Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-319/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, İddiaçı Həmdulla qızının iştirakı ilə, İddiaçı Həmdulla qızının Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə qarşı cərimə sanksiyasının ləğv edilməsi və cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3992/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Həmdulla qızı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cərimə sanksiyasının ləğv edilməsi və cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3992/2020 saylı qərardadı ilə iddia geri götürülmüş hesab edilmiş və bu əsasla iş üzrə icraata xitam verilmişdir (hakim M.Qarayeva). Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında izahat vermiş İddiaçı Həmdulla qızı apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu ərazisində kiçik bir obyektdə meyvə-tərəvəz məhsullarının xırda satışı ilə məşğul olur. O, sosial sığorta haqqlarının vaxtlı-vaxtında ödəyirdi. əvvəlcə 20 manat ikinci dəfə 26 manat, üçüncü dəfə 33 manat, dördüncü dəfə isə 50 manat ödəmişdir. lakin 2019-cu ilin dekabr ayında ona hər ay 110 manat ödəyəcəyi deyilmişdir. O isə aztəminatlı ailə olduğu üçün ödənişləi tamamlaya bilməmişdir. Sonra da koronavirus pandemiyası ilə əlaqədar iş yerləri bağlandı, fəaliyyəti məhdudlaşdı, qazancı omadı. Aztəmintlı ailə olmasına baxmayaraq ona heç bir güzəşt edilmədi. Hətta işsizliklə bağlı 190 manat kompensasiya da ala bilməyib. Dövlət sosial sığorta haqqları ödəyə bilmədiyi halda ona DSMF-nun Binəqədi rayon şöbəsi tərəfindən cərimə tətbiq olunub. İddiaçı isə cərimənin ləğv edilməsi üçün müxtəlif instansiyalara müraciət etmiş və sonda Bakı İnzibati Məhkəməsinədə iddia qaldırmışdır. Lakin iddiaçının məhkəmə iclasında iştirak etməsinə baxmayaraq ona iddianın geri götürülməsini məsləhət bilinib və o da iddianı geri götürmüşdür. Ona görə də iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, onların nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki vəziyyətdə iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmasa da, məhkəməyə təqdim etdiyi ərizəsində iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin qaytarılmasını tələb etməklə iddianın mahiyyəti üzrə baxılmamasını xahiş etmişdir. İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil (Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə dair” x xxxx 2013-cü il tarixli Qərardadı). Odur ki, birinci instansiya məhkəməsi iddiaçının bu iradə ifadəsini qiymətləndirərək belə qənaətə gəlmişdir ki, iddiaçının iddia ərizəsinin qaytarılması barədə ərizəsi hüquqi nəticəsinə görə iddiaçının eyni məsələ ilə bağlı və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Çünki şəxsə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə x xxxx 2002-ci il tarixli Qərarı, § 25). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Həmçinin, birinci instansiya məhkəməsi iddiaçıya izah etmişdir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Məhkəmə kollegiyasi hesab edir ki, birinci instansiya məhkəməsi qərardadında iddianı geri götürülmüş hesab edərək və bu əsasla iş üzrə icraata xitam verərək haqlı olmamışdır. İşdə olan iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri işə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. İPM-nin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. İPM-nin 55.2-ci maddəsinə əsasən şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. İddiaçının ərizəsindən görünür ki, o, iddiadan imtina etməyib, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Həmçinin, birinci instansiya məhkəməsi iddiaçıya iddianın geri götürülmüş hesab edilməsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edilməsini izah edərək haqlı olmamışdır. Çünki, İPM-nin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə inzibati məhkəmə icraatı zamanı yol verilmiş prosessual pozuntuları ilə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş məhkəmə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İPM-nin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: İPM-in 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İPM-in 80, 85, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Həmdulla qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3992/2020 saylı qərardadı ləğv edilsin və iş mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-319/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-319/2021
03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver