Məhkəmə qərarları › İş №2-1(103)-3187/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3187/2022

03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3187/2022 03.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X12 Oruczadənin sədrliyi və məruzəsi ilə, Cavid Vaqif oğlu Hüseyn və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X14 və İbatova Jalə Musayəddin qızı) “qeydiyyata alınma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3642/2022 saylı, 08 iyun 2022-ci il tarixli qərarından üçüncü şəxs İbatova Jalə Musayəddin qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanda mülkiyyətində olan evə qeydiyyatının bərpa edilməsi və qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən X14 və İbatova Jalə Musayəddin qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun yaşadığı və qeydiyyatda olduğu ünvan 2 ünvanındakı yaşayış evi torpaq sahəsi ilə birlikdə ana-X2nun şəxsi mülkiyyətində olmuşdur. X2 vəfat etdikdən sonra həmin yaşayış evi vərəsəlik yolu ilə anası X4 mülkiyyətinə keçmişdir. Anası 21 yanvar 1980-ci ildə vəfat etmişdir. Bundan sonra şəxsi mülkiyyət hüququ əsasında valideynlərinə məxsus olan həmin yaşayış evi vərəsəlik yolu ilə X1 və ona keçmişdir. X1 25 aprel 2006-cı ildə vəfat etmişdir. Arzu İbatova vəfat etdikdən sonra o, qanun üzrə vərəsə olmuşdur. Onlar hamısı həmin yaşayış evində qeydiyyatda olmuşlar. Yaşayış evinin həyətyanı sahəsi ilə birlikdə X8 şəxsi mülkiyyət hüququ əsasında ona məxsus olmasını təsdiq edən fevral 1964-cü il tarixli texniki pasport da mövcuddur. Ailə qurduqdan sonra da həmin yaşayış evində yaşamışlar, qeyd olunan yaşayış evi vərəsəlik qaydasında onların şəxsi mülkiyyətindədir. Ailə qurduqdan sonra həmin evdə 19 fevral 1988-ci ildə oğlu X15 və 06 iyul 1989-cu ildə oğlu X16 anadan olmuşdur. Onların hər üçü də anasından vərəsəlik yolu ilə qalmış həmin yaşayış evində qeydiyyatdadırlar. Həmin yaşayış evində eyni zamanda mərhum bacısı X5 oğlu X14 da qeydiyyatdadır. Üçüncü şəxs X14 06 oktyabr 2009-cu ildə digər üçüncü şəxs İbatova Jalə Musayəddin qızı ilə nikaha daxil olmuş, bu səbəbdən də sonuncu ona məxsus həmin yaşayış evinə onun razılığı ilə qeydiyyata alınmışdır. Ona vərəsəlik yolu məxsus olan və yaşadığı evə gəlin gəlmiş məhrum bacısı Arzu İbatovanın gəlini İbatova Jalə Musayəddin qızı ona və oğulları X15, X9 və üçüncü şəxs Binəqədi Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi Şöbəsinə qarşı “yaşayış sahəsinə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Onların məlumatı və iştirakı olmadan Binəqədi Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli, 2(001)- 6822/2018 nömrəli onların ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi və qeydiyyatdan çıxarılmaları barədə qanunsuz və əsassız qətnaməsi qəbul edilmişdir, qətnamə onlara göndərilməmiş və onlara məlumat verilməmişdir. Belə ki, həmin qətnamənin qanuni qüvvəyə mindikdən sonra onun, oğulları X6 və X7 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının olmamaları və həmin ünvandan qeydiyyatdan çıxarılmaları üçün əsas hesab edilməsi müəyyən edilmişdir. Lakin həmin qətnamə qanuni qüvvəyə minmədən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Qeydiyyat şöbəsi tərəfindən onların üçü də qanunsuz olaraq qeydiyyatdan çıxarılmışlar. Onlar sözügedən qanunsuz və əsassız qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 01 avqust 2019-cu il tarixli, 2(103)-6870/2019 nömrəli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli, 2(001)-6822/2018 nömrəli qətnaməsi ləğv edilərək onların şikayəti təmin olunmuşdur. Üçüncü şəxs İbatova Jalə Musayəddin qızı Bakı Apellyasiya Məhkəməsinin 01 avqust 2019-cu il tarixli, 2(103)- 6870/2019 nömrəli qətnaməsi ilə razılaşmayaraq kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2(102)-8097/19 nömrəli qərarı ilə İbatova Jalə Musayəddin qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 01 avqust 2019-cu il tarixli, 2(103)-6870/2019 nömrəli qətnaməsi qüvvədə saxlanılmışdır. Beləliklə də, onların qeyd olunan ünvana olan mülkiyyət və qeydiyyata alınma hüquqlarının bərpa edilməsi barədə məhkəmə qərarı qüvvəyə minmişdir. Lakin qanuni qüvvəyə minmiş həmin qərarı hələ də icra olunmamışdır. Dəfələrlə ASAN Xidmətə və cavabdehə müraciət etsələr də onların müraciətlərinə baxılmamış, onların mülkiyyətində olan evə qeydiyyatları bərpa edilməmişdir. Qarşı tərəfin mənafeyini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi və Ali Məhkəmənin qərarı bu günə qədər əsassız icra olunmur. Məhkəmə qətnaməsinin icrası və qeydiyyata alınma ilə bağlı o, cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh ona xx.xx.2020-ci il tarixli cavab məktubu ilə onun və ailə üzvlərinin ünvan 1 ünvanına qeydiyyata alınmaları üçün məhkəmə qətnamələrini icra olunması üçün ASAN Xidmət mərkəzinə göndərdiklərini bildirmiş və onların şəxsiyyət vəsiqələri ilə ASAN Xidmət mərkəzinə müraciət etmələrini tövsiyə etmişdir. O, qeydiyyata alınmaq üçün ASAN Xidmət mərkəzinə müraciət etsə də, onun qeydiyyatını bərpa etməkdən əsassız olaraq imtina etmiş və yenidən cavabdehə müraciət etməsini bildirmişlər. O, cavabdehə müraciət etsə də, xx.xx.2021-ci il tarixli məktubla onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Hazırda onun şəxsiyyət vəsiqəsi etibarlı deyil, onun qeydiyyat ünvanı yoxdur. O, qeydiyyatdan çıxarıldığına görə yenidən şəxsiyyət vəsiqəsi ala bilmir. Onun oğullarından biri hərbiçidir və xidmət etdiyi hərbi hissənin ünvanına qeydiyyata düşmüş, digər oğlu isə müvəqqəti olaraq qohumlarının evinə qeydiyyata düşmüşdür. O isə hələ də heç yerdə qeydiyyata alına bilmir, qeydiyyat yeri olmadığına görə şəxsiyyət vəsiqəsi qüvvədən düşmüşdür. Bu da onun bir vətəndaş kimi hüquqlarını məhdudlaşdırır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3642/2022 saylı, 08 iyun 2022-ci il tarixli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmişdir. Qərardan narazı qalan üçüncü şəxs İbatova Jalə Musayəddin qızı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı əsassız və qeyri-qanunidir. Hazırkı iş üzrə araşdırılmalı məsələ ondan ibarətdir ki, yaşayış yeri üzrə qeydiyyat üçün qanunvericilikdə nəzərdə tutulmuş zəruri sənədlər iddiaçı tərəfindən inzibati orqana təqdim edilibmi, inzibati orqanın iddiaçıya imtinası əsaslıdırmı. İddiaçının tələbi İPM-nə uyğun deyil. İşdən görünür ki, iddiaçı əsassız olaraq özünü mülkiyyətçi hesab edir və hazırkı ərizədə mülkiyyətçi hüquqlarının pozulduğunu iddia edir. Lakin iddiaçının vərəsə, o cümlədən mülkiyyətçi olmasını təsdiq edən sənəd işdə yoxdur və qeydiyyata almaq üçün əsas yaradan sənəd inzibati orqana təqdim edilməmişdir. İddiaçının tələbi düzgün deyil. İddiaçı qüvvədə olan AR MPM-nin tələblərinə uyğun olaraq qətnamənin icrasına dönüş edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinə ərizə verməklə arzu etdiyi nəticəyə nail ola bilər. Lakin Bakı İnzibati Məhkəməsi qeyd edilən məsələlərə düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticə işin hallarına uyğun deyil. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsi tərəfindən məhkəmə dəftərxanası vasitəsilə təqdim edilmiş ərizə ilə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Üçüncü şəxs İbatova Jalə Musayəddin qızının nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Digər üçüncü şəxs X14 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işin araşdırılmış hallarından müəyyən edildi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-6822/2018 saylı qətnaməsinə əsasən iddiaçı İbatova Jalə Musayəddin qızının cavabdehlər X10, X9 və İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Binəqədi Rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə qarşı “yaşayış sahəsinə istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər X6, X7 və İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının olmadığının müəyyən edilməsi, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlər X6, X7 və İddiaçı ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi qət edilmişdir. Qeyd olunan qətnaməyə əsasən iddiaçı ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmışdır. Lakin bundan sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-6870/2019 saylı qətnaməsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli, 2(001)-6822/2018 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli, 2(001)-6822/2018 saylı qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-8097/2019 saylı qərarına əsasən iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan da görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-6870/2019 saylı qətnaməsi 25 dekabr 2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd edilir: Sizin məhkəmə qətnaməsinin icrası və qeydiyyata alınma ilə bağlı müraciətinizə Binəqədi Rayon Polis İdarəsinin Qeydiyyat məsələləri bölməsində araşdırma aparılaraq baxılmışdır. Bildiririk ki, Sizin və ailə üzvlərinizin ünvan 1 ünvanına qeydiyyata alınmanız üçün məhkəmə qətnamələri icra olunması üçün tərəfimizdən ASAN Xidmət mərkəzinə göndərilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq Sizin və ailə üzvlərinizin şəxsiyyət vəsiqəsi ilə ASAN Xidmət mərkəzinə müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Sizin Binəqədi Rayon Polis İdarəsinə ünvanladığınız müraciətinizə Qeydiyyat məsələləri bölməsində baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat" haqqında Qanunun 5-ci maddəsinin tələblərinə əsasən X3 və X11 ünvan 1 ünvanına qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə Rayon Polis İdarəsinin Qeydiyyat məsələləri bölməsinə müraciət etməlisiniz. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə Sizin göstərilən ünvana tərəfimizdən qeydiyyata alınması qanunamüvafiq deyildir. Nəzərinizə çatdırırıq ki, bu məsələ ilə bağlı Sizin məhkəmə orqanlarına müraciət etmək hüququnuz var. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinin 1-ci hissəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Həmin Qanunun 5-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Məhkəmə Kollegiyası tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ünvan 3 ünvanında qeydiyyatda olmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-6822/2018 saylı qətnaməsinə əsasən qeyd olunan ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi, iddiaçı qeydiyyatda olduğu ünvandan onun həmin ünvana istifadə hüquqlarının olmadığını müəyyən edən məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılmışdır. Lakin həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-6870/2019 saylı qətnaməsinə əsasən ləğv edilmiş və İbatova Jalə Musayəddin qızının hazırki iddiaçının qeyd olunan ünvana istifadə hüququnun olmamasının müəyyən edilməsinə dair iddiası təmin edilməmiş (İbatova Jalə Musayəddin qızının həmin iddianı qaldırmağa subyektiv hüququ olmadığı üçün), Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi hazırda qanuni qüvvəyə minmişdir. Bundan sonra iddiaçı qeydiyyatının bərpa edilməsi üçün cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 01 avqust 2019-cu il tarixli, 2(103)- 6870/2019 saylı qətnaməsinə izah verilməsi barədə mülki iş üzrə cavabdeh İddiaçı ərizə ilə müraciət edərək, iddia tələbi təmin edilmədiyindən onun sözügedən ünvana qeydiyyatının bərpa edilməsi barədə göstəriş verilməsi xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6870/2019 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə ilə izah verilməsi xahiş edilən hallar Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-6870/2019 saylı qətnaməsinin müzakirə predmetindən kənarda olması əsası ilə ərizə təmin edilməmişdir. Belə olan halda iddiaçı haqlı olaraq inzibati orqana müraciət edərək, qeydiyyata alınmasını xahiş etmişdir. İddiaçının qeydiyyata alınmaq üçün sənədlərinin olmaması dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sorğulara cavab məktublarından aydın olur ki, sözügedən ünvana dair 1964-cü ilin fevral ayında Tapdıq İbad oğlunun adına texniki pasport tərtib olunmuşdur və həmin texniki pasportun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan təsdiq edilmiş surəti həmin İdarə tərəfindən məhkəməyə təqdim edilmişdir. Mülki mübahisə üzrə qəbul edilmiş qətnamələrdən aydın görünür ki, mübahisəli ev İddiaçı ana X2nun şəxsi mülkiyyətində olmuş, o vəfat etdikdən sonra həmin yaşayış evi vərəsəlik yolu ilə anası X4 mülkiyyətinə keçmişdir. Anası vəfat etdikdən sonra həmin evdə bacısı, o və başqa övladları ilə birlikdə yaşamışlar. Beləliklə, iddiaçının istifadə hüququnun olmadığını müəyyən edən və qeydiyyatda olduğu ünvandan qeydiyyatdan çıxarılmasına əsas olmuş məhkəmə qətnaməsi ləğv edilmiş, ona qarşı iddia tələbi təmin edilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakterli olmaqla işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs İbatova Jalə Musayəddin qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3642/2022 saylı, 08 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cavid Hüseyn Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar