük kitabçasının surətindən görünür ki, o xx.xx.2001-ci il tarixdə Qaradağ rayonu, Şıxlaq qəsəbəsi, Xəzri bağçılıq-yoldaşlığa bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.2001-ci il tarixli 1 nömrəli protokoluna əsasən üzv olaraq qəbul olunmuş və 500 kv.m sahəsi olan 14 nömrəli bağ sahəsi xx.xx.2001-ci il tarixdə onun istifadəsinə verilmişdir. - Xəzri bağçılıq-yoldaşlığının xx.xx.2001-ci il tarixli 1 saylı protokolundan çıxarışdan görünür ki, “Xəzri” bağçılıq yoldaşlığı üzvü Quliyev Qismət bağçılıq üzvlüyündən azad edilmiş və ona məxsus olan 14 saylı 500kv/m torpaq sahəsi “Xəzri” bağçılıq yoldaşlığının digər üzvü Ağayeva Fəridəyə verilmişdir. - xx.xx.2025-ci il tarixli X10, X1, X4, X9 tərəfindən tərtib olunmuş və imzalanmış aktdan da görünür ki, onlar X13-bala qızını 2001-ci il tarixdən tanıyırlar, o onlarla qonşuluqda yaşamış və bağçılıq yoldaşlığın üzvü olmuşdur.

29. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Dövlət Notariat arxivinin xx.xx.2025-ci il tarixli məktubu ilə Bakı şəhəri 8 saylı notariat ofisində 19 sentyabr 2001-ci il tarixdə 4Ə/1-139 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin kserosurəti məhkəməyə göndərilmişdir. Həmin məktuba X7 məxsus həmçinin Qaradağ rayonu Şıxlar sahəsi 14/78 nömrəli bağ sahəsinin planı və A tikinti planı əlavə olunmuşdur.

30. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X17 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3- 30/2-54102/2025 nömrəli 13 noyabr 2025-ci il tarixli cavab məktubu ilə Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, 14/68 saylı bağ evinə dair arxiv qovluğunda aşkar olunan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim olunmuşdur.

31. Həmin məktuba əlavə edilmiş bağ sahəsinə dair arayış-orderdən görünür ki, X7 “Xəzri” bağçılıq yoldaşlığın 1987-ci il tarixli ümumi yığıncağının qərarına əsasən 14/68 saylı bağ sahəsi ayrılmışdır.

32. Həmin məktuba X3 “Xəzri” bağçılıq yoldaşlığın üzvü olmasını təsdiq edən vəsiqənin surəti əlavə olunmuşdur.

33. Həmçinin həmin məktuba torpaq sahəsinin koordinatları, əlavə olunmuşdur.

34. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının onun adına mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etdiyi bağ sahəsinin ilkin mülkiyyətçisi olmuş X11 həqiqətən də “Xəzri” bağçılıq yoldaşlığın üzvü olmuş və ona da Xəzri” bağçılıq yoldaşlığın 1987-ci il tarixli ümumi yığıncağının qərarına əsasən 14/68 saylı bağ sahəsi ayrılmışdır.

35. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7 və 10.2.1-ci maddələrinə əsasən bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.

36. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, 14/68 (yeni qaydalarla Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 72,10 kv.metr bağ evi İddiaçı xüsusi mülkiyyətindədir.

37. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi qeyd edilən xüsusatları nəzərə almamış və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.

38. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərə görə, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunsuz və əsassız hesab edilməli, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğu üçün şikayət təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2495/2025 saylı 11 fevral 2025-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin olunmalıdır.

39. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2495/2025 saylı 11 fevral 2025-ci il tarixli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, 14/68 (Yeni qaydalarla Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında yerləşən bağ evinin yerləşdiyi 0.0084 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17nin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar