Məhkəmə qərarları › İş №2-1(103)-319/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-319/2025

08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-319/2025 08.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X23 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X22 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Təvəkkül oğlunun cavabdeh Daşınmaz Əmlakın X49 Reyestri publik hüquqi şəxsin Bakı şəhər Ərazi İdarəsinə (hazırki Daşınmaz Əmlakın X49 Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı «məxsusluq arayışının verilməsi» tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-433/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: Birinci instansiya məhkəməsində birinci icraat İddiaçı X9 cavabdeh Daşınmaz Əmlakın X49 Reyestri publik hüquqi şəxsin Bakı şəhər Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarışın verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sözügedən torpaq sahəsi onun və ailə üzvlərinin faktiki istifadəsindədir. Həmçinin, torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədlər də mövcuddur. Odur ki, cavabdehin imtinası qanunsuz sayılmaqla, iddia təmin edilməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X24) 19 noyabr 2019-cu il tarixli, 2-1(82)-171/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, X2 Bakı şəhəri, Xaşa-Xuna bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 255 b saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna ərazisindəki, 255 B saylı bağ sahəsinə dair iddiaçının təqdim etdiyi 14 dekabr 2004-cü il tarixli 33766 nömrəli bağın istifadəyə verilməsi barədə müqavilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas kimi müəyyən edilmiş və həmin müqavilə ondakı qeydlər (məlumatlar) həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Belə olan halda “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən iddiaçı X9 Bakı şəhəri, Xəzər rayonu, xaşa-Xuna bağ massivi, 255B saylı bağın yerləşdiyi 1.200 kv.m torpaq sahəsinə mülkiyyət hüququ əldə etmiş, cavabdeh inzibati orqan isə formal mülahizələrə əsaslanaraq iddiaçının qaldırdığı məsələnin həllindən imtina etmişdir. Belə ki, cavabdehin imtinası üzrə gətirdiyi dəlillər hüquqların qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, bağ sahəsinin nömrəsi sxematik xəritədə aşkar edilməmiş, bundan əlavə müqaviləyə əsasən bağ sahəsinin bir hissəsi yüksək gərginlikli (35 kV) mühafizə zolağına düşür, bundan əlavə müqavilə üzrə bağın ölçüsü 0,12 olsa da, idarənin mütəxəssisləri tərəfindən keçirilmiş xx.xx.2021-ci il tarixli yerli baxış zamanı bağın faktiki ölçüsü 1091 kv.m olduğu müəyyən edilmişdir.Torpaq sahəsinin hasarından 8.40:9.0 metr aralı məsafədən 35 kv-luq elektrik xətti keçir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X20 (məruzəçi), X25 və X18) 4 avqust 2020-ci il tarixli, 2-1(103)-769/2020 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçının iddia tələbinin əsasını təşkil edən sənədlərdə mövcud olan ziddiyyətlərin araşdırılması məqsədi ilə iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsində ikinci icraat X12 ərizə ilə məhkəməyə müraciət edərək atası X9 xx.xx.2022-ci ildə vəfat etdiyindən onu yeni iddiaçı kimi prosesə cəlb edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 10 fevral 2022-ci il tarixli protokol qərardadı ilə iddiaçı X9 yeni iddiaçı X12 ilə əvəz edilmişdir. Daha sonra iddiaçı X13 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək atasına ayrılmış həmin torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı yaranmış zəruriyyətlə əlaqədar torpaq sahəsinin mərhum atasına məxsus olmasına dair arayış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2-1(112)-433/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim X10) 07 aprel 2022-ci il tarixli, 2-1(112)-433/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna ərazisində 0.12 ha torpaq sahəsinin göstərildiyi 33766 saylı müqavilə əsasında 255B saylı bağ sahəsinə dair hüquqların iddiaçının mərhum atası X4 məxsus olması barədə iddiaçı X5 adına arayış verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən, bütün hüquqmüəyyənedici sənədləri təqdim etmişdir. Bununla yanaşı, məhkəmə araşdırması zamanı mübahisəli torpaq sahəsinin başqa şəxsin sahəsi ilə üst-üstə düşməsi müəyyən edilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 6-cı bəndi və "xxxx" ASC-nin çıxarış verilməsinə etiraz etməməsi nəzərə alındıqda, iddianın təmin edilməsi mümkündür. Cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2022-ci il tarixli, 2- 1(103)-2661/2022 nömrəli qərarı ilə (hakimlər Yusifov Cahangir Afər oğlu (məruzəçi), X11 və X32) birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı bütün hüquqmüəyyənedici sənədləri təqdim etmişdir və cavabdehin istinad etdiyi uyğunsuzluq (torpaq sahəsinin faktiki 1091 kv.m. təşkil etməsi) iddiaçının iradəsindən asılı olan hal deyildir. Qeyd edilən uyğunsuzluğun aradan qaldırılması və reyestrin dəqiqliyinin təmin edilməsi cavabdehin öhdəliyidir. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2023-cü il tarixli, 2-1(102)-1005/2023 saylı qərarı ilə (hakimlər X3 (məruzəçi), X14 və X26) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2022-ci il tarixli, 2-1(103)-2661/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin obyektiv araşdırılması prinsipinin tələbləri pozulmuş, sübutlar tam və hərtərəfli araşdırılmamışdır. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2023-cü il tarixli, 2- 1(103)-3210/2023 nömrəli qərarı ilə (hakimlər X27 (məruzəçi), X21 və X6) birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddiaçının iddia tələbi təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda bunları etməmiş, iddiaçının təqdim etdiyi sənədlərin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə uyğun olması əsası ilə iddianı təmin edərək icra edilmək keyfiyyətinə malik olmayan əsassız qərar qəbul etmişdir. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində sonuncu icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03 iyul 2024-cü il tarixli, 2-1(102)-1434/2024 saylı qərarı ilə (hakimlər X28 (məruzəçi), X46 və X36) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2023-cü il tarixli, 2- 1(103)-3210/2023 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq iddia tələbinə dəqiqləşmə ərizəsi təqdim edərək, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna ərazisində 33766 saylı müqavilə əsasında 255B saylı faktiki 1091 kvm ölçüsündə olan bağ sahəsinə dair mülkiyyət hüquqlarının iddiaçının mərhum atası X4 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etdi və ərizə icraata qəbul edildi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdein nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfin verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı subyektiv hüquqa malikdir. Belə ki, Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin notariusu Nadir Vədətovun 58 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna, ölüm haqqında şəhadətnamənin və doğum haqqında şəhadətnamənin surətlərinə əsasən X9 xx.xx.2022ci ildə vəfat etmiş və mərhumun qanun üzrə vərəsəsi oğlu X8r. Cavabdeh hazırki iddiaya cavab verməli orqandır. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış həmin daşınmaz əmlaka dair hüquqların qeydə alınması üçün əsas sayılır; - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmın arayış əsasında verilmış vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Kassasiya instansiyası məhkəməsinin qərarında qeyd edilmiş və apellyasiya məhkəməsi tərəfindən araşdırılmalı olan hallar aşağıdakılardır: -iddiaçının istifadəsində olan torpaq sahəsinin mülkiyyət növünün müəyyən edilməsi; -iddiaçının istifadəsində olan torpaq sahəsinin kateqoriyasının müəyyən edilməsi; -torpaq sahəsinin naturada yerləşmə yerinin müəyyən edilməsi (arxiv sənədlərində Birliyin mühəndislərinin tərtib etdiyi akta və sxemə görə iddiaçının istifadə etdiyi 255B saylı bağ Xaşa-Xuna bağ massivində yerləşir, sxematik xəritəyə görə isə həmin massivdə yerləşmir); -mübahisəli torpaq sahəsi ilə qonşuluqda olan digər torpaq, bağ sahələrinin mövcud olması, belə torpaq, bağ sahələri varsa, onların təyinatı, kateqoriyası, reyestrdə qeydə alınıb alınmadığı və əgər hüquq qeydə alınmışsa, hansı ilkin hüquqmüəyyənedici sənədlər əsasında qeydiyyat aparıldığı müəyyən edilməli; -sxematik xəritənin hansı orqan tərəfindən tərtib, təqdim edilməsi və mötəbərliyi; -faktiki istifadədə olan torpaq sahəsinə münasibətdə iddianın mümkünlüyü. Təkrar baxış zamanı apellyasiya instansiya məhkəməsinin apellyasiya şikayətinin dəlillərinə dair mövqeyi: Hazırki iş üzrə kassasiya instansiya məhkəməsinin qərarlarındakı hüquqi mövqeyə uyğun iş üzrə araşdırma aparan məhkəmə kollegiyası aşağıdakıları nəzərə çatdırır. İşin faktiki hallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Abadlaşdırma və X1 Departamentinin X7 və İstismarı Birliyi ilə X9 arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 33766 nömrəli müqaviləyə əsasən, Bakı şəhəri, Xaşa-Xuna ərazisində 0.12 hektar torpaq sahəsi olan 255B saylı bağ 10 il müddətinə T.Şahbazova istifadəyə verilmişdir. Müqavilənin ikinci bəndində qeyd edilmişdir ki, bağın istifadəyə verilməsi haqqında müqavilə 10 il müddətinə bağlanılır və istifadəçi müqavilə öhdəliklərini yerinə yetirdikdə müqavilə yeni müddətə artırılır. Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli Sərəncamı ilə X4 Xaşa-Xuna yaşayış massivi, 255B saylı bağ sahəsində istifadəsində olan 60 kv.m.-lik mövcud tikilinin rekonstruksiya olunub ticarət obyekti kimi istifadə edilməsinə icazə verilmişdir. X2 yeni iki mərtəbəli yaşayış evinin tikintisinə icazə verilməsi ilə bağlı müraciəti əsasında Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli məktubu ilə 255B saylı bağ sahəsində tikinti işlərinin aparılması razılaşdırılmışdır. X9 xx.xx.2018-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ünvanında yerləşən 255B saylı bağ sahəsi üzərində hüququnun qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, göstərilən sahə və sözügedən bağ nömrəsi sxematik xəritədə aşkar edilməmişdir, həmin sahə Abşeron ərazisindən verilmiş digər şəxsin mülkiyyətində olan sahə ilə üst-üstə düşür, göstərilən sahənin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına aiddir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir: - bağ sahəsinin nömrəsi sxematik xəritədə aşkar edilməmişdir, - müqaviləyə əsasən bağ sahəsinin bir hissəsi yüksək gərginlikli (35 kV) mühafizə zolağına düşür, - müqavilə üzrə bağın ölçüsü 0,12 olsa da, idarənin mütəxəssisləri tərəfindən keçirilmiş xx.xx.2021-ci il tarixli yerli baxış zamanı bağın faktiki ölçüsü 1091 kv.m olduğu müəyyən edilmişdir, -Torpaq sahəsinin hasarından 8.40:9.0 metr aralı məsafədən 35 kv-luq elektrik xətti keçir. Məhkəmə kollegiyası iş üzrə ətraflı araşdırma nəticəsində göstərilən dəlilləri əsassız hesab edir. 1)Əvvəla yuxarıda da sadalandığı kimi Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X7 və İsitsmarı Birliyi ilə X9 arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 33766 nömrəli müqavilə ləğv olunmamış və həmin müqavilə ilə ayrılmış torpaq sahəsi faktiki olaraq ayrıldığı vaxtdan mərhumun və onun ailəsi tərəfindən istifadə olunmuşdur. Belə olan halda, həmin torpaq sahəsinin sxematik xəritədə təsbit olunmaması onun təqsirinə yozula bilməz. İş üzrə məhkəmə araşdırması zamanı Xaşa-Xuna ərazisi üzrə bağ sahələrinin yerləşmə sxeminə (İİ cild iş v.87) baxış keçirilmiş və müəyyən olunmuşdur ki, cavabdehin istinad etdiyi kimi bağ sahələri yolun bir hissəsində yerləşir dəlili əsassızdır. Belə ki, həmin sxemə baxanda da aydın görünür ki, yolun digər tərəfində də bağ sahələrinin nömrələri qeyd edilmişdir. Bundan əlavə iddiaçının istinad etdiyi hüquqmüəyyənedici sənəd olan bağ sahəsinə dair 2004-cü il müqavilənin bağlanması ilə bağlı icraat materiallarından (ərizələrdən) ( İİ cild iş v. 55-63 səh) aydın olur ki, iddiaçının mərhum atasına ayrılan bağ sahəsi yolun sağ tərəfində yerləşən boş sahələrdən olmuşdur. Həmin boş bağ sahəsini uzun müddət istifadə etməsi nəzərə alınaraq X7 və İstismarı Birliyi ilə 33766 saylı müqavilə bağlanılmışdır. Bundan əlavə təkrar apellyasiya zamanı kassasiya instansiya məhkəməsinin sonuncu qərarındakı göstərişlər nəzərə alınmaqla sxematik xəritənin mötəbərliyi araşdırılmış və bu məqsədlə inzibati orqana məhkəmə sorğusu ünvanlanaraq sözügedən sxematik xəritənin hansı orqan tərəfindən və hansı tarixdə tərtib edilməsi, sxematik xəritəyə sonuncu dəyişikliyin nə zaman olması barədə məlumat tələb edilmişdir. Həmin məhkəmə sorğusuna cavab olaraq inzibati orqan tərəfindən məhkəməyə ünvanlanmış 06 oktyabr 2025-ci il tarixli cavab məktubunda keçmiş X17 və İstismarı Birliyi tərəfindən vaxtı ilə şərti qaydada tərtib edilməklə əyani vəsait kimi istifadə edilən sxematik xəritələrin tarixi və təsdiqi barədə əlavə məlumat mövcud deyil. Sxematik Xəritə iş materiallarına əlavə olunmuşdur. Göründüyü kimi sxematik xəritə sadəcə əlavə vəsait kimi cavabdeh tərəfindən istifadə edilir. Həmin sxematik xəritənin mötəbərliyi barədə isə əlavə məlumat təqdim edilmir. Belə olan halda tərtib edilmə vaxtı bəlli olmayan bir sxem-xəritəyə istinad edilərək 2004-cü ildə bağlanılmış və bugündə qüvvədə olan bağ müqaviləsinində adı çəkilən bağ sahəsinin həmin xəritədə əksini tapmaması dəlili imtinaya səbəb ola bilməz. Bununla yanaşı əyani baxış zamanı da sözügedən sxematik xəritənin 2004-cü il bağ sahəsi ayrılmazdan daha əvvəllər tərtib edilməsi şübhəsizdir. Bundan əlavə kassasiya instansiya məhkəməsinin sonuncu qərarının 47-ci bəndində aydın formada qeyd edilmişdir ki, Lakin bu halın mövcudluğu hələ iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, torpaq sahəsinin digər bağ sahələrindən kənarda yerləşməsi mülkiyyət hüququnun təsdiq edilməsindən imtina üçün əsas sayıla bilməz. 2) Cavabdehin digər dəlilləri olan “müqaviləyə əsasən bağ sahəsinin bir hissəsi yüksək gərginlikli (35 kV) mühafizə zolağına düşür və torpaq sahəsinin hasarından 8.40:9.0 metr aralı məsafədən 35 kv-luq elektrik xətti keçir” dəlili də əsassızdır. Belə ki, "xxxx" ASC birinci instansiya məhkəməsi məhkəmənin sorğusuna ünvanladığı 01/0506/1146 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda da bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ərazisində yerləşən bağ sahəsinin kənarından 35 kV-luq “Xaşa-Xuna” – y/s 430 hava xətti keçir və həmin xətt 2008-ci ildə istismara verilmişdir."xxxx" ASC işə əlavə olunmuş iddiaçıya ünvanladığı xx.xx.2018-ci il tarixli məktubunda isə bildirmişdir ki, həmin torpaq sahəsinin kənarından keçək elektrik hava xəttinin istismarına çətinlik yaratmır və dövlət reyestrində qeydə alınmasına etiraz etmir. Göründüyü kimi 2004-cü ildə bağ sahəsi ayrılarkən mübahisələndirilən elektrik xətti mövcud olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın: - 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. - 12-ci bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; c) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında sudibi ov alətləri ilə balıq və digər su heyvanlarının ovlanması, bitkilərin yığılması və məhv edilməsi, heyvanların suvarılması üçün suvatlar qurulması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; d) yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması. Məhkəmə kollegiyası nəzərə çatdırır ki, hüquqmüəyyənedici sənədin verildiyi vaxtda mövcud olmayan, lakin hazırda qüvvədə olan normaların məzmunundan göründüyü kimi, torpaq sahəsinin elektrik şəbəkələrinin mühafizə zonalarına düşdüyü hallarda həmin sahənin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, həmin sahənin xüsusi mülkiyyətə keçməsi, habelə üzərində hüquqların qeydiyyata alınmasına heç bir qadağa müəyyən etmir. Bundan əlavə iş üzrə təkrar apellyasiya araşdırması zamanı məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə- Ekspertiza Mərkəzinin 10/2262 saylı 27 may 2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X49 Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-9229/2025 saylı mütəxəssis rəyinə əsasən, 255b bağ sahəsi kimi göstərilən torpaq sahəsi sənəd üzrə 1200.0 kv.m olsa da, faktiki olaraq hasardaxili 1091.0 İ kv.m təşkil edir. Torpaq sahəsinin üzərində köməkçi tikili mövcud olduğu, sahənin qərb hissəsindən keçən 35 kVt-lıq elektrik xətti söküldüyü müəyyən edilmişdir. Qeyd olunan bağ nömrəsi və göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritədə aşkar edilməmişdir. İdarənin arxivində 2558 saylı bağ sahəsinə dar X9 ilə bağlanmış xx.xx.2004-cü il tarixli 33766 nömrəli müqavilə mövcud olduğu müəyyən edilmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş sxemdə faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlarını və ölçüləri göstərilmişdir. Hazırda sözügedən ərazidə cavabdehin imtina əsası kimi istinad etdiyi 35 kVt-lıq elektrik xətti sökülmüşdür. 3) Cavabdehin apellyasiya şikayətinin digər – “müqavilə üzrə bağın ölçüsü 0,12 olsa da, idarənin mütəxəssisləri tərəfindən keçirilmiş xx.xx.2021-ci il tarixli yerli baxış zamanı bağın faktiki ölçüsü 1091 kv.m olduğu müəyyən edilmişdir” dəlili də əsassızdır. Belə ki, bağın sahəsində artma yox azalma mövcuddur ki, bununla da iddiaçı razılaşır və bu hal xüsusi bir araşdırma tələb etmir. Qeyd edilən dəlillərdən əlavə iş üzrə məhkəmə araşdırmaları zamanı cavabdeh qurumun ilkin müraciət zamanı verdiyi imtinasında gətirdiyi digər bir dəlil ondan ibarət olmuşdur ki, iddia olunan yer Abşeron ərazisinin yurisdiksiyasına daxil olmaqla digər şəxsin mülkiyyətində olan sahə ilə üst-üstə düşür. Məhkəmə kollegiyası bununla bağlı da məsələyə aydınlıq gətirərək qeyd edir ki, cavabdehin təqdim etdiyi arxiv sənədlərində Birliyin mühəndisinin tərtib etdiyi akta görə iddiaçının istifadə etdiyi 255B saylı bağ Xaşa-Xuna bağ massivində yerləşdiyi (2-ci cild, səh. 62), cavabdehin arxiv sənədlərində həmçinin mühəndisin 255B saylı bağa aid tərtib və təsdiq etdiyi sxem mövcuddur. Sxemdə də bağın olduğu yer Xaşa-Xuna göstərilmişdir (2-ci cild, səh.63). İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının 03 aprel 2017-ci il tarixli məktubunda Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində iddiaçıya ayrılmış 1200 kv.m torpaq sahəsindən ibarət 255B saylı bağ sahəsində Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun təqdim etdiyi memarlıq-planlaşdırma bölməsinin rayon icra hakimiyyətində razılaşdırıldığı bildirilmişdir. Həmçinin Başı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin 08 sentyabr 2023-cü il tarixli məktubunda Xaşa-Xuna bağ massivi ünvanında yerləşən 255B saylı bağ sahəsinin Xəzər rayonunun inzibati ərazisinə aid olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli məktubu ilə məhkəməyə daxil olmuş mütəxəssis rəyinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliynin Məhkəmə Ekspertiza Mərkəzinin 13444 nömrəli, xx.xx.2019-cu il tarixli ekspert rəyinə əsasən Bakı ŞİH BTİİ Birliyi ilə bağlanmış xx.xx.2004-cü il tarixli, 33766 saylı müqavilə ilə X4 Bakı şəhəri, Xəzər rayonu, XaşaXuna bağ massivində yerləşən 0,12 hektar ölçüdə 255 nömrəli bağ sahəsi ayrılması barədə heç bir məlumat aşkar edilməmişdir, iddiaçının iddia etdiyi torpaq sahəsinin naturada koordinatları müəyyən edilmişdir, mübahisələndirilən torpaq sahəsinin başqa fiziki şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi barədə elektron kadastr bazasında məlumat aşkar edilməmişdir, yüksək gərginlikli elekrik xətti iddia edilən torpaq sahəsindən 14 metr məsafədə yerləşir. Bundan əlavə cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli etiraz ərizəsində qeyd edilmişdir ki, əlavə araşdırma zaman ı məlum olmuşdur ki, İdarə tərəfindən verilmiş sonuncu 15 may 2018-ci il tarixli imtina məktubunda qeyd olunmuş “göstərilən ərazinin Abşeron ərazisində verilmiş digər şəxsin mülkiyyətində olan sahə ilə üst-üstə düşməsi” halı aradan qaldırılmışdır. Təkrar apellyasiya araşdırması zamanı da məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş 06 oktyabr 2025-ci il tarixli məktubda vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən ərazinin yaxınlığında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş sahə barədə məlumat aşkar edilmədiyi bildirilmişdir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı hazırkı tələblə mübahisə predmeti olan bağ sahəsinə dair hüquqların daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməsini deyil, müvafiq arayışın verilməsini tələb edir. Müvafiq ünvanda olan torpaq sahəsinin mərhum X4 məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə olan halda, mərhumun Bakı şəhəri, Xaşa-Xuna ərazisində 0.12 hektar torpaq sahəsi olan 255B saylı bağ sahəsinə mülkiyyət hüquqlarının olması öz təsdiqi tapdığından, həmin torpaq sahəsinin başqa şəxsə verilməsi, başqa şəxsin adına qeydiyyatdan keçməsi müəyyən edilmədiyindən hazırkı iddia tələbi üzrə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tətbiqi mümkündür. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır. Əlbəttə ki, vərəsə anlayışın və miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüququnun tənzimlənməsi prinsipi Mülki Məcəllənin müddəalarında əks olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.3-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. - 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. - 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişlərə əsasən aparılmış tədqiqatın dəyəri ümumilikdə 150 manat təşkil etmişdir. İddia tələbi təmin edildiyindən məhkəmə kollegiyası hesab edir ki, aparılmış tədqiqatın dəyəri qismində 150 manat cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar “faktiki ölçüsü 1091 kvm olan bağ sahəsinə dair mülkiyyət hüquqlarının məxsusuluğu” qeyd edilməklə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Daşınmaz Əmlakın X49 Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2-1(112)-433/2022 nömrəli qərarı “faktiki ölçüsü 1091 kvm olan bağ sahəsinə dair mülkiyyət hüquqlarının məxsusuluğu” sözləri qeyd edilməklə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq 150 (yüz əlli) manat cavabdeh Daşınmaz Əmlakın X49 Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar