Məhkəmə qərarları › İş №2-1(103)-3189/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3189/2023

25.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3189/2023 25.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı “Musavat” Partiyasının cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərbəst toplaşmaq hüququnun pozulması” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9585/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Müsavat Partiyası cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “cavabdeh tərəfindən Müsavat Partiyasına münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsi (yığıncaqlar və birləşmək azadlığı), Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsi (sərbəst toplaşmaq azadlığı) ilə müəyyən olunmuş hüquq və azadlıqlarının pozulmasının tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1992-ci ildə Ədliyyə Nazirliyində qeydiyyata alınmış Müsavat partiyası 15 noyabr 2022-ci il tarixdə saat 15:00-da İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin qarşısında piket keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı şəhər İcra Hakimiyyəti əsaslandırılmadan mitinqin keçirilməsinə rədd cavabı verib: “Nəzərinizə çatdırırıq ki, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin qarşısı nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi, həmçinin insanların sıx fəaliyyətdə olduğu ərazi olduğundan qeyd edilən ünvanda planlaşdırdığınız piketin keçirilməsi toplantıda iştirak etmək niyyəti olmayan vətəndaşların hərəkətində, eyni zamanda nəqliyyat vasitələrinin iş ahənginin təmin edilməsində narahatlıqlar yaradacaqdır”. Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilməsinə baxmayaraq dövlət orqanı üzərinə düşən vəzifəni icra etməmiş, ərizəçiyə hüquqlarını həyata keçirməsinə və üzərinə düşən öhdəliyi yerinə yetirilməsinə mane olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9585/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Müsavat Partiyasının cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “cavabdeh tərəfindən Müsavat Partiyasına münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsi (yığıncaqlar və birləşmək azadlığı), Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsi (sərbəst toplaşmaq azadlığı) ilə müəyyən olunmuş hüquq və azadlıqlarının pozulmasının tanınması” barədə iddiası mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uygun əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, AR İPM-nin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı iş üzrə mübahisənin predmetini Müsavat Partiyasına münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsi (yığıncaqlar və birləşmək azadlığı), Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsi (sərbəst toplaşmaq azadlığı) ilə müəyyən olunmuş hüquq və azadlıqlarının cavabdeh tərəfindən pozulmasının tanınması təşkil edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia);2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara;2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına;2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddianın Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1- 2.2.9-cu maddələrində nəzərdə tutulmuş iddia tələblərindən hər hansı birinə uyğunluğu müəyyən olunmur. Həmçinin qeyd edilməlidir ki, iddiaçı cavabdehin məktubunda qeyd edilənləri mitinq keçirilməsinin qadağan edilməsi kimi qiymətləndirərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etsə də, cavabdehin 1-663-003 nömrəli, xx.xx.2022-cİ il tarixli məktubunda “planlaşdırdığınız mitinqin keçirilməsi məqsədəuyğun hesab edilmir” ifadəsi inzibati orqanın qadağanedici hərəkəti deyildir, iddiaçı tərəfindən etiraz aksiyalarının keçirilməsinin məqsədəuyğun olmaması barədə cavabdehin mövqeyi bildirilmişdir. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin İ hissəsinə əsasən bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. Həmin Qanunun 7-ci maddəsinin İ hissəsinə əsasən, sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər Göründüyü kimi qanunvericilikdə toplantıların keçirilməsi üçün toplantıları təşkil edən şəxslərin müvafiq icra hakimiyyəti orqanına əvvəlcədən toplantının keçirilməsi haqqında xəbərdarlıq etməli olması nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin İ hissəsinə əsasən mitinq keçiriləcəyi barədə etdiyi xəbərdarlıqla bağlı cavabdehin mitinqin keçirilməsinin məqsədəuyğun hesab edilməməsi barədə bildirdiyi mövqe ilə iddiaçıların hər hansı bir subyektiv hüququ, o cümlədən sərbəst toplaşmaq hüquqları pozulmur, belə ki, cavabdehin öz mövqeyini ifadə etməsi onun hüququdur və qadağanedici hərəkət hesab edilə bilməz Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı “Musavat” Partiyasının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9585/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar