Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3185/2023 08.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyinat tarixinin dəyişdirilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3165/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək əlilliyin yeni təyinat tarixinin dəyişdirilməsi, əlilliyinin bitdiyi tarix ilə yeni təyinat tarixi arasında dövr üzrə pensiya ödənişinin hesablanaraq verilməsi vəzifələrinin cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdirdir ki, ağır formalı, insulin tələbli şəkərli diabet, hipertoniya xəstəliyindən, aşağı ətrafların diabetik polineyropatiyasından əziyyət çəkir. Ona dəfələrlə təkrar olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə əlilliyinin müddəti bitmiş və iddiaçı müvafiq olaraq qeydiyyatda olduğu Bakı 19 nömrəli şəhər poliklinkasına müraciət etmişdir. Həmin tibb müəssisəsi tərəfindən verilmiş göndərişə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli cavabda əlavə müalicəyə ehtiyacın olması, ixtisaslaşmış müayinə və müalicənin məsləhət görülməsi qeyd olunmuşdur. İkinci göndəriş əsasında da TSEK tərəfindən xx.xx.2022-ci il tarixdə yenə də əlillik təyin edilməmiş, imtina verilmiş və həmin imtinada dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulduğu, keyfiyyətsiz doldurulma diaqnozu təsdiq edəcək müayinələrin tam aparılmadığı qeyd olunmuşdur. Göründüyü kimi TSEK qəsdən imtinada konkret hansı müayinələrin aparılmalı olduğunu qeyd etməmişdir. Hər dəfə o, TSEK-ə gedərək maraqlanmışdır ki, hansı müayinə lazımdır ki, onun əlilliyi təsdiq edilsin, ona elektroneyroqrafiya müayinəsindən keçməli olduğu bildirilmişdir. İddiaçı TƏBİB ElmiTədqiqat X5 Kliniki-Neyrofıziologiya laboratoriyası tərəfindən xx.xx.2022- ci il tarixdə elektroneyromioqrafıya müayinəsindən də keçmişdir. Tibb müəssisəsi tərəfindən yenidən göndəriş verilmiş və TSEK tərəfindən yenidən natamam göndəriş adı ilə imtina verilmişdir. xx.xx.2022-ci il tarixində iddiaçıya sms bildiriş də göndərilərək imtina verildiyi qeyd olunmuşdur. Bu dəfə yenə onlara müraciət etdikdə canlı müayinədən keçməli olduğu bildirilmişdir. Mayın 19-də doppler müayinəsindən keçirilmiş, yalnız bundan sonra köhnə tarixə, yəni xx.xx.2022-ci il qiymətləndirmə və təyinat tarixli ikinci dərəcəli əlillik verilmiş, diaqnozu insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 2-ci orta ağır forma insulin tələbli çoxsaylı ağırlaşmalarla, pastik hemiplegiya, sağ tərəfli hemipariz, hərəkətin və yerişin pozulmaları, diabetik polinevropatiya (E10-14) Diabetik ensfola və polineyropatiya, stenokardiya (döş inağı) ürəyin işemik xəstəliyi diaqnozu qoyulmuşdur. Əlillik müddətinin qurtarması ilə bağlı yenidən əlilliyin təyinatı süni surətdə uzadılmış, burada müraciət edən şəxs kimi iddiaçının heç bir təqsiri və qanunsuz hərəkət və hərəkətsizliyi olmamışdır. Tibb müəssisəsinin göndərişləri hər dəfəsində natamam adı ilə geri göndərilsə də, hansı müayinələrin aparılmalı olduğu bildirilməmiş, sanki gizlədilmişdir. İddiaçı müharibə veteranıdır, müalicəsinə vəsait çatdıra bilmir, kasıbdır, aldığı pensiya yeganə dolanışıq mənbəyidir. Əlilliyinin təkrar qiymətləndirilməsi süni surətdə uzadılmış, bu müddətdə o pensiya ödənişindən məhrum olunmuşdur. Bununla əlaqədar ayrı-ayrı vaxtlarda cavabdehlərə müraciət edərək əlilliyinin bitdiyi vaxtdan yeni təyinat tarixinə kimi olan dövr ərzində ona əlilliyə görə pensiyanın hesablanaraq ödənilməsini xahiş etmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası qanununun 3.3.1ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi xx.xx.2021-ci ildən sonra (Qanunun qüvvəyə mindiyi tarix) yenidən müəyyən edildikdə şəxs ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab edilir, iddiaçının təyinat tarixi ilə əlilliyin bitdiyi tarix (xx.xx.2021) arasında 6 aydan çox vaxt keçdiyinə görə həmin müddət üçün əlilliyə görə müavinətin ödənilməsi mümkün deyildir. DSMF də təxminən oxşar cavab vermiş, xx.xx.2022-ci il tarixli imtina məktubunda isə qeyd olunmuşdur ki, “Araşdırma məlumatına əsasən bildirilir ki, iddiaçının əlilliyə görə əmək pensiyasının ödənişi əlillik müddətinin bitməsi səbəbindən xx.xx.2022-ci il tarixindən dayandırılmışdır. Əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” alt sistemi vasitəsilə həyata keçirilir. Əlillik vəziyyəti yenidən qiymətləndirilərkən iddiaçıya xx.xx.2022-ci il tarixindən əlillik müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ona pensiya ödənişi xx.xx.2022-ci il tarixindən bərpa edilmişdir. İddiaçının müraciətdə qeyd etdiyi dövrdə əlillik dərəcəsi müəyyən olmadığından təkrar əlillik dərəcəsi əlillik müddətinin bitdiyi tarixdən (xx.xx.2021) sonra 6 ay ərzində müəyyən edilmədiyindən həmin dövrlər üzrə ona pensiya ödənişinin edilməsi qanunvericiliklə mümkün deyildir. İddiaçı hesab edir ki, imtinalar qanunsuz və əsassızdır. İddiaçı sonradan məhkəməyə vəsatət təqdim edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun cavabdehlərin sırasından çıxarılmasını xahiş etmişdir. Ərizə təmin edilmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli müraciətində tələbinin əlilliyin təyinat tarixinin dəyişdirilərək xx.xx.2022-ci il tarixindən müəyyən edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3165/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçının əlilliyinin müəyyən edilməsi barədə xx.xx.2022-ci il tarixli, xxxxxxx0010 nömrəli qərarının təyinatın tarixi “xx.xx.2022” hissəsinin “xx.xx.2022” kimi dəyişdirilmə öhdəliyi cavabdehə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1 (102)-489/2022 nömrəli qərarının 16-cı bəndinə əsasən göndərişin natamam doldurulması ilə əlaqədar imtina edilmə qərarında nə Tibbi- Sosial Ekspertiza Agentliyinin, nə də ki iddiaçı tərəfin təqsiri mövcud deyil. Həmin halda məsuliyyəti tibb müəssisəsi daşıyır. Bu halda iddiaçının əlilliyin səbəbinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmək hüququ yaranmır. Lakin adıçəkilən şəxsin tibb müəssisəni məhkəməyə verərək tərəfindən hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə keçən müddət ərzində kompensasiyanın ödənilməsini tələb etmək hüququ mövcuddur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)- 1403/2022 nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edilə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Göstərilən maddi hüquq normalarının tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının əsassız və qanunsuz olduğunu, ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarda qeyd edilən şəkildə həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyilə razılaşır, hesab edir ki, hazırki işin faktiki halları baxımından iddianın təmin edilməsi ilə düzgün nəticəyə gəlinmişdir. İş materiallarında olan : -3 saylı “ASAN Xidmət” Mərkəzi tərəfindən xx.xx.2015-ci il tarixdə verilən AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası vətəndaşıdır. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair məlumatdan görünür İddiaçı əlilliyinin xx.xx.2016-cı il tarixdə qiymətləndirilməsi nəticəsində insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 2-ci orta ağır forma insulin tələbli çoxsaylı ağırlaşmalarla, pastik hemiplegiya, sağ tərəfli hemipariz, hərəkətin və yerişin pozulmaları, diabetik polinevropatiya (E 10-14) Diabetik ensfola və polineyropatiya, stenokardiya (döş inağı) ürəyin işemik xəstəliyi diaqnozu əsasında ikinci dərəcə əlillik dərəcəsi müəyyən edilmiş, əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2027-ci il müəyyən edilmişdir. -İddiaçının əlillik vəziyyətinə 19 saylı şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli. ÜlX-yi.geyri stabil stenokardiyası.Hipertoniya xəstəliyi İİ mər. Diabetik retinopatiya.a/ərtafların diabetik angiopatiyası.diabetik ensefalopatiya.dibaetik nefropatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. -Bakı 19 nömrəli şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip,ağır forma,insulin tələbli.ÜlX- yi.geyri stabil stenokardiyası.Hipertoniya xəstəliyi İİ mər.Aşağı ərtafların diabetik polineyropatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İİnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip,ağır forma,insulin tələbli.ÜİX-yi.geyri stabil stenokardiyası.Hipertoniya xəstəliyi İİ mər.Aşağı ərtafların diabetik polineyropatiya; Meyar 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergi- xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. -Bakı 19 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sisten-xəstəlikləri => İ60-İ69-Serebrovaskulyar xəstəliklər => İ69–Serebrovaskulyar xəstəliklərin nəticələri => İ69.3 - Beyin infarktının nəticələri, Diaqnozun mətni. Beyin infarktının nəticələri, hər iki beyin yarımkürəsində keçirilmiş işemik insultunun davam qalıq əlamətləri. Essensial [birincili] hipertenziya, İİİ dərəcəli. Stenokardiya [döş inağı] Stenokardiyanın digər formaları, Stabil gərginlik stenokardiyası. Serebral ateroskleroz Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 2019- 2021- ci illər üçün stasionar müayinə və müalicə müddəti yetərli deyi İxtisaslaşmış müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. -Bakı 19 nömrəli şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistem xəstəlikləri => İ60-İ69 - Serebrovaskulyar xəstəliklər => İ69 - Serebrovaskulyar xəstəliklərin nəticələri => İ69.3 - Beyin infarktının nəticələri; Diaqnozun mətni: Beyin infarktının nəticələri, Hər iki beyin yarımkürəsində keçirilmiş beyin infarktının nəticələri Süst hemiplegiya, Sağ tərəfli spastik hemiparez Paralitik yeriş, Yerişin pozulmas İnsulindən asılı olmayan şəkərli diabet, Periferik qan dövranının pozğunluğu ilə., Diabeti angiopatiya. Hər iki baldırların çoxsaylı trofiki yaraları İnsulindən asılı olmayan şəkər diabet, Nevroloyi ağırlaşmalarla., Diabetik polineyropatiya. Diabetik ensefalopatiya Ürəyin xroniki işemik xəstəliyi, ÜİX Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü. 3 işarəsi ilə), OU-Diabetik retinopatiya İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip2 orta ağır forma insulin tələbli çoxsaylı ağırlaşmalarla Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİİ mərhələ Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, OU-Hipertonik angiopatiya. Qaraciyərin, başqa rubrikalarda təsnif olunmayan piy degenerasiyası, Hepatosteatoz Serebral ateroskleroz, Serebra ateroskleroz Boyun şöbəsinin fəqərəarası disklərinin zədələnməsi, Boyun və digər şöbələrin fəqərəarası disklərinin zədələnməsi. ağrı kökcük sindromu ilə. Stenokardiyanın digər formaları, Stabil gərginlikli stenokardiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi:-Göndərişin natamam doldurulması>Səbəb: Keyfiyyətsiz doldurulma-diaqnozu təsdiq edəcək müayinələr tam aparılmayıb” səbəbi ilə imtina verilmişdir. -Bakı M.Hüseynov adına 3 nömrəli şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69 - Serebrovaskulyar xəstəliklər => İ63 - Beyin infarkt => İ63.5 - Beyin arteriyalarının dəqiqləşdirilməmiş tıxanma və ya daralması nəticəsində ...; Diaqnozun mətni: Beyin arteriyalarının dəqiqləşdirilməmiş tıxanma və ya daralması nəticəsində yaranan beyin infarktı, BQDTKP sol beyin yarımkürəsində beyin infaktı.Sac tərəfli hemipariz; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Baş beynin instrumental müayinə nəticəsi hazırki dövrü əhatə etməyərək əsas diaqnozla uyğunsuzluq təşkil edir. Əlavə ixtisaslaşmış müayinə-müalicə tövsiyyə olunur” səbəbi ilə imtina verilmişdir. -Bakı M.Hüseynov adına 3 nömrəli şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixi göndərişi əsasında təkrar baxılmış və Səbəbi: Ümumi xəstəlik; “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - E11 - İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: "İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip İİ orta ağır forma insulin tələbli çoxsaylı ağırlaşmalarla. pastik hemiplegiya, Sağ tərəfli hemipariz. Hərəkətin və yerişin pozulmaları, yerişin pozulması. Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü. 4 işarəsi ilə), Diabetik ensofalo və neyropatiya. Stenokardiya [döş inağı], Ürəyin işemik xəstəliyi; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00,E07- E07.9,E10,E12,E15- E16.1, E22.0-E22.1, E23.0-E23.2,...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bundan əlavə, İddiaçı əyani müayinədə olmuş və -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tərəfindən 25 iyul 2022-ci il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik dərəcəsi təyin edilmişdir. -İddiaçının müraciətinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən baxılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası”'na uyğun olaraq onun əlillik vəziyyətinin dövlət tibb müəssisəsinin 2750003AAF9Y nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilərək ümumi səbəbdən beş il müddətinə ikinci dərəcə əlilliyin təyin edildiyi, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən əllillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyinin xx.xx.2021-ci ildən sonra (Qanunun qüvvəyə mindiyi tarix) yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edildiyi, iddiaçının təyinat tarixi ilə əlilliyin bitdiyi tarix (xx.xx.2021-ci il) arasında 6 aydan çox vaxt keçdiyinə görə həmin müddət üçün əlilliyə görə müavinətin ödənilməsinin mümkün olmadığı bildirilmişdir. -19 №li şəhər Poliklinikası tərəfindən məhkəmənin sorğusu əsasında verilən cavab məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan 1965-ci il təvəllüdlü İddiaçı 2014-cü ildən "Hər iki beyin yarımkürəsində keçirilmiş beyin infarktının nəticələri. Sağ tərəlli spastik hemiparez. yerişin pozulması. Hipertoniya xəstəliyi İİİ mərhələ. Serebral ateroskleroz. ÜİX. Gərginlik stenokardiası, şəkərli diabet İİ tip orta ağır forma, insulin tələbli çox saylı ağırlaşmalarla, aşağı ətrafların diabetik angiopatiyası. OU diabetik retinopatiya. “diabetik ensefalopatiya və poleneyropatiya" diaqnozu ilə həkimnevroloqun dispanser qeydiyyatındadır. xx.xx.2021-ci il tarixdə növbəti müayinə vaxtı olduğu üçün İddiaçı tibbi sənədləri İİMK tərəfindən xx.xx.2021-ci il tarixdə hazırlanaraq TSEK-ə göndərilmişdir. TSEK tərəfindən imtina səbəbi olaraq "dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Keyfıyyətsız doldurulmadiaqnozu təsdiq edəcək müayinələr tam aparılmayıb göstərilmişdir. İmtina səbəbi aradan qaldırıldıqdan sonra yeni müayinələr əsasında xx.xx.2021-ci il tarixdə forma 088 hazırlanaraq təkrar 1 TSEK-ə göndərilmişdir. TSEK tərəfindən növbəti dəfə imtina səbəbi olaraq ‘'Baş beyinin instrumental müayinə nəticəsi hazırki dövrü əhatə etməyərək əsas diaqnozla uyğunsuzluq təşkil edir.Əlavə ixtisaslaşmış müayinə-müalicə tövsiyə olunur" göstərilmişdir. xx.xx.2022-ci il tarixdə tələb olunmuş müayinə və müalicə təmin olunduqdan sonra yeni tibbi sənədlərin əsasında Forma 88 TSEK-ə göndərilmiş və xx.xx.2022-ci il tarixdə İddiaçı İİ qrup əlillik təyin edilmişdir. Tətbiq edilən hüquq normaları : “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; (-). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdə ilk dəfə 1 illik ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2015-ci il tarixli göndərişi əsasında yenidən 1 illik, xx.xx.2016-cı il tarixli göndəriş əsasında 5 il müddətinə ikinci dərəcə əlillik dərəcəsi verilmişdir. Bundan sonra Bakı 19 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və 2019-2021-ci illər üçün stasionar müayinə və müalicə müddəti yetərli deyil, ixtisaslaşmış müayinə və müalicə məsləhət görülür səbəbi ilə imtina verilmişdir. Daha sonra Bakı 19 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında yenidən baxılmış və göndərişin natamam doldurulması, keyfiyyətsiz doldurulma-“diaqnozu təsdiq edəcək müayinələr tam aparılmayıb” səbəbi ilə imtina verilmişdir. Nəhayət Bakı M.Hüseynov adına 3 nömrəli şəhər Poliklinikasının xx.xx.2022-ci il tarix göndərişi əsasında baxılmış və 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “iddiaçının əlillik müddəti bitdikdən sonra onun sağlamlığının təkrar qiymətləndirilməsi nəticəsində əlilliyi əvvəlki əlillik dərəcəsinin verilməsi üçün səbəb olmuş xəstəliyin sağalmaması nəticəsində yenidən müəyyən edildiyindən ötürülmüş müddət də daxil olmaqla, əlil şəxs hesab edilir.” Eyni zamanda yuxarda qeyd edilən normalardan görünür ki, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Kollegiya bildirir ki, göndərişin natamam və yanlış doldurulması əlilliyin və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasından imtina edilməsi üçün əsas hesab olunmadığından, cavabdehin xx.xx.2022-ci il tarixli, xxxxxxx0010 nömrəli qərarının təyinatın tarixi “xx.xx.2022” hissəsinin “xx.xx.2022” kimi dəyişdirilməlidir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olduğundan, apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın ləğvinə əsas verəcək hər hansı sübut qeyd edilmədiyindən, eyni zamanda Kollegiya tərəfindən də aparılan araşdırma zamanı da birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticənin düzgün olması təsdiqləndiyindən apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3165/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-3185/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3185/2023
08.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver