Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3189/2024 05.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əvvəlki pensiya məbləğinin bərpa edilməsi və artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməklə tutulmuş vəsaitin geri qaytarılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2-1(112)-4924/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiya məbləğinin cari ilin əvvəlindən təyin edilmiş məbləğdə, yəni 2178 manat miqdarında bərpa olunması, 2023-cü ilin avqust ayından sonra hər ay qanunsuz olaraq tutulmuş vəsaitin ona geri qaytarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, 2012-ci ildə qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə və həmin dövrdə qüvvədə olan qaydalara uyğun olaraq ona dövlət qulluqçusu kimi yaşa görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası prezidentinin tapşırığı ilə mütəmadi olaraq aparılan pensiya və maaşların artırılması barədə dövlət siyasəti ilə əlaqədar, bütün pensiyaçılar kimi, onun pensiyasının məbləği hər il artırılaraq 2023-cü il yanvarın 1-nə 2178 manat təşkil etmişdir. Bu məbləği o, 2023cü ilin avqust ayı daxil olmaqla almışdır. Yuxarıda qeyd edilən Qanunun 20-ci maddəsində qeyd edilir ki, 15 il iş stajına malik olan dövlət qulluqçularının pensiya məbləği hesablanarkən orta əmək haqqının məbləği həmin staj müddətində istənilən ardıcıl gələn 60 ay(5 il) üçün götürülərək onun 50%-i miqdarında hesablana bilər və bundan əlavə dövlət qulluğunda 15 ildən artıq işləmiş dövlət qulluqçularının hər artıq ilinə 3% əlavə edilərək, lakin, hesablanmış orta əmək haqqının 80%-dən çox olmamaq şərtilə pensiya təyin edilə bilər (onun dövlət qulluğunda stajı 30 ildən çoxdur). 2012-ci ildə yuxarıda qeyd olunan qaydalara əsasən onun orta əmək haqqının məbləği 1979-1983-cü illərdə (60 ay) olan əmək haqqları götürülərək müəyyənləşdirilmişdir və ona uyğun pensiya təyin edilmişdir. Pensiya Fondu tərəfindən tələb olunan müvafiq sənədlər Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin mühasibatından alınaraq Fonda təqdim olunmuşdur. Cari ilin sentyabr ayında o, cavabdehdən məktub almışdır ki, guya ona pensiya təyin olunması üçün orta aylıq əmək haqqı düzgün hesablanmamışdır və bununla əlaqədar onun pensiyası yenidən hesablanmalıdır. Cavabdeh onun pensiyasının məbləğini yenidən hesablayarkən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına istinad etmişdir. Eyni zamanda pensiyanın yenidən hesablanması zamanı orta əmək haqqının məbləği 23 avqust 2020- ci il tarixinə olan vəzifə maaşı rəhbər tutulmuşdur. O, bunu düzgün hesab etmir. Çünki, 2012-ci ildə qüvvədə olan Qanun və qaydalara uyğun təyin edilmiş pensiyanın 2023cü ildə təsdiq olunmuş Qanuna və 2020-ci ildə təyin olunan vəzifə maaşlarına istinadən yenidən hesablanmasını düzgün hesab etmir. Hesab edir ki, əgər Qanun və hesablama qaydaları dəyişdirilirsə, onların tətbiqi təsdiq olunan gündən sonraki dövrdə aparılan hesabatlarda istifadə oluna bilər. Onun isə pensiyasının hesabatı 2012-ci ildə aparılmışdır. Hamıya məlumdur ki, qanunun geriyə qüvvəsi yoxdur. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2-1(112)-4924/2024 saylı qərarı ilə iddia tələbi qismən təmin edilmiş, 2023-cü ilin avqust ayından etibarən iddiaçının pensiya məbləğindən tutulmuş artıq tutulmaların geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmiş və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək qərarın qismən ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2-1(112)-4924/2024 saylı qərarı (mübahisələndirilən hissədə) qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - iddiaçıya “İnzibati aktın qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/2- Ş192864/2023 nömrəli məktub göndərilmiş, xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-13672/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərara əsasən iddiaçının əmək pensiyası yenidən hesablanma nəticəsində 1583 manat 05 qəpik müəyyən edilmişdir. Yenidən hesablanma nəticəsində iddiaçıya “Artıq ödənilmiş pul vəsaiti haqqında” xx.xx.2023-cü il tarixli -17-1/2-Ş- 226553/2023 nömrəli məktub göndərilmişdir. - cavabdeh İdarənin Əmək haqqı əsasında hesablanan pensiya təyinatı şöbəsinin baş mütəxəssisi öz izahatından görünür ki, iddiaçıya 06 iyun 2012-ci il tarixdən Fondun Xəzər rayon Şöbəsi tərəfindən pensiya təyin edilmişdir. 2020-ci ildə Fondun hazırki İdarəsi yaradılmış və yaradılandan sonra onlar tərəfindən rayon şöbələri tərəfindən təyin edilmiş pensiyaların inventarizasiyaları aparılmışdır. Yəni, onların doğruluğunu qəbul edib şəxsi işləri götürmüşlər. Bu işdə inventarizasiya nəticəsində araşdırılmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçının dövlət qulluğu stajı ilə bağlı heç bir problemi yoxdur. Onlar iddiaçının dövlət qulluğu stajını 25 il 9 aydan artıq olaraq götürmüşlər və bütün bunlar nəzərə alınmaqla iddiaçıya orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiya təyin edilmişdir. Hazırki işdə pensiyanın hesablanması zamanı problem əmək haqqı hesablanmasında yaranmışdır. Onlar əmək haqqı hesablamasında mükafatları 1979-1984-cü illər üzrə götürüblər və ən yüksək əmək haqqı həmin dövrdə alındığı üçün əmək haqqına əsasən hesablama da, həmin dövrdən əsas götürülmüşdür. Uyğunlaşdırma təminedici şöbənin müdiri kimi aparılmışdır. Onun vəzifə maaşı 2013-cü ildən 890 manat, 2018-də 980 manat, 2019-cu ildə 1470 manat Nazirlər Kabinetinin qərarına, eləcə də, dövlət qulluqçularının təsnifat toplusuna əsasən bu şəkildədir. İddiaçının pensiya məbləğinin azaldılmasına səbəb qulluq stajına görə əlavənin məbləğinin müəyyən olunması ilə bağlı olmuşdur. Onun 1979-1984-cü illərdə əmək haqqısı hesablanan zaman onun 46 ayı 20 % qulluq əlavəsinə, 14 ayı isə 10 % qulluq əlavəsinə düşür. Bu isə nəticə etibarilə 17.67 % qulluq əlavəsi edir. Lakin, Xəzər rayon Şöbəsi hesablama apararkən 25 il qulluq stajını nəzərə alıb qulluq əlavəsini 30 faiz nəzərə alıb. Bu isə nəticə etibarilə pensiya məbləğinin hesablanması zamanı kəskin fərq yaratmışdır. Onların hesabladıqları dövr, yəni 1979- 1984-cü illər 15 ildən aşağı müddətə düşdüyü üçün qulluq stajına görə əlavələr bu şəkildə hesablanmalıdır. İddiaçı işlədiyi dövrdə 30 faiz əlavə almayıb, məcbur dövlət sosial sığorta haqlarına ödənilməyib deyə ona 30 faizlə hesablama aparılmayıb. Əgər iddiaçı sonuncu çıxdığı vəzifə üzrə hesablamanın aparılmasını istəsə, o zaman qulluq stajına görə əlavəni 30 faizlə apara bilərlər. İddiaçı əmək haqqı əsas götürülən dövrdə nə qədər qulluq stajına görə əlavə alıbsa, o qədər məbləğdə də, ona qulluq stajına görə əlavə hesablanmışdır. İddiaçının almadığı qulluq stajına görə əlavənin onun pensiyasının hesablanması zamanı nəzərə alınması mümkün deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Kollegiya ilk növbədə qeyd edir ki, iddia tələbinin məzmunundan göründüyü kimi tələb iki hissədən 1) pensiya məbləğinin cari ilin əvvəlindən təyin edilmiş məbləğdə, yəni 2178 manat miqdarında bərpa olunması və 2) 2023-cü ilin avqust ayından sonra hər ay qanunsuz olaraq tutulmuş vəsaitin ona geri qaytarılmasından ibarətdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi 2023-cü ilin avqust ayından sonra hər ay qanunsuz olaraq tutulmuş vəsaitin iddiaçıya geri qaytarılması hissəsində təmin edilmiş və qərardan cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayəti verilməmişdir. Göründüyü kimi hazırkı apellyasiya icraatının predmetini - “pensiya məbləğinin cari ilin əvvəlindən təyin edilmiş məbləğdə, yəni 2178 manat miqdarında bərpa olunması” təşkil edir. Bununla bağlı olaraq məhkəmə kollegiyası idddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının pensiya məbləğinin azaldılmasına səbəb olan hal onun qulluq stajına görə əlavələrinin hesablanması ilə əlaqəli olmuşdur. Belə ki, iddiaçıya 25 il 9 ay 16 gün qulluq stajına uyğun olaraq 1979-1984-cü illərin əmək haqqı əsas götürülməklə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin, iddiaçının əmək pensiyasının hesablanması zamanı həmin dövrün 46 ayı üçün iddiaçının aldığı 20%, 14 ayı üçün isə iddiaçının aldığı 10 % qulluq stajına görə əlavələr hesablanmalı olmasına baxmayaraq, Fondun Xəzər rayon Şöbəsi tərəfindən iddiaçının ümumi iş stajının 15 ildən artıq olması əsas götürülməklə qulluq stajına görə əlavəsi faktiki olaraq 30 faiz nəzərə alınmaqla hesablanma aparılmışdır. . Halbuki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”na əsasən:
1. Bu Qayda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-ci maddəsinə əsasən hazırlanmışdır və dövlət orqanlarında dövlət qulluqçularına dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın ödənilməsi şərtlərini müəyyən edir.
2. Dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq əlavə haqq verilir.
4. Dövlət qulluqçusuna daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq dövlət qulluğunda qulluq stajına görə qulluq stajının müddətindən asılı olaraq aşağıdakı qaydada hər ay əlavə haqq ödənilir: Qulluq stajı (il) - 1 ildən – 5 ilədək; 5 ildən – 10 ilədək; 10 ildən – 15 ilədək; 15 ildən yuxarı Aylıq vəzifə maaşına əlavə haqq (faizlə) müvafiq olaraq 5, 10, 20, 30. Sadalananlardan göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən qulluq stajına görə əlavələr dövlət qulluqçusunun vəzifə maaşına hər ay ona ödənildiyi dövrdəki qulluq stajının müddətinə müvafiq olaraq ödənilir. Belə olan təqdirdə, qulluq stajına görə əlavələrin hesablanması zamanı iddiaçının əmək haqqısının əsas götürüldüyü 1979- 1984-cü illərdəki qulluq stajının müddəti və həmin müddətə uyğun olaraq aldığı qulluq stajına görə əlavələr nəzərə alınmalı olmasına baxmayaraq, Fondun Xəzər rayon Şöbəsi tərəfindən iddiaçının ümumi qulluq stajı müddətinin 15 ildən artıq olması əsas götürülməklə aylıq vəzifə maaşına əlavə haqq kimi iddiaçının qulluq stajına görə 30 faiz əlavənin hesablanması ilə bağlı hərəkətləri qanuni olmamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2-1(112)-4924/2024 saylı qərarı (mübahisələndirilən hissədə) dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2-1(112)-4924/2024 saylı qərarı (mübahisələndirilən hissədə) dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.