Məhkəmə qərarları › İş №2-1(103)-3187/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3187/2024

12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3187/2024 12.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 (məruzəçi), Şirinov İkram Sabir oğlu və X4 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5381/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür.

2. İddiaçıya 1.11.2023-cü il tarixindən 372,41 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir.

3. xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2023-cü il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 30473,22 manat pensiya kapitalı əsasında yaşa görə əmək pensiyasının məbləği yenidən hesablanmış və pensiyanın məbləğində (372,41 manat) dəyişiklik olmamışdır.

4. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, onun xx.xx.1995ci il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası Respublika üzrə Avtoərzaq nəqliyyat birliyində texniki təchizat şöbəsinin rəisi, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" şirkətinin direktoru vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.

5. Cavabdeh 5.12.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina edərək bildirilmişdir ki, “.. təqdim etdiyiniz sənədlərin surətinə əsasən əmək fəaliyyəti dövrləriniz, o cümlədən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinə kimi faktiki sığorta stajınız 21 il 6 ay 23 gün olduğu halda, sizə Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək (işdən çıxma əmri qeyd olunmayıb) və xx.xx.1997-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək (işə daxilolma və işdən çıxma əmrləri, tarixləri qeyd olunmayıb) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün sözügedən dövrlərin sığorta stajınıza daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Eyni zamanda sözügedən dövrlər üzrə əmək fəaliyyətinizi təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) DOST Mərkəzlərinə təqdim etməklə təkrar müraciətiniz əsasında həmin dövrlərin sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanlara əsasən bildiririk ki, yaşa görə əmək pensiyanızın məbləği qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır”.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 19 yanvar 2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, “Avtoərzaq” İstehsalat Birliyi və "xxxx" şirkəti barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər-hansı məlumat yoxdur.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 22 yanvar 2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, qeyri-kommersiya qurumlarının dövlət reyestrində adı çəkilən təşkilatlar barədə məlumat aşkar edilməmişdir.

8. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinni 24 yanvar 2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Azərbaycan Respublikası Respublika üzrə Avtoərzaqistehsalat birliyinə və "xxxx" şirkətinə dair məlumat mövcud deyildir. "xxxx" firması 05 avqust 1997-ci il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır.

9. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 22 yanvar 2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Respublika üzrə Avtoərzaq istehsalat birliyinin və "xxxx" şirkətinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.

10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin 10 may 2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, "xxxx" Firması (VÖEN **********) xx.xx.1997-ciil tarixdə dövlət qeydiyyatına alınmışdır və hüquqi ünvanı ünvan 1sının ad dəyişikliyi və hüquqi varisliyi barədə məlumat aşkar edilməmişdir. Dövlət reyestrində X7 adlı kommersiya qurumu aşkar edilməmiş, lakin xx.xx.1994-cü il tarixdə KOL-159 nömrəilə dövlət qeydiyyatına alınmış "Avtoərzaqnəqliyyat" X2 aşkar edilmişdir. “Avtoərzaq nəqliyyat” X1 ad dəyişikliyi və hüquqi varisliyi barədə məlumat aşkar edilməmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ:

Birinci instansiya məhkəməsində icraat:

11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası Respublika üzrə Avtoərzaq nəqliyyat birliyində texniki təchizat şöbəsinin rəisi, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" şirkətinin direktoru vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası Respublika üzrə Avtoərzaq istehsalat birliyində texniki təchizat şöbəsinin rəisi, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "FİTS” şirkətinin direktoru vəzifəsində işləmişdir. Lakin cavabdeh tərəfindən pensiya hesablanarkən həmin dövrlər nəzərə alınmamışdır.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5381/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia tələbinin rədd edilməsi qərara alınmısdır.

14. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5381/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ:

a) Apellyasiya şikayətinin dəlilləri:

15. Apellyasiya şikayətinin mahiyyəti və dəlilləri, habelə istinad edilən maddi hüquq normaları iddia ərizəsinin mahiyyəti və dəlilləri, eləcə də, istinad olunan maddi hüquq normaları ilə eynilik təşkil edir.

b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Cavabdeh apellyasiya şikayətinə qarşı etirazında bildirmişdir ki, işə daxil olma və işdən çıxma tarixləri əmək kitabçasında qeyd olunmamışdır. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razıdır. Həm onların, həm də birinci instansiya məhkəməsinin verdiyi sorğulara cavablar da bunu təsdiq edir. Vətəndaş "xxxx" şirkətində xx.xx.1997-ci ildən işləməyə başlamış, Dövlət Qeydiyyat Xidmətindən gələn cavaba əsasən "xxxx" şirkəti xx.xx.1997-ci ildə fəaliyyətə başlamışdır. İddiaçı Azərbaycan Respublikası üzrə Avtoərzaq nəqliyyat birliyində işlədiyini qeyd etmiş, lakin xx.xx.1994-cü ildə Avtoərzaq nəqliyyat X2 aşkar edilmişdir. İddiaçının bildirdiyi adla müəssisənin adı üst-üstə düşmür. Birinci instansiya məhkəməsi haqlı nəticəyə gəlmişdir.

Tərəflərin iştirakı:

17. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir.

18. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

19. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etirazı müdafiə edərək, apellyasiya şikayətinə etirazın dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, Bakı İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ:

20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 23.2. 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

21. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: - 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. - 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

22. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

25. Əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır.

23. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-ci il tarixədək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

25. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

MƏHKƏMƏNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmalıdır.

27. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.

28. İşin faktiki hallarına əsasən iddiaçıya 1.11.2023-cü il tarixindən 372,41 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı bununla razılaşmayaraq əmək pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2023-cü il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 30473,22 manat pensiya kapitalı əsasında yaşa görə əmək pensiyasının məbləği yenidən hesablanmış və pensiyanın məbləğində (372,41 manat) dəyişiklik olmamışdır. İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini aşağıdakılara görə əsassız hesab edir.

30. Hazırkı işin halları ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçının əmək kitabşasındaolan xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Respublika üzrə Avtoərzaq nəqliyyat birliyində texniki təchizat şöbəsinin rəisi, xx.xx.1997- ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" şirkətinin direktoru vəzifəsində işlədiyi illərlə bağlı qeydlərin mötəbərliliyini mübahisələndirir.

31. Birinci instansiya məhkəməsində iddiaçının əmək kitabçasına baxış keçirdikdə onun xx.xx.1997-ci il tarixində işdən çıxma əmrinin, xx.xx.1997-ci il tarixində işə qəbul, həmçinin xx.xx.2002-ci il tarixində işdən çıxma əmrlərinin qeyd edilmədiyi müəyyən edilmişdir. İddiaçı isə bu halları təkzib edən hər-hansı sübut təqdim etməmişdir.

32. “Fits" Firması xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmış, 05 avqust 1997-ci il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. Lakin iddiaçının əmək kitabçasında olan qeydlərə əsasən xx.xx.1997-ci il tarixdə "xxxx" şirkətinə direktor təyin edilməsi qeyd edilmişdir. Göründüyü kimi, hüquqi şəxs yaranmadığı halda, firmanın yaranmasından əvvəlki tarixə iddiaçının faktiki olaraq mövcud olmayan şirkətə direktor təyin edilməsinə dair nömrəsiz əmr verilmişdir. Ona görə də, birinci instansiya məhkəməsi iddiaçıya pensiya təyin edərkən həmin şirkətdə olan dövrlərin nəzərə alınmaması barədə cavabdehin etirazının dəlillərini əsaslı hesab etməkdə düzgün nəticəyə gəlmişdir.

33. Azərbaycan Respublikası Respublika üzrə Avtoərzaq nəqliyyat birliyində texniki təchizat şöbəsində olan staja gəldikdə isə, məhkəmə qeyd etmişdir ki, əmək kitabçasında göründüyü kimi, iddiaçının həmin müəssidədə işdən çıxması barədə əmrin nömrəsi qeyd edilməmişdir. Əmək kitabçasındakı sıralamaya görə, həmin qeyd isə, mötəbər olmayan "xxxx" şirkətindəki qeyddən əvvəl gəlir. Həmin müəssidə dövrü nəzərə alınsa belə, Qanunun 22.-1.1-ci maddəsi nəzərəalınaraq iddiaçının sığorta stajı 25 ilə çatdırılmışdır.

34. Göründüyü kimi iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası Respublika üzrə Avtoərzaq nəqliyyat birliyində texniki təchizat şöbəsində və xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" şirkətində işləməsinə dair əmək kitabçasında aparılmış qeydlər qanunvericiliyin tələblərinə uyğun doldurulmayaraq əmrlər qeyd edilməmiş və məhkəmə araşdırması zamanı həmin qeydlərin mötəbərliliyi öz təsdiqini tapmamışdır.

35. Beləliklə də məhkəmə araşdırması ilə iddiaçının ona pensiyanın yenidən hesablanması barədə arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3), bununla bağlı cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1).

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq, yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır.

37. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5381/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: İkram Şirinov Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar